Aylıq arxivlər

Avqust 2023

Xəbərlər

“Təhsilimizi kişiləşdirməliyik, yoxsa erkəkləşdirməli?”

samil sadiq

 

Nədənsə həmişə müəllim dedikdə, cins olaraq hamının ağlına kişi cinsi gəlir. Dilimizdəki “kişi” sözü isə artıq öz mənasını dəyişib, başqa dona girib. Bu söz daha çox mərd, ağzıbütöv, ləyaqətli, namuslu insana ünvanlanan bir etalondur. Bu cür insan isə erkək də olur, qadında da. Deməli, izahlı lüğətimizdə bu sözün ilk mənası olaraq yuxarıda qeyd etdiyimiz və bir çoxunu da unutduğumuz müsbət yüklü sözlərin daşıyıcısına verilən ad olmalıdır. Türkiyə türkcəsində “kişi” sözü nəfər mənasında işlədilir. Deməli, bizim dildə də bu söz cins anlayışından uzaqlaşıb və yeni məna kəsb elədiyini qəbul etməliyik.

Hə, gələk mövzuya. Mən də “təhsilimizi kişiləşdirməliyik” dedikdə hamımız kimi “erkəkləşdirməyi” nəzərdə tutmuşdum. Amma məqalənin adını yazan kimi və “kişi” sözünün mənasına varan kimi fikrimi dəyişdirdim. Çünki mən düşünürdüm ki, orta məktəbdə dərs deyən müəllimlərin çoxluğunu kişi cinsindən etsək, ürəyimdə tutduğum bütün problemlər həll olunmuş olar. Fəqət “arvad kimi kişidənsə, kişi kimi arvad yaxşıdır” deyimi də fikrimin dəyişməsinə səbəb oldu. Qaldım çaşbaş. Əlimi klaviaturadan götürüb düşündüm, qərara gəl, kişiləşdirməliyik, yoxsa erkəkləkləşdirməli? Çox düşünsəm də, qərara gələ bilmədim. Lənət şeytana, nə olardı ki, bütün erkək insanlar kişi olardı, mən də bu məqalədə mətləbdən uzaqlaşmaya idim. Amma oxucunun intellektinə və məntiqinə güvənərək “onlar başa düşərlər, mən nə deyirəm”, – deyib keçirəm mətləbə.

Orta məktəb təhsilimizdən narazı olmayan insanımız yoxdur demək olar ki… Sıravi vətəndaşlar düzgün təhsil verilmədiyindən, müəllimlərin məsuliyyətsizliyindən, müəllimlər kurikulumdan, maaşın azlığından, Təhsil Nazirliyi müəllimlərin işinə vicdanla yanaşmamasından, özlərini təkmilləşdirməməsindən narazıdır. Sözün düzü, hamısı haqlıdır. Amma mən elə bilirəm ki, bunların yeganə baiskarı boş-bikar xanımların məktəblərdə kişilərin yerini tutmasıdır.

Bu gün istənilən orta məktəbin müəllimlərinin statistikasını çıxartsaq, ən yaxşı halda 90-nın 10-a olar. Yəni 10%-i kişi olar. O da başqa bir yerdə iş tapa bilməyən, iş qabiliyyətini itirən ahıl kişilər. Yerdə qalanlar isə qadınlardır. Şair təbiətli insan olduğuma görə qadınlara qarşı bir antipatiyam yoxdur. Çünki şeirlərimin baş qəhrəmanları xanımlar, ilham pərimin də cinsi zərifdir.

Birinci olaraq bunun necə baş verdiyini araşdırmaq istərdim. Necə oldu ki, məktəbdə işləyən insanların çoxu qadınlar oldu? Hamımıza məlum olan səbəblərdən biri orta məktəbdə maaşın az olmasıdır. Elə buna görə də ailə dolandırmaq kimi ağır bir yükü çiyninə götürən kişilər bu az maaşlı, az “xalturalı” işdə işləməkdən yayındılar. İkincisi isə mentalitetimizin günahlarıdır. Hamımız məktəbə ən axırıncı iş kimi baxdıq və müəllimlik sənətinə daha çox qızlarımızı göndərdik. – Qadındır da nə edəcək, qoy gedib müəllimdən-zaddan işləyib başın girələsin, – dedik. Beləcə, bu sənət “arvad peşəsi” kimi formalaşdı. Sonra da qadın müəllimlərin ərləri ən təmiz, namuslu bir yer kimi məktəbi seçdi. Savadlı, savadsız xanımlarını məktəbə düzəltdilər. Sənin mənə pulun lazım deyil, get başını qat, gününü keçir, – dedilər. Hə, bir də ona görə ki, hamı əxlaq baxımından ən saf yer məktəbi bilir axı. Ona görə xanımlarını məktəbə göndərməklə gözləri arxalarınca qalmadı. Bizim üçün əxlaqsızlıq daha çox bir evli kişinin bir qadından və ya bir evli qadının bir kişidən xoşu gəlməsi hesab edildiyindən, qeybət, ara vurmaq, kiminsə ayağının altını qazmaq, evini yıxmaq o qədər də əxlaqsızlıq hesab edilmir.

Və beləcə həm məktəblərimiz, həm tədrisimiz, həm əxlaqımız, həm də oğlanlarımız arvadlaşmağa başladı. Əslində bu da avropa standartlarına yaxınlaşma demək idi. Axı müasir dünyada din, millət ayrımı olmadığı kimi, cinsi ayrım da yoxdur.

Sadəcə bu peşəni sevənlər və bu peşəyə hörmət bəsələyənlər, ən azından bu peşəyə çörək ağacı kimi baxanlar müəllimliyə qayıtsa, bəlkə, onda təhsilimizdə də kişiləşmə gedə. Sözümün üstündə dururam, kişiləşmə ha, erkəkləşmə yox.

Xanımlar məndən inciməsin, amma qəlbimin dərinliyində təhslin erkəkləşməsini də istəyirəm. Çünki ha axtarıram Aristoteldən, Nizamidən, Mirzə Şəfidən, Mirzə Cəlildən, Hüseyn Caviddən, Abdulla Şaiqdən bu yana adlı-sanlı qadın müəllim yadıma düşmür. İstisnalar qaydaları pozmur…

P.S. Müəllimin cinsi olmaz. Ona görə də dilimizdə “müəllimə” ifadəsi yoxdur. Amma təəssüf ki, yazıq uşaqların dili elə vərdiş edib ki, qabaqlarına kim çıxır “müəllimə” deyirlər. Belə getsə, dilimizdə cins kateqoriyası yaranacaq.

Müsahibələr Xəbərlər

Həyatımı dəyişən kitab

Şəmil Sadiq

 

Adətən, insanların həyatını oxuduqları kitab dəyişdirir, mənimsə bəxtimə yazdığım kitab düşdü.

Nizami adına Ədəbiyyat İnstitutunda aspirant idim. Həm 20 nömrəli məktəbdə, həm kurslarda dərs deyir, repetitorluqla məşğul olurdum. Yeni dərsliklər nəşr edildiyindən o vaxt şagirdlərin istifadə etdiyi akademik Möhsün Nağısoylunun Ədəbiyyat vəsaiti artıq fünksiyasını itirmişdi. Dərslikləri özündə əks etdirən yeni bir ədəbiyyat vəsaitinə ehtiyac var idi. Şagirdlərimə vərəq-vərəq yazıb verdiyim hissələr maraqla qarşılanırdı. Elə ideya da ordan gəlmişdi. Yay ayları ən münbit vaxt idi. Oturdum və yazdım.

Kitab bitəndə çap üçün maliyyə vəsaitim yox idi. Dostlardan birinə “Gəl, şərik kitab çxıaraq” dedim, razı olmadı, amma 500 manat borc verə biləcəyini dedi. Atamdan da ala bilməyəcəkdim pulu, çünki buna qədər iki şeirlər kitabım çıxdığından kitabdan xeyir gəlməyəcəyini bilirdilər. Hətta bəzi dostlara həvəslə hədiyyə etdiyim şeirlər kitabımı yataqxanada “pletka”nın ayağı altına qoyub tarazlıq üçün istifadə etdiklərini bildiyimdən mən də tərəddüdlü idim. Amma risk etmək lazım idi. Yoldaşıma aradabir ev almaq üçün verdiyim pulları gətirməsini dedim. 500 manat da o. 1000 manat düzəlmişdi artıq. Elmi və Pedaqoji məsləhəti dostum, tanınmış pedaqoq Ağababa İbrahimovdan almışdım, sonrakı çap işlərində də ondan xeyli dəstək gəldi.

Kitabı dizayn edəndə üzərində vindovsun şəkillərindən biri olan hədəf işarəsini qoyub, oxların lələyin Azərbaycan bayrağı kimi edərək kitaba loqo düzəltdim. Ardınca üzərinə bir şüar yazdım: Tələbənin Qabaqcıllığı Dövlətin  Keyfiyyətidir. Əslində bu, TQDK abreviaturasına verdiyim yozum idi. Kiçik qalmaqallar yaşasam da, qurumun təklifi ilə sonralar bu sözü kitabdan çıxardım.

