Haqqında yazılanlar

Əbədi Turan sevdası və…“Odərlər” – idealların davamı…

“Komandirim, əgər mən qayıtmasam, oğlum sizə və xalqa əmanətdir!..” – bu sözləri Heydər Kamandarovdan tapşırıq alan kapitan Altay demişdi. Altaya verilən tapşırıq o idi ki, Azərbaycan bayrağı Xankəndinə sancılmalıdır. Bu tapşırığı hazırlayan-lar hər şeyi düşünmüşdülər. Tapşırıq baş tutduğu anı-bir azərbaycanlını öz torpağında, bayrağını göylərə qaldırarkən kameraya çəkməli, lentə alınmış video “youtube”a yerləşdirilməli idi…”

Bu sitat tarixi faktlarla danışmağı və yazmağı sevən Şəmil Sadiqin “Odərlər” romanındandır… Bu bircə sitat müəllifin məram, məqsəd və hədəfinə aydınlıq gətirir: Şəxsi qənaətlərini, fəlsəfi düşüncələrimi çatdırmaq və çağdaş dövrün gənclərində vətənpərvərlik ruhunu oyatmaq, mübarizə əzmini, doğma yurd sevgisini yüksəltmək, Vətən uğrunda hətta şirin candan keçməyə belə hazır olmaq gerçəyini anlatmaq!
Onunla ilk söhbətimi heç unutmuram. “Güney Azərbaycanda ədəbi proses”in son durumunu, yəni, 2013-cü ilin ədəbi yekunlarını işləyirdim. Mənə zəng elədi, işin vəziyyəti haqqında məlumat almaq, həm də tanış olmaq istədiyini bildirdi… Çünki İnstitumuza təzəcə direktor müavini təyin olunmuşdu və bu sahəyə də nəzarət etmək rəhbərlik tərəfindən ona tapşırılmışdı. Təbii ki, mən gəldim və biz xeyli söhbət etdik… Onun Güney Azərbaycana, orada cərəyan edən hadisə və olaylara, yetişməkdə olan güclü ədəbi dalğaya çoxlarından fərqli-doğma münasibətini, böyük marağını gördüm və doğrusu, çox sevindim… Mövzu milli ruh, türkçülük ruhu üzərinə gələndə mən türkün tarixindən bir-iki nüansı xatırlatdım və OdƏrlərin, AzƏrlərin bu tarixin inkişafındakı rolundan danışdıqda sanki gözlərində işıq parladı, üzünə fərəhdən doğan çəkici bir təbəssüm qondu. Ayağa durdu, dolabdan alov rəngli “OdƏrlər” romanını götürdü və mənə təqdim edərək: “Əminəm ki, Siz bu romanı oxuyacaq və çox doğru nəticəyə gələcəksiniz, həm də İstanbula, “Muhammed Huseyin Şehriyar” kitabınızın təqdimatına gedirsiniz, yolboyu – təyyarədə oxuyarsınız”, – dedi…

Romanla tanışlığım həmin gündən başlandı… və ilk qənaətim belə oldu: Hər bir milləti diri saxlayan, onu tarixin arxivlərində gömülməkdən xilas edən o millətin uca ruhudur. Çünki bir xalq, bir millət üçün əsas olan məhz milli ruhdur, bu ruhu isə öncə duymaq gərəkdir. Şəmil Sadiqin bu ruhu duyan, yaşadan və gələcək nəslə ötürən nasirlərimizdən olduğu bir gerçəkdir.

“Odərlər” romanı Azərbaycan nəsrində – xüsusən romançılığında yeni səhifədir. Sitatdan da görünrüyü kimi, Tanrının sanki xalqımız üçün göndərdiyi bəlanın-erməni xəstəlyinin XX əsrin son rübündə növbəti tutmasına, mərhələsinə – 1988-ci illərdən başlayaraq “Böyük Ermənistan” planını gerçəkləşdirmək istəyən işğalçı Ermənistan dövlətinin Azərbaycana qarşı yeni torpaq iddialarının nəticəsi olaraq başladıqları ədalətsiz müharibəyə və türkün tarixinə həsr edilib… Qarabağ uğrunda savaşı, igid oğullarımızın düşmənə qarşı apardığı ölüm-dirim mübarizəsi, cəbhə bölgəsində, səngərlərimizdə baş verən kədər, yaxud sevinc doğuran hadisələr yazıçının təhkiyəsində canlı bir dillə oxucuya çatdırılır. Heç şübhəsiz, hadisələrsiz bədii əsər quru və cansız olur, sadəcə, söz yığını təsiri bağışlayır. “OdƏrlər” romanı hadisələrlə zəngindir və onların bədii təsviri cansıxıcı deyil. Oxucu həmin hadisələrin sonunun necə bitəcəyini maraqla gözləyir, özü də ixtiyarsız olaraq həmin hadisə və olayların axarına düşür, bir növ iştirakçısına çevrilir, özünü müsbət qəhrəmanların yerində hiss edir… Qəlbində onların yerində olmaq, onlar kimi qəhrəmanlıq etmək, şücaət göstərmək arzusu yaranır, Azərbaycan bayrağının Xankəndində, Şuşada dalğalanması arzusunun tezliklə həqiqətə çevrilməsini arzulayır.

