Aylıq arxivlər

İyul 2020

Köşə

Bir yazıçının düşüncəsinə görə kitabını yandırmaqla, onu sosial şəbəkədə lənətləmək, bloka atmaq, öz jurnalına yaxın buraxmamaq arasındakı fərq nədir?

Bir yazıçının düşüncəsinə görə kitabını yandırmaqla, onu sosial şəbəkədə lənətləmək, bloka atmaq, öz jurnalına yaxın buraxmamaq arasındakı fərq nədir?

Kitab bir odun parçasından hazırlanır, sonra hazırlanmış vərəqlərin üzərində fikirlər yazılır. Bir zamanlar daşın, dəmirin, taxtanın, dərinin üzərində fikirlər yazılan əşyalara da kitab deyirdilər və saxlayırdılar. Bu gün isə hansısa fikirləri elektron formada yazırlar ki, bu da elektron kitab adlanır. Və ya qədimdə yazıçılar, filosoflar fikirlərini yazıb yaymaq üçün kitabın kiçik vahidi olan vərəqdən istifadə edirdi. İndi isə bunun yerinə, yəni yazıçılar, düşünürlər fikirlərini yaymaq, təbliğ etmək üçün sosial profil və ya səhifələrindən və ya saytlardan edir. O zaman kimsə yayılan vərəqi bəyənməyəndə, qəbul etməyəndə cırıb atırdı, indi isə öz sosial şəbəkəsindəki dostluğundan çıxarır və ya bloklayır. Deməli, kitab fikirlərin yayılması üçün bir vasitədir. Bu da o deməkdir ki, fiziki şəkildə var olan fikirlər məcmusu ilə, elektron şəkildə var olan fikirlər məcmusu mahiyyətcə eynidir. Bir az da aydın olsun deyə, mesajla məktubu müqayisə edin. Bəyəndiyimiz, xoşumuza gələn, ürəyimizcə olan məktubu saxladığımız kimi, mesajı da skrin edib saxlaya bilirik.
Kiminsə, sənin statusuna yazdığı rəyi ondan icazəsiz silməklə və ya onun səninlə eyni fikirdə olmadığını gördüyün üçün bloka atmaqla, onun yazısını öz saytında verməməklə, kitabı yandırmaq eyni əxlaq səviyyəsindədir, məncə, bu da heç yaxşı hal deyil.
Bu bir ayrı məsələ… ikinci məsələ, düşünək ki, kitab almışıq və o kitabı bəyənmirik. Çünki fikirlər zərərli, mənasız, müəllifinin şəxsiyyəti ilə zidd təşkil edir və düşünürsən ki, mən bu kitabı öz rəfimdə görmək istəmirəm və ya kiməsə oxumağa tövsiyə etmirəm. Və ya belə bur şey düşünək, bir kitabı siz oxumusunuz, amma düşünürsünüz ki, heyif zamanımdan… və o kitab haqqında səndən soruşanlara kitab haqqında xoş sözlər və ya müsbət fikirlər səsləndirmirsən və deyirsən ki, məsləhət görməzdim. İndi gələk bizim bir neçə gün öncəki statusumuza və reaksiyalara. Birinin öz maliyyəsi ilə açdığı bir mağazada hansısa kitabı satıb, satmaq istəməməyinə kim qərar verir? Əlbəttə ki, mağaza sahibi. Əgər mağaza sahibi üçün məqsəd sadəcə pul qazanmaqdırsa, orda hər şeyi satar, lap belə alan olsa zibili də satar. Amma bu sahibkar düşünür ki, mənim konkret mövqeyim var, ideologiyam var və buna zidd olan bir şey milyon qazandırsa da, onu təbliğ etmək istəmirəm və satmıram. Yəni belə deyək, biri açıq-aşkar milli düşüncəyə zidd və zərərli təbliğat aparırsa, onun kitabı ilə erməninin kitabı arasında nə fərqi var ki? Bəli, əsər başqa şeydi, müəllifi nə qədər, şəxsiyyətsiz, nə qədər açlaq, nə qədər vicdansız olursa, olsun, yaratdığı möhtəşəm əsərlər ola bilər ki, bu gün bizim öz ədəbiyyatımızda da, xarici ədəbiyyatda da bu cür əsərlər çoxdur və hamımız da ona məhəl qoymadan oxuyuruq. Əsər yandırmaqla, kimisə blok etmək, öz saytında ona yer verməmək eyni düşsncənin məhsuludur. Amma hansısa kitabı evindəki rəfdə görmək istəməməklə, oxumaq istəməməklə, o kitabı satmaq istəməməksə eyni düşüncənin məhsulu.
Gələk, mətləbə, elə şeylər var ki, ona etiraz, özünü yuxarıda göstərmək çox asandır. Çünki kütlənin küyə gedənlərinə bu məqamda xoşa gəlməkdən asan nə var ki? Adını fikir azadlığlna qarşıyıq, kitab dəyərdi, mədəniyyətdir qoyanlara, dədəsi, anası haqqında yazılan həcvlərdən ibarət bir kitab versən, yandırar da, zibil qabına da atar. Çünki öz dədəsidir axı. Adama deyərlər ki, axı bə fikir azadlığı harda qaldı, bunu gələn nəsillər oxumalıdır, bilməlidir. Gör qəbul edər? Məhz bu məqamda, soruşsanız hökmən, qəbul edəcək, çünki sərf etmir cavab.
Bir iki kitab oxuyub, lap belə tonlarla oxusun, durub özünü mədəni və intelegent kimi göstərərək, məsləhət verməsi, teatrda komediyaya baxıb özü kimilərin halına ucadan gülməsini xatırladır adam.
Kitab dəyər deyil, dəyər fikir olar! O da yaxşı fikir, mədəni fikir, hansısa milləti, dövləti, şəxsi, dövləti, dəyəri aşağılamayan fikir olar.

