Aylıq arxivlər

Aprel 2023

Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş II Uşaq Kitab Festivalı

 

Kitab-kitab böyüyək !!!

Kitabın, mütaliənin gücünə də, romantikasına da həmişə inanmışam. Bir məsələ var ki, biz kitabın gücündən çox romantikasına inanır, onun arxasınca gedirik. Kitabı daha çox əyləncə, vaxt keçirmək üçün oxuyur, ya da sıxıcı dərs kitabları deyib keçirik. 8-11 aprel tarixlərində keçirilən, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən II Uşaq Kitab Festivalı bizi kitabın romantikadan çox gücə sahib olduğuna bir daha inandırdı. Sərgidə onlarla nəşriyyatın iştirakı da, minlərlə uşaq və yeniyetmənin, şagird və tələbənin, müəllim və valideynin axını da buna əsl sübutdur. Hələ təşkilatçıların, sərgi iştirakçılarının necə həvəslə festivala hazırlaşdıqlarını, oxucuları necə həvəslə qarşıladıqlarını görmək lazım idi. “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) layihəsi olan sərgi-festivalın əsas təşkilatçıları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi idi. Artıq 3 ildir, fəaliyyət göstərən ANAİB yarandığı ilk gündən kitabın, kitabçılığın inkişafına ciddi töhfə verir, bu sektorun yeni hədəflərə doğru aparılmasında komanda olaraq çalışır. İndiyə qədər “Bölgələrə kitabla gedək” çağırışı altında Gəncə, Sumqayıt, Xırdalan, Lənkəran kimi şəhərlərimizdə yazıçılarla oxucuları görüşdürüb, bölgələrimizdə kitabı əlçatan edib. Keçən ildən idarə heyətinin qərarı ilə məhz uşaqlar üçün nəzərdə tutulan, spesifik layihə həyata keçiririk.

ANAİB UŞAQ KİTAB FESTİVALI! Düzü, ilk müzakirələrimizdə əksəriyyətin fikri o idi ki, onsuz da nəşriyyatların sayı azdır, ixtisaslaşmayıblar, kitab sərgilərində iştirak edən oxucu sayının bu qədər az olduğu dövrdə yalnız uşaqlara ünvanlanan sərgi-festival baş tutarmı? Narahatlıq doğuran səbəblərin arxasında ciddi faktlar dururdu, amma layihə müəllifi, uşaq yazıçısı Fatimə Alxazın israrla, “Yaxşı olacaq, məncə, başlayaq” – deməsi, komandanı inandırması, layihəyə başlamağımıza kifayət etdi. Və bacardıq! Ciddi marağın olduğuna da şahid olduq. Axın-axın gələn məktəblilərin kitabla təması, festival çərçivəsindəki tədbirlərdə aktiv iştirakı, bir daha göstərdi ki, bu prosesi gileylənməklə yox, əməli işlə inkişaf etdirə və uşaqlarımızda oxu bacarıqlarını formalaşdıra bilərik. Sözsüz ki, belə sərgilərin təşkilində həm özəl sektorun, həm də dövlət qurumlarının ciddi dəstəyinə ehtiyac var. Çox təəssüflə qeyd edim ki, keçən il müraciət etdiyimiz dövlət qurumlarından, özəl sektordan heç bir dəstək ala bilmədik. Sonda yenə birliyin üzvləri əlini daşın altına qoyub öz imkanları hesabına o möhtəşəm tədbiri keçirə bildi. Aldığımız nəticə, sosial aktivlik, gələn mesajlar çətinliklə addımlayan kitab sektorunu az da olsa, ruhlandırdı. Və bu il daha planlı, daha mütəşəkkil, daha öncədən layihənin icrasına başlanıldı. Üstəlik dövlət qurumlarının verdiyi motivasiya işin möhtəşəmliyini ortaya qoydu. Demək, bir şeyi sidq-ürəklə istəyəndə olurmuş. Amma istəməklə yanaşı cəhd etmək də önəmli idi.

Festivalın piarı “Mənim kitab daxılım” layihəsi üzərindən aparıldı. 20.000 daxıl hazırlayıb məktəblərdə şagirdlərə payladıq. Üstəlik bu daxıllar müasir təhsil yanaşmasına xas şəkildə, interkativ formada naşirlərin birbaşa iştirakı ilə uşaqlara paylanıldı. Sinifdə birgə quraşdırıldı və elan olundu ki, sərgiyə qədər daxıllara pul yığıb, bu qutularla sərgiyə gəlib 50 %-ə qədər endirimlə kitablar əldə edəcəksiniz. Uşaqların sevinci, həvəsi çox uğurlu nəticə verdi. Sərgidə uşaqların o daxıllarla stendlərə yaxınlaşmasını, həvəslə pullarını saymasını görmək çox gözəl idi. Bu, uşaqlarda təkcə kitaba məhəbbət yox, önəmli bir işi bacarmaq, hesabatlılıq, özgüvən, maliyyəni idarəetmə bacarığını formalaşdırmaq üçün vacib addım idi. Sərginin təşkilinə dövlət qurumlarının diqqəti, dəstəyi prosesi daha da alovlandırdı.