Kitab çap ediləndə dostum Elxan Nəcəfova bir iş təklifi etdim. Çünki onda o da  işsiz idi. Elxan bəy sevə-sevə kitabın satış işlərinə başladı. Sentyabrda satışa verdiyimiz kitab qısa müddətdə bazarı silkələdi. Min tirajla çıxan kitab yanvara qədər 10000 tiraj satıldı. İl sonuna qədər 20000 tiraja qədər qalxdı, hərçənd, bundan iki dəfə çox plagiat formada satıldı. Çünki yetərincə çox çap etmək üçün maliyyəmiz yox idi. Bir gün Fərman (sonradan dostlaşdıq) adlı bir şəxs mənə zəng edib kitabı sata bilmədiyimiz haqqında şikayətləndi: “Müştərilər öldürür bizi, ya kitab gətirin, ya da “kopya” satacağam” – deyə etiraz etdi.

Kitabın icazəsiz çap edilməsinin qarşısını ala bilmədiyimizdən çox gərgin idik.  Bir gün əziz dostum, unudulmaz məsləhətləri ilə yol göstərən Ağababa İbrahimov müəllim dedi ki, niyə narahatsan, onlar səni reklam edir, bütün Azərbaycana yayılır, işin olmasın. Gələn il daha yaxşı satılacaq, sən ona hazırlaş. Dediyi kimi də oldu. 2007-2008 ci ildə nəşriyyat 30 mindən çox kitab satdı.

Artıq Şəmil Sadiq imzası və kitab bütün ölkədə tanınırdı. Oxucular satıcıdan kitab istəyəndə “Şəmil Sadiq ver bir dənə” deyirdi.

Bir gün oxuculardan şikayət gəldi ki, kitab çox bahadır. Ona görə də mağazaları gəzmək qərarına gəldim. Onsuz da kitabı mağazanın qabağına qədər avtobusla və ya metro ilə özüm gətirirdim, sonra Elxan müəllimə verirdim. Əlbəttə ki, satıcılar məni tanımırdı. Qiymətini soruşanda çox baha olduğunu deyib, etiraz etdim satıcıya. Dedim ki, müəllifə şikayət edəcəm. Satıcı gülərək dedi ki, rəhmətliyin oğlu, bu kitabın müəllifi indi hansısa kabinetdə qıçın aşırıb qıçının üstünə çay içir, sən hara, o hara?!

İndi artıq həmin Ədəbiyyat vəsaitimin 12-ci nəşri çap edilir, yenə sentyabr, yenə təhsil ilinin başlanğıcı… Yenə o kitabdan gələcək gəliri həvəslə gözləyən bir müəllim. Amma indi qocalıb, əvvəlki illər kimi satılmır. Artıq zaman o zaman deyil, lakin həmin yaşıl üzlü Şəmil Sadiq kitabı ayaqdadır, şagirdlərin, magistrlərin, müəllimlərin sevimlisi olan bu kitab həyatıma elə gəldi ki, məni vərəqləri üzərinə alıb Azərbaycanı gəzdirdi, sevdirdi. Təvazökarlıqdan uzaq olsa da deyim ki, indi hansısa kitabın 12 ildir kitab bazarında öz mövqeyini belə sağlam yaşada bilməsinə inanmıram.

Və bü gün İngilis və ərəb dillərinə tərcümə edilərək ədəbiyyatımızın tanıtımı rolunu oynayır.

Oxucularıma, tələbələrimə, şagirdlərimə və müəllim yoldaşlarıma minnətdarlıq hissimi bildirir və bu il bu kitabdan gələn gəliri məhz Ədəbiyyatımızın tanıtımına ayırmağı qərarlaşdırdım. Çünki bu gün qazandığım bütün uğurları məhz bu kitaba, ədəbiyyata borcluyam.

Ədəbiyyatdan qazandıqlarımdan ədəbiyyatın inkişafına ayırmaqla ümid edirəm ki, yüz minlərlə oxucusu olmuş bu kitaba olan minnətdarlıq borcumu kiçik də olsa qaytarıb rahatlıq hissi keçirər, əməlimlə bir daha motivasiya olaram.

Ustad Dərgisi

Teatrımızın dirilişi

mənəm mən dramı

( “Ustad”dərgisi 34-cü say)

Bu yaxınlarda  Azərbaycan Dövlət YUĞ Teatrında əziz dostum, dəyərli yazar İlqar Fəhminin mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “Mənəm mən…” mistik-psixoloji dramına baxdıq…

Əsər də, quruluş da, aktyorlar da möhtəşəm idi…

Mənim üçün Hötenin “Faust”una, Bayronun “Qabil”inə bərabər bir əsərdir… Çünki əsərdə Nəsiminin ruhundakı “İnsan”la göylərin savaşını gördük…

Mənim üçün Nəsimi, Hüseyn Cavid, Muğanna xəttinə İlqar Fəhmi də yazıldı…  Çünki Nəsiminin İnsan konsepsiyası, İnsan ruhundakı sirlər, İnsanın təbiətindəki enerji partlamasını seyr etdik… Nəsiminin timsalında yazarın özünün də göyləşmək dərdini, üsyanını duyduq…

Mənə görə Cavidin “İblis”inə bərabər bir əsərdir… Tamaşada Nəsiminin bir aşiq, bir cahan xilasedicisi olduğunu görüb, şəriət qaydaları ilə mübarizəsinin, haqqa doğru gedən yolda daxili təlatümlər yaşamasının şahidi olduq…

Mənim üçün Muğannanın “Cəhənnəm”inə bərabər əsərdir… Cəhənnəmdə eşqin olmamasıdır onu cəhənnəm edən, eşqsiz, sevgisiz hər yerin cəhənnəm olduğu qənaətinə gəlirik…

Mənim üçün Joze Saramaqonun “İsanın İncili”nə bərabər bir əsərdir…

İntellektual tamaşaçı üçün cənnət həzzidir… Bəli, əsər məhz intellektual tamaşaçı üçündür, çünki Nəsimini bilməyənlər, insan və Tanrı düşüncələri ilə çırpınmayanlar bu əsəri anlamaz və darıxarlar. Bu cür informasiya dolu  bir əsərə baxmaq üçün mifologiyadan günümüzün dini proseslərinə bələd olmaq tələb edilir.

Tamaşanı izləsəniz, Hüseyn Cavidin Arifi, Şeyx Sənanı ilə, Cəlil Məmmədquluzadənin Şeyx Nəsrullahını bir səhnədə görəcəksiniz… Adama elə gəlir ki, Şeyx Sənanın müəllimi Şeyx Kəbirlə, tamaşadakı Nəsiminin müəllimi Şeyx Əzəmi qarşılaşdırmağı qarşısına məqsəd qoyub yazıçı. Şeyx Kəbirin Müdrikliyi ilə Şeyx Əzəmin – Şeyx Nəsrullahın fərqini göstərmək istəyib bizə yazıcı…

Realizmlə romantikanın sevişməsini və nifrətini görəcəksiniz…

Hələ komediyanın acı yumorunu demirəm…

Tamaşaya baxanda “meyvələri üstündə qurumuş ağaclar sizi ağladacaq…”  Sədalarına çırpınacaqsınız, Cəhənnəmdə eşqin olmadığının fərqinə varacaqsınız, dişlərin və dodaqların dili necə zindanda saxladığını görəcəksiniz…

Nəsiminin içindəki insan qatları ilə tanış olacaqsınız…

Cəhalət pərdəsi necə olur, öyrənəcəksiniz…

Nəsiminin daxilindəki ziddiyyətin şahidi olacaqsınız…

Nöqtənin gücünə vaqif olacaqsınız…

Hərflərin sadəcə işarələr olmadığından xəbərdar olacaqsınız…

İnsan necə Allah olduğunu dərk edəcəksiniz…

Tanrının mələklərə insana baş əydirməsinin niyəsinin sualı ilə dönəcəksiniz…

Tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadənin özünəxas mistikası ilə sadə bir qara ipəklə əsərə necə dinamiklik gətirdiyini ifadə etmək çətindir. Düzdür, tamaşanın ortasında düşündüm ki, Qara yox, ağ parça olsa idi, daha fərqli olardı. Amma sonra fikrimdən daşındım, çünki qara cəhaləti ifadə edirdi, axı Nəsimini də Cəhalət məhv etdi…

Aktyorlar isə sözün əsl mənasında obrazlarını yaşayırdılar. Gərgin dinamizmlə davam edən tamaşa boyu, bir an da olsun, dayanmadılar.

Bu tamaşa bir daha göstərdi ki, Azərbaycan mədəniyyəti ölməyib və yaşamaqdadır. Son illər oynanılan əsərlərin əksəriyyəti klassik əsərlər olub, aktyorlar da bir vaxtlar oynamış aktyorları hardasa təkrarlayırlar. Amma bu əsərlə gördük ki, yazıçı da, rejissor da, aktyor da yeni nəslin nümayəndəsidir və şedevr yarada biliblər.

Teatrımız dirilir, canlanır…

YUĞ teatrının öz ruhu var, hərdən mənə teatrımızın ilk günlərini xatırladır bura. Çünki kasıb, kiçik və darısqal bir məkandır. Ona görə də bu teatrda əyləşəndə elə bilirəm ki, ilk tamaşamız oynanılacaq indilərdə, Cəfər Cabbarlı min bir əzabla tamaşa hazırlayıb, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə həyəcanla əsərinin necə oynanılacağını gözləyir, qorxa-qorxa gələn tamaşaçılar sakitcə dişlərini sıxıb nə baş verəcəyini  gözləyirlər…

Həm əsərin mistik, fəlsəfi ağırlığı, həm quruluşun dinamizmi, həm aktyorların həyəcanı, həm müəllifin arxanda oturub tamaşa ilə birgə tamaşaçının da mimikalarını izləməsi, həm də məkanın kasıblıqdan doğan doğmalığı ruhumuza qida oldu.

