Aylıq arxivlər

Yanvar 2023

Xəbərlər

“Hədəfdə STEAM-5” Beynəlxalq İnteraktiv təlim-treninq

Hədəf STEAM liseyinin təşkilatçılığı, Hədəf Şirkətlər Qrupu, Eduhek, Robotzadə və Bilim Bakının tərəfdaşlığı ilə 27-28 yanvar 2023-cü il tarixində Ümummilli lider Heydər Əliyevin 100 illik Yubileyinə həsr edilmiş “Hədəfdə STEAM-5” adlı Beynəlxalq İnteraktiv Təlim-treninqinin açılış mərasimi keçirilmişdir.
Azərbaycanın ilk STEAM liseyi kimi fəaliyyət göstərən “Hədəf Liseyi” tərəfindən 2019-cu ildən təşkil edilən bu tədbir təhsil sahəsində çalışan tədqiqatçıları, müəllimləri bir araya gətirməklə müasir dünyanın ən qabaqcıl təhsil modellərindən olan STEAM əsaslı təhsilin ölkəmizdə tətbiqi təcrübəsininin paylaşmasını, yeni tədqiqatlara çağırış etmək ideyalarını əhatə edir.
Təlim-treninqin STEAM dərs nümunələri, sərgi və geniş mövzulu plenar sessiyalarında paytaxt və regionlardan 200 nəfərdən çox müəllim iştirak edir.
Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov, Azərbaycan Texniki Universitetinin Rəqəmsallaşma və Layihələr üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Rəsad Əliyev, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Aytən Zamanova, Azərbaycan Respublikası Təhsil İnstitutunun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Aynur Alışzadə, “Təmiz şəhər” ASC-nin mətbuat katibi Orxan Cabbarlı, STEAM üzrə ekspert Aliyə Əhmədova, “AzeRobot Education”-nun layihə rəhbəri İmamir Mirzoyeva, Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli, Hədəf Liseyi nəzdində İnteraktiv Elm Muzeyinin rəhbəri Elçin Abbasov, hərbi mühəndis və fərdi investor Ülvi Hacıyev “Bilim Bakı” rəhbəri Yusuf Polat iştirak etmişdir.

Köşə

Xalq sənət adamlarına borcludurmu?

