Niyə STEAM?
Mənə görə, STEAM-a bir təhsil fəlsəfəsi kimi baxılmalıdır, nəinki bir proqram kimi… Çünki 5 illik araşdırmalarımda gördüm ki, bu sahədə heç bir dəqiq standart yoxdur və bu termini hər bir ölkə və ya məktəblərin kurikulumunu yazanlar öz istədiyi kimi başa düşür.
Bu, 2012-ci ildə Amerikada Obama tərəfindən ölkənin gələcək mühəndis ehtiyaclarını qarşılamaq üçün ortaya atılan bir konseptdir. Çünki dünya artıq dərk etməkdədir ki, bəşəriyyətin inkişafının ana sütunu mühəndislərdir. Amerika da dərk etməkdədir ki, rəqibləri güclənir, onun siyasətini davam edərək, onu öz silahları ilə vura bilərlər, yəni ölkəyə beyin axını cəlb etməklə. Onun üçün də Amerikanın özü bu mühəndisləri yetişdirməlidir ki, bir gün bu axının qarşısı kəsilsə, çətin duruma düşməsinlər. Bizə qəribə gələ bilər bu düşüncə, amma daima uzaqgörən siyasət yürüdən Amerika yenə bunu dərk etməkdədir. Çünki iqtisadi güclə Amerika ilə ayaqlaşan böyük Çin var… Artıq biz müasir texnologiyada Çin-Amerika arasında soyuq müharibənin şahidiyik.
Amerikalı professor Con Vunun Hindistanla Amerikanı müqayisə etməsi də buna bir sübutdur: “Gəlin Hindistanda proqram təminatı sənayesinin inkişafına nəzər salaq. 1985-ci ildə Hindistan 24 milyon dollar dəyərində proqram ixrac etmişdir. 2000-ci ildə onlar 350 milyon dollarlıq ixrac etsələr də, 2009-cu ildə bu rəqəm 85 milyard dollar oldu, bu il isə maliyyə böhranına baxmayaraq, Hindistanda proqram ixracatının ilin sonunadək xalis 100 milyard dollar olacağını ehtimal edirlər. Bu sənayenin ixrac potensialının və onun “arxaik” təhsil sisteminin tanınması prosesi olduqca zəifdir. Hindistanın əksər proqram şirkətləri öz xalqının inkişaf edən texnologiya ilə ayaqlaşmasını təmin etmək üçün təhsil proqramlarına külli miqdarda investisiyalar yatırıblar. Hindistanın böyük şirkətləri təlimlər üzrə ABŞ və Avropadan qat-qat çox, öz illik gəlirlərinin 8 faizi qədər böyük bir məbləğ xərcləyirlər. Wall Street Jurnalı məlumat verir ki, Yaponiya və Avropa şirkətləri işçilərin maarifləndirilməsi istiqamətində öz fəaliyyət büdcələrinin 4 faizi həcmində maddiyyat sərf etdikləri halda ABŞ şirkətləri bunun üçün yalnız 2.5 faiz xərcləyir”.
Yəni mühəndis ixrac etməkdənsə, özün yetişdir prinsipi ilə düşünür Amerika. Mühəndislər isə həmişə sabahların qurucuları olublar.
STEAM-ı mən necə başa düşürəm? İlk olaraq onu deyim ki, mənim STEAM düşüncəm hədəfsayağıdır. Lakin onu da vurğulayım ki, bu termini ilk eşidən “hamı getdi, biz qaldıq” deyərək dünyanın digər təhsil sistemləri hərəsi öz istədiyi kimi bu mövzuya baş vurub, nələrsə etməyə çalışır. Çünki ümumi vahid bir konsept yoxdur, sadəcə ana məzmun xətləri var: Edərək-yaşayaraq öyrənmə var. Bu anlayışı kim necə anlayır, kim necə öyrədir, kim necə sərgiləyir, artıq onun yaradıcılığına bağlıdır. Hərdən elə qorxuram ki, bu STEAM termini də kurikulum kimi gözdən düşə və sonradan onu gözə qaldırmaq çətin olar. Necə ki bir zamanlar kurikulum sözünü yad bir ünsür görüb, içindən xəbəri olmadan top atəşinə tutanlar var idi. Kimsə demir ki, biz bu kurikulumu bəyənmirik, elə deyir ki, kurikulum nə sistemdir? Bu, o demək idi ki, cəmiyyət ümumiyyətlə, sözün mənasını bilmirdi. Hansısa beynəlxalq bir təşkilat ümumdünya üçün vahid STEAM konsepti hazırlayaraq təqdim etməyib. Bunu edəcək kimsə olduğunu axtarmaq da yanlışdır. Çünki bu günün dünyasında, xüsusən də elmdə belə bir ehkam yoxdur və obyektiv elmdə ola da bilməz.
