Müasir təhsilimizdə müstəsna xidmətləri olan, ədəbiyyatımızdakı fəlsəfi dərinlik ənənələrini nəinki hər bir əsərində, hətta qələmə aldığı mətnlərin hər bir abzasında qoruyan, əsilzadə düşüncəsi, vətəndaş ziyalı mövqeyi, özünəməxsus yazı manerası ilə seçilən dəyərli Ustadımız Şamil Sadiq böyük zəhmət və fədakarlıqla Naxçıvan mədəniyyəti tarixində layiqli bir ənənənin başlanğıcına – möhtəşəm bir ilkə imza atdı…
Adətən, övladlarından yarıyan ata-anaya bəxtəvər valideyn deyirlər. Doğulduğu torpağın da elə valideyn qədər adamın üzərində haqqı olur. Bu mənada, Naxçıvan olduqca bəxtəvər torpaqdır. Qoynunda böyütdüyü övladlar o torpağın qoynuna əli kitablı qayıdanda Vətənin hər qarışı təzə pöhrələmiş çiçək fidanları kimi daha da pardaxlanır, sanki ağuşunu geniş açıb qucaqlayır balalarını… Eynən bu gün Şəmil müəllimi qucaqladığı kimi…
Ötən ay II Çoçuq Kitab festivalındaykən dostlardan duydum ki, belə bir festival mayısda Naxçıvanda düzənlənəcək. Əlbət ki, bu gözəl təşəbbüsün müəllifi Şəmil müəllim idi…
Qısa bir zaman kəsiyində düşündüyümüzdən də möhtəşəm bir Kitab sərgisi gerçəkləşdi Naxçıvanda…
Kitab kimi Adamlar Əlahəzrət Kitabın qanadlarında paytaxt Bakıdan “Cahanın nəqşi” – Naxçıvana yola düşdülər… Kitab işığında aydınlanan bu qutsal yolçuluğu, bu səfəri, bu sərgini kənardan izlədikcə qəribə bir məqamı gözləmlədim… Sadəcə Naxçıvan deyil də, sanki Şəmil Sadiq özü paytaxtdan gedən qonaqlara ev sahibliyi edirdi… Adamın nə böyüklükdə ürəyi olmalıdır ki, yetmişdən çox qonağı təkcə elinə yox, evinə – ürəyinə sığdırmağa, xətrini əziz etməyə çalışa…
Ümid edirəm ki, Naxçıvan Kitab sərgisi xatirələrə köçəndə əziz Qulu Müəllim başda olmaqla bütün ədəbi cameəmiz Şəmil Sadiqin qonaqcanlılığından, dostcanlılığından hələ uzun zaman danışacaqlar… Şəmil müəllim qələmdaşları qarşısında qardaşlıq, Ata yurd – Ana torpaq qarşısında vəfa borcunu bu gün çox layiqiylə ödədi… Hər daim Üzü ağ olsun!
Şəmil müəllim çağdaş Azərbaycan təhsil xəritəsində öz yolu, meyarları ilə öncül olan bilim uzmanı olmaqla yanısıra mükəmməl ənənələrə söykənən məktəb yaratdığı təkin, ədib, sənətkar, şəxsiyyət kimi özü bütövlükdə bir məktəbdir!
***
Krımda keçirilən bir beynəlxalq elmi konfransa dəvət olunmuşdum. Bağçasarayı ziyarət edərkən Bağçasaray yaxınlığında bir mədrəsə gördüm, adına “Zəncirlənmiş məbəd” deyirdilər, məbədə girəndə mütləq başını əyməlisən, yoxsa qapının yuxarısından asılmış zəncir adamın alnının ortasından zərblə dəyə bilər. Bələdçisi deyirdi ki, bura əvvəllər mədrəsə olub, gənclər təlim almaq üçün bu müqəddəs məkana gəlirlərmiş. Elm ocağına isə girəndə ona hörmət – ehtiram əlaməti olaraq mütləq başını əymək, təzim eləmək lazımdır. Məbədin girəcəyində asılmış zəncirlər məhz simvolik olaraq buna işarədir.
Şəmil müəllim mizanı pozulmuş Azərbaycan təhsil mühitində başımızı əyib sidq ürəklə təzim edəcəyimiz bir məktəb ənənəsi yaratdı… Eynən Cavid Əfəndi kimi, eynən Firidun bəy Köçərli kimi…
Kitablarıyla düşüncəmizdə, Varlığıyla Yolumuzda İşıq yandırdı…
Bu torpağın nə gözəl milli sərvətləri var!… Varımız olan bu adamların yorulmaz əməyini dəyərləndirmək üçün ömür nərdivanının 70-ci məqamına yetişməsini gözləməməliyik bəlkə də… Necə ki, kimlərsə onların düşüncəsini, əməyini, ürəyinin mübhəm bir diləyini çalmaq, çarpmaq üçün fürsəti fövtə vermirlər…
Qorumalıyıq o Adamları!… Sevməliyiq o Adamları!…
Çünki bu milləti işıqlı sabaha onlar aparacaq, eynən Cavid Əfəndi kimi, eynən Məhəmməd Tağı Sidqi kimi…
Şəmil Sadiq kimi…