Yazıçının, sənət adamının acınacaqlı durumu, çətinliklərlə üzləşməsi, sosial durumunun aşağı olması ilə bağlı cəmiyyət tez-tez qınanır. Ən çox istifadə edilən ifadə, “Bu boyda yazıçı, bu böyüklükdə sənəntkar niyə yaxşı yaşamamalıdır?” – olur. Gəlin belə bir sual qoyaq: Hansısa yazıçı, rəssam, yaxud bəstəkarın həyat şərtlərinin çətin olmasında xalq günahkardırmı? Axı biz yekdilliklə kapitalizmə səs vermiş, bu yaşamı seçmişik. Deməli, hamı bacardığı qədər çalışmalı, qarşılığında da yaşayış şərtlərini yaxşılaşdırmalıdır. Daha bir sual, “Məgər yazıçı, şair, rəssam, bəstəkar və başqa sənət adamları hansısa daş daşıyan fəhlədən artıqdır?” – sualıdır. İlk olaraq deyim ki, xeyr, hər ikisi insandır, hər ikisinin də normal şərtlərlə yaşamağa haqqı çatır. Bəs onda niyə ayrıseçkilik edib isti sobanın kənarında oturub yazan, zövünə uyğun mahnı bəstələyən, ürəyindən keçən, könlü istəyən tablonu çəkən şəxslə isti-soyuq demədən ailəsini dolandırmaq üçün canını dişinə tutub gecə-gündüz çalışan şəxs arasında fərq qoymalıyıq? “Hamı haqqı olan həyatı yaşayır” – deyirlər. Məgər əli qabarlı fəhlənin rahat həyata haqqı çatmır?! Gedişata hərə öz pəncərəsindən baxır, özünü haqlı bilir. Heç kimdən xalq, millət xahiş etmir ki, sən yazıçı ol, şair ol, rəssam ol… Hərə öz yolunu özü seçir, yaxud bacarığına görə o yolu tutur. Alınmayanda da başlayır xalqı, milləti günahlandırmağa ki, sizin üçün çalışıram, sizsə mənə dəyər vermirsiniz. O zaman sual yaranır: Niyə bütün peşə sahibləri bu cür yanaşmasın? Məgər müəllim, həkim, polis, traktorçu, əkinçi xalq üçün çalışmırmı? Şəxsən, hansısa rəssama, yazıçıya, şairə, bəstəkara, jurnalistə dövlət hesabına maddi dəstək göstərilməsini anlamır və düzgün hesab etmirəm. Axı niyə?! Əkinçi əkib-biçməsə, ac qalmarıqmı? Müəllim insan yetişdirməsə, gələcək kor olmazmı? Hələ yanğınsöndürən özünü oda atmasa… Şair, yazıçıdır olanda nə olasıdır?… Sənət peşədən daha çox könül işi, mənəvi qidadır – yaradan üçün də, istifadə edən üçün də. Sənin yaratdığından istifadə edənlər qarşılığını vermirlərsə, bu da sənə sərf etmirsə, dəyərini almırsansa, yazı-pozunun, yaradıcılığın daşını at, get, başqa işlə məşğul ol. Yox, sənə belə xoşdursa, xoş sözlərlə mənəvi qarnını doldurmaq kifayət edirsə, heç kimi günahlandırmağa haqqın yoxdur. Bundan istifadə edib, “Sənət adamları acından ölür. Onlara dəstək olaq” – deyənlərinsə heç haqqı yoxdur. Hərə özünə çarə qılmağı bacarmalıdır. Necə? Gəlin deyim… Doğulduğumuzdan bu günə qədər mübarizəyə yönləndirilmişik. Bəzilərimiz elə böyüdülürük ki, dünyanı dərk etmir, utopik və romantik şəkildə formalaşır, bu əzablı dünyanın gərdişindən baş aça bilmir, güclülərin əlində əzilirik. Burada hansısa sənət və ya peşə adamı fərqi yoxdur, bütün insanlıq belədir. Əgər cəmiyyət formalaşdıranda çevik zəkanı, məntiqi, dünyagörüşünü düzgün aşılaya bilsək, insanlıq bu problemləri yaşamaz. Bu isə təhsildən keçir, təhsilli insan bilir ki, kitab oxumaq, filmə baxmaq, teatra getmək, sərgilərdə iştirak etmək vacibdir. O zaman kitab alanın da sayı çox olacaq, dəyərli sözə, sənətə qiymət də veriləcək. Bu da, “Yaxşı söz, yaxşı əsər yaxşı qiymətə satılacaq” – deməkdir. Yaxşı, bəs bu mümkündürmü? Bəli, mümkündür. Bunun üçün dövlət siyasətinin əsas xəttini maarifçilik təşkil etməlidir. İnsan kapitalına ciddi sərmayə ayrılmalı və bu vəsait düzgün xərclənməlidir ki, istədiyimiz cəmiyyəti formalaşdıra bilək. Yoxsa bir nəfər yaxşı roman yazsın, yaxud möhtəşəm tablo işləsin, ondan sonra da bütün fəaliyyətsizliyinə, əməllərinə rəğmən dövlət qayğısı ilə əhatələnsin, kef çəksin. Belə olmaz… ​Mən də söz adamıyam. Yazıram, yaradıram, həm öz zövqüm üçün, həm də kimlərisə maarifləndirmək, bilgiləndirmək üçün. Bu lazımdırmı? Əlbəttə, lazımdır. Bunu mənə kimsə tapşırıbmı? Əlbəttə, yox. Buna görə mənə təşəkkür etməlidirlərmi? Qətiyyən. Heç kimin belə öhdəliyi yoxdur. Cəmiyyətin formalaşması üçün söz adamına da, sənət adamına da çox böyük ehtiyac var, həmişə də olacaq.
Yenə qeyd edirəm, bu vacib əməl sahiblərini tərifləyib adını Aladağa çıxarmaq cəmiyyətə düşsə də, heç kim onu boynuna alıb daşımağa məcbur edilə bilməz. Çünki dünya elə dünyadır ki, hamını öz canını, ailəsini saxlamaq, qorumaq üçün qarışqa kimi işləməyə sövq edir. Heç kimin heç kimə borcu yoxdur. “Mən xalqım üçün çalışıram” – deyənlərin əksəriyyəti səmimi deyil. Hamı birinci növbədə özü üçün çalışır. Lap istəyir, belə peyğəmbər olsun. Nənəm həmişə deyərdi ki, peyğəmbərlər də odu birinci öz qabağına çəkib. Ən əsası, özün üçün çalışanda xalqa, millətə də faydalı ola bilirsənsə, deməli adamlıqdan insanlığa doğru addım atmağı bacarmısan. Vəssalam!
Köşə

Türk Dövlət başçılarının 5-LİK MESAJI nə idi?