Romanda oxucunun gözünü, ürəyini və ruhunu ilk olaraq sevindirən odur ki, dədə-baba torpaqlarımızın, yurd yerlərimizi müdafiə etmək, qorumaq naminə şirin canından belə keçməyə hazır olan, şəxsi maraqlarından yüksəkdə durmağı bacaran, əbədi Turan sevdası ilə yaşayan və türkçülük-turançılıq ideyasını həyatının mənasına çevirən saf qanlı, pak ruhlu, dönməz əqidəli oğullarımız bu gün də var… Və onlar hələ ki, bu böyük yolun başlanğıcındadırlar…

Bu əbədi Turan sevdalı oğullar “OdƏrlər” trilogiyasının “Tanrı dağında görüş” adlanacaq ikinci kitabında Tanrı-Tengri dağının ətəyində-əski türk yazılı abidələrinin aşkarlandığı tarixi məkanda, Şərqi Türküstan elində – Turanda görüşəcəklər. Tanrı dağının ətəyində müxtəlif dinlərə sahib türklər qutsal ideal uğruna görüşəcək və həmin görüş zamanı milli yaddaşa, milli təfəkkürümüzə dönüş baş verəcək!.. Nədən məhz Tanrı dağının ətəklərində?! Əski Türk mədəniyyətində böyük bir dağa sahib olmayan mədəniyyətlərin yox olub aradan çıxması ilə bağlı inanc yer almaqdadır. Asiyanın geniş ərazilərinə yayılmış Türk xalqlarının əfsanələşdirdiyi Tanrı dağı qan, göz yaşı və zülmün beşiyi olan Şərqi Türküstanda yerləşir. Ancaq Türk yurdu təkcə Türküstandan ibarət deyil ki!.. Böyük okeandan Avropanın içərilərinə, quzeydə Sibir, güneydə Hindistanın içərilərinə gedib çıxan böyük bir ərazini qapsayan Türk yurdunun simvoludur Tanrı Dağı…

“Şiirlerimize, türkülerimize, marşlarımıza taşıdığımız ve hiç görmediğimiz halde içimizi burkan bir güzelliktir Tanrı Dağı… Türklerin yıllarca yaşayıp da sonra bir kurdun yol göstermesiyle çıktıkları dağdır. (www.uludagsozluk.com)” Hüseyin Nihal Adsız Türkün qutsal ruhlarının buluşduğu Tanrı dağının türk üçün daşıdığı anlamı çox orijinal bir biçimdə ifadə edir: “Sən qurbətdə qalsan, mən ölsəm nə olar, ruhlarımız buluşur Tanrı dağında…” Tanrı Dağı Qızıl almaya yetmək üçün müqəddəs yolçuluğun başlangıcıdır (Kızıl Elma-Türk mitolojisinde Türkler ve de özellikle Oğuz Türkle-ri için üzerinde düşünüldükçe uzaklaşan ancak uzaklaştığı oranda cazibesi artan ülküler ve ya düşlerdir. Türk devletleri için bir hedefin ve amacın simgesidir.