Ustad Dərgisi

Üç nöqtə

Daşkənddəyəm…

Gecə saat 1…

Darıxıram, sanki üç nöqtənin heç bir yerində deyiləm. Nə əvvəlində, nə axırında, nə də ortasında.

Bu gün qəşəng qar yağmışdı Daşkəndə. Sevgili kədəri xatırladırdı. Və ya sevgi ilə kədərin əl-lə yerimisəni.

Qar… Qar da qəribədir… Günəşli havada yağarsa, adamın əhvalı xoş olar, küləkli havada yağarsa, gərginlik, əsəb gətirər, tutqun havada yağanda isə, elə bil, kədər tökülür göydən. Daşkənddəki lap üçüncüdən idi. Kədər qəmli şəkildə rəqs edir, səni düşündürür, kimin əlindən tutduğunu, hara getdiyini bilmədyini kimi… Və sən nə düşünürsən, özün də bilmirsən. Hamıda olur bu hiss, sən sanki düşüncəlisən və nəyi düşündüyünü özün belə, bilmirsən.

Gecə bir filmə baxdım, axıra yaxın bilmişəm ki, baxmışdım. Filmin də sonu üç nöqtə ilə bitirdi…

Nədəndir, bilmirəm, mənim üslubumda həmişə üç nöqtə var. Artıq bir vərdişə çevrilib. Səbəbi oldu-olmadı, qoyuram. Bəzən təəssüfümü, bəzən sevgimi, bəzən müəmmamı, bəzən nifrətimi, bəzən boşluğu, bəzən kimsəsizliyi, bəzən çoxluğu, bəzən də heçliyi bildirir nöqtələrim. Hərdən öz özümə “Ata, Oğul, Ruh naminə” də deyirəm bu nöqtələri qoyanda… Nə də olmasa, qutsaldır bu üçlük. Hə, bir də, üç nöqtələri qoyanda ağlıma gəlir ki, niyə 1+1 iki edir, üç olmalı idi. Çünki üçlük ikilikdən doğur…
Adətən isə heç nə üçün, cümlənin, sözün, fikrin bəzəyi üçün qoyuram. Məni yaxşı tanıyanlar, oxuyunlar, bilənlər yaxşı bilir bunu. Amma tanımayanlar həmişə məna axtarır. Bəlkə də, mən bunu bilərəkdən belə edirəm… Qoy anormal və ya sirli görünüm deyə. Ola bilsin ki, yazıçılıq qabiliyyətim olduğu üçün məhz oyun məqsədilə yazıram. Bilmirəm ki…

Bir-iki nəfər dost-tanış da irad bildirib, “Dilçi adamsan, – deyib, – üç nöqtəni yerli-yersiz niyə qoyursan?” “Bu, mənim üslubumdur və özüm yaxşı bilirəm” – demişəm. Sən bilməzsən… Əslindəsə, bu zəhrimar üç nöqtə elə şeydir ki, qəşəng cavablar tapmaq olar: sevgilin soruşsa, deyərsən ki, sən, mən, biz və ya mən səni sevirəm… Oxucun soruşsa, yazılmayanlar… Dostun soruşsa, deyə bilmədiklərim… Düşmənin soruşsa, demək istəmədiklərim… Yoldan keçən soruşsa, həyat üç günlükdür… Özüm soruşsam, MƏN… – deyərək fəlsəfə qatmaq olar bu üç nöqtələrə.

Əslində, üç nöqtə özü fəlsəfədir. Di gəl, soruşanlar niyə soruşur, o maraqlıdır. Çünki onlar mənasını tapıb, göbəyin kəsib, sənəsə onu təsdiqləmək qalır. Təsdiqləməsən, narazı qalırlar. Bəs mən necə izah edim ki, bu üç nöqtə elə üç nöqtədir. Kimə nə cür sərf edir, o cür yoza bilər, özü bilər.

Başqa işarə də tapa bilmirəm, çünki bir nöqtədən zəhləm gedir, çox radikaldır(.) Nidanı çılpaq hesab edirəm, lümbələmlüt kimi(!) Sualın beli elə əvvəldən qırıqdır və cavablar həmişə düzgün olmur(?) Vergül asılılıq yaradır, asılılğı sevmirəm(,)

Üç nöqtədə isə demək istəyib, deyə bilmədiyin nələr var, ilahi, nələr… Üç nöqtə – bir az qarışıqlıq, dəyişkənlik, qərarsızlıq, pıçıltı, bağırtı, sərhədsizlik… Bax, daha çox xoşuma gələn tərəfi sərhədsizlikdir. Çünki insan qəribə məxluqdur, ondan hər zaman hər şeyi gözləmək olar, o sərhədsiz və çərçivəsizdir. Çərçivələrə üsyan edib insan həmişə… Bizim bu üç nöqtədə də sərhəd yoxdur, ənginlik var – Qaraqum səhrası kimi.
Üç nöqtə həm də çox humanist, mərhəmətli, genişqəlblidir. Hər şeyi uda və gizlədə bilər. Məsələn, nöqtələri necə udub, yenidən təqdim edirsə, heç ağlımıza gəlmir ki, üç nöqtə nöqtələrin toplusundan yaranıb axı. Ustalıq da elə bundadır ki, görürük, amma narahat olmuruq. Çünki üç nöqtə bunu gözümüzə soxmur, təvazökarlıqla edir…

Üç nöqtə bir yoldur, yol gedir, yol olacaq… Siz hələ bunun düzülüşünə baxın…, hardan gəldiyi də bəlli deyil, hara gedəcəyi də. Amma gedir, sanki dayanmaq bilmədən və qabağı açıqdır. Kəsəcək heç nə yoxdur qabağını… Heç nəyə fikir vermədən dünyanın gərdişində dığırlana-dığırlana gedir… İnsan oğlu da belədir: gəlişi də bəlli deyil, gedişi də bəlli olmayacaq, sanki…

Üç nöqtə zaman çarxıdır həm də: dünən də var, bu gün də, sabah da. Zamanın nöqtələrdəki vəhdətidir. Başlanğıcı, indisi, sabahı…

Üç nöqtə həm də başlanğıcdır: 1, 2, 3…

Gəlin, belə edək, mən elə bu yazının da sonuna üç nöqtə qoyum…

Hekayə Ustad Dərgisi

BİR MÜƏLLİMİN TARİXÇƏSİ

şəmil sadiq

Deyirəm, bəlkə, uşaqlara deyim, boş vaxtlarımda məni də özləri ilə aparsınlar? Onsuz da işsizəm. Bekarçılıq yaman darıxdırır məni. Əlindəki köhnə, saralmış, tozlu kitabları rəfə yığan Mətin özü də dəqiq qərar vermədiyi üçün yoldaşının fikrini dinləmək və ondan dəstək almaq istəyirdi.

Üç ildir ki, ailə həyatı quran Mətin müəllim maaşı ilə dolana bilmirdi. Dərs keçdiyi aylarda birtəhər keçinmək mümkün olsaydı da, müəllimin aclıq ayları olan üç yay ayı əsl quraqlıq idi. Əslində, onun üçün bütün aylar belə çətin keçirdi. Həftədə 40-45 saat dərs deyən Mətin iki nəfər uşaq hazırlaşdırırdı. Gənc olduğundan valideynlər hələ ona inana bilmədikləri üçün uşaqların sayı hələ ki, az idi. Yay aylarında isə hazırlığa gələn uşaqlarının olmaması onun işini bir az da çətinləşdirirdi. Həm də bu aylarda maaşlar da gec verilirdi axı. Buna görə də dolanışıq daha çətin olurdu.

Dərsdən çıxıb 157 nömrəli marşrutla birbaşa evə gəlirdi. O, dostları ilə görüşə də gedə bilmirdi. Yorğunluqdan avtobusa minəndən ta Xırdalana qədər mürgüləyirdi. Bir də sonuncu dayanacaqda sürücünün “çatmışıq” səsinə oyanardı. Çünki yeni köçdüyü darvazasız üçotaqlı evinin cəmi bir otağı hazır olduğundan, digər iki otağın hətta pəncərələri belə yox idi. Hazır olan otağın da suvağını ora köçəndən sonra özü vurmuşdu. Əslində fərsiz deyildi. Amma nə qədər çalışsa da, maddi durumunu qaydaya sala bilmirdi ki, bilmirdi. Evi də 3500 dollara almışdı. Bunun 500 dollarını xanımı qəpik-qəpik iki il ərzində yığmışdı. 3000 dollarını isə atası borc-xərc edib ona göndərmişdi ki, birdən aspiranturaya qəbulda pul-zad istəyərlər. Mətin də hazırlaşıb imtahanı vermiş, əlində olan pulu da düzəldib ev almış, oğluna ev almaq həsrəti ilə yaşayan atasını sevindirmişdi.