 

       

      

Başa vurduğumuz keçən ilin son aylarında Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirildi. Görüşdə danışılan, müzakirə edilən çox ciddi mətləblər var ki, bunlar hər birimizin ürəyincədir. Uzun illərdir, türk dövlətlərinin bu cür səmimi münasibətlərinin yaranması arzusuyla alışıb-yanmışıq. Ürəklərdə gizlincə közərən bu arzunun gerçəkləşdiyini hiss etmək gözəl duyğudur. Düzdür, məsələyə nə qədər ümumtürk, Turan sevdası ilə yanaşsaq da, həmişə Azərbaycanın Turana gedən yolda açar ölkə olduğunu dəqiq bilmişik. Yaddaşlara həkk edilən bir məsələ var – XXI əsr “Türk əsri”dir! Nə qədər idealist səslənsə də, günümüzün reallıqları onu göstərir ki, buna addım-addım gedirik. Hələ əsrin bir qərinəsinin yarısını keçmişik. Amma bu qısa zamanda yaşananlar göstərir ki, böyük işlərin təməli atılmaqdadır. Artıq Türk dövlətləri birliyi heç kimdən, heç nədən çəkinmədən bu birliyi ifadə edə bilir. Əvvəlki illəri nəzər salsaq görərik ki, bu arzu qəlblərdə yaşasa da, siyasi təhlükələrdən dolayı açıq-açığına dilə gətirilmirdi. Xüsusən Orta Asiyada yerləşən türk dövlətləri tərəfindən. Amma son zamanlar bu proses ciddi şəkildə irəliləyir. Özbəkistan, Türkmənistan, Qırğızıstan bu mövzularda daha ehtiyatlı davranırdı. Təkcə 2022-ci ildə Özbəkistanda baş verən türk dövlət başçılarının intensiv görüşləri, müzakirə və əməkdaşlıqlara açıq şəkildə qoşulması doğan günəşin parıltısıdır.

Bütün bu hadisələr gözümüzün önündə baş verir və biz bu məsələdə Azərbaycanın missiyasını daha aydın görürük. Sözsüz ki, burda Azərbaycanın 2020-ci ildəki böyük Zəfəri əsas rol oynayır. 44 günlük Vətən müharibəsi Azərbaycanın güclü bir dövlət olmasını göstərməklə yanaşı Türkiyə-Azərbaycan dostluğunun sarsılmaz olduğunu dünyaya bir daha sübut etdi. Məhz zəfərin elan olunmasından sonra türk dövlətləri arasındakı münasibətlər bir daha gündəmə gəldi, Azərbaycan və Türkiyənin səyi nəticəsində bu münasibətlərə bütün sahələrdə yenidən baxılmağa başlanıldı. Cənab prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” ifadəsi türk dövlətlərinin, türk xalqlarının bütün sahələrdə birlik nümayiş etdirməsinin şərt olduğunu bir daha sübut edir. Bunun bir səbəbi də Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayib Ərdoğanla Azərbaycan Respublikası Prezidentinin sarsılmaz və yenilməz qardaşlığıdır ki, türk dövlətləri birliyini hər gün bir addım önə aparır. Son Macarıstan kimi Avropa ölkəsinin, Şimali Kipr Cümhuriyyətinin də bu birliyə üzv olmaq arzusu və müşahidəçi qəbul edilməsi tarixi bir olan dövlətlərin bəşəriyyət üçün böyük önəm kəsb edən elm və mədəniyyət sahəsində də öz ortaq köklərinə sahib çıxmağın vacibliyini ifadə edir.

Son zirvə toplantısında bütün dövlət başçılarının cənab İlham Əliyevi qələbə münasibətilə təbrik etməsi, Ali Baş Komandan İlham Əliyevin isə daha cəsarətli çıxışı gələcək üçün böyük mətləblərdən xəbər verir: “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”.