P.S. Azad fikirləri yandırmayın! Xoşunuz gəlməsə, rəfinizdən çıxarın yetər!

Şəmil Sadiq

Hədəf Şirkətlər Qrupunun qurucusu, Baş Direktor f.ü.f.d. dosent

Köşə Manşet

Yeni tədris ilində məktəblərin taleyi necə olacaq?

Təəssüflər olsun ki, dərslərin başlamasına iki aydan az vaxt qalmasına baxmayaraq, hələ də rəsmi qurumlar bununla bağlı ciddi bir açıqlama verməyib. Bildiyimiz kimi, 2020-ci il 3 mart tarixindən Covid-19 pandemiyası səbəbindən ölkəmizin bütün məktəblərində dərslər dayandırıldı. Etiraf edim ki, dünyanın bir çox ölkələri ilə müqayisədə bu problemə qəfil yaxalanmağımıza baxmayaraq, ölkəmizdə operativlik qənaətbəxş oldu. Çünki gözlənilmirdi, amma operativ şəkildə Teledərslər, qısa müddətdə yaradılan Virtual məktəb layihəsi təhsilimizi nisbətən vəziyyətdən çıxardı və tədris ilini pis-yaxşı başa vurduq. Lakin qarşıda bizi naməlum bir durum hələ də gözləməkdədir. Dərslər əvvəlki kimi olacaq, yoxsa, yeni bir sistem üzərindən gedəcək, bununla bağlı heç bir məlumat yoxdur. Keçən müddətdəki çatışmazlıqları müəllimlər də, valideynlər də anlayışla qarşıladı, lakin bu qədər zaman varkən yeni tədris ilinə ciddi şəkildə hazırlaşmamağımızı, yaranacaq problemləri bağışlamaq çətin olar. Dünyanın bir çox ölkələrində Təhsil Qurumları hələ may ayından A, B, hətta C varinatları üzərində işləyir, ictimaiyyətə müəyyən paketlər təqdim edir.