Tanrı Dağı zaman-zaman pozulan Türk birliyinin yenidən bir araya gəlmək üçün seçdiyi bir Ata ocağıdır. Qarlı zirvələrinə baxıb özgürlüyü-azadlığı ürəyində hiss edən, yamaclarında heyvanları otlayan, buz kimi sularıyla ovalıqlara, vadilərə, insanlığa həyat verən, Özbəkistan, Qazaxıstan, Qırgızıstan, Çinin Sincan, Uygur Özərk bölgəsinin mərkəzi hissələrinədək yayılan və Orta Asiyadakı böyük dağ silsiləsinə daxil olan Tanrı dağları-bu qutsal dağ silsiləsi dörd tərəfi çöllərlə əhatələnmiş tarixi Türk yurdunun yaşam qaynağı olmuşdur. Nə gözəl ki, tarixi Türk yurduna, təfəkkürünə dönüşün gərəkliliyini XXI əsrin I çəyrəyində Nursultan Nazarbayev öz dili və əməli ilə dünyaya yansıtdı: “Uşaqlarımıza və bütün dünyaya Türklüyümüzü anladaq, bizim kökümüz birdir!” adlı konfrans düzənləyərək Orta Asiya Türk Cumhuriyyətlərinə “Gəlin birliyimizi quraq, tarix bizlərin çiyninə bu sorumluluğu, yükü qoymuşdur” kimi çağırışlar etdi və… Turan ideologiyasına xidmət edəcək Turan adında möhtəşəm bir şəhərin üç böyük Türk dövləti Qazaxıstan, Qırğızıstan və Türkmənistanın sərhədində, onların paytaxtları ilə eyni məsafədə tikilməsinə sərəncam verir. Məqsəd, amal isə Türk dünyasının birliyinə nail olmaqdır. Bu, Tanrı dağı və “Tenqri”yə inam məsələlərinə özəl baxışı olan Şəmil Sadiqin öngörümü, gerçəkliyə qovuşmaq yolunun astanasına çıxışıdır… ““Tenqri”yə olan inancın hikmətini və dərinliyini anlamaq üçün insanların mütləq bir həqiqəti qavraması vacibiydi: Tanrı birdir. O, hər şeyi görür, Ondan heç nə gizlətmək mümkün deyil. O, malikdir. O, hakimdir. Tanrı… Himayə və cəza bir şəxsiyyətdə! Türklərdəki bir Tanrı inancı buna söykənirdi… Din.. türk millətinin mənəvi kültürünün ən üstün qələbəsidir. Onlar Tenqriyə həmişə fərqli müraciət ediblər: Boq, Bağ, Boje, Hoday, Koday, Alla, Ollo, Qospodi və s. Altay dağları bu sözləri 2500 il bundan öncə eşitdi…”

Üçüncü kitabda isə OdƏrlər tarixən türkün vəfalı dostu, silahdaşı, arxa-dayağı olan atla əzəli-əbədi məskənlərimizi-Orta Asiyanın yovşanlı çöllərindən ta Vatikana qədər səyahətə çıxacaq, yatmış milli yaddaşı-böyük ruhu oyatmağa yollanacaqlar… Bu tarixi səyahət məhz at belində gerçəkləşdiriləcəyindən romandakı özəl keyfiyyətlərə, gözəlliyə və böyük gücə, qüdrətə malik özəl bir At obrazı oxucunun nəzərindən qaçmır… Axı, At belində türk yenilməz olur, at türkün qardaşı, sirdaşı, dostu, arxası və dayağı olub tarixən… Romanda at obrazı “Şah” adlı Qarabağ atının simasında təqdim olunur: türkün ruhunu qanadlandıran, yorğa və dağlıq ərazilərdə daha çevik olan çaparaq yerişli, sarı-qızılı rəngli, sürahi boylu, Qarabağ atının… Şəmilin “Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar!” kəlamını romanın leytmotivinə çevirməsi də atın türkün həyatındakı əvəzolunmaz yerini yansıtmaq məqsədi güdür.

Oxuduqca aydın olur ki, Şəmil Sadiq “OdƏrlər”i qələmə almazdan əvvəl geniş araşdırma aparıb. Hətta Goranboyun Ağcakəndinə qədər gedib çıxıb. Ehtiyatda olan zabitlər və kəşfiyyatçılarla görüşüb. Kəşfiyyat xəritələrini əldə edərək onların əsasında romandakı kəşfiyyatçıların getdikləri yolu müəyyənləşdirib, özü də hiss etmədən hadisələrin, baş verən proseslərin içərisinə düşüb və olayların bir növ iştirakçısına çevrilib. Hətta Şuşalı bir ağsaqqaldan Qarabağın baş tacı Şuşaya gedən gizlin yolları, cığırları belə öyrənib.

