Aylıq arxivlər

Yanvar 2021

Bədii yaradıcılıq Bölməsiz Haqqında yazılanlar Layihələr Mükafatlar Xəbərlər

Şəmil Sadiq Hədəf Liseyi tərəfindən arxa cəbhənin qəhrəmanlarına verilən mukafatlar barədə Mədəniyyət TV SƏHƏR verlişində çıxış edir.

Şəmil Sadiq Hədəf Liseyi tərəfindən arxa cəbhənin qəhrəmanlarına verilən mukafatlar barədə Mədəniyyət TV SƏHƏR verlişində çıxış edir.
Azərbaycan ordusu 44 günlük Vətən Müharibəsində tarixi zəfər çaldı. Biz bu 44 gün ərzində Dövlət və xalq birliyinin təntənəsinin şahidi olduq. Hamımız DƏMİR YUMRUQ ətrafında birləşməyi bacardıq, gücümüzə güc qatdıq və şanlı zəfərə nail olduq. Bu müddətdə ön cəbəhədə canları ilə fədakarlıq edən hərbçilərimizlə yanaşı, arxa cəbhənin də rolu az olmadı. Xalqımız istər mənəvi, istərsə də maddi olaraq Ali Baş Komandanın rəhbərliyi ilə aparılan müharibədə əlindən gələni etdi.
Vətən Müharibəsi başlayan ilk günlərdən dövlətin və ordunun yanında olan Hədəf Şirkətlər Qrupu arxa cəbhənin bir sıra ictimai fəalını “Xarıbülbül” simvolik heykəli ilə təltif edib. Şirkətin rəhbəri Şəmil Sadiqin sözlərinə görə, “Xarıbülbül” simvolik heykəli müharibə vaxtı arxa cəbhədə dəstək çağırışları edib orduya sovqat götürənlər, iş adamları, informasiya cəbhəsində uğurla çalışan jurnalistlər və ictimai fəallara təqdim edilir.

Bölməsiz Köşə Manşet Xəbərlər

Şəmil Sadiq – İngilis bölmələrində təhsil alanlara attestat verilmir…

Hazırda ölkəmizdə rəsmi olaraq tədris iki dildə aparılır, Azərbaycan və Rus. Bundan başqa isə Türk, Fransız dövlətlərinin dəstəyi ilə fəaliyyət göstərən bir neçə məktəb var. Amma görünən odur ki, qeyri-rəsmi də olsa ingilis dilli tədrisə ciddi maraq var və bu da özəl təhsil sektorunda özünü aydın şəkildə göstərməkdədir. Belə ki, İngilis dilində tədris də bir neçə formada həyata keçirilir, ya hansısa beynəlxalq məktəblər, ya da Azərbaycan və Rus bölməsi ilə yanaşı, İngilis dili bölməsində də tədris verən məktəblər. Rus bölməsinə münasibət birmənalı deyil, lakin buna baxmayaraq, valideynlərimiz övladlarının gələcəyini rahat etmək baxımından rus bölməsinə müraciət edir, bunu isə bəzən ödənişsiz ingilis bölməsinin ölmaması ilə əlaqələndirənlər də var. Çünki əmindirlər ki, rus dilini bilən insan üçün ən azından MBD ölkələrinə, müəyyən ədəbiyyata bu vasitə ilə daha tez çıxmaq olur ki, bu da savadlı insan kimi yetişməyin yolunu asanlaşdırmış olur. Əminik ki, rus bölməsi ilə bərabər dövlət məktəblərində ingilisdilli bölmələr olsa, rus bölməsinin reytinqi birdən-birə aşağı düşər. Lakin Rus bölmələrinin olması ideoloji baxımdan nə qədər ürəkaçan olmasa da, Rusiya kimi böyük bir dövlətin qonşususansa, iqtisadi əlaqələr baxımından bu dilə münasibət həmişə yaxşı olacaq. İstənilən halda, bir neçə dil bilməyin heç bir ziyanı yoxdur.

Bizi bu yazıda narahat edən tamam başqa mətləb olduğundan “Rus bölməsi, yoxsa ingilis bölməsi?” kimi suala cavab axtarmağa çalışmayacağıq. Günümüzün problemlərini göstərərək valideynlərimizi bilgiləndirməyə çalışacağıq.

Etiraf edək ki, Bəzən valideynlərimiz bu sual qarşısında qalır, seçim etməkdə çətinlik çəkir. Bunun üçün də valideynin ilk qərar verməli olduğu sual budur, biz övladımızı xarici dildə tədrisə niyə yönləndiririk? Bu sualın cavabı aydın olandan sonra, ikinci suala cavab axtarılmalıdır. Bu da hansı dildə tədrisə yönləndirək? Gəlin, valideynlərimizin “Biz övladımızı xarici dildə tədrisə niyə yönləndiririk?” sualına çoxunun verəcəyi cavablara diqqət edək:

