Sinqapurdan birinci yazı
Sinqapura səfərim məhz təhsilyönümlüdür. Bura final mərhələsi Sinqapurda keçirilən SEAMO riyaziyyat olimpiadası üçün gəlmişəm.
Əməkdaşlıq etdiyimiz bu olimpiadaya dünyanın 27 ölkəsindən 500-dən çox şagird qatılmışdı. Ölkəmizdən isə 7 nəfər şagird gətirmişdik. İlk dəfə iştirak etdiyimizi nəzərə alsaq, uşaqların sayı, tutduğumuz yerlər normal idi.
Bürünc medalla çempionları bu gün yola saldım və köməkçimin öncədən planlaşdırdığı görüşlərə başladım. Qarşıdakı dörd günün birinci növbəsini müəyyən edilmiş mütəxəssislərlə müzakirələr aparacaq, məktəbləri gəzəcək, günortadan sonra da imkan olsa, turist olacağam. İlk günüm pis başlamadı. Sinqapur Təhsil Şəbəkəsinin direktoru Maykl Klemmlə görüşdük.
Klemm təhsil şirkətləri ilə görüşümüzü planlayan şirkətin rəhbəridir və çox maraqlı insandır. Maykl əslən almandır.
Amma iyirmi ildən çoxdur Asiyada, on beş ildir Sinqapurdadır. Dediyinə görə, Sinqapur kurikulumunun, təhsil menecerliyi sisteminin qurulmasında xidmətləri olub. İlk görüşümüzdə sualım bu oldu ki, niyə Sinqapur və onun təhsili bu qədər populyardır? Axı İngiltərə, Fransa, Almaniya kimi köklü təhsili olan və olduqca uğurlu dövlətlər var. Səbəb nədir? Güldü və dedi ki, indidən sizin fikrinizi qarışdırmayım, gəlin məktəbləri gəzin, sonda mən münasibətimi bildirərəm. İndi desəm, yön verərəm. Cavab aydın idi. Əslinə qalsa, sualın cavabını da təxminən bilirəm. Sanki məqsədim cavabıma təsdiq almaq idi və formalaşmış fikrimə dəstək axtarırdım.
Bir az tanışlıqdan, ordan-burdan söhbətdən sonra Astor Beynəlxalq Məktəbinin qurucusu Elena Holiveylə görüşə yollandıq. Kiçik ibtidai məktəb idi. Məktəbin adı əvvəl Razum imiş. Məktəb Rusiya-Ukrayna söhbətinə görə “Z” hərfinin badına gedib və təcili dəyişiblər. Biznesdir, nə etmək olar. Lazım gələndə milliliyi qurban verməyi bacaran olmasa, ayaq üstə durmaq olmaz.
Gələk məktəbə… Çox sadə, geniş imkanlara malik olmayan özəl məktəbdir. Yəni bildiyiniz yüksək texnologiya və resursla təmin edilmiş məkan deyil. Axı elə bilirik, xaricdə hər şey bizdəkindən yaxşıdır. Elə bu düşüncə ilə yola çıxsaq, xəyallar suya düşmüş olar. Xanım Elena gülərüz olsa da, Allahın bir suyunu belə təqdim etmədi. Onun üçün apardığım suveniri elə hörmətsizcə aldı ki, verdiyimə peşman oldum. Mən də sancmaq üçün guya unutmuş kimi: “Ukraynalı idiniz, ya rus”, – soruşdum. Bir az təəccüblə baxaraq sanki: “Əlbəttə, rus”, – dedi. Mən də öz ürəyimdə tutduğum mənada: “Aydındır”, – dedim. Məktəb və bu qurucu xanımla görüşümüz o qədər ürəyimcə olmadı, açığı. Adam sovet təhsilini görməyib, qurucu olub. Yəni çox gənc idi…
Çox uzatmadan öyrəndiyim bəzi məsələləri bölüşüm:
– Sinqapurluların özəl məktəblərə getməsinə Sinqapur dövləti yaxşı baxmır və buna şərait yaratmır. Beynəlxalq məktəb kurikulumlarını elə dövlət məktəblərində tədris etməyə şərait yaradır. Məsələn, dövlət məktəbləri rahatlıqla Kembric məktəbi kimi fəaliyyət göstərə bilər.