Azərbaycanın böyük zəfəri təkcə Ermənistan üzərində deyildi, uzun illərdi ki, ona dəsətək verən Rusiya, İran kimi dövlətlərə də bir zərbə idi və Dəmir Yumruq digər türk dövlətlərinin üzərindən Rusiya xofunu götürdü, bu da yeni Türk erasının başlanğıcı oldu!

Amma bütün bu açıq mesajlarla yanaşı mənim diqqətimi çəkən prezidentlərin Səmərqəndə əlləri açıq şəkildə çəkdirdikləri rəsm oldu: açıq beş barmaq və əlin içi. Düzü tam olaraq bu şəklin hansı siyasi mesajı verdiyini bilmirəm, araşdırsam da tapa bilmədim. Amma mənim üçün mesaj bəlli idi. Sevinc və qürurla həmin rəsmi böyütdürüb otağımda ən gözəl yerdən asmışam. Niyə doğma idi, onu deyim, sonra öz yozumuma keçərəm. Müəllifi olduğum Hədəf Konseptində məhz bu cür əl işarəsini özümüzə simvol seçmişik. Balabilgələrimizin rəsmlərini görən olsa, hökmən bu beşlik prinsipinə rast gələr. Bizim konseptdə beşliyin öz anlamları var:

Birincisi Kimlik – hər bir insanın bilməli olduğu öz kimliyidir;

İkincisi Sağlamlıq – hər bir insan həm mənəvi, həm də cismani sağlamlığının qeydinə qalmalıdır;

Üçüncüsü Bacarıq – bacarıqlı olmaq istənilən insanın sahib olduğu vacib dəyərdir;

Dördüncüsü Yaradıcılıq – yaradıcı insan günümüzün ən önəmli insanıdır;

Beşinci isə Bilik – bütün bu dörd dəyəri təsnifatlandıran və anlama gətirən nəsnə.

Şagirdlərə aşıladığımız ana fikir budur: həmin beş dəyərə sahib olan insan BİLGƏ İNSANdır ki, bu gün ölkəmizə və millətimizə məhz o gərəkdir. Hər dəfə bu beşi tutub, “Bilgə insan olmaq bizim amalımızdır” – deyirik. Məhz buna görə türk dövlətləri Bilgələrinin Böyük Teymurun yurdundan dünyaya belə bir mesaj verməsi bizim üçün bir başqa gözəllik idi.

Amma maraqlıdır, Türk dövlətləri başçılarının bu açıq əl mesajı nə deməkdir? Niyə Səmaya yönəlik açıq əl?

Niyə Beşlik?

Niyə məhz Səmərqənddə?

Doğrusu, çox maraqlıdır və əminəm ki, şəkli görüb diqqət edən hər kəs üçün də belədir.

Mənim üçün beş rəqəminin yeri bir başqadır, niyəsini bilməsəm də, 5-ə xüsusi sevgi var. Hələ 10 il bundan öncə yazdığım “Odərlər” romanında Dədə Əfəndinin fəlsəfi söhbətlərindən ikincisi məhz beş rəqəminə ayrılıb. Məncə, elə həmin hissədən bəzi məqamları qeyd etsəm, demək istədiklərim daha aydın olar: “Bu kimi həqiqətlər və deyimlər xalqın mifoloji anlayışıyla bağlıdır. Türk dövlətlərindən birinin paytaxtının adı Beşbalıqdı, Bişkek sözü də bununla bağlıdır. Türk dünyasında Beşalma adında bir çox yer adı var. Koroğlu-Qoroğlu dastanında da deyilir:

Göydən uçan beş durnalar

Bizim ellər yerindəmi?

Bir-birindən xoş durnalar

Bizim ellər yerindəmi,

Çənlibellər yerindəmi?

Niyə üç, dörd, on yox, “beş” durnalar sözü işlədilib?

Yuxarıda qeyd etdiyimiz şeirin cavabı mifin özündədir. Bu, xalqın müqəddəs inamlarıyla bağlı olduğunu göstərir. Bunların hamısı əsərlərə edilən düzəlişlərdən sonra ortada qalan sözlərdir. Əminik ki, üst qatı soyundura bilsək, bu beş rəqəminin altında çox sirlərin gizləndiyinin fərqinə vararıq.