Sərgi-festivalın açılış mərasimində iştirak edən ANAİB idarə heyətinin sədri Şəmil Sadiq, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, və Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli öz çıxışlarında festivalın əhəmiyyətindən, gəncliyin formalaşmasında önəmli layihələrdən biri olduğunu vurğuladı, iştirak edən uşaqlarla söhbət edib şəkillər çəkdirərək onların yaddaşında silinməz iz qoydular. Yüksək çinli dövlət məmurunun kitabın təbliğində dəstəyinə həmişə ehtiyac var. Əgər oxucu sayını artırmaq istəyiriksə, bu cür addımları çoxaltmalıyıq. Təəssüf ki, 10 milyonluq Azərbaycanda cəmi 30 aktiv fəaliyyət göstərən nəşriyyat var. Lakin əhalisi demək olar, bizimlə eyni sayda olan Avstriyada 600-dən çox nəşriyyat fəaliyyətdədir. Bu o deməkdir ki, bizim oxucu sayımız az, tələbimiz minimum həddədir. Amma ümidsizliyə qapılmaq da yanlışdır. Keçənilki festival-sərgidən bu günə qədər ciddi dəyişiklik olub. Bir neçəsini sadalayım: – sərginin keçirildiyi məkan iki dəfə daha böyük oldu; – keçən il həm kitab mağazaları, həm nəşriyyatların hesabına 30 iştirakçı vardısa, bu il sadəcə nəşriyyatların iştirakı ilə 24 qurum sərgiyə qatıldı; – keçən ildən bəri 6-7 nəşriyyat öz alt markalarını yaradıb yeni uşaq kitabları ilə iştirak etdi. – 10-dan çox yeni nəşr məhz sərgi üçün hazırlandı, həmin gün oxuculara təqdim edildi; – keçənilki iştirakçı sayı 20.000 idisə, bu il 50.000-dən çox oldu; – keçən il 40.000 kitab satılmışdısa, bu il 70.000 mini ötdü; – keçən il tədbir iki gün davam etmişdi, bu il isə 4 gün; – keçən sərgiyə gələn uşaqlar daha çox hədiyyə kitab almaq üçün gəlmişdisə, bu il öz büdcəsi ilə kitab almağa, istədiyi kitabı seçməyə gəlmişdi; – keçən il sərgi çərçivəsində 30-a yaxın tədbir keçirilmişdi, bu il isə 60-dan çox əyləncəli, intellektual tədbir baş tutdu; – keçən il daha çox valideynlər uşaqları sərgiyə gətirməyə maraqlı idisə, bu il əksinə oldu; – bu il layihə çərçivəsində elmi-praktik konfransın da keçirilməsi prosesin tədqiqatı baxımından da çox önəmlidir ki, naşirlər gələcək fəaliyyətini bu sahədə qura bilsinlər; – ölkəmizdə ilk dəfə olaraq kitab sektorunda çalışan qurumların özəl sərgisinə naşirlər xüsusi hazırlanmış stendlərlə çıxdı. Bunlar göstərir ki, sözügedən sahədə görülməli iş çoxdur. Təşəbbüs olsa, milli dəyər, müasir düşüncəyə sahib gənclik yetişdirmək, ölkəmizin gələcəyi naminə daha faydalı işlər görmək olar. Bu gün yad və düşmən ünsürlərin əsirinə çevrilmiş gəncləri görməkdəyik, lakin savadlı, intellektual gənclik yetişdirə bilsək, onların dünyagörüşünü öz milli maraqlarımız və bəşəri dəyərlər əsasında formalaşdırsaq, bu gün yaşadığımız yanlışlıq davam etməz.

Dörd gün ərzində sərgiyə gələn uşaqlar yaşlarına uyğun tədbirlərə, yazarlarla görüşə, teatr tamaşalarına cəlb edilir, imza mərasimlərində iştirak edirdi. Zahid Xəlil, Reyhan Yusifqızı, Amin Oruc, Fatimə Alxaz, Sevinc Elsevər, Solmaz Amanova, Elgüsel, Sevinc Nuruqızı kimi yerli uşaq yazarları ilə yanaşı Türkiyədən dəvət olunan Suat Turqut, Özgə Lokmanhəkim kimi ədiblər də maraqlı müzakirələr apardı, kitab imzaladılar. Tanınmışların nağıl saatı uşaqlarda daha çox maraq doğrudu. Xalq artisti Mənsum İbrahimov, tanınmış futbolçu Qara Qarayev, qiraətçi Xəzər Süleymanlı, yazıçı Rövşən Abdullaoğlu kimi tanınmış ictimai xadimlər uşaqlara öz üslublarında nağıl danışdılar. Düzü, əksəriyyət sərgi ilə yarmarkanı, sərgi ilə festivalı qarışdırır. Dörd günlük tədbir təkcə sərgi və ya yarmarka yox, Uşaq Kitab Festivalı idi və təşkilatçılar bunun tam öhdəsindən gəldilər. Festivalda iki səhnə ayrılmışdı, biri Firudin bəy Köçərli, biri isə Abdulla Şaiqin adını daşıyırdı. Bu özü də çox şeydən xəbər verir. Bu səhnələr günün bütün saatlarında dolu olurdu. Uşaq birliklərinin özfəaliyyəti, master-klaslar, rəssamların uşaqların şarjını çəkməsi – hamısı ümumi işin tərkib hissəsi idi.

Festivalın üçüncü günü “Azərbaycanda uşaq və tədris ədəbiyyatı: reallıq və perspektivlər” adlı elmi-praktik seminar keçirildi. Seminarda Azərbaycan uşaq və tədris ədəbiyyatının problem və perspektivlərini həll yolları ilə bağlı məruzələr edildi, təkliflər dinlənildi, müzakirələr aparıldı. – ANAİB-in sədri, seminarın moderatoru Şəmil Sadiq – “Uşaq ədəbiyyatının bugünkü vəziyyəti”; – Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu – “Dərslik mətnləri: oxuyub, anlamaq”; – yazıçı Zahid Xəlil – “Uşaq ədəbiyyatında klassizm ənənələri”; – “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov – “Azərbaycanda uşaq kitabları beynəlxalq təcrübə kontekstində. Çap və elektron resurslar: mif və reallıq”; – Nizami adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova – “Tədris vəsaitlərində uşaq ədəbiyyatının yeri və rolu”; – məruzələri seminarın ciddiliyindən xəbər verir. Bəli, bu sadaladıqlarım Azərbaycanımız üçün, zəfərin uşaqlarını yetişdirmək üçün Ümummilli lider Heydər Əliyevin, “Azərbaycanın gələcəyi gənclərin çiyinləri üzərində qurulacaq” – ideologiyasının həyata keçməsi üçün böyük hadisə idi. Bunu həyata keçirən isə fədakar naşirlər – ANAİB komandası oldu. O komanda ki, böyük ideallar arxasında yorulmadan çalışır, güclərini birləşdirir, yeri gələndə kitab tərtib edir, yeri gələndə sərginin masalarını daşıyır, yeri gələndə satıcı kimi stendin arxasında kitab satır. Əlbəttə, kitab sektorunun çatışmazlığı çoxdur və bu problemləri təkcə vətəndaş həmrəyliyi ilə həll etmək mümkün deyil. Necə ki, bu layihənin həyata keçirilməsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi ciddi dəstək verdi və kitabın arxasında durdu, eləcə də digər dövlət qurumları anoloji addım ata, beləcə, ölkənin gələcəyinə yatırım edə bilərlər. Kitabla böyüyən gənclik həmişə, hər yerdə Azərbaycanın üzünü ağ edəcək, gücünə, güc qatacaq!