Erməni qəsbkarlarının səngərinə atılaraq təkbaşına 77 nəfər düşməni məhv edən milli qəhrəman Mübariz İbrahimovun dillərə düşən igidliyi “OdƏrlər”in yazılmasına güclü zəmin yaradıb. Mübarizlə bağlı xeyli əsər yazılıb, amma Ş.Sadiq elin igidinə tamamilə başqa rakursdan yanaşıb. Romanındakı qəhrəmanların heç biri də Mübariz İbrahimovun birbaşa prototipi deyil. Özü etiraf edir ki, belə insanları-qəhrəmanları tam olaraq ifadə etmək çox çətindir. Hüseyn Cavid Topal Teymur haqqında əsər yazır, amma xahiş edir ki, onu tamaşaya qoymasınlar. Söz yox ki, bu gün “Topal Teymur” tamaşası teatrlarda oynanılır. Mübarizin də qəhrəmanlığı xalqın təsəvvüründə o qədər geniş və yüksək formadadır ki, qələmə alınsa gözlənildiyindən artıq və ya əskik olacaq. Düşünürəm ki, o, qələmə alınarsa, ona qarşı münasibət dəyişə bilər. Buna görə romanımı vətənpərvərlik, qəhrəmanlıq ideyaları üzərində yazsam da, prototip olaraq onu canlandırmadım…” Bu qənaətinə də haqq verirəm Şəmil bəyin…

Çünki insan açıq fikirli tərəfdaşla asanlıqla peyğəmbəri, Quranı, ümumilikdə dini müzakirə edə bilir. Ancaq səni dinləmək istəməz. Sadəcə öz pəncərəsindən baxır hər şeyə… İnsanlar müxtəlif düşüncəyə malik olduğundan Dədə Əfəndinin söhbətlərini romana əlavə etməyə tərəddüd edirdim. Narahatçılığım kitab çap olunandan sonra baş verdi. Əsərə əlavə etməkdə tərəddüd etdiyim hissələr əlavə olunduqdan və roman çap olunduqdan sonra mətbuatda “Azərbaycanda islam əleyhinə çap olunmuş ilk kitab” başlıqlı məqalələr dərc olundu. Hətta bir dostum dedi ki, romandakı Dədə Əfəndinin söhbətlərini çıxarsam, roman metodik vəsait kimi istifadə edilə bilər. Yəni məsələn, şagirdlərə, tələbələrə, əsgərlərə paylanılmaqla bu əsər onlarda vətənpərvərlik hisslərinin güclənməsinə və oyanmasına səbəb ola bilər.

Romanda beş qəhrəman obrazı yaradılıb… Sünni, şiə, odər, deist və ata və anası müsəlman olanlardan ibarət bu qrupu təşkil edən qəhrəmanlar ateist deyillər. Onların hamısı sadəcə bir olan Allaha-Göy Tanrıya inanırlar və beşi də Azərbaycan türküdür. Lakin bu qəhrəmanlar müxtəlif dini baxışa, fərqli dini dünyagörüşünə sahibdirlər. Dünyagörüşlərindəki fərq onların vətən, millət uğrunda, Azərbaycanın üçrəngli bayrağını Xankəndində, Şuşada dalğalandırmaq naminə birləşməsinə heç bir əngəl törətməyib. Çünki onları qutsal bir amal-türk dünyasını xilas etmək, Turana qovuşmaq amalı birləşdirmişdir. Amil Həsənov əsərdəki Ayxan, Elxan isə Aslan, Elvin Əliyev isə Kəlbalı xanın nəslindən olan Elçin obrazlarının prototipidir. Yəni, müəllif real həyat hadisələrinə və canlı insanlara, onların yaşadıqlarına əsaslanaraq romanı qələmə almışdır.

Ədəbiyyatda dini məzhəb ayrılığı, müxtəlifliyi mövzusuna bütün dövrlərdə müraciət olunub. Hətta Daniel Defonun əsəri əsasında çəkilmiş “Robinzon Kruzo” filmində də baş qəhrəman-Robinzon insan ayağı dəyməyən kimsəsiz adada rastlaşdığı yeganə insana-Cüməyə öz allahını, Cümə də ona öz allahını təbliğ etməyə çalışır. Elə bu dini söhbətlər nəticəsində də onların arasında nifaq düşür və bir-birindən küsürlər. Əsərdə Robinzon maraqlı bir fikir söyləyir: “Bu kimsəsiz adada bir nəfər insan tapdım, onunla da dinə görə münaqişəmiz yarandı…” Şəmil Sadiq milli kimlik və islama baxış məsələlərini çox maraqlı təhkiyə ilə ortaya qoymuşdur.