Yoldaşı da çox ağıllı qadın idi. Yarımçıq evə köçəndə heç bir söz deməmişdi. Şəhərdə, ən yaxşı şəraitdə böyümüş bu gəlin sevgisinin hərarəti ilə yaşayırdı. Balaca oğlunu adyallara büküb qışın soyuğundan qoruyan bu gəlin, hamamda nəinki isti suyun olmamasına, heç hamamın damının qoyulmamasına, içəri düzülmüş tək-tük daşların üstü ilə getməsinə də deyinməzdi. Çox ümidli və qürurlu qız idi. Heç vaxt şəraitsizlikdən gileylənməmiş, yoldaşını mənəvi cəhətdən incitməmişdir. Hətta evə köçəndə onlara köməyə gələn xalasının evin şəraitsizliyinə görə Mətinə qəribə baxmasına çox hirslənmişdi. “Mən onun daxili dünyasını sevmişəm, pulunu yox”, – deyərək, təşəkkür edib yola salmışdı. Qəlbin toxluğu insanı həmişə uca saxlayar. Qəlb tox olanda nə bədən üşüyər, nə də qarın ac qalar. Mətin ömür-gün yoldaşının bu gözütoxluğu qarşısında daha çox mənəvi əzab çəkirdi. Hərdən istəyirdi ki, yoldaşı deyinsin, gileylənsin, o da hirslənib daxili əzabının acığını ona töksün. Amma alınmırdı.

Şəraitsizlikdə xoş günlər yaşayan bu gənc ailə mənəvi qida ilə dolanırdılar. Bir-birinə dəstək olub xoş gələcəyə doğru getmək üçün hər gün üçün Tanrıya şükür edib sabaha böyük inamla yaşayırdılar. Hətta 8 Mart bayramında Mətin yoldaşına hədiyyə olaraq bir maşın daş, bir neçə kisə sement və qum almışdı. Sevincək yoldaşına sürpriz edərək ona gözlərini yumub palçıqlı, yağışlı mart ayında həyətə çıxmasını istəmişdi. “Sənə hədiyyə almışam!” – deyə sevinmişdi. Doğrudan da, yoldaşı üçün ən böyük hədiyyə idi. Utana-utana həyətə çıxan İsmətə bundan qiymətli hədiyyə ola bilməzdi. Sanki dünyaları ona vermişdilər, o qədər sevinmişdi ki! Əslində o, yoldaşından bütün xanımlar kimi gül dəstəsi, ətir gözləyərdi, amma bu hislər ona çoxdan yad idi. Qəlbinin hansısa bir dərinliyində, pünhan bir yerdə gizlətmişdi bu istəyi. Çünki ərinin zəhmətkeş olduğuna inanır, ailəcanlılığını təqdir edirdi.

Digər tərəfdən isə İsmət ərinin bu istəyini bir az yaxşı qarşılamadı: “İndi sən müəllim ola-ola gedib fəhlə işləyəcəksən?” – demişdi. Onu əsas narahat edən ərinin İsmətin qardaşlarının yanında işləməsi idi. Bəlkə də, başqa yer olsaydı, heç tərəddüd etməzdi. Axı kişinin alnıaçıq pul qazanması heç vaxt ayıb sayılmayıb. Təki şərəf və ləyaqəti itməsin.

Əşşi burda nə var ki? Bir də ki kim görəcək axı, bir evin içində təmir işlərində işləməyin nəyi pisdir? Həm də bekar qalmaq, arvadın yemək işlərinə qarışmaq kişi işi deyil, – deyərək, özünə təsəlli verdi.

Qayınları da bu fikri yaxşı qarşılamamışdılar. Usta işləyən qaynı “Mətin gəlməsin, biz onun pulunu hər ay ayırarıq” – deyərək, bacılarına toxtaqlıq vermişdilər. Kürəkənlərinin onlardan yaşca böyük olması da onları sıxırdı. “Biz Mətinı necə işlədək yanımızda, ayıbdı”,– deyib bunu bacıları vasitəsilə ona çatdırmışdılar. Sadəlövh qadın bu fikri həvəslə ərinə danışanda özü də bilmədən onun heysiyyətinə toxunmuşdu. Axı Mətin müftə yeyib yaşamağı vicdanına sığışdırmazdı. “Əgər sənə və mənə hörmət edirlərsə, alnımın təri ilə dolanmaq istəyimi başa düşsünlər” – deyərək, bu söhbətə birdəfəlik nöqtə qoymuşdu. Məcbur qalan uşaqlar Mətinin bu fikri ilə razılaşaraq, onu işə götürmüşdülər.

Ceyranbatandakı təmir işləri aparılan villada işə başlamışdı. Qaynı onu maksimum ötüşdürür, fəhlə işlərini də özü görməyə çalışırdı.

Evin hazır olan otaqlarından birində ev sahibinin ərköyün oğlu hərdən kompüterini quraşdırıb işləyirdi. İxtisasca riyaziyyat müəllimi olan Mətin arada gözucu uşağa baxır, özündən asılı olmayaraq, uşağı söhbətə çəkirdi. Hərdən suallar verir, bilmədiyi məsələləri ona izah etməyə çalışırdı. Mühitin təsirində olan uşaq etinasız və laqeydcəsinə Mətinə qulaq asar, savadlı fəhlənin qabiliyyətinə təəccüblənmirdi də. Mətin müəllimi isə bu münasibət heç narahat etmirdi. Onu narahat edən sadəcə yorğun olduqları zaman bərk ac olsalar da, yeməyin vaxtından gec verilməsi idi. Uşağın bu etinasızlığı və saymazlığı fəhlə həyatına alışmamış Mətin müəllimə çox ağır gəlirdi. Hərdən az qalırdı uşağa öyüd-nəsihət versin, onu tənbeh etsin. Hər gün əlindəgah alma, gah armud, gah da portağalla onların yanına gələn bu uşaq isə evlərində işləyən ustaların onun bu hərəkətlərindən nə qədər narahat olduqlarının fərqində belə deyildi. Amma evin nənəsi evin digər üzvlərinə nisbətən daha səmimi və qayğıkeş idi. Tez-tez uşağı səsləyib, “Ay bala, bu istidə o ustalar yazıqdır axı, gəl, bir çaydan-sudan apar onlara” – deyərdi.

Mətin müəllim gördüyü işdən utanmazdı, əksinə evə üzüağ, alnıaçıq gələr, həyat yoldaşının bu zəhmətkeşliyinə görə onunla fəxr etməsindən qürurlanırdı. Günə 3 şirvan qazanan müəllim 10 gündən sonra alacağı 30 şirvanı hara xərcləyəcəyi haqqında düşünür, hərdən də onu aylara vuraraq daha böyük planlar qururdu. Amma düşünmürdü ki, bu şəraitsiz evdə heç 10 gün keçməmiş xərclənib gedəcək. Həyatın enişli-yoxuşlu yollarında onu hələ çox sınaqlar gözləyirdi. Bu yaşananları kiməsə örnək olaraq danışacağını heç ağlına gətirmirdi. Həyat yolundakı pillələri qalxdıqca, geridə qalmış günlər yuxarıdan baxanda çox cılız görünürdü.

– Ata, bizim evdəki fəhlə var ha, bilirsən, nə savadlıdır?

– Hansını deyirsən, o uzunu, yoxsa balacanı?

– Balacanı deyirəm.

– Nə bilirsən?

– Riyaziyyatdan elə məsələləri həll edir ki, heç müəllimlərimiz belə tez həll edə bilmir.

– Əşşi, yaxşı görək, sən də, o nə qanır riyaziyyat nədir?!

– Yox, ay ata, o gün uşaqlarla bir çətin məsələ tapıb verdik, anında həll etdi.

– Boş-boş işlərlə məşğul eləmə ustaları. Bunlar yemək üçün bilərəkdən işi uzadırlar. Müftə yer tapıblar, qarınlarını otarmaq istəyirlər. Qoy işlərini qurtarıb rədd olsunlar. Usta tayfasına üz versən, adamın başına çıxar. İşlərini qurtarana qədər bir də ora getmə.

Ev sahibi ilə oğlunun bu söhbətini Mətin müəllim təsadüfən vannanı aşağıdakı otaqlardan birində təmizləyərkən eşitdi. Həmin gün həyatının ən alçaldıcı gününü yaşamışdı. “Kişi zəhməti ilə pul qazanar, alnının təri ilə ailəsini dolandırar” fikrini də unudub, özünə nifrət etmişdi. Evə elə gəlmişdi ki, bıçaq vursaydın qanı çıxmazdı. Yoldaşının qəhvəyi rəngli gözlərindəki olan həyat dolu baxışlarından da gizlənmişdi. Dünyanın ən rəzil adamı kimi hiss edirdi özünü. Yemək vaxtı yeməyin gecikməsinə hərdən deyindiyini yadına salıb lap xəcalət çəkirdi. Həmin gecə heç nə danışmadan, yorğunluğunu bəhanə edərək balaca, üç aylıq çəlimsiz oğlunun yanına uzanıb yatmışdı. Həyat yoldaşı ilə həm də dost olan Mətin hər şeyi, həttaişdə baş verənləri evdə danışıb, ürəyini boşaldardı həmişə. Amma bu dəfə bacarmadı. Əgər danışsaydı, ömür-gün yoldaşının qürurlu hesab etdiyi, güvəndiyi ərinin ağladığını görəcəkdi. Bəlkə də, həmişə incə belindən tutub oxşayan, tellərini əlinin dalı ilə yanaqlarından kənar edən, məhəbbət dolu baxışların yerini çarəsiz, alçaldılmış bir adam əvəzləyəcək.

