“Hədəf Şirkətlər Qrupu” MMC-nin qurucu direktoru, dosent Şəmil Sadiq və Meksika səfiri Viktoriya Romeronun təşəbbüsü ilə Meksika yazıçısı Gene de Matlokun “Ey insanlar, hamınız türksünüz” və Şəmil Sadiqin “Yuxu maşını” kitabları ilə bağlı müzakirə keçirilib.
Şirkətdən verilən məlumata görə, çıxış edən səfir iki ölkə arasındakı mədəni əlaqələrdən danışıb, belə tədbirlərin davamlılığında maraqlı olduğunu diqqətə çatdırıb.
Daha sonra Şəmil Sadiq Gene de Matlokun “Ey insanlar, hamınız türksünüz” kitabının tərcümə və çapı haqqında danışıb. Bildirib ki, kitab qurucusu olduğu “Hədəf Nəşrləri”ndə işıq üzü görüb.
Filologiya üzrə elmlər doktoru Elçin İbrahimov Azərbaycan və Meksika xalqlarının ortaq mədəniyyətinin əhəmiyyətini vurğulayıb, türk xalqının dünyanın ən qədim xalqlardan olduğunu və Gene de Matlokun da bundan ilhamlandığını qeyd edib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid və Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu Meksika ədəbiyyatının Azərbaycan dilinə tərcüməsinin vacibliyindən söz açıblar.
Tədbir bədii hiss ilə davam edib.