Amerikadan başlanan bu trend hər gün tərkibinə yeni bir dəyər qataraq genişlənməkdədir. Bəlkə də, hansısa ölkənin və ya bir təhsil müəssisəsinin STEAM kurikulumu Amerikadan yaxşıdır, amma əksəriyyət bunu sadəcə robotiks kimi başa düşüb, robot otaqları qurmaqla bizdə də STEAM var, deyə car çəkirlər. Qorxulusu odur ki, biz bunu daha çox göstərib, şou kimi başa düşək. Necə ki, bir zamanlar hamı istəyirdi övladı savadlı olsun, diplomlu olsun, indi isə başa düşür ki, diplomlu olmaq savadlı və bacarıqlı olmaq deyil, STEAM da belə olub. Hər kəs nəsə edir, bunun üzərindən reklamını qurur. İlk olaraq onu deyim ki, STEAM robot-texnologiya otağı qurub mən də STEAM tədris edirəm demək deyil. Bu abreviaturanın baş hərflərinin açılışına diqqət etsək STEAM Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat (Sience, Technology, Engineering, Art, Math) sözlərinin baş hərflərindən yaranan qısaltmadır və bu fənləri inteqrasiya edərək tədris etməyi hədəfləyən disiplinlərarası və tətbiqi yanaşmanı əsas götürən təhsil fəlsəfəsinin adıdır) görərik ki, elmlə açılıb, riyaziyyatla bağlanır. Yəni robot, kodlaşdırma işin əsas tərəfi deyil, əsas tərəfi riyaziyyat və elm, yəni fizika, kimya, biologiyadır. Konstruktor tipli oyuncaqlar qurulan bir oyun deyil STEAM, elmin dərinliklərini riyazi təfəkkürlə dərk etməkdir, Komanda işidir, görüb, toxunub, edib öyrənməkdir STEAM.
Bir STEAM liseyinin qurucusuyam. Bu termini eşidən, azdan çoxdan tanış olan valideynlərimizin təqdirini qazandıq ki, övladlarını bizə əmanət etdilər. Lakin hər dəfə verilən sual bu olur ki, bizim uşaqlar nə vaxt STEAM keçəcək, yəni robot quracaq, kodlaşdırma ilə məşğul olacaq? Əslində isə STEAM yanaşması bütün dərslərdə özünü göstərir və inteqrativ dərslərlə bu proses həyata keçirilir. Yanlış reklamın nəticəsidir ki, valideynlərimiz də, bəzən bu sahə ilə məşğul olanlar da, zənn edirlər ki, övladları bir butulka qapağını təkər etməklə, kağızdan pər düzəltməklə, hazır robotları hazırlayıb idarə etməklə STEAM-çı olacaqlar. STEAM kəlməsi bizi məcbur edir ki, bütün fənlərə konseptual baxaq, onu tam olaraq dərk edək. Riyaziyyatsız robotu, elmsiz vertolyotu, yaradıcılıqsız maşını, texnologiyasız həyatı qəbul etməyək. STEAM terminini yaradanlar sonradan bu kəlmədə sənətin olmadığının fərqinə varıb, bir A da əlavə etdilər ki, bu da art-sənət deməkdir. Bir müddətdən sonra kimsə bura İ-İnformasiya, bir ədəbiyyatçısı da çıxıb bir əlavə S-Sosial kəlməsində əvəz etsə, olacaq İSTEAMS – Information, Sience, Technologu, Engineering, Art, Mathematice, Sosial… Deməli, mənəviyyatsız mühəndisin, informasiyasız texnoloqun, zövqsüz mühəndisin, sosiallığı olmayan riyaziyyatçının bu dünyaya faydası çox az olar.
Axı hər kəs bilməlidir ki, hər şey reklam edildiyi və sərgiləndiyi qədər asan deyil. Övladının robot düzəltməyini gözləyən valideyn əmin olmalıdır ki, bunun üçün nəzəri və praktiki bilgi şərtdir.
BİLGİ nədir bəs?