Keçəl, şəkər xəstəliyindən arıqlayaraq əcaib bir görkəm almış, yekəburun, əyninə böyük kostyum geyməyi xoşlayan ev sahibinin oğluna verdiyi məsləhəti eşidən müəllim bilmirdi peşəsinə nifrət etsin, zəmanəni qınasın, yoxsa…

Buna cavab tapmağa çalışan “Qayə” şirkətlər qrupunun sahibi qələmi dəftərin üzərində qoyub düzəlişetmək istəyirdi ki, katibəsi içəri girib: “Bağışlayın, Mətin müəllim, Sumqayıtdakı binanın tikintisində işləyən fəhlələri çağırmışdınız. Müdir müavini dedi ki, onlar artıq yeməkxanada toplaşıblar. Süfrənin açılması üçün sizi gözləyirlər”, – dedi.

 

Qeyd: Hekayə müəllifin “Mən bir müəlliməm” kitabındandır

Ustad Dərgisi

Sən türk kişisisən!

(“Ustad” dərgisi, 25-ci say)

 

Axşam saat iki olardı… Ukraynadan gələndən sonra yazacağım yeni hekayə barədə düşünürdüm. Kompüter qarşımda, sakitliyi də həmişəki kimi, qənaətbəxş hesab etmək olardı. Əslində, hekayə düşüncələrimdə tam hazır idi. Amma təsirli olması üçün bir-iki ədəbi priyom axtarırdım.

Bir də gördüm ki, oğlum tir-tir əsərək işıq yanan otağa, yəni mənim iş otağıma gəlir. Göz yaşları gildir-gildir axırdı.. Soyuqqanlıqla səbəbini soruşdum, dedi ki, qorxuram. Son zamanların patriotik havası (Türkiyədə yüz minlərlə insanın Xocalı deyə kar dünyanı haraylaması, Azərbaycanda əlli mindən çox insanın prezidenti ilə birgə addımlaması) mənə təsir etdiyindən oğulumun üstünə qışqırdım:

– Sən necə kişisən? Utanmırsan heç, qaranlıqdan qorxmaq kişiyə yaraşamaz!

Yavaş-yavaş özümdən çıxırdım. Yəqin ki, bütün oğul ataları bu vəziyyətlə tanışdırlar. O anda ağlımdan keçirməsəm də, bu cür də düşünə bilərdim:” Qaranlıqdan qorxan bu uşaqlar ermənidən necə qisas alacaqlar?!” Əgər bunu düşünsəydim, yəqin, sonralar özümü danlayıb ironiya ilə güləcəkdim ki, niyə həmişə bir nəsil qisasın alınmasını gələcək nəsillərə buraxır. Yaxşı ki, uşağın sonrakı cavabı məni başqa cür düşündürməyə sövq etdi. Amma uşaq elə ağlayırdı ki, elə bil, cin görmüşdü… Buna görə daha çox hirslənərdim. Çünki mənə elə gəlir, oğlum cinə görə də qorxa bilməzdi. Bir də soruşdum ki, axı burda nə var, hamımız evdəyik, burdan sənin otağın görünür, isığımız yanır, mən oyağam, axı sən niyə ağlamalısan? Usaq əsə-əsə dedi ki, bu gün məktəbdə müəllim qorxulu şeylər göstərib

– Necə yəni qorxulu seylər?

Dedi:

– Xocalıda öldürülmüş uşaqların videosuna baxdıq. Ermənilər onların başlarını kəsib, gözlərini cıxarıblar. Onlar gözümün qabağına gəlir, yata bilmirəm.

Mən bu dəfə yenə əsəbiləşdim:

– Sən necə türk kişisisən?

Bu sözüm nə qədər boğazdan yuxarı səslənmiş kimi görünsə də, oğlum olandan tez-tez bu cür sözlər deyirəm ki, o, həm türk olduğunu, həm də kişi olduğunu xatırlasın. Çünki hər ikisi son zamanlar yaman təhlükədədir. Kişilərə kişiliyini, türklərə də türklüyünü unutdurmağa çalışırlar. Bunlar da uşaqların alt şüuruna hücüm etməkdədir. Bu da məni yaman qorxudur. Əsəbimi belə davam etdirdim:

– Ermənidən qorxmaq yox, ona nifrət etmək lazımdır. Heç utanmırsan? Sənə yaraşır bu? Ayıb olsun.

Amma uşaq mənə heç qulaq asmırdı. Gözlərini bərəldib elə ağlayırdı… Gözünü qırpmadan belə, açıq gözlərindən yaşlar axırdı. Və beləcə, mənə baxırdı. Nəsə demək istəyir, amma deyə bilmirdi. Ya məndən qorxurdu, ya da fikirlərini izah edə bilmirdi. Sanki uşaq mənə də üsyan edirdi: “Sən başa düşmürsən, ata. Bunun kişiliyə nə dəxli var, deyirəm ki, qorxuram. Qorxunun da nə cinsi, nə də milliyyəti var. Məgər sən qorxmamısan? – demək istəyirdi. Əgər belə desəydi, nə deyəcəyimi müəyyənləşdirə bilmirəm. Axı bu, həmin qorxu hissi idi ki, məndən də qorxmaz insanlar torpaqları qoyub qaçmışdılar.

Bu gün də bizi danışmağa, qışqırmağa, üsyan etməyə, haqq tələb etməyə şərait yaratmışdılar. Yazacağım hekayənin tərkibində olmasını planlaşdırdığım bir hadisəni bura yazmağı qərara aldım. Ukraynada olarkən Bazar günü məktəbində uşaqlara dediyim dərsdə belə bir sual vermişdim: “Ay uşaqlar, sizcə, bu şəkilləri (Xocalı hadisələrindəki rəsmləri nəzərdə tuturam) niyə bura asıblar? Bunları sizə göstərməkdə məqsəd nədir?” Uşaqlardan istədiyim cavabı ala bilməmişdim. Uşaqlar çox fikirləşdilər ki, nə desinlər, amma heç nə tapa bilmədilər. Altı yaşlı bir uşaq dedi ki, uşaqları öldürüblər. Mən bunu cavab hesab etməsəm də, yeni təlim metodlarına uyğun olaraq uşağı həvəsləndirmək üçün “Ay maşallah” demişdim. Əslində, onda da düşünmüşdüm ki, belə olmaz axı, ay müəllimlər. Bu şəkilləri göstərməklə nə əldə etmək istəyirik? Axı bu uşaqlar bunu dərk etməyəcək dərəcədə balacadırlar. Şəkillərin nə üçün asıldığını, niyə onlara göstərildiyini bilməyən uşaqlar tutuquşu kimi elə qəşəng şeirlər dedilər ki, sanki hər şeyi dərk ediblər. Arxada valideynlər oturmuşdu. Məndən qabaq Azərbaycan dilini ala-babat bilən bu uşaqlara o qədər siyasi, elmi, tarixi faktlar danışmışdılar ki! Ona görə də, az qalırdılar uşaqlara kömək etsinlər, onların bunu bilib, başa düşdüklərini göstərsinlər. Elə bil, mən sovet dövründəki yoxlamayam, onlar isə uşaqların dərslərini bildiyini göstərən müəllim və məktəbin direktoru. Dəli şeytan orada məni az qalmışdı ki, yoldan çıxartsın. İstədim deyəm ki, “Hə, bilirsinizsə, siz deyin”. Amma yaxşı ki demədim. Dəli şeytanın sözünə qulaq asmadım. Yoxsa azdan-çoxdan qazandığım hörməti də itirmiş olardım. Bu vəziyyətdən bir pedaqoq kimi çıxdım və mövzudan yayınmağa başladım. Deyəsən, verdiyim sualın cavabı məni də qorxutmuşdu. Yenə tək uşaqlar və mən olsa idim, vəziyyəti daha yaxşı idarə edərdim. Amma ölçülməsi mümkün olmayan bir zaman kəsiyində düşündüm: “Nə deyə bilərəm ki, böyüklərin xoşuna gəlsin?” Hərdən elə düşünürəm, mən artıq formalaşmış bir müəlliməm. Hətta institutda məndən açıq dərs istəyəndə təvazökarlıqdan uzaq görünən şəkildə deyirdim: “Mənim bütün dərslərim açıq dərsdir, nə vaxt istəyirsiniz qapını açıb gələ bilrəsiniz”. Amma onda hiss etdim, kompleks deyilən zəhrimara hələ də qalib gələ bilməmişəm.

Nə isə. Mən ayağa qalxıb yenə patriot bir ata kimi dedim:

– Get, öl, ermənidən qorxacaqsansa, get, öl. Səsin gəlsə, gəlib itin kötəyini vuracağam sənə.