 

Şəmil SADİQ ANAİB idarə heyətinin sədri

Azərbaycan müəllimi qəzeti, 14.04.2023

Azərbaycan Nəşriyyatları Assosiasiyası

Manşet Müsahibələr

“Ali məktəblər müasir tələblərə uyğun kadr yetişdirmir”

ALİ MƏKTƏBLƏR MÜASİR TƏLƏBLƏRƏ UYĞUN KADR YETİŞDİRMİR

 

Faktmedia.az Hədəf STEAM Liseyinin direktoru, dosent Şəmil Sadiqdən müsahibə alıb:

– Bu gün Azərbaycan təhsil sisteminin dünya praktikası ilə uzlaşa bilmədiyi hansı məqamlar var? 

– Sovet quruluşunun dağılmasından sonra, bu otuz illik bir dövr ərzində Azərbaycan təhsil sistemində xaotik bir dövr yaşandı. Azərbaycan dinamik ölkədir: istər mədəniyyət, istər təhsil sistemində və ya digər sahələrdə də bu dinamikliyi görmək mümkündür. Amma biz Qərblə Şərqin ortasındayıq. Qərbin və Şərqin düşüncə tərzinin arasında qalmışıq.  Bu aralıqda qalma təhsil sistemimizə təsir etməkdədir. Bu baxımdan bizim ən böyük problemimiz öz milli-mənəvi dəyərlərimizi, regional xarakterimizi nəzərə alıb təhsil konsepti  hazırlaya bilməməyimizdir. Məncə, hədəflərimizi müəyyənləşdirə bilsək, təhsildə çox şeyi bacarmış olarıq. Təəssüflər olun ki, biz hansısa inkişaf etmiş ölkənin modelini götürüb tətbiq edirik, sonra da bunun fəsadlarını görürük. Xarici ölkələrdən gətirdiyimiz sistem bizə məxsus olmadığı üçün zamanla  həmin sistemin oturmadığını anlayırıq. Təməl prinsiplər formalaşmalıdır. Bizim özümüzün xarakterimiz olduğu kimi, bir ölkənin də hər bir sahə üzrə xarakteri olur.  Xarakterə uyğun proqram hazırlanmalıdır. Avropa mentaliteti, düşüncəsini biz tam qəbul edə bilmirik. Sırf Şərqli kimi sərt mövqe sərgiləsək, o da alınmayacaq. Bu regionun özünün uyğunlaşdırdığı psixologiya var. Mənə görə bu problemlərimiz var, çox ciddi tədqiqatlara ehtiyyac görünür bu sahədə. Təhsilin məzmun xətti yenilənməlidir. Misal üçün deyim ki, bundan əvvəl dərslik hazırlayanda şəkildə göstərilirdi ki, ana yemək bişirir, ata divanda oturub istirahət edir. Bu tənqid olunurdu. Səbəbə də bu idi ki, bu gender bərabərliyini pozur, alt şüura təsir formalaşdırır.  Buni tənqid edirdik ki, kişi də qadına kömək etməlidi. Ancaq bunu dildə deyirdik, əməldə isə göstərə bilmirdik. Amma bu bizim xarakterimizə ziddir. Hər bir ölkənin özünə məxsus dəyərlərinə görə sistem qurulmalıdır. Məşhur filmimiz “Ölsəm Bağışla”da sevən şəxslər Rusiyada kafeyə gedirlər. Bir rus gəlib xanımı rəqsə dəvət edir, dava düşür. Rus ola bilsin fəxr edər ki, mənim xanımımı hansısa bəy rəqsə dəvət etdi, xoş söz dedi. Bu kültür Azərbaycanda yaddır. Biz qəbul etmirik, çünki bizim kültürümüz tamam fərqlidir. Ən çox səslənən Finlandiya modelidir, amma çoxluq onu qəbul etməyəcək. Biz hələ də konkret qərar verə bilməmişik ki, təhsildən nə istəyirik, nə gözləyirik.

– DİM sədri kolleclərdə oxuyanlardan narazıdır, deyir diplom alım deyə qəbul olurlar, oxumurlar. İstərdik ki, universitet və kolleclərdə olan problemlərdən danışaq. Nəyə görə təhsil ocaqlarımız köhnə metodlardan, yanaşmadan çıxa bilmirlər? 

– Bu, ən yaralı yerimizdir. Təhsil deyəndə biz adətən məktəbə gedib çıxırıq. Düşünməliyik ki, orta məktəbə qayıdıb gələn də universitet bitirən müəllimlərdi. Etiraf edək ki, universitetlərimizdə vəziyyət ürəkaçan deyil. Yeni fakültə, müasir aüditoriyalar, müasir düşüncəli müəllimlər əksər universitetlərimizdə yoxdur. Bir neçə müəssisə buna doğru addım atır. Ümumilikdə isə ali təhsil müəssisələri, dərs deyən alimlər lazımi kadrlar yetişdirə bilmir. Çünki məktəbin işi insan yetişdirmək, universitetin işi isə mütəxəssis yetişdirməkdi. Bizim universitetlərə də məktəb kimi baxılır. İT sahəsində, tibb sahəsində Azərbaycan təhsili uduzur. Avropanı demirəm heç, qardaş Türkiyə təhsilinə də uduzuruq. Pedeqoji sahəni bitirənlər də məktəbdə işkəmək üçün hansısa prosesləri keçib hazırlanırlar.

