Adəm dindir, Həvva elm!
Nə qədər absurd görünsə də, bəli, ümumilikdə Adəm dini ifadə edir. Yum gözünü, inan, taleyinlə razılaş, sənə biçilən qisməti yaşa!
Həvva isə elmdir. Sual et, maraqlan, daim axtarışda ol, özün özünə tale yaz, ağrılı da olsa, özün et! Sorğula, sualdan sual doğsun, sən də ardınca qaç! Qadınlar tarix boyu kişilərdən cısarətli olublar, yeniliyi onlar doğublar, kişilərə qalsa, hər şey gizlin, sirli, olduğu kimi qalardı! Bunun fərqində olan kişilər qadının bu gücündə şeytanilik görüb, şeytanın təmsilçisi adını veriblər qadına! Tövratda yazılanlardan yola çıxsaq, Cem Yılmaz demiş, qadın kişinin inkişaf etmiş modelidir! Çünki kitab deyir ki, birinci kişini, sonra qadını yaratdı Tanrı. Əlbəttə, birincində etdiyi səhvləri Tanrı ikincidə etməzdi! Qadınlar kişilərdən daha çevik zəkalıdırlar! Türk mifologiyasına baxdıqda yenə qadın kişidən üstün modeldir, çünki Umay Ana Tanrının Anasıdır; ona tanrılığını, güclü olduğunu addımbaaddım öyrədəndir!
Qadın eqosu çox güclüdür, əlinə imkan düşəndə kişidən amansız olur. Çünki min illərdir, qadın kişinin əsiridir! İmkan tapıb əsirlikdən qurtaranlar min illərin yığılıb qalan enerjisini idarə edə bilmir və aqressivləşir. Bu aqressivliyin, eqonun da səbəbkarı kişilər olduğu üçün elə zərbə alan da onlar olur!
Bu üstün model necə oldu ki, kişinin əsirinə çevrildi? Yenə iki mifologiya üz üzə durur, yəhudi mifologiyasından xristianlığa, islama keçən Adəm, Həvva və türk mifologoyasından Umay Ana oğlu Erlik xan! Hər ikisindən də yola çlxsaq, nəticə eyni olur: yaratdığı ikinci və üstün modelin zəkasını qısqanan yəhudi tanrısının qadına qarşı sərt qaydalar qoyması, türk mifologiyasındakı Tenqri Erlik xanın Anasını eşitməməsi, onu saymaması və ona bənzəyənlərə qarşı mərhəmətli olmaması!
Bütpərəstıikdən yəhudiliyə, ordan da sonrakı dinlərə ötürülən həyat şərtləri qadına heç zaman meydan verməyib və təəssüf ki, hazırda dünya məhz bu ideoloji sistemin ağuşunda yaşayır. Amma türk mifologiyasında qadına münasibət daha demokratik idi. Təəssüf ki, bu adət bizdə islamın, bir qismində musəviliyin, digər qismində isə xristianlığın təsiri ilə unudulmaqdadır. Avropa zahirdə bu modeli yırtmaqda kimi görünsə də, əslində, xristianlıqdan gələn mühafizəkarlıq buna imkan vermir!
Əminəm ki, bu iki cinsə bərabər şərait, mühit tanınsa, qadının heç bir halda kişidən zəif varlıq olmadığını görərik! Amma bu bərabərliyi təmin etmək üçün minillərin qadın ruhundakı eqonun, aqressiyanın təsirində kişilər bir min illər də əzilməlidir! Ona görə də hazırda qadın təhlükə mənbəyidir, imkan vermək olmaz üzə çıxsın. O əzilməli, basdırılmalı, əsir saxlanılmalıdır!