Uşaq əsə-əsə ayaqlarının ucunda getdi. Çünki həmişə danlayırdıq ki, gecə yeriyəndə tap-tap yeriyib səs salmayın, balaca bacınız oyanar. O da həmin qorxunun içində bu tapşırığı unutmadan, ya da səkkiz yaşı olduğundan üsyanını və etirazını göstərmək qabiliyyətində olmadığından astaca barmaqlarının ucunda yatağına getdi. Bu səsə anası da gəlib çıxmışdı. Mən onun üzünə baxmadan, özümü haqlı kimi təsdiqləmək üçün uşağın dalınca yenə deyindim. Bu vəziyyəti başa düşməyə çalışan anası da uşağın dalınca getdi. Çünki o, uşağa haqq verirdi. Düzdür, adamın gərək allahı olsun, bir kəlmə də demədi. “Ümidlərin izi ilə” romanını yazdıqca Aytəkinin dilindən deyilənləri həmişə ona oxudurdum. O da oxuduqca deyinirdi ki, gecə vaxtı bunları mənə niyə oxudursan? Elə buna görə də, bir söz desə idi, cavabını bilirdi: “elə bu da oxşayıb oxşamışına, arvad oğlu, arvad”.

Biz həmişə elə bilirik ki, uşaqlar bizi başa düşməlidirlər. Bizim məsləhətlərimiz onlara aydın olmalı və bizi anlamalıdırlar. Oğlumun mənə dediyi bir sözü xatırladım. Ona məsləhət veridiyim günlərin birində mənə demişdi ki, ata, uşaqlar böyüklərə nə isə başa salanda onlar tez başa düşür. Amma böyüklər uşaqları başa salanda onlar başa düşmürlər. “Niyə?” sualımın cavabında isə uşaq belə demişdi: “Çünki uşaqların dedikləri sözlərin mənasının hamısını böyüklər bilir, amma böyüklərin dedikləri sözlərin mənasını isə uşaqlar bilmir axı”. Onda oğlumla fəxr etmişdim. Səkkiz yaşlı bir uşağın analizi məni heyrətə gətirmişdi və mən həmin anda qərar vermişdim ki, bundan sonra onu başa düşməyə çalışacaq, nəyisə başa salanda hirslənməyəcəyəm.

Oğlum gedəndən sonra mənə çatdı ki, bu usağın səkkiz yaşı var. Sən bundan nə kişilik gözləyirsən? O faciənin məqsədi də elə bu deyilmi? Amma məni narahat edən başqa məsələ – müəllimlərimiz idi. Bəli, narahat edən bizim muəllimlərimiz idi. Bu gün məktəblərimizdə bu rəsmləri və videoları şagirdlərə göstərməklə elə bilirlər ki, müəllimlərin vəzifələri bitdi. Bir-birinin bəhsinə ibtidai siniflərdə daha dəhşətli rəsm və görüntüləri verməklə Xocalı faciəsi ilə bağlı “yarışa keçirlər” sanki. Axı bunlar ibtidai sinif uşaqları üşün göstəriləsi rəsm deyil. Sən ona vətənin, millətin, xalqın, hətta nifrətin, qisasın nə demək olduğunu öyrətməsən, uşaqlar bu şəkillərdən hansı nəticəni çıxaracaq?

Erməni vəhşiliyi, düşmənçiliyi qeyd edilsin və edilməlidir deyəndə, məncə, bunda diqqətli olmalıyıq, ay əziz muəllimlər (mən də daxil olmaqla)! Elə etməliyik ki, gələcək nəsillər bu hadisələrin niyə, nə səbəbə törədildiyini, düşmənin kim olduğunu, onunla necə rəftar edilməli olduğunu anlasınlar. O rəsmləri görən körpələrimizi qorxu hissi ilə böyütməkdənsə, onlara dərk etməyi başa salın. Dərk etməyin yollarını göstərməyə çalışın. Müstəqil, düzgün qərar vermək bacarığı aşılayın. Əgər bunlar olarsa, inanın ki, böyüyəndə düşməni də tanıyar, dostu da. Keçmişə də qiymət verə bilər, gələcəyə də. Yaradıcılığımızı ortalığa qoymaqla ermənini onlara tanıtmağın başqa yollarını da tapmaqla, daha çox faydalı olarıq.

Bəlkə də, bunu dəyişmək üçün bütün qanımızı damarlarımızdan çəkib yerinə yeni qan vurmalıyıq. Problemlərimizin olmasında mənim dərk etdiyim səbəb – “həmişə şəxsi mənafe, həmişə xətir üçün xəstə yatma” düşüncəmizdir. Çünki yazının bu hissəsində ürəyimə gəldi ki, birdən oğlumun müəllimi bunu oxuyub bizdən inciyər və uşağı gözümçıxdıya salar. Bax, məncə, elə problem burdan başlayır. Bunu aşa bilsək, erməniyə də qalib gələrik, farsa da, lap elə fransıza da.

Hə, sonra bilirsiniz nə oldu? Ürəyim ağrıdı. Çünki “Kimyagər” əsərində deyildiyi kimi, ürəyimin səsini dinlədim, ona qulaq asdım və Öz Yolumla getdim. Axı Öz Yolu ilə gedənlər həmişə uğur qazanır və istədiyini əldə edir. Öz Yolu olmaq çox önəmlidir. Millət olaraq Öz Yolumuzu gedə bilməsək, indiyə qədər yaşadıqlarımızı həmişə yaşayacağıq.

Bəli, ürəyim ağrıdı… Tez uşağın arxasınca getdim. O, hələ də iç vururdu. Gözəlirini möhkəmcə yummuş, gərilmişdi… Titrəyirdi… Yorğanını qaldırıb yanına girdim, başını sığalladım, üzündən öpdüm. O, yavaş-yavaş rahatlaşdı. Əlimi sıxmış incə isti əlləri açıldı. Və yatdı…

Bir ata kimi özümə olan tənqidlərimi də həmin gecə çox eşitdim. Və Mövlanənin dediyinə əməl edərək qüsurumu örtməkdə gecə kimi oldum.

Xəbərlər

Bir qrup media nümayəndəsi “Hədəf”ə tuş gəldi

Bu gün bir qrup mətbuat nümayəndəsi Milli Mətbuat Günü münasibətilə “Hədəf-15” döş nişanına layiq görülüb.

İqtisadiyyat.az xəbər verir ki, “Hədəf Şirkətlər Qrupu”nun baş ofisində təşkil edilən tədbirdə şirkətin təsisçisi və baş direktoru Şəmil Sadiq milli təhsil brend olan “Hədəf Qrup” haqqında geniş məlumat verib:

“15 il müddətində qarşıya qoyduğumuz hədəflərə çatdıq, təhsil sahəsində mühüm işlər gördük. Məzunlarımız nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq şansı qazandılar. Eyni zamanda qeyd etmək istəyirəm ki, şəhid ailələri, müharibə iştirakçılarının ailələri kimi imtiyazlı kateqoriyadan olan gənclər üçün xüsusi güzəştlərimiz var. “Hədəf Şirkətlər Qrupu”na Hədəf Liseyi, Hədəf nəşrləri, Xan nəşriyyatı, Kitabevim.az kimi tanınmış brendlər daxildir. Bundan sonra da cəmiyyətimizə xidmət göstərməyə davam edəcəyik”, – deyə Ş.Sadiq bildirib.

Bir qrup media nümayəndəsi "Hədəf"ə tuş gəldi - FOTOLAR

Bir qrup media nümayəndəsi "Hədəf"ə tuş gəldi - FOTOLAR

O, həmçinin göstərdikləri dost münasibətə görə media nümayəndələrinə təşəkkürünü bildirib və qeyd edib ki, “Hədəf Şirkətlər Qrupu” idarə heyətinin qərarı ilə təsis edilən döş nişanı elm, təhsil, mədəniyyət kimi sahələrin inkişafında xidmətlərinə görə Azərbaycan ziyalılarına təqdim edilir.

Bir qrup media nümayəndəsi "Hədəf"ə tuş gəldi - FOTOLAR

Tədbirdə “Yeni Müsavat” Media Qrupun rəhbəri Rauf Arifoğlu, teleaparıcı, “İqtisadiyyat.az”ın məsul redaktoru Rahil Sayadoğlu, o cümlədən tanınmış jurnalistlər İlqar Rəsul, Aqil Ələsgər, Elnur Rüstəmli, Günel Mönsümova, Elnur Eltürk, Zaur İbrahimli, Şahin Nəcəfov, Cavid Qədir, Toğrul Allahverdi döş nişanı ilə təltif olunub.

Bir qrup media nümayəndəsi "Hədəf"ə tuş gəldi - FOTOLAR

Bir qrup media nümayəndəsi "Hədəf"ə tuş gəldi - FOTOLAR

Ümumilikdə, milli-mənəvi dəyərlərin təbliğində, dövlətçilik ideyaların aşılanmasında və gənclərin maariflənməsində xidmətlərinə görə 70 media nümayəndəsi “Hədəf-15” döş nişanına layiq görülüb.

Ustad Dərgisi

“Kitab yüklü eşşək” romanı kimindir?

(“Ustad” dərgisi, 23-cü say)

Cəmiyyətimizdəki naqislikləri, insanların nəfs və qü­­rurun əsiri olduğunu gördükcə yadıma “Kitab yüklü eşşək” əsərinin qəhrəmanı “Çoşşa”nın nəsi­hət­lə­ri düşür, bu heyvanın insana münasibətini tez-tez xa­­tırlayıram. Bəlkə, kimsə düşünər ki, bu qədər pey­ğəm­bərlər, üləmalar, alimlər ola-ola niyə məhz eş­şə­yin – Çoşşanın nəsihətləri? Təsəvvür edirsinizmi, in­sa­na bir dahi yol göstərir, öyüd-nəsihət edir, amma biz bu­na o qədər əhəmiyyət vermir və ya dəyərləndirə bil­mirik. Çünki nəsihət edən birmənalı şəkildə ha­mı­dan üst mövqedədir və onun dedikləri qəbul edi­lən­dir, bu da təbiidir. Amma mədəni səviyyəsinə, sava­dı­na görə özündən qat-qat aşağıda olduğunu qəbul etdi­yin biri səni tənqid edər və yol göstərərsə, bu tən­qidlər və iradlar həqiqəti əks etdirərsə, o zaman ana­­lar demiş, “adamın yeddi qatından keçər”.