 

–  Hardasa 30 ildən artıqdır ki, intensiv şəkildə repetitorluq dəb halını alıb. Standart repetitorluq haçana qədər davam edəcək. Məncə, şagirdlər repetitor yanına getməkdən, müəllim isə bu işdən bezib. Yenilik etməyin vaxtı hələ çatmayıb? 

 

 

Düzü, bu repetitorluq məsələsi məni də narahat edir. Böyük bir kursun rəhbəriyəm. Kurs da repetitorluğun rəsmi formasıdır. Təhsilimiz də bu repetitorluğa alışıb artıq.  Çünki tədris yükünün ağır olması repetitorluğa ehtiyyac yaradır. Dünyanın demək olar bir çox ölkələrində repetitorluq var,  Amma Bizdə isə artıq ibtidai sinifdən başlanır. Hamı istəyir övladı universitetə qəbul olsun. Baxın, elə yanlış düşüncə buradan başlayır. Hamı universitet oxumalı deyil. Bu ölkə üçün aşbaz da, qaynaqçı da, motorçu da lazımdır.  Məsələ budur ki, universitet qurtaran kadrların 50 faizdən çoxu öz sahəsi üzrə işləmir. Çünki universitet xətrinə qəbul olub, amma onun bacarığı başqa sahə üzrədir. Bütün bu düşüncələr toplanıb repetitorluğa marağı artırır. Pandemiyadan sonra repetitorluq ikiqat artdı. 5 yaşlı uşağı da əlavə müəllim yanına göndərirlər. Magistr, dövlət qulluğu bunlar üçün də müəllim yanına gedilir. Repetitorluq həm də təhsilin işinə müdaxilədir. Dərsə girirsən, ürəklə nəsə keçəsən, şagird deyir, müəllim mənim hazırlığım var, biri deyir mən onsuz da bunu hazırlıqda keçəcəm. Və belə halda dərs keçmək mümkün olmur. Məktəb şagirdlər üçün maraqsızlaşıb. Hazırlığı keçən müəllimlər elə məktəbdə də çalışanlardı. Məktəbdə niyə dərs keçmir hazırlıqda keçir kimi suallar da ortaya çıxır. Valideyn də, Şagird də məktəbdə verilən təhsilə inanmır.

– Repetitorlar, kurs və liseylərə görə hər il qəbul faizi artır. Açıqlanır ki, məktəbləri bitirən şagirdlərin qəbul faizi 90 faiz olub. Təhsil nazirliyi, DİM bilmir ki, məktəb umuduna qalsa 5 faiz şagird universitetə qəbul olmaz? Nəyə görə dövlət səviyyəsində məktəblərə qayıdış həyata keçirilmir? 

– Millət mariflənməlidir. Peşə təhsili, məktəbin rolu qabardılmalıdır. Görüləcək iş çoxdur. Tutaq ki, təhsili naziri çıxıb desin ki, repetitorluğu qadağan edirəm, sizcə bitəcək? Əlbəttə ki yox. Nazirlik davamiyyəti yoxlamaqla, tələb etməklə şagirdlərin məktəbə qayıdışını təmin etmək istəyir, amma bununla mümkün deyil. Bu zaman uşaq da gəlib sinifdə başqa-başqa işlərlə məşğul olur. Şagirdi məktəbə bağlamaq üçün iş görülməlidir, onu təmin edib, inandıra bilsək, necə ki könüllü şəkildə repetitor yanına gedilir, eləcə də məktəbə gələcək! Şagirdlər harda hazırlaşmasından asılı olmayaraq, bitirdiyi məktəblə təqdim olunur. Onsuz da repetitorlar da bu ölkənin vətəndaşlarıdır, burada qeyri-adi nəsə yoxdur, qoy məşğul olsunlar. Bir məsələ də var ki, müəllimin maaşı kifayət etmədiyi üçün bu yolu seçir. Azərbaycanda müəllim maaşı kifayət qədər olmayıb. Müəllimlər maaş sıxıntısı yaşayır. Repetitorlar məktəbdən daha çox qazanır. Bəlkə də, maaş kifayət etsə müəllimi də, şagirdi də məktəbə qaytarmaq olar, sevdirmək olar.

– Dərs vəsaitlərindən də danışaq. Dərs vəsaitində səhvlər çox olur, sosial şəbəkələrdə tez-tez tənqid olunur. 

– Paylaşılan, tənqid olunanları görürük, onları hərə öz savadına, şüuruna görə tənqid edir. Elə şeyləri tənqid edirlər, görürsən heç bir problem yoxdu. Dərsliklərimiz ideal vəziyyətdə deyil, məlumdur. Amma insan əli olan yerdə fərqli şeylər ola bilər. Nazirlik də haqlı-haqsız iradları görür. Müəllimlər dərsliyi tənqid edir, amma çəkilib qıraqda dururlar. Söz oyunu oynayırlar: dərsliklər bərbad gündədir. Yaxşı, düzəltmək üçün nə təklif edirsən? Görürsən heç nə… Sadəcə özü üçün deyir də, dərslik pis gündədir. İstinad olmalıdır. Mən Sovet dövründə oxumuşam. Mənim ailəm də təhsilsiz idi. Hansısa dərsdə çətinlik olanda qonşuda tibb bacısı var idi, gedirdik o kömək edirdi. Bu həmişə olub, olacaq da. İndi valideyin təhsilsizdi, qarşına nəsə bir şey çıxır, edə bilmir deyir bizim dövrümüzdə belə deyildi, elə deyildi. Mən özüm əlavə dərs vəsaitlərinin müəllifiyəm, bəzən bizdə də səhv olur. Milyonlarla kitab çap olunur, bəzən xəta olur, gözdən yayınır. Könül istər olmasın, amma olur da.