Hazırkı rəsmi durum onu göstərir ki, dərslər ənənəvi şəkildə, yəni siniflərdə əvvəlki qaydada keçiriləcək. Deyək ki, bu “A variantı”dır və qərarlılıq göstərib bu cür edəcəyik. Sual olunur, buna xalqımız hazırdımı, bunu qəbul edəcəyikmi? Çünki təhlükənin il sonuna qədər davam edəcəyi danılmaz fakt olaraq qalmaqdadır və belə olan halda az da olsa, bir qism valideyn övladlarını məktəbə göndərməkdən imtina edəcək. Onların bu mövzuda olan narahatlıqları da anlaşılandır. Belə olacağı təqdirdə, 30 faiz şagird məktəbə gəlməzsə, bu zaman nə baş verəcək? Heç düşünürükmü? O zaman yenə iki yerə bölünüb qanadı sınıq quşlar kimi doğru dürüst uça bilməyəcəyik. Əgər bu cür olacaqsa belə, Təhsil Nazirliyi indidən maariflənmə işləri aparmalı, təlimatlar hazırlamalı, məktəb rəhbərlərinə təlimlər keçirilməli, valideynlər və şagirdlər üçün yaddaş kitabçaları hazırlanmalı, mütəmadi şəkildə məlumatlandırılmalı, valideynlər inandırılmalıdır ki, “biz sizin övladınızı sizin qədər sevir və qoruya biləcəyik!”. Əgər bu inam olmayacaqsa, ciddi problemlər yaşanacaq, söz-söhbətlər yayılacaq. Hər xırda problem sosial şəbəkələrdə qabardılacaq və təhsil idarəçiləri qınanacaqdır, yenə müəllimlər ortada qalacaq.

Bildiyimiz kimi, məktəb sadəcə bilik mərkəzi deyil. Məktəb sosial həyatdır, ailədir, dostluq, insanlıq, vətəndaşlıq mərkəzidir. Evdə oturub psixoloji gərginlik yaşamaq, monoton həyata məcbur olmaq, virusdan daha təhlükəlidir bəzən. Oturaq həyat tərzinin fəsadları isə daha çoxdur ki, bu gün bütün uşaqlarımız bunun əzabını çəkir. Onun üçün də məktəblərdə şərait yaradıb onları doğru düzgün qarşılaya bilsək, əlbəttə ki, yaxşı olar. Lakin yuxarıda da dediyim kimi, bunun üçün sistem qurulmalı, planlama aparılmalıdır. Bəlkə də, Bakı şəhəri ilə rayonlarımız arasında bir fərqli sistem də qurmaq olar. Çünki təhlükənin daha çox Bakıda olması göz önündədir. Bunun üçün də ola bilər ki, hansısa rayonlarda normal qaydada dərslər keçirilsin, digər şəhər və rayonlarda 3 günlük və siniflərin bölünməsi variantına gedilsin.

Bir çox ölkələr sinifləri 10-15 nəfərdən təşkil etməklə məsafəni qoruyub dərsləri keçməyi planlaşdırır. Düşünürəm ki, bizim də bu cür imkanımız olar. Bir növbəli məktəblərdə sinifləri iki yerə bölməklə sayı müəyyən səviyyəyə endirmək mümkündür. Bütün bu dediklərim əlbəttə ki, orda-burda səslənən təkliflərdir ki, sosial şəbəkələrdə rəsmi məlumat kimi tez-tez müzakirə olunur. “A variantı” hesab edilən bu variantla bağlı Təhsil Nazirliyinin ictimaiyyətin müzakirə üçün paket halında təklifinə böyük ehtiyac var. Necə qardaş Türkiyə, qonşu Rusiya edir.