Beş həmçinin çin və fars dünyagörüşündə, xristianlıqda, islamda, yəhudilikdə, manixeyizm dinində, Pifaqor Ekolunda, Babildə, Misirdə və Hinduizmdə, Şamanizmdə, Mayya və Şimali Amerika qırmızıdərililərində müqəddəs sayılır. Bunlara təsadüf demək olarmı, oğul?!

Bilirsənmi, kimyaya görə, insan dörd elementdən meydana gəlib? Alimlər müqəddəs beşə çatmaq üçün sirli bir beşinci ünsür əlavə edirdi. Bu beşinci ünsürün həyatın gerçək elementi olduğu düşünülərdi və onun əldə edilməsi  orta əsrlər kimyagərlərinin başlıca hədəfi idi.

Buddizmdə ürəyin dörd istiqaməti var və beşinci olaraq bir mərkəzə malikdir. Bu ümum-bəşəriliyin təmsil edilməsidir.

Çin dünyagörüşündə beş element, beş atmosfer, beş şərt, beş planet, beş müqəddəs dağ, beş taxıl, beş rəng, beş dad və beş zəhər olaraq özünü göstərir. Bu dünyada bütün həyat beş rəqəminin üzərində qurulub.

Şimali Amerika qırmızıdərililəri arasında da beş rəqəminin rolu digər xalqlarda olduğu kimidir.

Xristianlıqda beş rəqəmi xüsusi önəm daşıyır. Qədim türk simvolu hesab edilən Xaçın da beş ucu, İsanın beş yarası, Musanın beş kitabı vardır.

Misirdə Nilin beş timsahı vardır. Hindi ənənəsində isə dünyanın beşli qrupları vardır, Şivanın beş üzü və Vişnonun ikimərtəbəli beş inkarnasiyası vardır.

Qədim Hindistanda beş qoruyucu bir say olaraq olduqca böyük əhəmiyyətə malik idi.

Asteklərdə dörd ucunda və ortasında bir günəş olan, beşgünəşli xaç simvolu vardır – bu ulduz pentaqramdır.

Avropa ənənələrində mükəmməllik ilə, sirlərin yolunu açan açarla və ruhu maddəyə asılı olmaqdan qurtaran mələklə əlaqələndirilir.

Şaman türklərdə isə beş sayının dəmir – paya ulduzunu təmsil etdiyi məlumdur. Maya və Şimali Amerika qırmızıdərili ənənəsində bənzər şəkildə müqəddəs bir ulduzu təmsil etdiyi qeyd edilir.

Beş Mayalar üçün də açar bir ədəddir və bu ənənəsində beşinci günün, yağış yağdıran spiral formalı Tanrının günü olduğuna inanılır. Onlarda beş rəqəmi balıq formalı bir əllə təmsil edilir.

Beş sayı ayrıca Manixeyizmdə də əhəmiyyətli rol oynayır: ilk insanın (Bağ Atanın) beş oğlu var, işığın beş elementi (ruh, külək, su, işıq və atəş) qaranlığın beş mənası ilə qarşılaşdırılır. Manixeyistler ayrıca yaşayan Tanrının beş köməkçisinin və ruhları toplayan beş mələyin olduğundan söz açmışlar.

Beş yəhudi ənənələrində gücün və sərtliyin, radikal zəkanın rəmzidir.

Beş sayı eyni zamanda kosmik insana işarədir. İnsan qolları açıq vəziyyətdə bir dairə içinə yerləşdirildiyində sinəsinin ortasına eninə və dikinə çəkilən ox bir xaç meydana gətirir. Dünya insan üçün bir xaçdır, yəni bu dünyanın kosmik insana dar gəldiyi mənasını da verir. Bu insan fiquru astrologiyanın da simvoludur. Kabaladakı qarşılığı Adam Kadmondur. Yəni insanın aşan istiqamətini və bu planeti aşma bacarığını təyin kimi Tanrıya tam mənasıyla təslimiyyəti də ifadə edir. Beş, ümumiyyətlə, canlı təbiətdə ortaya çıxan ədəddir. Bu səbəbdən də onun qalib gəlməsi baharın təbiətdəki tumurcuqlanmalarına ekvivalentdir. Bu, bizim qədim Novruz bayramımızda da özünü göstərir. Dörd çərşənbədən sonra gələn yeni il, yeni doğuş, bayram günü, təbiətin oyanışı beşinci ünsürdür.