 

– Siz dediniz kitab müəllifisiniz, həm də alimsiniz. Yəqin ki, elmi işinizi də özünüz yazmısınız. Şübhəylə də yanaşmıram. Sadəcə tez-tez alimlərin elmi işlərini başqalarına yazdırdığı ortaya çıxır. Sizcə, alimlərin sayı çox deyil, akademiyada alim sayı artır, kəşf isə yoxdur. 

 

Mən dissertasiya işimi özüm yazıb, özüm də komputerdə yığmışam. Amma mənlə eyni zamanda bir dostumuz da elmi iş yazmalı idi, amma başqasına yazdırdı. Belə çıxır ki, ikimiz də alimik. Tanışlıq, dostluq məsələsi var. Humanitar sahədə alim, professor çoxdu. Elmi səviyyəmiz isə aşağıdır. Bu təkcə akademiyanın günahı deyil. Burada universitetlərin də günahı var. Ali Attestasiya Komisiyasında da problemlər var idi. Tanışlıqla müdafiə edənlərin sayı kifayət qədərdi. Uzun illərdi icadlar yoxdur, beynəlxalq arenada kəşfimiz yoxdur. Əziyyətə düşmədən alim olanların sayı çoxdur.

– Alimin sayı çoxdursa, niyə dərsliklərə, vəsaitlərə salınmır? 

– Həmişə olduğu kimi müasir dövrün aliminə, yazarına qısqanclıq olub. Biz özümüz də qısqanc yanaşmışıq. Bu gün bir gəncin şeiri kitaba düşsə cəmiyyət olaraq qəbul edə bilmirik. Elmdə də monopoliya var. İndi gənc yazardan nəsə salınsa, camaat durub deyəcək ki, bu uşaqları gör kimlərlə eyni dərsliyə salırlar.

– Nəyə görə Azərbaycan cəmiyyəti və məmurlarımız öz dilimizdə qramatik səhvsiz yaza bilmir? 

– Bu gün əslində xeyli inkişaf etmişik. Azərbaycandilli məmurlarımızın da sayı artıb. Amma biz yaşadığımlz mühitdə dilimizi 50-60 sözlə ifadə edirik. Zənginliyindən istifadə etmədən məişət səviyyəsində idarə edirik. Ən böyük yanlışlıq da budur. İnsanın söz ehtiyyatı nə qədər çox olarsa, nitq də gözəl səslənər. Dilimizə qarşı münasibətlər haqqında fikir bildirmişəm. Sosial şəbəkələrdə dilimizin türkcəyə dəyişilməsi haqqında açılan müzakirə səmimi deyildi. Kimlərsə ironik yanaşdı, amma mən belə yanaşmıram. O ayrı-seçkilik yarada bilən bir müzakirə idi. Gündəm üçün atılmışdı, 3 gün sonra yaddan çıxdı. Dilimizin inkişafına xidmət etmək borcumuzdur.

– Bəlkə uşaqlarımıza düzgün dilimizi çatdıra bilmirik. Çıxardığımız kitablarla, çəkdiyimiz cizgi filmləri ilə və s… 

– Bu gün evimizdə uşaqlar ya rus dilində, ya da türk dilində cizgi filmlərinə baxırlar. O dili çox eşidən uşaq böyüyüb kitabı da o dildə oxumaq istəyir. Bu da dilimizə hörmət etmədiyimizi ortaya qoymuş olur. Bu gün oxucular türk dilində bədii əsərləri oxumaq istəyirlər. Azərbaycan oxucusu uzun müddət keyfiyyətsiz tərcümələrə görə Azərbaycan ədəbiyyatından küsüb. Dilin inkişafı baxımından resurslar olmalıdır. Prezidentin fərmanı ilə kirilcə olan kitablar latın qarafikası ilə çap edildi. Mən özüm də ANAİB-in sədriyəm. Kitabla bağlı addımlar atırıq. İnsanları kitaba qaytarmalıyıq.  Uşaq televiziyamız da yoxdur, olanlar da bu problem üçün kifayət edəcək səviyyədə deyil.

– AYB-yə üzvsünüz, yeni əsər yazırsınız? 

– Bəli üzvəm. Amma yazmağa vaxtım yoxdu. Yaradıcıllıq davam edir. Yeni hekayə üzərində işləyirəm.”Odərlər”in ikinci variantını işləmək barədə düşünürəm, amma vaxt imkan vermir.

– AYB tənqid olunası qurumdu? 

– Yeni baxış olmalıdı. AYB var, ya yox. Mənim yaradıcıllığıma təsiri yoxdur. Bu da birlikdir. Necə balıqçıların birliyi varsa, ədəbiyyatçıların da birliyi var. Bu da yazıçıların mənafeyini müdafiə edir. Bizdə AYB-nin tənqid olunan tərəfi filankəsə ev verdilər, mənə vermədilər. Ona təqaüd verdilər mənə yox. Hər şey maliyyənin üzərinə qoyulur.

– Axı siz dediniz ANAİB yaratmışıq. İşlər görürük. Nazirliklərə müraciət edirik. AYB nə edir? 

– Mənim üçün AYB-nin təsiri yoxdur. Qurultayda da iştirak etdim. Şəffaflıq, demokratiya axtarırıqsa, qapalı seçki keçirilməli idi. Hər şey sədrin üzərində formalaşır. Anar müəllim yaxşı yazıçıdı. Dəyişsə nə olar ki, məncə dünya dağılmaz… Bir gün desin ki, postu cavan kadra verirəm.(gülür). Bəlkə yeni gələn kadr nəyisə dəyişəcək. Biz buna acıq. Bəlkə yeni gələn pis işləyəcək. Sadəcə gənclik yeni ümid axtarışındadır.