– Sual etdim ki, mən bir valideyn, sizin məktəbi niyə seçim? Dedi ki, bizim siniflərdə iyirmi nəfər şagird olur və… Sonrası o qədər də maraqlı olmadı. Bu mövzu bizim cəmiyyətdə də son vaxtlar müzakirə edilən məsələ idi. Sinqapur dövlət məktəblərində bir sinifdə otuz-qırx şagird ola bilir. Hətta bəzən daha çox. Elə bu fikirdən ağlıma gələn ikinci sual bu oldu: necə olur ki, hər sinfində bu qədər şagirdlə Sinqapur PISA qiymətləndirməsində ön sıralarda olur? Maykl söhbətə müdaxilə etdi:
“Bəli, səhər demək istədiyim elə bu idi, demək istəmədim. O nəticələrin hamısı dərsdən sonrakı hazırlıqların hesabınadır. Məktəbdən sonra ciddi şəkildə repetitor hazırlığı var. Bir səbəb odursa, digəri də valideynlərin təhsilə ciddi önəm verməsidir”. Barmağımı dişlədim. Sirr açıldı. Deməli, təhsilimizin Sinqapur təhsilinə uduzmasının əsas səbəbi repetitorlarımızın nəticəsidir…
– “Müəllimlərin performansını necə qiymətləndirirsiniz, il sonunda onların vəzifələrindəki, maaşlarındakı irəliləyişi necə müəyyənləşdirirsiniz?” – sualıma çox sadə cavab aldım: “Müəllim ilin əvvəlində edəcəyi işlərlə bağlı hədəflərini yazır və bizə təqdim edir. Qəbul ediriksə, onun hədəflərinə çatıb-çatmadığını müşahidə edir, beləcə, qiymətləndiririk”. Əslində, bu, Sinqapur modeli deyil, məncə. Amma təcrübə olsun deyə qeyd edirəm. Məncə, çox maraqlı yanaşmadır.
– “Müəllimin dərs yükü necə olur?” – sualıma da qeyri-adi cavab almadım. Dedi ki, iş saatı 08:00-dan 16:00-a qədərdir. O saatlarda nə qədər istəsək, dərs verə bilirik. Düşündüm ki, ya Elena xanım MDB təfəkkürünü bura gətirib, ya da elə belə olmalıdır…
– Məktəbdə oxuyan bütün şagirdlər başqa-başqa millətlərdən, dövlətlərdəndir. Elə müəllimlər də. Maraqlı idi ki, burada sinfi necə idarə edirlər. Hər millətin özünəməxsus kültürü, dünyagörüşü, mətbəxi var. Biz müxtəlif ailələrdən gələn uşaqların adaptasiyasında əziyyət çəkirik. Bunlar necə edir ilahi?! Xanım eləcə məni anladı. Çox çətin olduğunu dedi: “Düşünün, hindli inək yemir, müsəlman donuz, xristian isə hər ikisini”. Nə qədər mənalı cavabdır, ilahi… Fikrə daldım, gecənin yuxusuzluğu da bir az təsir edirdi… Qəfil: “Başqa sualınız varmı”, – dedi. Dedim: “Bir stəkan su olsa, yaxşı olar”, – haradansa birtəhər tapıb adama bir taran su içdik.
– Dərslikdən istifadə etmirlər, hər şey məktəbdə tədris edilir, ev tapşırığı yoxdur. Demək olar ki, daha çox uşaqların oynamasına, idmanla məşğul olmasına, dərnəklərə getməsinə üstünlük verirlər. Dərslər 13:00-a qədər təxminən iyirmi min manat, birdən sonra qalanlara isə iyirmi beş min manatdır. 8:30-da başlayan dərsin ilk otuz dəqiqəsi siniflərdə idmanla, oyunlarla, onun dili ilə desək, tullanıb-düşməklə başlayır. Açığı, səhər-səhər bu tullanıb-düşmək söhbəti xoşuma gəldi. Bəlkə də, tətbiq edərik.
Sağollaşıb-ayrıldıq və Mayklla sabahın planını qurmaq üçün bir çay içdik. Adam heç cəhd də eləmədi ki, çayı özü alsın. Bunu yaza-yaza düşünürəm ki, bizimki də qarındır. İncidiyim məsələlərə bax, sən Allah; çay almadı, çay təqdim etmədilər. Sonra da gileylənirəm ki, bizim valideynlər il ərzində on şikayət etsələr, onun doqquzu yeməklə bağlıdır, təhsillə yox. Deməli, harada və hansı səviyyədə olursan ol, milli təfəkkür səninlədir, mental dəyərin sənin çiynindədir.
İlk təəssürat olaraq deyim ki, yerli camaat çox gülərüz, mehriban, səmimidir. Vay gəlmələrin halına.
Günortadan sonra Sinqapur Elm Mərkəzinə getdik. Səhərki qarşılanmadan sonra hədiyyə götürmədim və yenə peşman oldum. Elm Mərkəzinin direktoru bizi qarşılayıb elə şirin-şirin: “Mister Şamil”, – deyirdi ki, əliboş getdiyimə utandım. Heyəti ilə qarşıladı. Kiçik bir görüş etdik, sonra mərkəzi özü gəzdirdi. Gün maraqlı keçdi. Hazırda burada saat 03:34-dür. Dedim, qeydlərimi yazım ki, sabahla qarışmasın, ola bilsin ki, sonrakı yazılarda buradakılarla üst-üstə düşməyən fikirlər oldu. Əmin olun, günahkarı mən deyiləm, Elena xanımdır…
Şəmil Sadiq
Sinqapur, Aşngri-la