Aylıq arxivlər

Avqust 2021

Manşet Xəbərlər

MİQ imtahanlarında nə baş verir?!

MİQ imtahanlarında nə baş verir?!

Azərbaycan Respublikası Təhsil Nazirliyinin bu il keçirdiyi MİQ (Müəllimlərin İşə Qəbulu İmtahanı) imtahanları barəsində çox ciddi mübahisələr, tənqidlər və təəssüf hissi ilə də qeyd edim ki, bəzən təhqirlər eşidirik. Bunların səbəbi isə keçirilən imtahanların səviyyəsi, məzmunu ilə bağlıdır.

Düzdür, bu mövuzda hər il müəyyən narazılıqlar səslənsə də, builki imtahanlar xüsusi aqressiya ilə yadda qaldı! Bu cür etirazların olması və bundan sonra da olacağı təbiidir. Amma məhz bu il kampanya xarakteri alması ilk baxışdan diqqət cəlb edir. Niyə belə oldu, bunu yaradan səbəblər nədir və vəziyyətdən çıxamaq üçün nələr etmək lazımdır? Aşağıda xüsusi bəndlərlə öz sübyektiv münasibətimi bildirmək qərarına gəldim.

1. Ümumilikdə MİQ imtahanların təşkili birmənalı olaraq Azərbaycan müəllimində özgüvən formalaşdırdı. Müəllimlərin hansısa direktordan, maarif müdirindən, rüşvətdən, day-daydan asılılığını darmadağın etdi və müəllimlər öz haqlarını tələb etmək gücünü əldə etdilər. Çünki artıq müəllim bilir ki, onu kimsə işə minnətlə qəbul etmir, özü bunu əldə edir, öz bacarığı və biliyi sayəsində! İstədiyi zaman MİQ-ə girib məktəbini dəyişə dəyişə bilir. Bu, möhtəşəmdir: AZAD MÜƏLLİM! Ona görə məhz Azad müəllim deyirəm ki, o kiminsə qarşısında gözükölgəli deyil və bu zaman bu azadlıq müəllimin Ruhuna da çökür. Ölkəmizin gələcəyi isə sərbəst düşüncəli, azad ruhlu, haqqı uğrunda döyüşə bilən gənclik yetişdirməkdir ki, müəllim bunu sadəcə bur ruh yüksəkliyi ilə yarada bilər.

2. MİQ imtahanı sübut etdi ki, diplomlu olmaq bilikli, bacarıqlı olmaq deyil. Bu da onu göstərir ki, universitetlərimizin təhsili nəinki özəl sektorun, heç dövlətin də tələblərinə cavab vermir! Sistemə yenidən baxılmalı, yenidən formalaşdırılmalıdır! Pedaqoji fakültə məzunları məktəbdə dərs keçəcək səviyyədə olmalıdır! MİQ imtahanı həm də göstərdi ki, hələ də ali məktəblərin vahid ali konsepti yoxdur və MİQ imtahanının səviyyəsi ilə DİM abituriyent imtahanının sual bazasının, məzmunun, çətinlik dərəcəsinin bir-birindən fərqi yoxdur. O zaman sual yaranır, əgər müəllim də abituriyent, yəni 11-ci sinif səviyyəsində imtahan olunacaqsa, 4-6 illik ali məktəb təhsilinə nə gərək var?

3. MİQ imtahanı bizə sübut etdi ki, müəllim sadəcə konkret kitablardan konkret bilgiləri öyrənməklə olunmur. Əslində bunu bilirik, amma arada dünyagörüşə yönəlik sualların olması bunu müəllim namizədə bir daha üstüörtülü şəkildə ifadə edir. Bu prosesdə həm də məntiq və dünyagörüşü vacibdir ki, bunu sadəcə universitetlər vermir, insan öz üzərində çalışmaqla da əldə edir. Düşündürücü, məntiqi suallara müəllimlər tərəfindən verilən reaksiyaya, üzbəüz müsahibələrə diqqət etsəniz, vəziyyətdən hali olarsınız. 60 bal toplayan bir müəllimin müsahibə zamanı verilən suallara cavabı bəzən faciəvi olur!

4. MİQ imtahanı göstərdi ki, 15 ildə tələb edilən təfəkkür yönümlü məktəbə keçid formalaşmadı və hələ də ənənəvi təhsilin qalıqları hökm sürür. Keçirilən dərsin ölçülməsi zamanı təqdim edilən KSQ, BSQ kimi suallar necə ki, yaddaş yönümlüdür, eləcə də MİQ sualları da bundan qaça bilməyib hələ də. Hələ də əzbərçiliyə yönəlik tapşırıqlardan istifadə edilir ki, bu da Təhsil Nazirliyinin təbliğ və müdafiə etdiyi prinsiplərə tamamilə ziddir! Düşünürəm ki, müəllim olacaq şəxslər hökmən qabiliyyət formatlı bir müsahibədən keçməlidir. Səsi, görüntüsü, davranışı, psixoloji durumu, milliliyi və bəşəriliyi və s. ölçülməlidir.

