Xəbərlər

10 GÜN SONRA

Deyirlər ki, yoldaş ürəyincə olanda yolun uzunluğu bilinməz. Həmsöhbətin ürəyincə olanda vaxtın necə keçdiyi bilinməz!
Mayın 24-də 3 müxtəlif klinikada müxtəlif həkimlərin qəbulunda oldum. Axşam vədələşdiyimiz kimi, Şəmil Sadıqov müəllimlə əlaqə saxlayıb işimi tamamladığımı bildirdim. Sabah mütləq görüşəcəyimizi söylədi.
25 mayda “Hədəf”in ofisində 3 saata yaxın Şəmil Sadıqla birlikdə olduq. İlk görüşümüz idi.
Mən alimlərlə, şairlərlə, imkanlılarla və vəzifə adamları ilə görüşəndə çox narahat oluram : görəsən, sona qədər səbrimi basa biləcəyəmmi? Bu dəfə də belə hissi yaşadım! Özü də, bu 4 zümrənin hamısından əlamət var Şəmil müəllimdə!
Qoy bu başdan deyim: söhbətimiz elə şirin oldu ki, bu qədər vaxtın necə keçdiyini heç bilmədim!
Alim olmağa nə var ki! Mənə ən çox insanın şəxsi keyfiyyətləri önəmlidir!
Nədən danışdıq? Dəqiq desəm, nədən danışmadıq? Müəllimik də! Danışdıqca bir-birimizi daha yaxşı tanıdıq. Mən onu, yəqin ki, o da məni.
Yuxarıda adını çəkdiyim zümrədən olanlarda əksərən bir lovğalıq, mənəm-mənəmlik özünü göstərir.
Bundan əsər-əlamət görmədim! Sadə, təvazökar bir insan! Mən onun gördüyü işlərdən danışanda istiqaməti daha çox ona köməyi dəyən insanlara yönəltdi, onlara rəhmət oxuduq. İmkan vermədi ki, onun haqqında təriflər söyləyim. Əksinə, mənim Azərbaycan dili və ədəbiyyat nəzəriyyəsindən çəkdiyim videoları, paylaşdığım izahları çox yüksək dəyərləndirdi. Kömək etmək imkanlarını sadaladı. Hətta işgüzar əməkdaşlıq təklifi ilə məni lap utandırdı. Bu qocalığı nə deyim!( Daha doğrusu, bu gözləri nə deyim!)
Mənim insanlarda dəyərləndirdiyim əsas keyfiyyətlərdən biri də sadəlik, təbiilik, səmimilikdir.
Söhbət etdiyimiz müddətdə dəfələrlə telefonunun zəngi çalındı, bir neçə dəfə mesaj gəldi. Bir neçə dəfə də əməkdaşlarından içəri girib müəyyən suallar verdilər, türk dövlətlərinin bayraqlarını səliqə ilə qruplaşdırdılar. Hiss olunurdu ki, bütün diqqət Türk İnteqrasiya Olimpiadasına yönəlib. Bütün “Hədəf” bu beynəlxalq tədbiri yüksək səviyyədə keçirmək üçün səfərbər olub. Həqiqətən, böyük işdir. Doğrusu, bu gərginlikdə, bu iş-gücün çox vaxtında, Olimpiada ərəfəsində onun vaxtını zəbt etdiyimə görə utandım.
Bu cür vaxt qıtlığında mənimlə görüşdüyünə görə bir daha təşəkkürümü ifadə etmək istəyirəm.
Kabinetində yaraşıqlı bir çərçivədəki portret diqqətimi cəlb etdi. Kimin portreti olsa, yaxşıdır : Şəmil müəllimin ilk “Ədəbiyyat” vəsaitinin portreti.
Altındakı yazı da mənalıdır:
“Həyatda qazandığım çox uğurlara görə bu kitaba borcluyam!”
Bir az əvvəl müəllim kimi işlədiyi ilk günlərdə və müdafiəyə hazırlaşdığı vaxtlarda necə böyük çətinliklərlə rastlaşmağından danışmışdı.
Bu, danılmaz həqiqətdir ki, uğur nə qədər böyük çətinliklərlə qazanılırsa, bir o qədər qiymətli olur. Elə bil portret divardan ona həmişə dünənini, bugünkü uğurlarının ilk tramplinini ona xatırladır.
Görüşümüzün sonunda ofisin digər otaqlarında fəaliyyət göstərən əməkdaşlar və onların işi ilə məni tanış etdi.
Sizə bir həqiqəti deyim: rəhbərin necə insan, necə şəxsiyyət olmağını bilmək istəyirsənsə, onun özünə yox, tabeliyindəki işçilərin davranışlarına diqqət etmək lazımdır. Müdirdən qorxurlarmı? Ona yaltaqlanırlarmı? Münasibətlər rəsmidir, yoxsa səmimidir?
Bütün otaqlarda çox isti, doğma münasibət gördüm. Ən çox xoşuma gələn işçilərin təbəssümlə, mehribanlıqla, yoldaşcasına izah vermələri idi. Sözsüz ki, ən əsas məlumatlar Türk İnteqrasiya Olimpiadasına hazırlıq işləri, qonaqların gəlişi, qarşılanması və yerbəyer edilməsi ilə bağlı idi. Tanımayan olsa, elə sanardı ki, iki əməkdaş hansısa məsələ barəsində məsləhətləşir.
Bilirsiniz, bir adam ki öz şəxsi zəhməti, əməyi, biliyi ilə uğur qazandı, o, həmişə zəhmət adamına, biliyə dəyər verəcək, onları lazımınca qiymətləndirəcək! Mən Şəmil müəllimin öz tabeliyində olan adamlarla belə yoldaşlıq münasibətinin kökünü bunda görürəm.
Ürəyimdə bir : “Əhsən!”- dedim.
Mən otaqları gəzərkən bir qəribə qənaətə gəldim. Kabinetində qarşımda bir müəllim vardı. İşçiləri ilə söhbətlərində mən onun hansı ideyalarla yaşadığını, hansl layihələr üzərində işlədiklərini müşahidə etdikcə görürdüm ki, artıq qarşımdakı böyük işlər qurmağa köklənmiş bir iş adamıdır!
İnanıram ki, o, imkanları çərçivəsində Azərbaycan təhsili üçün xeyli iş görə biləcəkdir! Uğurlar diləyirəm!
Beləcə ayrıldıq!
P. S. Mən belə düşünürəm ki, Şəmil müəllimin mənim tərifli sözlərimə heç bir ehtiyacı yoxdur. Amma bir zəif cəhətimizi qeyd edim ki, bizlər əksərən asılı olduqlarımızı tərifləməyə meyilliyik! Bilməyənlər üçün: mən heç bir işlə məşğul olmayan təqaüdçü əyalət müəllimiyəm!
Mən söhbətimiz və gördüklərim əsasında onun portretini yaratmağa çalışdım. Səhv də edə bilərəm! Bütün bunlara baxmayaraq, xoş təəssüratlarla ayrıldım!
(Elxan Ağayev)
                       

 

Oxşar yazılar