25 avqust tarixində “Hədəf Stem Liseyi”ndə Türk dövlətləri ədəbiyyat nümayəndələrinin görüşü baş tutub.
DGTYB tərəfindən icra edilən, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi layihə çərçivəsində qardaş türk ölkə və topluluqlarının bir qrup aydın – onlardan bəzisi ilk dəfə olmaq etibarı ilə – respublikamıza gəlib. DGTYB-nin başqanı Əkbər Qoşalının təşkilatçılığı ilə “Hədəf Stem Liseyi”nə baş çəkən qonaqlar bu təhsil müəssisəsi ilə tanış olublar. Qardaş Türkiyədən Qocaeli Bələdiyyəsi Xalqla ilişkilər, basın, informasiya müdiri, Qocaeli Şairlər-Yazarlar Dərnəyi başqanı Alptəkin Cevhərli, Kayseri mərkəzli ANASAN ( Anadolu Sənətçilər, Şairlər, Ozanlar, Elm adamları Birliyi) başqanı, tanınmış ədib Sabit İncə, Qazaxıstan Yazıçılar Birliyinin üzvləri Janar Aylaş, Anar Şəmşəddin, Qırğız Respublikası Yazıçılar Birliyi nəzdindəki “Nur Borbor” gənc yazarlar qurumunun başqan müavini Akjol Doranbekuli, Özbəkistanın “Gənc Yaradıcılar Birliyi”nin eksperti, türkoloq Şahina İbrahim, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti başqanı Orxan Həsənoğlu, habelə, Moskvadakı “Şəhriyar” Ədəbi məclisinin yetkilisi Afaq Şıxlı, Arxangelskdəki Azərbaycan Diaspo Təşkilatı İdarə Heyəti başqanı Tərlan Qasımov, Təbrizdən gənc yazar, araşdırmaçı, “Sancaq” qəzetinin əməkdaşı Ümid Nəccar və başqa nümayəndələrin iştirak etdiyi tədbirin fəxri qonağı Saxa (Yakutiya) Yazıçılar Birliyinin başqanı, Rusiya Yazıçılar Birliyinin katibi, Saxa prezidentinin keçmiş müşaviri, Xalq şairi Natalya xanım olub. Hədəf STEM Liseyinin qurucu direktoru Şəmil Sadiq qonaqları qarşılayaraq liseylə, xüsusilə təhsil ocağının kitabxanası ilə tanış edib, onlara “Hədəf” və “XAN” nəşriyyatının çap etdiyi kitablardan bağışlayıb. Son zamanlar innovativ layihələri ilə yadda qalan “Hədəf Stem Liseyi”ni bəyəndiklərini bəyan edən qonaqlar müəssisənin kitabxanasına dəyərli kitablar hədiyyə ediblər.