Bir insan oğlu olaraq, həmcinsimin heyvan tərə­fin­dən haqlı tənqidi adama çox ağrı verir. Bəşəriyyət binayi-qədimdən bu günə didaktik materiallarla tər­bi­yələnməyə, həyatı dərk etməyə vadar edilsə də, vir­tual bir dünya olmasına baxmayaraq bir metr torpaq üçün hələ də qan tökür, hərisliyinin qurbanı olur, hər gün bir addım əxlaqsızlığa doğru sürüklənir. Möv­hu­ma­t və cəhalətin içində çırpınır. Şəxsi mənafelər bə­şə­ri idealları tapdalayır və insan oğlu bu ey­bə­cər­lik­­ləri özünün uydurduğu şeytanın boynuna atır. Hər­­dən cəmiyyətimizi bu cür görəndə Tanrının niyə məhz indi peyğəmbər göndərmədiyini də düşünür in­san. Axı, insanların düzgün yola çəkilməsi üçün bu gün müdrik sözünə daha çox ehtiyac duyulur. Sonra da düşünürsən ki, bəlkə, cəmiyyətin pozulmasına pey­­ğəmbər kimi tanıdığımız Adəm və onun həyat yoldaşı Həvva səbəb olub? Kini də, xəyanəti də, qar­daş qanı tökməyi, oğurluğu, etdiklərini ört-basdır et­mə­yi də biz insanın əcdadı sayılan Adəm və onun ailə­sindən öyrəndik. Bəlkə də, bu əfsanə insanın ma­ya­sında nələrin olduğunu, nə ilə yoğrulduğunu gös­tər­mək üçün yaradılıb və “sən daxilən bu cürsən” – de­­yə yaradanın bizə mesajıdır?!

Əsərin ən maraqlı tərəfisə insanın eşşəklə müqa­yi­­səsidir. Niyə it yox, at yox, meymun yox, məhz “Kitab yüklü eşşək”? Çünki Şərq-Türk mədəniy­yə­tin­də bütün insanlar ən qaba, mədəniyyətsiz, avam, dün­yadan bixəbər, tənbəl, özündənrazı adamları eş­şə­yə bənzədirlər. Hətta bu işgüzar və insanın bütün əzab­larına daima boyun əyən heyvanın adını çəkəndə qar­şı tərəfdən üzr də istəyirik. Bəlkə də, bu üzrü ki­mi­sə eşşəyə bənzətdiyimiz üçün eşşəkdən istəmə­li­yik? Eşşək yeganə varlıqlardandır ki, insanla dost­lu­ğu­nun tarixi bilinmir. Həmişə, hər yerdə insana gə­rək­li olan bu heyvan sadəliyinə və təvazösünə görə dai­ma tənqidə və təhqirə düçar olub. Ədib eşşəyi bu sə­bəb­dən seçmiş olmasın?

Digər tərəfdən əsərin adındakı ironiya çox maraq­lı­­dır. Bəlkə də, bu adı seçməkdə müəllif elmlə, dün­ya­gö­­rüşlə, şüurla əhatə olunmuş insanı lek­si­ko­nu­muz­da özünə xüsusi bir məna daşıyan eşşəklə müqayisə edir. Nə qədər məlumatlı və ağıl sahibi olsa da, insa­nın şüursuz, savadsız, gördüklərini dərk etməyən, yax­­şılıqla pisliyi dəyərləndirməyi bacarmayan bir eş­şək­dən fərqi yoxdur, demək istəyir. Günümüzdə də adam olmağı bacarmayan, dəblə ayaqlaşmaq üçün ki­tab oxuyan, oxuduqlarına görə özünə ən yüksək də­yə­ri verib ən ali bir insan kimi təqdim edən, əldə et­di­yi bilik və bacarıqları təbiətin məhvinə yönləndirən, vəh­şi təbiətin ən vəhşi varlığına çevrilən, şəhvət və  şöh­­rətin əsiri olan yüzlərlə insan görə bilərik. Bo­ğa­zın­da qalstuk, gözündə ziyalılığın simvolu kimi dərk et­­diyi eynək, əynində kostyum olan kor əbləhlər ki­tab­­la yüklənmiş eşşəyi xatırladır. Xisləti isə İblisə xid­­mət etməkdir.

Düzdür, bu əsərə qədər istər bizim, istər şərq, is­tər­­sə də dünya ədəbiyyatında alleqorik yolla insanları tər­­biyə etmək arzusunda olan böyük müdriklər ol­ub. Lakin Əbdürrəhim bəy Talıbovun “Kitab yük­lü eşşək” romanı əvvəlki əsərlərdən fərqli olaraq möv­­zuya yanaşma, heyvanın müşahidəsi ilə in­san­la­rın tənqidi, məktub vasitəsilə əvvəlki sahibinə mü­ra­ciə­ti, sondakı sual-cavabı insanı daha çox düşünməyə va­­dar edir.

Bu baxımdan, böyük şəxsiyyət Əbdürrəhim bəy Ta­­lıbov cəmiyyətin eybəcərliklərini, insanın ən vəhşi “heyvan” olduğunu bu kiçik romanında böyük usta­lıq­­la əks etdirib.

Bu qədər ali ideyaları özündə cəmləşdirən Əbdür­rə­him bəy Talıbovun “Kitab yüklü eşşək” əsə­ri­ni So­vet dövrünün tədqiqatçıları Azərbaycan ədə­biy­ya­tın­da yazılan ilk romanlardan biri kimi dəyər­lən­di­rir­di­lər. Lakin müstəqillik qazanandan sonra tədqiqat im­kan­­larının genişlənməsi nəticəsində dünya ədə­biy­ya­tı, ədəbiyyatşünaslığı haqqında geniş bilgilər əldə edil­di. Bu bilgilərə yiyələnəndən sonra bəzi əsərlərin təd­qiqatı ilə bağlı fərqli məqamlar ortaya çıxdı. Bun­lar­dan biri də Əbdürrəhim bəy Talıbovun “Kitab yüklü eşşək” əsəridir. Tədqiqatçı Tahirə Həsənza­də­nin araşdırmalarında təqdim etdiyi dəlillər maraq­lı­dır: “Kitab yüklü eşşək” əsərinin əsli fransız yazıçısı Pol de Koka məxsusdur. Cənubi Azərbaycanda və İran­da bu əsəri farscaya tərcümə və təbdil edən isə Ma­ra­ğalı Məhəmmədhəsən Xan Etimadüssəltənədir.

Böyük alim Xeyrulla Məmmədov bu barədə özü­nün məşhur “Cənablar, börklərinizi qaldırın, əla­həz­rət fakt gəlir” məqaləsini çap etdirmiş və qeyd et­miş­di: “Əbdürrəhim Talıbov kimi böyük alim və ədi­bin “Kitab yüklü eşşək” əsəri ilə məşhurlaşmağa ehtiyacı yox idi”.

Paris cəmiyyətinin qüsurlarını yeri gələndə açıq löv­hələrlə təsvir edən, istər Fransa geniş dairələrinin, istər­sə də Avropa ictimaiyyətinin sevimlisi olan Pol de Kok Məhəmmədhəsən xanın diqqətindən yayın­ma­mışdı.

Tədqiqatçılardan P.Ariyanpur, Məhəmməd Şahid Nu­rayi, Mirhaşim Mühəddis, xan Məlik Sasani də “Müstəqil vəhş, ya əlhimar yəhmilül-əşfəran” əsərini Məhəm­mədhəsən xanın əsərləri siyahısında ver­miş­lər. Tahirə Həsənzadəyə görə, İranın görkəmli alimi Səid Nəfisi bu əsəri Məhəmmədhəsən xanın fransız di­lin­dən tərcümə və ya təbdil etdiyini, əsərin qəh­rə­man­larına iranlı adlar qoyduğunu bildirir. İran alim­ləri F.Adəmiyyət, Y.Ariyanpur, M.Bamdad Ə.Talı­bov haqqında tədqiqatlarında “Əlhimar…” – “Kitab yüklü eşşək” əsərini onun əsərləri siya­hı­­sına daxil etməmişlər.”[1]

Salidə Şərəfovaya görə isə, bəzi tədqiqatçılar bu­nun adını Apulleyin “Qızıl eşşək” əsəri, bəziləri isə Kontes de Sequr adlı bir fransız yazıçısının əsəri kimi də qələmə verirlər.