Bilgi həyat var olduğu gündən bəri insanlığa yön verən və insanın qazanmağa çalışdığı ən dəyərli meyardır. İnsanlıq və sivilizasiyalar bilgi ilə yeni üfüqlərə yelkən açmış, bilgiylə həyat və təbiət insanın xidmətində duraraq ona faydalı olmuş, bilgi ilə insanlar təbiətin onlara verdikləri maraqla yanaşmış və həyatın axarını dəyişə biləcək gücə sahib ixtiralar etmişlər. Tarix boyu bilgiyə sahib olan gücü əldə etmiş, bilgiyə sahib olan idarə edən, bilgiyə sahib olan qərar verən tərəf olmuşdur. Bilgi paylaşdıqca, öyrədildikcə böyüyən məfhum olduğu üçün hazırkı dünya insanının əsas araşdırma sahələrindən biri bilginin asanlıqla ötürülməsi və qarşı tərəfin də bunu sevə-sevə qəbul edə bilməsi məsələsidir. Bu işdə əsas amil xalqların mentaliteti və həmin mentaliteti formalaşdıran dəyərlərdir, yəni öyrətmək hansısa metodu götürüb eynisini tətbiq etmək deyil. Həmin metod sınanmış və uğur əldə edilmiş təcrübənin məhsuludursa, onu tətbiq etməzdən əvvəl özününküləşdirməliyik. Çünki nailiyyət müxtəlif səbəblərə görə dəyişən məfhumdur və götürülən metod hər yerdə uğurlu olacaq deyə bir anlayış yoxdur. Nəticə etibarı ilə bilgi alış-verişi sadəcə müəllim-şagird arasındakı bağ deyil, həm də eyni təbii imkanlara sahib olmayan uşaqların bilinməyən yönlərinin ortaya çıxarıldığı və qabiliyyətlərinin kəşf edildiyi prosesdir. Bu yönləri gün üzünə çıxardan, təbii ki, müəllimdir. Məhz bu səbəbdən gələcək nəsli formalaşdıran güc kimi müəllimlərin əsas vəzifəsi bacarıqların ortaya çıxması üçün uyğun sinif mühitini təşkil etmək olmalıdır. Qalileo Qalileyin dediyi kimi, “heç kimə bir şey öyrədə bilməzsiniz, edə biləcəyiniz tək şey içlərindəki öyrənmə istəyini kəşf etmələrinə yardımçı olmaqdır”-sırf burda STEAM əsaslı təhsil modeli əlimizdən tutur.
Ona görə də, STEAM kəlməsi olmasa da, onun ucundan, bucağından bildiyimiz elə təhsilin özüdür. Hansı ki, biz o təhsili istəyirik, sadəcə bu termin və yozumu ürəyimizdən keçən ifadələrlə edirlər və deyirik ki, bax, elə mən də bunu istəyirdim, övladım bu təhsili almalıdır. Düzgün təhsil və tərbiyə elə STEAM-ın özüdür. Əgər bir müəllim həyati bacarıqlara uyğun dərs keçirsə, sinifdə uşaqları darıxmırsa, birgə bir işin qulpundan yapışırsa, ideyaları gerçəkliyə çevirə bilirsə və ən əsası o innovativdir və yeni texnologiyaları mənimsəyib, onu dərsinə qata bilirsə, fərdi bacarıqları nəzərə alırsa, bu, elə STEAM-ın özüdür. Sadəcə müasir dövrün tələbləri ilə ayaqlaşmağı bacaran müəssisə və məktəb STEAM yönümlü ola bilər.
Dünya təhsilinin yeganə problemi sorğulayan, düşünən, bacaran, yaradan, sağlam, məntiqi təfəkkürü yerində olan bir insan yetişdirməkdir.
STEAM ilk növbədə layihə əsaslı komanda bacarıqlarının formalaşdırdığı bir təhsil sistemidir, məncə. Biri durub ideya verəcək, biri bu ideyanın mühəndis həllini tapacaq, biri onun dizaynını təklif edəcək, biri isə bunun satışını təşkil edəcək. Bu birgəlik olan yerdə bir gücə çevrilmək, yeni bir ideyanı gerçəkləşdirmək mümkündür. Məsələn, bir humanitar yönümlü adam nə qədər süni intellektdən danışsa da, yeni maşınlar təklif etsə də, bir proqramçı olmazsa, bu ideyanın gerçəkləşməsi mümkün deyil. Ona görə də məktəbdə şagirdlərin hər birinə fərd kimi yanaşılsa, onun uğurunu görə bilərik. Dünyanın ən yaxşı futbolçusu nə qədər desə də, elə bir şey olsun ki, ən mübahisəli qolları qeydə alsın, bunu bir proqramçı həll etməsə, onun sözü söz olaraq qalacaq və ya bir proqramçı futbolçudan, hakimdən onun qaydalarını öyrənməzsə, bunu həll edə bilməz. STEAM bizə onu da deyir ki, şagirdlərə fərdi yanaşın, onlar itib-batmasın.