5. MİQ imtahanı göstərdi ki, Təhsil Nazirliyinin niyyəti saf, əməlində isə hələ də çatışmazlıqlar var. Bəli, problem var və bu Nazir səviyyəsində diqqətdə saxlanılır. Nazir, müavinlər, aidiyyatı qrum rəhbərləri prosesi izləyir, sosial şəbəkələrdən belə münasibət bildirir, izah verir. İşinin sahibi olmaqdır bu, yanlışı ilə, düzü ilə sahiblənməkdir işinə! Sosial şəbəkələrdə rəylərdə belə bu tip müzakirələrə rast gəlirik ki, məmuriyyət sisteminin bu cür münasibəti bizim üçün yenilikdir. Bir məmur, rektor səmimi şəkildə öz fikirlərini müəllimlərlə bölüşür, müzakirələrə girişir. Buna təhsil Naziri və Təhsil institutunun direktorunu missal çəkmək olar. Bunu indiyə qədər heç bir qurumda görməmişdik. Ümid edirəm ki, bu cür aktivlik gələcəkdə nəticə çıxarılması, yaxşı işlərin görülməsi ilə nəticələnəcək!

6. MİQ imtahanı sübut etdi ki, köhnə formatı arzulayan tənbəl və savadsız müəllimlər də az deyil ki, “day-day”la məktəblərə yol tapıb, bu cür zəhmətə düçar olmaqdan yayınmaq istəyir, bacarıqlı və bilikli olanların qabağını kəsərək. Siz düşünün bir, bu seçimlərdən döyüşərək keçən müəllimlərin yetirmələri gələcəkdə necə azad ruhlu, necə sərbəst düşüncəli olacaq?! Ona görə bir qism müəllim namizədi yaranmış situasiyadan yararlanmaq məqsədi ilə aqressiv münasibət sərgiləyir.

7. MİQ imtahanı sübut etdi ki, Təhsil Nazirliyi Ali məktəblərlə razılaşadıraraq, hər ilin əvvəlində əhatəli bir ədəbiyyat siyahısı təqdim etməli və sual nümunələri açıqlamalıdır. Bu zaman müəllimlərin işi daha da ağırlaşacaq, bəli. Çünki indi ixtisas sualları sırf orta məktəb proqramına köklənibsə, o zaman bu areal genişlənəcək və oxu materialı çoxalacaq. Lakin bunun faydalı tərəfi o olacaq ki, ali məktəblər tədrisini düzgün qurmağa çalışacaq, tələbələr də bu normalarla tələblərə uyğun müəllim kimi yetişəcəklər. Ən əsası müəllim hansı ədəbiyyatdan və necə istifadə edildiyini biləcək və qeyri-müəyyən suallar yaranmayacaq. Bu gün müəllimlər pedaqogikanı, məktəbdarlığı, kurikulumu, psixologiyanı və s. hardan oxuyacağını bilmir. Bununla bərabər heç bir təhsil proqramımızda olmayan məntiq suallarından necə istifadə ediləcəyini, hansı proqram əsasında hazırlanacağı bəyan edilməlidir.

8. MİQ göstərdi ki, TN yanındakı İctimai Şura bu məsələdə ciddi mövqe nümayiş etdirmədi və hələ də tərəfini müəyyən etməkdə tərəddüd edir, sanki. Müəllimlər də belə bir şuranın ya varlığından xəbərsizdir, ya da xəbərləri var, güvənləri yoxdur. Amma ictimai şura vəzifəsini Nazir özü boynuna götürdü və müəllimlərə suallar ünvanlayıb, həlli yolunu axtardı. Halbuki son zamanlar nazirliklərin dəb halını alan ictimai şuralarının ilkidir bizim şura və heyətdə işinin öhdəsindən gələcək yetərincə mütəxəssis var və arzu edərdim ki, yaranmış vəziyyətə ciddi münasibət bildirilsin, obyektiv yanaşma sərgiləsin. O da maraqlıdır ki, müəllimlər İctimai şuraya müraciət edibmi, bu mövzuda?

9. MİQ imtahanı göstərdi ki, hüquqi dövlətin vətəndaşları olan müəllimlər hələ də öz haqlarını hüquq müstəvisində həll etməyi bilmir, öyrənmir, yararlanmır. Sosial şəbəkələrdə ora-bura rəy, status yazaraq neqativ tənqiddən və təhqirdən istifadə edərək özünü qaragüruhçu kimi aparan bəzi məsləkdaşlarım, haqlıdırlarsa və buna əmindirlərsə, niyə hansısa rəsmi müraciətddən yararlnmasın ki?!. Məsələn, görmədik ki, bir və ya bir neçə müəllim özlərini haqlı olduğunu düşündükləri halda hansısa məhkəməyə müraciət etsin, nazirliyə yazılı və əsaslandırılmış etiraz bildirsin. Mən görmədim, əminəm ki, siz də. Sadəcə məişət səviyyəsində etirazı ilə yadda qaldılar. Bunun da bir neçə səbəbi ola bilər: 1. Müəllim daxilən etirazının haqlı olmadığını bilir və öz bacarığına güvənmir. 2. Məhkəmə sisteminə güvəni yoxdur 3. Hüquqlarını necə və harda müdafiə edəcəyini bilmir. 4. Təşkilatlana bilmir.