Gələk “B variantı”na. Bu da açıq qalan məsələdir. Çünki dərslər onlayn şəkildə və teledərslərlə davam etməsi planlaşdırılırsa, yenə də öncədən əsaslandırılmalı, cəmiyyət məlumatlandırılmalıdır. Keçən zaman kəsiyində etiraf edək ki, böyük şəhərlərimizin bəzi məktəbləri onlayn dərsləri öz təşəbbüsləri və imkanları ilə qursalar da, kənd və rayon məktəblərindəki texniki problemlər buna imkan vermədi. Evlərdə çatışmayan bilgisayar problemi, internet problemi bunun bariz sübutudur. Burda müəllimlərin də onlayn dərs keçmə bacarığının mütləq olmadığını da nəzərə almalıyıq. Teledərslər isə, düşünürəm ki, sadəcə köməkçi variantdır, əksəriyyət şagirdin məzmunu teledərslərdən mənimsəyə bilmədiyi göz önündədir. Bu variant sadəcə keçilən dərsləri təkrarlamaq, əlavə bilik əldə etmək üçün faydalıdır. Bunun üçün də dərslər onlayn proqramlar vasitəsi ilə keçiləcəksə belə, indidən rəsmi onlayn tədris planı hazırlanmalı, dərslərin müddəti müəyyənləşdirilməli, hansı fənlərin zəruri olacağı vurğulanmalıdır. Yoxsa ki, bir müəllim dərsi 20 dəqiqə, bir müəllim 40 dəqiqə, bir müəllim hansısa fənni həftədə 4 saat, hansısa müəllim 2 saat keçəcəksə vahid təhsil sistemindən söhbət gedə bilməz. Bunun qiymətləndirməsi, tələbkarlığı, onlayn təhsilin təşkili və idarə edilməsi isə bir başqa və böyük problemdir.

Ən böyük problem də birinci, doqquzuncu, onbirinci siniflərdə yaşanacaq. Çünki birinicilər dərsə yeni başlayır, əgər onlayn dərs olacaqsa, onlara nə keçiriləcək və necə keçiriləcək? Məlumdur ki, birinci siniflər üçün Azərbaycan dilində internet resursları yox dərəcəsindədir. Yuxarı siniflər isə buraxılış və qəbul imtahanı verəcəklər, onların isə ciddi hazırlığına ehtiyac var. Yaxşı, qeyri-rəsmi razılaşaq ki, 9,10-11-lər onsuz da kurslara və repetitorlara üz tutur, adətən. Axı o da rəsmi şəkildə olmalıdır. Kurslar rəsmi vergi ödəyicisi və qeydiyyatda olan şirkətlər olduğu üçün hər hasnı bir rəsmi icazə olmasa dərslərə başlamayacaq, repetitorlar isə min bir əziyyətlə gizlənpaç oynayaraq, gizlənə-gizlənə dərs keçirlər.

Bütün bunlar onu göstərir ki, ciddi bir qərarsızlıq bizi gözləyir, qısa zamanda müzakirələrə və təkliflərə başlanılmasa, sentyabrda ciddi bir xaos yaşanacaq təhsil mühitində. Ümid edirəm və inanıram ki, Təhsil Nazirliyinin məsul şəxsləri bunları müzakirə edir, yaxın zamanda isə Operativ Qərargaha təkliflər paketi təqdim edəcək və sabit bir qərar çıxarılıb elan ediləcək.
1 600 000-a yaxın şagirdin, 150 000-ə yaxın müəllimin intizarla gözlədiyi yeni tədris ilində bizi nələrin gözlədiyini öncədən bilmək və hazırlaşmaq günümüzün ən ümdə vəzifəsi olmalıdır. Hələ ali təhsil müəssisələrini də nəzərə alsaq, demək olar ki, bu gün ölkənin düşünməli olduğu ən vacib məsələdir bu!

Şəmil Sadiq

Hədəf Şirkətlər Qrupunun qurucusu, Baş Direktor f.ü.f.d. dosent