1. Məhz xaricdə təhsil alması üçün;

2. Ana dilindən başqa, başqa bir dil də bilməsi üçün;

3. Rus və ya İngilis bölmələrində tədris və şəxsiyyətə fərdi yanaşma daha yaxşıdır;

4. Ailə rusdilli və ya ingilisdillidir ona görə.

Deyim ki, əgər məhz bir və ikinciyə görə hansısa başqa dildə tədris planlaşdırılırsa, buna heç bir ehtiyac yoxdur. Yəni Azərbaycan bölməsini yaxşı qiymətlərlə bitirən şagirdlər həm dünyanın ən yaxşı universitetlərinə qəbul ola bilir, həm də istədiyi dili bir-iki ilə öyrənib, ingilisdilli tədris ala bilir. Yəni tək bu səbəblər sadəcə övladlarımızı başqa bölmələrdə oxutmaq üçün şərt olmamalıdır. Digər iki səbəbdən isə 4-cü tutarlı səbəb ola bilər, 3-cü səbəb də bizim qonağa, yada özümüzdən daha çox qiymət verməyimizin nəticəsidir. Balabilgələrin (Şagirdlərin) gələcək fəaliyyətlərində tədris aldığı dil yox, ailə tərbiyəsi, yaxşı təhsil daha önəmlidir. Bunu da istənilən bölmədə əldə etmək mümkündür.

Mən isə yuxarıda qeyd etdiyim kimi, istərdim rus və ya ingilis bölmələri arasında seçim etməkd çətinlik çəkən valideynlərimizi qarşılaşacağı problemlərlə tanış edim.

Əgər övladınız rus bölməsində təhsil alırsa, bu o deməkdir ki, sonda Azərbaycan dövlətinin attestatını alacaq, həm yerli, həm də xarici universitetlərdə təhsilini davam etmə şansı olacaq. Çünki rus bölməsinin şagirdləri Azərbaycan bölməsi ilə eyni hüquqa malikdir, eyni kurikulumla təhsil alır, burada sadəcə tədris dili fərqlidir. Üstəgəl Azərbaycanda dövlət məktəblərində də rəsmi olaraq rus bölməsi var ki, bu da onların əlavə xərc çəkmədən övladlarının ikinci bir dili öyrənməsinə imkan verir. Bu baxımdan rus bölməsinin avantajı əlbəttə ki, ingilis dilindən çox görünür.

Ölkəmizdə İngilis bölmələrində isə durum fərqlidir. Bu bölmədə özəl liseylər tədrisi beynəlxalq kurikulumla keçir və sonda balabilgələrə (şagirdə) Azərbaycan attestatı verilmir. Çünki ölkəmizdə daha çox IB və Kembric proqramları ilə ingilisdilli tədris verilir ki, bu zaman Azərbaycan kurikulumu tədris edilmədiyi üçün balabilgələrin attestat imtahanına girmə şansları yoxdur. Onu da nəzərə alsaq ki, ölkəmizdə hələlik sadəcə ADA univetsiteti SAT və ya digər beynəlxalq imtahanlarla şagird qəbul edir, deməli, bu balabilgələrin digər universitetlərimizə qəbul olması mümkün deyil. Hətta şagird 9-cu sinifdə ingilis (bura digər dildəki bölmələr də daxildir: türk, alman, fransız) bölməsindən Azərbaycan bölməsinə keçid etmək istəyən zaman, bir sinif geri düşür. Əslində isə geri düşmür, çünki beynəlxalq proqramlarda təhsil 12, bizdə 11 illikdir. Ona görə də valideynlərimiz bunu geri düşmək kimi qəbul edir.

Valideynlərimiz bunları dəqiqliyi ilə bilmədiyi üçün bəzən beynəlxalq proqramlara üz tutur. Çünki heç də övladını ingilis bölməsinə yönləndirən valideynlərin hamısı onların təhsilini gələcəkdə xaricdə davam edəcəyini planlaşdırmır, və ya planlaşdırsa da, qabaqda duran 11 illik dönəmin fərqinə varmır və yuxarı siniflərdə qərar dəyişikliyi olanda ciddi sıxıntılar yaşanır. Ona görə də valideynlərimiz övladları üçün bölmə seçərkən bunu çox ciddi araşdırmalı, sonra qərar verməlidir.

Görünən odur ki, Təhsil Nazirliyi də bu sahədə ciddi addımlar atmalıdır. Birinci və ən asanı odur ki, beynəlxalq attestatı alan şagirdlərə, bizim attestat imtahanına giriş şansı verilsin. Çünki hazırda 9-cu sinif buraxılış imtahanına girə bilməyən balabilgələr, DİM tərəfindən keçirilən 11-ci sinif buraxılış və qəbul imtahanına da buraxılmır.

İkinci variant isə İngilis bölməsinin rəsmiləşdirilməsi, dərsliklərimizin ingilis dilinə çevrilməsi, ya da rəsmi olaraq bir qrumla razılaşıb proqramı Azərbaycan təhsilinə uyğunlaşdıraraq təhsil verilməsidir.

Üçüncü və ən rahatı isə bütün universitetlərimizə qəbul proqramına İELTS, SAT, TOEFL kimi beynəlxalq qiymətləndirmələr də daxil edilsin.