Beş sayının, qolları və qıçları açıq haldakı insan forması nəzərə alınaraq mikrokosmos olan insanın simvolu olduğu qəbul edildiyində bu vəziyyətilə bədənin bir beşbucaqlı təmsil etdiyi də deyilə bilər.

Helenistik dövrdə Baalbək şəhərindəki Venera məbədi beşbucaqlı biçimdəydi. Xristianlıq meydana gələndə Məryəm beşbucaqlı simvolunun və İştarın – Veneranın sifətlərini də boynuna götürmüşdü.

Apollo İşıq Tanrısı olaraq beş xüsusiyyətə malikdir: hər şeyə gücü çatma, hər yerdə var olabilmə, hər şeyi bilmə, əbədilik və birlik.

İslam ənənələrində dinin beş dirəyi, beş ilahi varlıq, imanın beş şərti vardır. İslamda gündə beş vaxt namaz imanın və İslamın beş şərti olaraq özünə yer tapır. İslamda beş – Allah sözünün beşinci və əsas hərfi “h”-nın ədədi dəyəridir.

Beşuclu ulduz vəhdəti təşkil edəndə və eyni zamanda yuxarı dönük olanda ruhi həsrəti və təhsili simvollaşdıra bilir. Eynilə dairə kimi beşbucaqlı ulduz da vəhdəti işarə edir, həmçinin dörd küncə və beşinci olaraq bir mərkəzə sahib olan kvadrat mərkəzin, səma ilə yer üzünün birləşmə nöqtəsinin simvoludur. O, eyni zamanda Allahın simvoludur, çünki dörd böyük gücün mərkəzindəki onları yaradanı işarə edir.

Beşbucaqlı ulduz, uclarından biri yuxarıda olduqda müsbət, tərs olduqda isə mənfi qəbul edilməkdədir. Pentaqram – İştarın insanları pis ruhlardan qoruduğuna inanılan Qədim Şərqdə gözmuncuğu kimi istifadə edilərdi. Zaman-zaman Tanrı evinin İblisdən və ya bədənsiz bəzi varlıqlardan qorumaq üçün orta əsr kilsələrinin divarlarına çəkilərdi. Bir dünyagörüşünə görə, pentaqram ruhun elementlər üzərindəki suverenliyini ifadə edir, hava, su ruhları və torpaqla bağlı bədənsiz varlıqları idarə edə bilmək üçündür.

Və ən əsası, Türkiyə bayrağındakı beşgüşəli ulduz. Bunun mənası isə mənbəələrə görə, insanı və türklüyü ifadə edir”.

 

Bütün qeydlərimizi ümumiləşdirsək deyə bilərik ki, beş güşə vəhdəti təmsil edir. Məncə, türk dövlət başçılarının verməli olduğu bu mesaj bir biləyin bir əli və beş güşəsi də məhz bir kökü ifadə edir. “Biz bütünük, biz birik, biz bir ideyaya, törəyə bağlıyıq” deməkdir. Bu beş barmaq büküləndə isə Dəmir yumurq olur! Amma türk törəsi, “Dəmir Yumruğa qədər ilahi mesajı, insanlığı, sevgini ifadə edən açıq əllə qarşınızdayıq” deyir. Psixologiya, bədən dili elmi də ifadə edir ki, “Qarşınızdakı insanın əlləri açıq vəziyyətdədirsə, yəni ovuclarının içi görünürsə, deməli, onun olduğu kimi görünməkdən xoşu gəlir və heç nəyi gizlətmir. Üstəlik ovuclarının içi görünərkən barmaqları da açıqdırsa, yəni barmaqlar arasında açıqlıq varsa, bu insan son dərəcə mərddir!

Bəli, Türk dövlətlərinin məhz ali mədəniyyəti, ürfanı və ən əsası, gücü simvolizə edən Səmərqənd şəhərindən verilən mesaj – “Biz birlikdə güclüyük, biz insanlığın tərəfindəyik, biz bütünük” deməkdir! “Bir atanın oğullarıyıq, bir qanın, bir ruhun təmsilçisi və qoruyucusuyuq!”