Ş.Sadiq əsərdə MTN-in generalı Atilla Babayevin dilindən Azərbaycanda missionerlik fəliyyətilə və gənclərdə anti islam əhvali-ruhiyyəsi yaratmaqla məşğul olan günahkara ölüm hökmü oxunmasını qabartmaqla dinimizin təəssübkeşi kimi də yaddaşlara öz mübarək adını yazır… və oxucularına dini münaqişələrin əsassızlığı, mənasızlığı, bütün bəşəriyyətin bir olan Tanrı tərəfindən yaradıldığı, onun nəzərində bütün millətlərin eyni hüquqa və məhəbbətə layiq olduğu mesajını ötürür… Türkçülük məfkurəsi, Turançılıq ideyası və bu amala sədaqət Şəmil Sadiqin bütün yaradıcılığında bir dəniz fənəri tək qarşıya qoyulan məqsədi aydınlığa qovuşdurur. İdeallarsa ulduzlar-əslində Dan ulduzu kimidir. Onlara yetmək mümkünsüz ola bilər, amma baxaraq istiqamət götürmək, yönlənmək olar. “Budağından qopan yarpağın aqibətini rüzgar təyin edər. (Möhsün Yazıçıoğlu)” Sevindirici haldır ki, Şəmil bəy rüzgarlara tuş gələn yarpaqlarla deyil, Qarabağın azadlığı uğrunda savaşlarda şir kimi döyüşən, qutsal amal üçün həyatını qurban verməkdən belə çəkinməyən canlı qəhrəmanlarla, oğuz cəngavərlərilə üz-üzədir və onun əsərinin taleyini də məhz bu igidlər, onların qarşılarına qoyduğu məqsədə nə dərəcədə yetmələri həll edir… Yazar bu məqsədə doğru gedən yollarda qurulan əngəllərə də dəniz fənərinin işığını salır: “Polkovnikin 20 ilə yaxın idi ki, gözlədiyi an gəlmişdi. Müharibə başlamışdı. Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün güclənmiş, bütün dünyanı buna razı salmış, ordu səfərbər edilmişdi. İndi polkovnikə sərhəd bölgəsindəki korpuslardan birinə rəhbərlik etmək tapşırılmışdır. İnsan bəzən günahı haqqın bərqərar olunması naminə edir. Kombrik də bu vəziyyətdə idi. Bilərəkdən günahsız bir insanı öldürmək insana yad bir hissdir. Əgər hər hansı bir qisas, hər hansı bir öfkə yoxdursa. Təəssüf doğuran odur ki, Azərbaycanın düşmənləri yüksək vəzifələrdə yerləşdirilmişdi. Azərbaycan üçün bu qədər dəyərli bir insana heç bir sübut olmadan ömürlük həbs cəzası istədilər. İçdiyi anda daim sadiq olan komandir bu cəzadan heç bir zaman qorxmayıb, hətta buna hazır idi də. Amma ona ağır gələn haqsız və günahsız ola-ola ləkələnməsi idi. Cinayət işinə vətənə xəyanət maddəsi və dövlət əmlakını mənimsəmə maddələrinin başçılıq etməsi ona əzab verirdi”.

Şəmil Sadiq romanda məfkurəsi, ruhu ilə uca türk ruhuna, düşüncəsinə, tarixinə bağlı olan insanın damarlarında “saf qan” daşıdığını vurğulayır. Və “Saf Ağ” elmini yaradanlar-əski türklər məhz “saf qan”lıdırlar mövzusu, düşünürəm ki, həm də bununla bağlıdır. Romanda gizli təşkilatlardan da geniş söhbət açır. Türklərin tarixində Midiya dönəmindən gizli təşkilatların mövcudluğu faktı var və bu, maq sistemi (gizli idarəçilik sistemi, ilahi sirlər və rəmzlər-gizli elmlər sistemi) ilə bağlıdır. Müəllifin bu məsələlərə xüsusi yanaşması və açıqlamaları romana dövrün təhkiyəsini gətirir və istər-istəməz oxucunu düşündürür…