Sözsüz ki, burda qarşıya çıxacaq problemlər öncədən nəzərə alınmalıdır. Əgər birinci varianta qərar verilsə, ciddi fəsad yaşamarıq. Azərbaycan dili, Riyaziyyat və İngilis dilindən Azərbaycan kurikulumu əsasında imtahana girib, keçid balı toplaya bilənlərin haqqı niyə əllərindən alınmalıdır? Hətta, İngilis dilinin yerinə Azərbaycan tarixinin tədrisi milli ideologiya baxımından daha tutarlı olardı. Bu bir növ İngilis bölmələrində təhsil alan şagirdləri də qazanmaq deməkdir.

İkinci varianta gəldikdə, dərsliklərin tərcüməsi və ya Kembric kimi bir proqramı tətbiq edib, şagirdlərin sonda beynəlxalq diplom proqramı ilə hazırlaşaraq, həm beynəlxalq, həm də yerli attestatı almaq çox çətin və uzun bir prosesdir, amma faydalıdır. Burda ciddi maliyə tələb edilir, üçdilli təhsil bir növ rəsmiləşir. Halbuki Azərbaycan Təhsil Qanununda ölkədə dövlətin verdiyi təhsil Azərbaycan dilində olmalıdır, yazılıb. Amma bu bizə siyasi olaraq onu qazandıracaq ki, birbaşa “Rus bölmələrini bağlayırıq”, demək kimi təhlükəli addımı atmağa imkan verməyəcək, rus bölməsi anlayışı təbii yolla aradan çıxacaq. Çünki valideynlərimiz çox yaxşı bilir ki, dünyaya çıxış baxımından ingilis dilinin imkanları, rus dilinin imkanlarından qat-qat çoxdur və yaxşıdır. Hətta Rusiya və MBD ölkələrinə də çıxış üçün bu gün ingilis dili daha uğurludur.

Əgər üçüncü varianta gedilərsə, bu zaman DİM-in Universitetlərə qəbul intahanı birmənalı olaraq öz funksiyasını itirəcək. Çünki balabilgələr sadəcə ingilis dili və riyaziyyatdan imtahan verməyi qoyub, niyə 5-6 fəndən hazırlaşmağı seçsinlər ki? Bir halda ki, bu cür rahat və sadə yol var. Onu da nəzərə çatdırım ki, xarici universitetlərə qəbul olmaq üçün balabilgəyə sadəcə xarici dil bilgisi yetərli olur. Bəzən də xaricə üz tutan balabilgələr məhz bu səbəbi əsas tuturlar. Bir daha qeyd edim ki, beynəlxalq qiymətləndirmələrlə yerli universitetlərimizə qəbul olmaq mümkün deyil.

Hazırkı durumda isə özəl liseylərdə beynəlxalq proqramlarla təhsil alan şagirdlərimizi birmənalı şəkildə xaricdə təhsil almağa yönləndiririk. Halbuki 12 ilin sonunda onların da əksəriyyəti ölkəmizdə təhsil almaq istəyir, amma şansları olmur. Ona görə də yerli universitetlərdə qəbul planının dolmamasına, rəqabətin azalmasına şahid oluruq. Son bir neçə ildə isə bunun yeganə səbəbi budur. Çünki valideynlərin tələbi ilə özəl liseylər, hətta bir neçə dövlət məktəbləri də bu sıraya qoşularaq ingilisdilli bölmələr açırlar ki, onların məzunu da birbaşa xaric ölkələr üçün hazırlanır. Valideynlərimizin bilməsi olan vacib məqamlardan biri də İB sistemi ilə şagird qəbul edən universitetlərin əksəriyyətinin ödəniş səviyyəsinin çox yüksək olmasıdır.

Bütün bunlara aydınlıq gətirilmədən, sondakı nəticədən məlumatsız olan valideynlər arasında xaos daima olacaq, övladını düzgün istiqamətləndirmək üçün əziyyət çəkəcəklər.

Hə, gələk mənim şəxsi fikrimə…

Azərbaycan Respublikasında dövlət hesabına təhsil birmənalı olaraq Azərbaycan dilində olmalıdır.

Lakin ildırım sürəti ilə inkişaf etməkdə olan dünya ilə ayaqlaşmaq, istedadlarımızı dünyaya rahat çıxarmaq üşün ingilis dilinin saatlarını artırmaq, texniki və dəqiq elmləri ingilis dilində tədris etməklə, ölkəmizdəki milli təhsili inkişaf etdirə, dilimizi, tariximizi, ədəbiyyatımızı övladlarımıza öyrədə, dil bilgimizi də yüksək edə bilərik. Ən azından pilot məktəblərlə buna başlamağın vaxtıdır.

Bu zaman isə başqa bölmələrə maraq azalar, Azərbaycan gənci öz milli ideologiyası ilə böyüyər, elinə, obasına sadiq olar və bununla bərabər dünya ilə ayaqlaşmaqda da çətinlik çəkməz.

Təhsil texnoloqu, dosent. Şəmil Sadiq