Söhbətləşdi: Ruzbeh Məmməd
Foto: Hüseyn Verdiyev

 

Xəbərlər

Hədəfimizə yürüməyi öyrədən Adam…

Adamlar doğulduğu, böyüyüb boya-başa çatdığı yerə, təbiətə bənzəyirlər. Nədənsə belə düşünürəm həmişə. Cavid Azərbaycanda yox, bir başqa yerdə doğulsaydı, heç vaxt həyata bu qədər dirəniş göstərə bilməzdi, buna gücü yetməzdi. Naxçıvan sözü də Cavidin mayəsinə güc qatan torpaq kimi beynimdə assosiasiya yaradır… Necə ki Bakı bu gün hamıya qucağını açıb, cənnətməkan Hacı Zeynalabdin də o cür səxavətlə ona pənah gətirənləri döşünə çəkirdi, yiyə dururdu adamlara… Şuşadan ayrı torpaq da Üzeyir bəyi yetişdirə bilməzdi… Qurban olduğum bu torpaqdan halal toxumlar boy verib, həqiqət cücərib, ədalət göyərib həmişə…

Naxçıvan təkcə Azərbaycanda deyil, bəlkə də bütün dünyanın geoxəritəsində əsrarəngiz dağları ilə seçilir. Mən Şəmil Sadiqə hər baxanda elə bilmişəm ki, o Uca Dağları görürəm. İlahi bir doğmalıqla Şəmil Sadiqi Dağa bənzətmişəm. Naxçıvanın Üzü Haqqa sarı dayanan başı qarlı ən Uca Dağıdır Şəmil Sadiq…

***

Dünya coğrafiyasının saat qurşaqları kimi, ruh xəritəsinin də öz ritmik vaxt duyğusu var. Şəmil müəllim haqqında bu yazı, əslində, lap çoxdan içimdə  yazılmaqda idi. Amma ruh saatına görə doğuluş vaxtı məhz bu məqama aid imiş.

 

Dəyərli məsləkdaşım, sirdaşım, CNN Türk kanalının “Özəl xəbərlər” şöbəsinin müdiri Fulya Öztürk bu günlərdə bir telefon danışığımızda:

“Hayalecim, bir kişiyi sormak isterim Senden – Şemil Sadık…

Şemil Hoca – bizim Üstadımız O…

Hocanmı olmuş senin. Ne güzel. Ne mutlu sana. Ne şanslısınız, öyle İnsanlardan ders alıyorsunuz. Bilirmisin, Hayalecim, bizim Türkiyedeki depremzedelere Şemil Bey ve çalışanları yaklaşık 400 bin Tl civarında büyük bir destekde bulunmuşlar. Ve bunu “Kardeşe vefa borcumuz” diye öyle içtenlikle yapmışlar ki… Can Azerbaycanımın candan aziz insanları, Siz kalp değil de sanki içinizde pırlanta taşıyorsunuz…” – deyəndə göz yaşlarımı saxlaya bilmədim…

Telefonun o biri başında Fulyanın minnətdarlıq dolu ifadələrini sözlə ifadə edilməyəcək hıçqırıqları müşayiət edirdi.

Söhbət əsnasında Şəmil müəllimin necə Turan sevdalı, milli məfkurəli insan olduğundan danışdıqca Fulya “ən yaxın zamanda  İstanbulda proqramlarımızın birində qonağımız olmasını, Turan düşüncəsini bizimlə paylaşmasını təmənni edərik” – söylədi…

Fulya ilə həmin söhbətimizdən sonra həmişə Ustadım bildiyim, bir müəllim kimi yetişməyimdə kitabları ilə Yolumuza işıq olan Şəmil Sadiq haqqında yazmağa içimdə bir mənəvi ehtiyac hiss etdim…

Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş “Rəmiş” adlı maraqlı bir hekayəsi var: “Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş “Segah” çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var” – deyir.

Nədənsə, Şəmil müəllim haqqında yazmaq istəyəndə bu sözlər gəldi ağlıma. Şəmil müəllimin özünə, sözünə, işıqlı əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, “kişiliyim çatmasa da”, peşə vicdanı, mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı, insanlığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və sağlam təfəkkürlü bir toplum formalaşdırmaq üçün yorulmadan çalışan, istənilən məqamda, situasiyada təəssübkeşliklə, böyük ürəklə, fədakarlıqla əlindən gələni əsirgəməyən bu Nur simalı, İşıq İnsanın ünvanına kiçicik bir təşəkkür kimi bu yazımı yazmağın vacib olduğunu düşünürəm…

Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Şəmil Müəllim şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan bütöv bir insandır.

İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü nəsillərin həyatında bənzərsiz bir təcrübə olur. Şəmil müəllim məhz o insanlardandır…

Bu gün bizlər vicdanlı, məsuliyyətli, özünü və milli mənliyini dərk etmək iqtidarında bir gənclik kimi yetişməyimizdə kitabından dərs aldığımız, qələmindən ruhumuzu aydınlatdığımız, sözündən, hətta sərgilədiyi duruşundan  belə əzəmət və əsalət öyrəndiyimiz Şəmil müəllimə borcluyuq!

Böyük Hüseyn Cavidin amalını, İsa Muğannanın işığını günümüzə daşıyan aydın zəkalı, milli düşüncəli, cəsarətli, aydın mövqeli ziyalı ordusunun ən ön sırada dayananı, fədakar bir qələm sahibidir Şəmil Sadiq…

Şəmil Sadiq ilk gənclik illərimizdən sağlam düşüncəmizi bina edən, bizi “Ümidlərin izi ilə” arzularımızın arxasıyca aparmağı bacaran insandı…

Şəmil Sadiq bizləri peşə vicdanına sadiq bir öyrətmən olaraq yetişdirən, mənəvi dünyamızın, ruhumuzun memarı olan, ürəklə “Mən bir müəlliməm”  deməyimizi sağlayan Hocalar Hocasıdır, mənəvi hamimiz və Ustadımızdır!

Şəmil Sadiq “Od ər”lərinin milli varlığını, milli şüurunu sətir-sətir tarixləşdirən, ocağında Odər böyüdən, düşüncələriylə hər bir türkün düşüncəsində Odər toxumu göyərdən Turan məfkurəli ideoloqdur.