“Ədəbi janrlar dəyişməyən yazı qəlibləri deyil. Cəmiyyətdə zamanla meydana gələn dəyişikliklər ədəbiyyatda da öz əksini tapır. Ədəbi janrlar da dəyişən zamanın ehtiyaclarına cavab verəcək dəyişikliyə uğrayar. Yeni çağın təhkiyə formalarından olan roman janrı da zamanla dəyişikliyə uğramış, mövzuları və kompozisiyası dəyişmiş və yeni roman janrları ortaya çıxarmışdır” (Həbibə Cezer).
Dünya ədəbiyyatı nümunələrini oxuyub bilməklə yanaşı bizlər milli kimliyimiz-dən, mədəniyyətimizdən qidalanan ədəbi ənənəmizi də yaşatmalıyıq. Romanda təsvir etdiyi qəhrəmanlarından heç birinin milli kimliyi, dini mənsubiyyəti aşağılanıb təhqir olunmur. Əsl ədəbiyyat da, əsər də məhz bu prinsiplər əsasında doğulduqda əbədiyaşarlıq qazanır, belletristik hadisəyə çevrilir. Yazarın bir məqsədi də insanlar arasında heç bir ayrı-seçkilik salmadan maarifləndirmə yolu ilə cahilliyi aradan qaldırmaq və xoşbəxt, “quzunun qurdla birlikdə otlaya biləcəyi” bir ortam, qansız-qadasız kamil bir cəmiyyətin qurulmasına nail olmaq… Eynilə, ustadı İsa Muğannanın “İlan dərəsi” əsərində təsvir etdiyi kimi… Süleyman peyğəmbərin güclü ordusu var, lakin vuruşmaq icazəsi yoxdur, çünki onun amal atası – Bağ Ata istəmir ki, qan tökülsün, günahsız insanlar qətlə yetirilsin. Və son dərəcə ilginc bir nəticə: “Bizim bir düşmənimiz var, o da cahillik. Biz vuruşa bilmərik, qan tökmək olmaz…”

Akademik İsa Həbibbəylinin “İsa Hüseynovdan İsa Muğannaya: Axırıncı əlyazma və bütöv dünya” məqaləsində Şəmilin arzusunda olduğu Tama qovuşmağın yolunu tapırıq: Şəmil Sadıqov “İdeal”a və sonrakı əsərlərə İsa Muğannanın gözü ilə baxır. Bəs bu əsərlərə İsa Hüseynov bucağından yanaşılarsa, hansı nəticə meydana çıxa bilər? Varilsliyi, əlaqəni, bağlılığı tərcümeyi-halın və sənətin harasında, hansı qatında axtarmaq lazımdır? Şəmil Sadıqovun Saf Ağ elmi barədə sistemli elmi baxışlara malik olması bütövün, tamın parçalarının da tapılıb müəyyən olunacağına nikbin baxmağa çağırır”. Şəmil Sadiqin gəldiyi nəticə və cəmiyyətimizə mesajı çox təsirlidir: “İnsanın ruhu saf olmalıdır. İnsan uşaqlıqdan düzgün tərbiyə olunmalı, mükəmməl inkişaf yolu keç-məli və kamil insan kimi yetişməlidır. Kamil insanları yetişdirmək üçün isə, heç şübhə-siz kamil cəmiyyət yaranmalıdır. Bunu mexanizmini isə romanda müəllif belə qurur: “Başlanmış müharibə ola bilsin ki, dünya müharibəsinə gətirib çıxardacaqdı. Amma bu müharibənin sonunda Şimali və Cənubi Azərbaycan torpaqları birləşəcək, Orta Asiya türkləri öz müqəddəratlarını rusların əlindən alıb müstəqil olacaqdılar.
Ukraynadan ayrılan böyük bir Krım dövləti qurulacaqdı. Əlli milyonluq Uyğur xalqı öz dövlətini quracaqdı. Bu, əsrlərdir ürəklərdə gün işığı görmədən yaşayan Böyük Turan arzusu idi. Dünyanı öz gücü ilə idarə edəcək Turan sevdası…”

Arzu edərdim ki, türkçülük tariximiz, yeni nəsil gənclərin Böyük Vətənimizi sevgi ruhunda formalaşması üçün çox dəyərli olan bu roman növbəti çapadək bir daha redaktə olunsun, dilində, üslubunda özünü göstərən müəyyən qüsurlar aradan qaldırılsın…

Esmira Fuad (Şükürova)

 

Oxşar yazılar