10. Ən xoşagəlməz hal isə odur ki, yaxınlarda nazirlik istifadə edilmiş sualların izahını təqdim və hansı ki, bu sualların izahını verən müəllimlər, yerli-yersiz tənqid edildi. Müəllim dostlarım inciməsin, bu kütlə psixologiyasıdır, axı həmin yoldaşlar da bizlərdən biri, sizlərdən biri, hətta bir neçə il öncə MİQ-dən keçən müəllimlərdir. Haqlı durumdan haqsız duruma düşməyə nə gərək vardı ki…

11. Sualların çətinliyindən yersiz şikayətlənən müəllimlərimiz də oldu. Hamı bilməlidir ki, hər bir sual nə qədər də meyarlarla hazırlansa, yenə də subyektivdir. Kimin üçünsə çətin hesab edilən sual, kimin üçünsə çox asandır. Bunun üçün də bu şəffaf prosesi şübhə altına salmağa heç bir gərək yoxdur. Neçə-neçə müəllim bu prosesdən üzüağ çıxıb və iş qazanıb. Bəli, qüsurlar var və həmişə olacaq da. Lakin hər bir şeyin təhri var və biz müəllim olaraq pozitiv tənqiddən heç bir zaman yayınmamlıyıq. Ən azında bizim peşənin imicinə yaddır.

Müəllimliyə namizədlər tərəfindən tez-tez səslənən digər bir fikir də əlimizdə diplom ola-ola niyə imtahana girməliyik? Düşünürəm ki, bu cür düşüncə yanlışdır. Axı biz kapitalizm dövründə yaşayırıq. Kim istəsə, nə qədər adam istəsə yerli və xarici universitetlərdə təhsil ala bilər. Bu o demək deyil, hər universiteti bitirən şəxs müəllim kimi birbaşa işə başlamalıdır. Bu mümkün deyil və düz də deyil. Nazirliyin də belə bir öhdəliyi yoxdur. Axı hamımız yaxşı bilirik ki, universiteti bitirən şəxslər hamısı müəllimliyə layiqdir və uyğun təhsili alıb. Belə çıxır ki, bütün ixtisaslar üzrə universiteti bitirən şəxslər işlə təmin edilməlidir. Bu hansı sahədə var ki, müəllimlik peşəsində də belə olsun. Tələb-təklif məsələsi var, tələbə cavab verən kadrlar isə həmişə, hər zaman öz yerini tapmışdır və tapir da. Şəxs mən təhsil iş adamı olaraq uzun illərdir ki, kadr tapmaqda əziyyət çəkirəm. Yaxşı kadrlar isə öz şərtlərini belə irəli sürüb istədiyi maaşı və vəzifəni ala bilirlər. Hə, deyə bilərik ki, universitet təhsilimiz keyfiyyətli deyil, tələblər cavab vermir, bu başqa məsələ. Və bu da birbaşa Təhsil Nazirliyinin səlahiyətindədir.

Düşünürəm ki, nazirlik mövqeyindən çəkinməməli, amma irad və təklifləri də dəyərləndirərək uyğun bir format tapmalı və prosesi də olduğu kimi davam etdirməlidir. Sadəcə eyni fənnin sahiblərini iki ayrı sual format ilə imtahan etməməlidir. Istənilən halda burada ədalət prinsipi pozulacaq və biz bunu DİM-in də iki dəfə ard-arda keçirdiyi imatahnlarında da görmüşdük. Suallar metal deyil ki, onu qızıl tərəzisində ölçəsən. Nə qədər obyektiv yanaşsan da, aralarında ya fərq olacaq, ya da elə yozacağıq.

Sualların hazırlanması zamanı isə Azərbaycanda yaxşı olamayan bir ənənə var: Əzələ nümuayişi. Biz bunu uzun illərdir DİM suallarında görürük. Sanki sualı tərtib edən şəxsin vəzifəsi odur ki, necə yazım, yaza bilməsinlər. Nə qədər az adam doğru cavabı tapırsa, deməli bir o qədər yaxşı sualdır. Bu isə özlüyündə yanlış yanaşmadır. Biz bu cür müsabiqələrlə ən yaxşısını seçmək arzusundayıq, ona görə də çətin suallar da hökmən olmalıdır, amma bu o demək deyil ki, suallar yorucu, vaxt aparan, incə faktoloji olmalıdır. Bütün bunlar da nəzərə alınarsa, təkmilləşdirilərsə, çox yaxşı nəticələr əldə edəcəyik.

Bir daha imtahana məntiqli və əsaslandırılmış şəkildə etiraz edən müəllim dostlarıma və bu prosesə yetərincə səbirli, açıq, demokratik və anlayışla qarşıladığı üçün cənab Nazir Emin müəllimə və Təhsil İnstitutunun direktoru Rüfət müəllimə təşəkkür edirəm.

Hörmətlə,
f.ü.f.d., dos Şəmil Sadiq