Şəmil Sadiq böyük Cavidin narahat ruhunu dərin elmi araşdırmaları ilə şad etməyi başaran dəyərli bilim adamıdır.

Dəyərlərin aşındığı, oxucu ilə kitab arasında ilişkilərin çat verdiyi bir toplumun tən ortasında İsa Muğanna işığını sönməyə qoymayan, gördüyü misilsiz işlərlə və gerçək bir övlad məhəbbəti  – doğma oğul sevgisi ilə böyük yazıçımızı ömrünün ixtiyar çağlarında bəxtiyar edən, İsa Muğannaya həyata inamla baxma, yaşam və yaradıcılıq stimulu olan İdeal Şəxsiyyətdir Şəmil Sadiq…

***

Hüseyn Cavid “Naxçıvana nə lazımdır?” məqaləsində yazırdı ki:  “Bir millətin tərəqqi və tədənnisini bilmək üçün millətin məktəblərini görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcana salan Yaponiyanın bütün tərəqqiyati – ciddiyyətləri həp məktəblər sayəsindədir. Məktəbi bir millətin hər halını tədqiq edib öyrənmək üçün “ən doğru meyar, ən kəsdirmə yol” kimi qiymətləndirən Cavid rus – yapon müharibəsində yaponların ruslar üzərində qələbəsinin səbəbini yapon müəllimlərinin yapon vətənpərvərpərləri yetişdirmə bacarığında görürdü. Bu müəllimlərin tərbiyə işini yüksək səviyyədə, gözəl nəticələr əldə edə bilmək istiqamətində aparmaq məharəti, öz işlərinə böyük məhəbbət və millət naminə məsuliyyətlə yanaşma bacarığı ilə əlaqələndirirdi. Cavid filosof – şair, dramaturq olmaqla yanaşı, həm də böyük müəllim idi, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdu və məktəbə, müəllimə millətin əhval – ruhiyyəsinin inikası kimi baxırdı.

“Həsb – hal” məqaləsində yazırdı ki, “bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, gələcəyimiz də elə olacaqdır”. Bu günün məktəbi və ədəbiyyatı mütləq gələcək həyatın, nəsillərin necə yetişməsinə  öz təsirini göstərəcəkdir.

Bu gün biz Həqiqətə Tanrıya sığındığımız kimi sığına biliriksə, “iç mən”imizə sadiq qala biliriksə,  Qələmimizi Vicdanımız kimi qoruya biliriksə, bu məhz Şəmil Müəllimin bizə öyrətdikləri sayəsindədir.

Bu cəmiyyətin ən işıqlı gənc qələmləri də, gənc yazı əhli də Sizlərin zəka işığınızdan pay alıb yetişən nəsildir, əziz Şəmil müəllim!

Siz Bizim Ruhumuzun Memarı – Mənəvi Atamızsınız! İnsan yetişdirməkdən, şəxsiyyət formalaşdırmaqdan daha çətin və şərəfli peşə yoxdur. Ki, Siz bu şərəfli peşənin öhdəsindən ən şərəflə gələnlərdənsiniz…

Dərs dediyi, həyata hazırladığı minlərlə gəncin içində ədalət tərəzisini bərqərar edən, daxili dünyamızda Haqq səsinə çevrilən Ustadımız Şəmil Sadiqin yaşadıqlarını kitab kimi vərəqlədikcə onun şərəfli ömür yolunun biz gənclər üçün və bütövlükdə cəmiyyətimiz üçün dəyərli nümunə olduğunun şahidi oluruq – vicdan, ləyaqət, dürüstlük, saflıq, sadəlik, səmimilik, təvazökarlıq, ziyalılıq, müdriklik və ən əsası İNSANLIQ nümunəsi…

Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur…

Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Şəmil müəllim məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqının –insanlığın Haqq səsi olan, şərəfli ömrünü fədakarlıqla türk və Turan düşüncəsinə həsr edən vətəndaş ziyalı…

***

Seyran Səxavətin “Nekroloq” romanında çox təsirli bir epizod var. Əsərdə təsvir olunur ki, kənddə bir başıpapaqlı qalmışdı, o da çolaq idman müəllimi idi. Çolaq idman müəllimi hər gün məktəbliləri kəndin yollarında yeridir ki, kəndin yolları ot-alaf altında itib-batmasın. Axı yollar insan ayaqları altında tapdananda yol olur. Adam adama qarğış edəndə deyir ki: Qapında ot bitsin… Bu elə qapın bağlı qalsın, – deməkdir. Qapıda o vaxt otbitir ki, gəliş-gediş olmur. “Nekroloq”da təsvir olunan kənd o vəziyyətdə idi. İdman müəllimini için-için yandıran dərd də bu idi, kəndin – məmləkətin qapısı bağlı qalmışdı…

“Kənddən yolaşana qədər iki-üç kilometr olardı. Bədən tərbiyəsi müəlliminin məktəbdə hörməti vardı, onun bir sözünü iki eləməzdilər, əslində, heç söz deyən də deyildi ki, iki eləsinlər,ya eləməsinlər. O hər gün köhnəlib torpağa qarışmaqda olan yolun kəndə girəcəyində dayanıb şagirdləri gözləyirdi. Yuxarı siniflərin arıq-uruq, sınıq-salxaq uşaqları onun başına yığışardı. Gündə bir dəfə yolaşana qədər gedib qayıdırdılar, bəzən də iki gündən bir – özü də xeyli uşaq idi – əlli-altmış nəfər olardı. Bu minvalla yarımcan yol yavaş-yavaş cana gəlib yola oxşamağa başlayırdı. Bu minvalla bədən tərbiyəsi müəllimi yolu ölməyə qoymurdu – adını da qoymuşdu ki, idman sağlamlığın rəhnidir”…

Bəli, bu gün qaranlığa üsyan etməkdənsə, o qaranlığı nura boyamaq üçün gücü çatan bircə şamı belə yandıran müəllimlərimiz var. Seyran Səxavətin vurğuladığı kimi peşə vicdanını hər şeydən uca tutan o ləyaqətli müəllimlər heç vaxt “çolaqayaq”larını, “şikəstlik”lərini, fiziki ya mənəvi əzablarını düşünmədən millətin sabahı üçün özlərini fəda ediblər və etməkdədirlər. Və bu məmləkətin dəyərləri kimi, mənəvi sütunu hələ dağılmayıbsa, əlbət ki, bütün ruhuyla, varlığıyla yetirmələrini şikəst qoymamaq üçün o “tək ayağını” cəmiyyət üçün sütun edən müəllimlərin– ziyalıların sayəsindədir.