Fikrimizcə, “Kitab yüklü eşşək” əsərinin bir fran­sız yazıçısına aid olduğu iddiasını qəbul etmək müm­kün deyil. Çünki əsərin ön sözündə yazılan qeydlərdə də müəllifin özü bu mövzuya ondan öncə çox mütə­fək­kirlərin toxunduğunu deyir: “Mən bu hekayətin ilk təşəbbüskarı və mündəricəsinin müəllifi deyiləm”. Bu onu göstərir ki, əsərin müəllifi mövzu haqqında ge­­niş bilgiyə sahibdir, elə buna görə də istər Avropa, is­tərsə də dünya ədəbiyyatında yazılmış təmsil və al­le­qorik əsərlərə işarə edir. Bu da yazıçının tə­va­zö­kar­lı­ğın­dan xəbər verir. Əgər, doğrudan da, məhz bu əsər xa­rici bir əsərdən tərcümə edilsə idi, müəllif bunu yaz­maqdan zərrə qədər də çəkinməzdi. Ən yaxşı hal­da buna təbdil demək olar ki, bu da təbdilin sər­həd­lə­ri­ni aşaraq müəllif qələmi ilə ən gözəl şəkildə aşı­lan­mış­dır.

Təbdil, iqtibas ədəbiyyatımızda XIX əsrdən geniş is­ti­fadə edilən janrlardandır. Bu terminin meydana çıx­masına qədər Nizaminin “Leyli və Məcnun”undan bəh­rələnən onlarla əsər yazılıb. Əgər bu əsərin han­sısa Avropa mənşəli bir yazıçının əsərindən təbdil edil­diyini, iqtibas edildiyini desək belə, bunun plagiat ki­mi qəbul edilməsi mümkün deyil və bu cür qələmə ver­mək istəyənlər böyük yanlışlıq içindədirlər. Əgər təb­­dil termini ilə plagiat termininə eyni mənanı versək, onda ən böyük plagiatçı Məhəmməd Füzuli ol­malıdır. Çünki o da Nizami kimi “Leyli və Məcnun” poemasını yazıb. Lakin Ədəbiyyat nə­zə­riy­yəsi “nəzirə”ni, “təbdil”i, “iqtibas”ı qəbul edib­, bir zamanlar şair və yazıçılar bundan istifadə et­dikləri üçün fəxr hissi də duyublar. Adıçəkilən əsəri oxuduqca, Şərq müdriklərindən çəkilən misal­lar­la, nümunələrlə və Şərq fəlsəfəsini əks etdirən əh­va­latlarla tanış olduqca müəllifin əsərə nə qədər doğ­ma yanaşdığını görürük.

Sədi Şirazinin, Mövlanə Cəlaləddinin əsərdə is­ti­fa­də edilən ibrətamiz fikirləri dediklərimizə sübutdur.

Tədqiqatçı Salidə Şərifovanın dili ilə desək, bu­ra­da M.Ə.Talıbovun nəsr qələmi, düşüncələri duyulur, ürə­­yi döyünür.

Əsər fars dilində yazılsa da, Çoşşanın mək­tub­la­rın­­dakı bəzi dialoqlar Azərbaycan dilində verilib. Əsəri tərcümə edən Mirəli Mənafi də bunu diqqətdən qa­­çırmayıb, bununla bağlı xüsusi qeyd verib: “Bu dia­loq əsərin orijinalında da Azərbaycancadır. Bundan son­­rakı bəzi dialoqlar, xüsusilə, ləhcə xüsusiyyəti ilə fərq­lənən dialoqlar əsərin orijinalında olduğu kimi (azər­baycanca) saxlanılıb. Həmin dialoqlardan bi­ri bu cürdür:

“– Hay canım, hey babam, hey, tap hey! Budur, eş­şək ləpiri buradan keçib. Orada yatağı məlumdur. Hay axtar, tap hay, odur ha! – deyə o, itləri məni ax­tar­mağa qızışdırırdı”.[2]

Bu sözlər qədim Azərbaycan torpağı olan Zən­ca­nın Şərəfabad şəhərində eşşəyi axtarmağa çıxan Sə­fər­qu­­lunun dilindən verilib.

Bütün bunlar əsərin azərbaycanlı müəllifə aid ol­du­ğunun sübutudur. Bəli, əsərdə “Hamı sərraf Horş (Avropalı bankir) və Rotşild, ya da yeni top ixtiraçısı Krup (Almaniyada metallurgiya şirkəti) deyildir ki, yüz kürurdan artıq sərmayəsi olsun. Bu cür sər­ma­yə­dar­lıq və varlılıq da bizim əsrimizin hadisə­lə­rin­dən­dir. Tarixçilərin dediklərinə görə, dörd yüz il bundan əv­vəl inkişaf və mədəniyyət həddi-kamala çatmamış­dı. Bir nəfər də bu dərəcədə təkamül etməmişdi” kimi fi­kirlərə də rast gələ bilirik.[3] Lakin bu cür fikir­lərin XIX əsr rus və türk ədəbiyyatı vasitəsilə Avropa ilə ta­nış olan azərbaycanlı mütəfəkkirlərin əsər­lə­rin­də gö­rül­məsi təbii hal idi. Digər tərəfdənsə neft Bakısı dün­yanın diqqətində idi. Avropalı iş adam­larının Odlar diyarına gəlişi özləri ilə mədə­niy­yət­lərini də gə­tirmişdi. Həm bu cür misallara, həm də şərq fəlsəfi fik­ri ilə cilalanmış bir əsəri sadəcə Şərq və Qərb fəl­sə­fə­sini dərindən bilən bir şəxs yaza bilərdi. Bu para­metr­lərin hamısı da Əbdürrəhim bəy Talı­bov­da var idi.

Nəzərə alsaq ki, Əbdürrəhim bəy Talıbov ərəb, fars, rus, ingilis və fransız dillərini yaxşı bilib, deməli, azər­­baycanlı ədibin bu əsəri yazması və ya təbdil et­mə­­si mümkün idi. “Kitab yüklü eşşək” romanı bü­tün ru­hu ilə Şərq-Azərbaycan mədəniyyətinin məhsu­lu­dur. İstər Məhəmmədhəsən Xan Etimadüssəltənə, is­tər­sə də Əbdürrəhim bəy Talıbov yazsın, fərqi yox­dur. Lakin heç bir halda əsərin tərcümə əsəri ol­du­ğu­nu qəbul etmək olmaz.

Fransız yazıçısı Pol De Kukun bu mövzuda yaz­dı­ğı əsər ola bilər (amma nə qədər araşdırsaq da, bu möv­­zuda xüsusi bir əsəri olduğunu görmədik, bəlkə də, hansısa əsərində kiçik bir haşiyəyə çıxıb, bu da bu əsə­­rə və müəllifinə xələl gətirə bilməz), lakin bəzi şəxs­­lərin yeni – nəsə qeyri-adi bir şey tapıblarmış ki­mi, konkret elmi fakt olmadan “Sən demə, bu əsər fran­­sız yazıçısı Pol de Kukun imiş”, “Apulleyin imiş”, “Kontes de Sequr adlı bir fransızın imiş” deməsi o qə­dər ciddi görünmür.

Tahirə Həsənzadənin fikri ilə razılaşsaq, əsərin müəl­­lifi Məhəmmədhəsən Xan Etimadüssəltənədir. Bu məqam isə əsərin ciddi bir tədqiqata ehtiyac duy­du­ğunu göstərir. Məhəm­məd­həsən Xan Etimadüssəltənənin Qacarlar dövlətinin ta­nın­mış simalarından olduğunu, Nəsrəddin şah Qacarın (18311896) şəxsi mütərcimi, tərcümə və nəşriyyat na­zi­ri işlədiyini nəzərə alsaq, o zaman heç bir vəzifə tutmayan bir ədi­­bin onun əsərini öz adı ilə təqdim etməsi mümkün de­yil­di. Hələ Əbdürrəhim bəy Talıbovun İranın Birinci Mil­li Məclisinə deputat seçilməsi (deputat seçilsə də, bun­­­dan imtina edib) də göstərir ki, Əbdürrəhim bə­­yin İran dövləti ilə də əlaqələri güclü imiş. Bu, bir da­ha sübut edir ki, onun Məhəmmədhəsən Xan Etimadüssəltənəyə aid olan bir əsərə sahib çıxmaq ki­mi nə imkanı, nə də arzusu olub. Xeyrulla Məmmədovun dili ilə desək, “Əbdürrəhim Talıbov kimi böyük alim və ədibin “Kitab yüklü eşşək” əsəri ilə məşhurlaşmağa ehtiyacı yox idi”.

Hədəf Nəşrlərinin 2014-cü ildə çap etdiyi romanın ye­ni nəşri də Əbdürrəhim bəy Talıbovun adı ilə ve­ri­lib. Əsərin yeni və daha tutarlı faktlar meydana çı­xa­na qədər Əbdürrəhim bəy Talıbova məxsus olduğu qə­­naə­tindəyik. Ümid edirik ki, bu məqalə ilə tədqi­qat­çıların diqqətini bir daha bu əsərə cəlb etmiş ola­rıq.

[1]A.Y.Abuşova. XIX əsrin sonu-XX əsrin əvvəllərində Cənubi Azərbaycan ədəbi-mədəni mühiti – problemlər, müqayisələr. Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası № 3, 2012.

[2]“Kitab yüklü Eşşək”, Mirzə Əbdürrəhim Talıbov. Tərcüməçi M.Mənafi. Bakı, Yazıçı, 1979.

[3]“Kitab yüklü Eşşək”, Mirzə Əbdürrəhim Talıbov. Tərcüməçi M.Mənafi. Bakı, Yazıçı, 1979.