Təhsil və təlim-tərbiyə zaman-zaman geriyə dönüb, nələrisə götürüb yoluna davam etməlidir və edir də. Bir zamanlar şagird-usta yanaşması hökm sürürdü təhsildə. 19-cu əsrə qədər bu model davam etdi və qəfil elmi partlayış oldu dünya elmində. Ondan sonra isə təhsilə yeni dizayn verilməyə başlandı və 20-ci əsr bu sahədə çoxlu nəzəriyyələrlə, yanaşmalarla yadda qaldı. Sənaye inqilabı yerini informasiya inqilabına verdi. Amma bu proses bizi robotlara oxşamağa yönləndirir, yavaş-yavaş biz öz yaratdıqlarımıza oxşayır, konkret bir istiqamətdə inkişaf edirik. Bu isə bir insan üçün ciddi problemdir. Əgər bir zamanlar öz məişət işlərinin əksəriyyətini özü edən insan indi hər bir sahənin öz mütəxəssisini axtarır, ondan yardım alırsa, bu sosioloqları narahat etməyə bilməz. Axı insan robot deyil ki, bir istiqamətdə irəliləsin. Bu baxımdan STEAM adlı terminin üzərindən bacarıqlı insan yetişdirməyin yolları araşdırılır.
Bir çoxları isə bunu robotiks kimi anlayaraq, digər bütün məsələləri kənara atıb, robot döyüşdürmə yarışına meyillənirlər. Halbuki, bizə bu robotları döyüşdürməyi öyrənmək yox, robotları düzəldənlərlə yarışmaq daha çox lazımdır. Bunun başlanğıcı isə ELMdən, Riyaziyyatdan keçir. Bunlar isə vəhdətdədir. Əgər bir insana desən ki, özünə ev tik, ilk olaraq öz torpağını, ora salınacaq evin ölçüsünü hesablamalı, ora xərclənəcək maliyyəni müəyyənləşdirməlidir. Amma bu maliyyəni çıxarmaq üçün lazım olan ilk şey evin sxeminin, dizaynının olmasıdır. Bu isə planlama deməkdir. Layihə hazırlamaq, layihə üzərində işləməyi bacarmaq deməkdir. Bütün bunlar isə bacarıq tələb edir…
Bacarıqmı, bilikmi?
Bacarıqlar isə nəzəriyyələrlə verilmir təkcə, yaşayaraq öyrənilir. Bu baxımdan təhsildə bacarıqmı, bilikmi mübahisəsini bir daha xatırladır bizə. Təhsilin gəlməli olduğu qənaətlərdən biri isə nəzəriyyələr dövrünün bitib, praktik zəka dövrünün başlamasını qəbul etməkdir ki, bunu da STEAM-la etməyə başlayıblar. Nəzəriyyələrin öyrədilməsi, onların üzərində köklənilməsi insanı bilgi yüklü robota çevirir. Nəzəriyyələrin çöküş dövrünü yaşayırıq desək, yanılmarıq. Artıq praktik zəkanın hökm sürdüyü bir dövrdəyik, dünya insanı texnologiyanın təsirindən meyxoş olub, xumarlanır. İndi onu silkələmək, özünə qaytarmaq şərti dayanır qarşımızda. Ona görə də elmin öyrədilməsini nəzəriyyələrlə yox, praktika ilə öyrətməyə ehtiyac var. Günümüzün şagirdi sadəcə qulaq asmaqla nəsə əldə edə bilmir, çünki onun sakitcə oturub qulaq asması, baxması və öyrənməsi üçün radiolar, televiziyalar, internet var… O internet ki, bəzən ən təcrübəli müəllimin öyrədə bilmədiyini öyrədir insana. İnsanın isə ehtiyacı olan şey, öyrənəcəyini özü edərək öyrənməsidir. Əgər bir kimya müəllimi maddənin sıxlığını düsturlarla, formullarla izah etməyə çalışarsa, o sadəcə mücərrəd şəkildə havada qalar və əksər uşağa maraqlı olmaz. Amma nənələrimizin nişan çayındakı çayın rəngli hissəsi ilə, ağ hissəsinin necə qarışmadığı üzərindən yola çıxılsa, Evrikadan daha maraqlı və yadda qalan olmazmı?!
Niyə STEAM?
Bizə görə həyat sanki humanitar, sosiologiya, ədəbiyyat üzərində qurulub. Hətta bizə “şair xalq” da deyirlər. Amma dünya bu günə gəlib çatmasına görə texnologiyaya borcludur. Yəni təkərin düzədilməsindən maşının istehsalına qədər – hamısı texnologiyalar üzərindədir. Şərq texnoloji biliklərdən uzaqlaşıb və ya yayınıb. Avropa hardan başladı? XV əsrdə çap maşını istehsal olunub və bu gün həmin sürətlə irəliləyir. İstəsə də, istəməsə də bu mexanizm işləyir. Həyatımızın hər sahəsi üçün texnoloji avadanlıqlar hardan gəlir? Avropadan. Almaniya daha çox üstünlük təşkil edir.
Amerikada Obama tərəfindən başlanılmış STEAM siyasətində deyilirdi ki, bir neçə ildən sonra bu ölkədə yetişən mühəndislər bizi uçuruma aparacaq, iflasa gətirib çıxaracaqlar. Ona görə də bütün ölkəyə mühəndislik adı ilə “Science, technology, engineering and mathematics” proqramını təklif etdi ki, toxunaraq, görərək öyrənən mühəndislər yetişsin.
Gəlin iki böyük ölkə arasında bir müqayisə aparaq. Türkiyə 33-cü illərdə nə ilə başladı? Atatürk “Köy İnstitutları” deyə bir tədris proqramı təsis etdi. Təsərrüfatı, ağır metallurgiyanı inkişaf etdirdi. Bu Köy İnstitutları bugünkü Türkiyənin təməl dirəkləridir. Obama da bunu görürdü və mühəndislik sistemi ilə bağlı bütün məktəblərdə xüsusi proqram yazdırdı. Nəzəriyyə yox, təcrübəyə üstünlük verdi: əllə işləmək, zehni işlətmək, yaradıcılığın ortaya çıxması.
Bu işin əsas mahiyyəti nədir?
Komanda işi. Bizim məktəblərdə problem nədir? 10 uşaqdan biri futbola, biri musiqiyə, biri rəssamlığa meyillidir, biri riyaziyyatı, biri ədəbiyyatı, biri tarixi yaxşı oxuyur, yəni istənilən anda hərə bir tərəfə meyilli olur. Bizdə nə olur? Tutaq ki, bu idmançıdır, gələcəyi parlaqdır və ona Azərbaycan dili, tarix, riyaziyyat fənlərindən iki yazılmalıdır. Dərsini yaxşı oxumadı deyə, sinifdə qalmalıdır.
Komanda işi, layihə əsaslı dərs isə tamam başqa şey deyir. Məsələn: Bir ideya var, gəlin komanda formasında iş görək. Məsələn, biz bir beyin fırtınası keçiririk, bir ideya var ortalıqda, uşaqlar, gəlin bunun üzərində işləyək. Bir uşaq çıxıb deyir ki, mən at düzəltmək istəyirəm. Deməli, ideyanı verdi bir nəfər, mühəndis bunu düzəltdi, zövqlü adam buna dizayn verdi. Başqa biri çıxıb deyir ki, buna təkər qoyaraq, proqramlaşdıraraq, əmr verərək hərəkət etdirərəm. Beləliklə, belə bir layihə çıxır ortalığa. Sonrakı mərhələdə marketinq işin içinə girir və marketoloq deyir ki, mənsə bunu ən yüksək səviyyədə cəmiyyətə təqdim edə bilərəm. Deməli, komanda bir məhsul istehsal etdi, bir ideya ətrafında formalaşdı. Nə qiymətə ehtiyacı var, nə ev tapşırığına. Artıq bunlar ortalığa bir iş çıxartdılar. Heç kim də geri qalmadı, ən passivi də, ən aktivi də bir qulpundan tutur, nəyisə düzəldib ortalığa çıxardırlar.
STEAM-ın da mahiyyəti budur: DGTE – DÜŞÜN, GÖR, TOXUN, ET!
Nəticədə komanda şəklində fərqli maraqlara sahib olan uşaqları idarə edən müəllimdir. İdarəçilikdə qızıl orta sırf çağdaş müəllim peşəsinə uyğun gəlir: “Əsl idarəçi fərqli maraqları olan insanları eyni məqsəd ətrafında bənzər hərəkət şəkli ilə çalışdırandır”.
Şəmil SADİQ,
filologiya üzrə fəlsəfə doktoru, dosent
(“Azərbaycan müəllimi” qəzeti)