Bu cəmiyyətin mənəvi sütunu hələ də dağılmayıbsa, bu, Sizin sayənizdədir, əziz Şəmil Müəllim!

Öyrətmən sadəcə elm öyrədən deyil, yetirmələrinin xarakterindəki naqislikləri tərbiyə edə-edə, rəndə kimi cəmiyyətin kələ – kötürlüklərini hamarlayandır. Öyrətmən Aydındır – Günəş kimi yetirmələrinin yolunu və düşüncəsini aydınladandır…

İllər öncə Yəmən məktəblərinin birində çəkilmiş bir foto uzun müddət yaddaşımdan iz qoymuşdu: Şəkildə təsvir olunur ki, məlum bombardman nəticəsində sinif otağının arxa divarında yumru bir dəlik yaranıb. Gənc bir müəllimə sarı – qızılı rəngli qələmlə o bomba dəliyinin ətrafını Günəş şüaları kimi xətləyib. Şagirdlər hər geriyə dönüb baxdığında bombalanmış divarı yox, o bombalanmış yerdən içəri düşən Günəşi görürlər. Bəli, Müəllim dediyin bomba dəliyini Günəş yapan Bilgə İnsandır…

Siz həyatımızdakı bütün bomba dəliklərini Günəş yapan  qəlbimizdəki o Bilgə İnsansınız, Şəmil Müəllim!

Vicdanlı vətəndaş və vətəndaş ziyalı olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi ki bunu da hamı bacarmır… Milyonların sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə ən böyük ucalıqdasınız, Şəmil Müəllim!

Sizin üstləndiyiniz müəllimlik missiyası, hocalıq görəvi bir də ona görə ülviləşir və qutsallaşır ki, Siz təkcə öz ailənizdə böyütdüyünüz övladlarınıza deyil, bizim hamımıza sözün həqiqi mənasında şəfqətlə həm Müəllim, həm mənəvi Valideyn olmağı bacarmısınız.

Bu qala bizim qala,

Həmişə bizim qala.

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala…

– sanki Sizin şəninizə söylənib bu nəğmə, dəyərli Şəmil Müəllim! Yetişdirdiyiniz balalar Sizin əsərlərinizdir – tikdiyiniz qalalardır…

Müəllim olmağı bacarmaq ən böyük şəxsiyyət, ən böyük yazıçı, ən böyük sənətkar ola bilməkdi…

Müəllim olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi…

Müəllim olmağı bacarmaq Tanrının ən müqəddəs yükünü çiyinlərinə almaqdı…

Siz Özü ən ləyaqətli örnək olmaqla, Müəllim kimi bizlərə ayna tutan, yavrularımıza olan münasibətimizi və  düşüncəmizi formalaşdıran,  mənəvi dünyamızı inşa edən, möcüzəli toxunuşuyla bizi biz edən, ruhumuzu yenidən yapan Memarsınız, Şəmil Müəllim!…

Böyük maarifçi Həsən bəy Zərdabi yazırdı ki, “Maarifdən və ziyalıdan uzaq bir xalq işıqdan məhrumdur”

Nə mutlu bizə ki, Şəmil müəllim kimi ziyalılarımızın daxili dünyasının işığı hesabına qaranlığımız aydınlanır. Nə mutlu bizə ki, kitablarından, tövsiyələrindən, söhbətlərindən, müsahibələrindən faydalandığımız, sözündən, hətta sərgilədiyi duruşundan belə əzəmət öyrəndiyimiz Şəmil müəllim var Yolumuzun başında. Nə yaxşı ki Var!…

Yazımın bu yerində tələbəlik illərimizə aid bir məqamı xatırlamaq istəyirəm. Biz həyat yoldaşımla bir partada oturardıq. Şirin bir xatirə kimi həmişə müəllimlərimiz bizə baxanda bizdən öncəki illərdə tələbələri olmuş və indi ömür yolunu bərabər addımlayan Şəmil Müəllimlə Zülfiyyə Xanımın ailə həyatını hamımıza örnək göstərirdilər. Hər dəfə Zülfiyyə Xanımla Şəmil Müəllimin adı çəkiləndə mən Məmməd İsmayılın “Bir adam yol gedir bizdən qabaqda…” misralarını xatırlayırdım… Və Şəmil müəllimin elmi, ədəbi, pedaqoji uğurlarının ideya həmmüəllifi olaraq düşünürdüm Zülfiyyə  Xanımı… Bu gün ən təqdirəlayiq olan odur ki, bu iki gözəl insan əl-ələ verərək qurduğu gözəl bir ailə modeli ilə bərabər həm də çağdaş Azərbaycan təhsilində ən öncül model olan böyük “Hədəf” ailəsini yaratdılar. Var olsunlar!

Bütün qəlbimlə “Elm və həyat Yolu”muza işıq olan sevgili Zülfiyyə xanımın, dəyərli Şəmil müəllimin əməyini ayaqüstə alqışlayır, onların fədakar əməyi qarşısında sayğıyla baş əyirəm!

Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanları tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, ailə dəyərlərini beş paraya dəyişənlərin nəfəs aldığı bir toplumun içində Sizin kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, uca ruhunun, adının, ailəsinin paklığını – Tanrı əmanəti kimi qoruyan  İnsanların varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu torpaq Zülfiyyə Xanım və Şəmil Sadiq ləyaqətdə qutsal və uca İnsanlar yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır…