Aylıq arxivlər

Mart 2024

Hekayə

SƏRBƏST İNŞA

samil sadiq

SƏRBƏST İNŞA

Şəmil SADİQ

– Salam, uşaqlar, necəsiniz? Açın dəftərlərinizi, hərəniz bir qoşa vərəq çıxarın, – demişdim ki, sinif dəydi bir-birinə.

Uşaqlar bir ağızdan:

– Ay müəllim, vərəqi nə edirik? – soruşdular.

– İnşa yazacağıq, daha doğrusu, sərbəst inşa.

– Axı əvvəlcədən deməmisiniz, hazır deyilik. Necə yazacağıq?

– Elə ona görə deməmişəm ki, hazır olmayasınız. Yoxsa hamınız eyni şeyi yazırsınız.

– Bəs dünən yazdığımız inşa necə olacaq?

– Heç necə. O inşalar ləğv edildi, yenisini yazacağıq, – deyə-deyə səliqəsiz xəttimlə lövhəyə yekə hərflərlə: “Mən nə istəyirəm?” – yazdım.

Uşaqlar isə hələ də etiraz edir, yazmamaqda israrlı görünürdülər:

– Müəllim, düzgün deyil axı. Heç vaxt belə inşa yazmamışıq. Əvvəlki müəllimiz qabaqcadan deyərdi, hazırlaşardıq. İndi heç nədən xəbərsiz inşa yazmaq olar?

Bir-iki uşaqdan başqa hamı eyni fikirdə idi. Amma sinfin liderlərindən olan Tamerlan bir az da irəli gedib pedaqoji qaydalardan söhbət saldı.

– Müəllim, hüquqlarımızı tapdalayırsınız. İnşa əvvəlcə elan olunmalı, sonra yazdırılmalıdır.

– Onda məhkəməyə müraciət edərsiniz, – deyib guya zarafata saldım.

Heç gülən də olmadı. Sinif, az qala, nəzarətdən çıxırdı. Klassik müəllimlər kimi təbaşiri partaya dayayıb bir-neçə saniyəlik üzlərinə baxdım və ciddi tövrlə:

– Cəld olun, vaxt gedir! – dedim.

Çarəsiz qalan uşaqlar başqa sual  verməyə başladılar:

– Ay müəllim, bu nə inşadır? Belə də inşa adı olar?

– Heç mövzu da bəlli deyil. “Mən nə istəyirəm?” Ha-ha-ha… Yox bir…

– Ay müəllim, bizim nə istədiyimizin sizə nə dəxli var?

– İstədiyimizi verə biləcəksiniz?

Yaxşı oxuyan qızlardan biri:

– Niyə elə deyirsiniz? Məsələn, mən Qarabağın işğaldan azad olunmasını istəyirəm, – dedi.

Müasir dillə desək, bir bullinq başladı, gəl görəsən…

– Yaxşı görək, sən də az yaltaqlan müəllimə, – deyib qızı top atəşinə tutdular.

Yazıq uşaq dediyinə peşman olmuşdu. Gözlərimə baxıb məndən kömək istəyirdi. Hiss etdim ki, doğrudan da, uşaqlar inşanın mövzusunu başa düşməyiblər.  Bir az qəliz imiş. Bu sinfə cəmi üç ay idi, dərs deyirdim. Üstəlik, birinci dəfə idi ki, 10-cu sinif götürmüşdüm. Yaş fərqimiz çox az, üstəlik də, nə onlar məni yaxşı tanıyır, nə mən onları. Həmişə aşağı siniflərə dərs dediyim üçün 10-cu sinfə girmək çox çətin gəlirdi. Aşağı siniflərdə nə deyirsən edirlər, bir az qorxu hissi var. Amma 10-cu sinif olasan, şəhərin mərkəzində yerləşən adlı-sanlı məktəbdə oxuyasan… Orada dərs keçmək olar? Hamısı universitetə hazırlaşır, arabir bizim xətrimizə məktəbə də gəlirlər ki, qaib-filan olmasın. Təcrübəli müəllimlər bu vəziyyətlə çoxdan barışıb. Mən isə cəmi üç ildir, işləyirəm. Bu vəziyyətə də birinci dəfə düşürəm. Adam yeni işə başlayanda elə bilir, dünyanı o düzəldəcək, hər şeyi qaydasına salacaq, Cəbiş müəllim kimi dediyindən dönməyəcək. Amma sonralar öyrəndim ki, yuxarı siniflərdə uşaqlarla sadəcə ortaq bir yol tapmaq lazımdır. Sənin qaydaların işə yaramır; palaza bürün, elnən sürün, iş bitsin. İnşanı da ona görə ləğv etmişdim ki, hamısı haradansa bir yazı tapıb, köçürüb, gətirib, qoyub qabağıma. Yaradıcılıq yox, münasibət yox, eləcə köçürüblər. Dəli olmuşdum. Belə də inşa olar? Heç olmasa, dörd-beş variant olardı, o da yox idi. Yaxşı oxuyanlardan biri tapır, sonra hərə öz dəftərinə köçürür, dəftəri qarşılarına qoyub bir də sinifdə köçürürlər. Ona görə də düşünmüşdüm ki, bunlara elə mövzu deyim ki, təkrarlaya bilməsinlər. Allahdan inşada qrammatik xətalara o qədər fikir verən deyildim. Mənə görə əsas məzmun idi. Şagirdlər öz duyğu və düşüncələrini yazı qaydalarına riyaət etmədən də yazanda qrammatik yazı qiymətini məzmuna uyğunlaşdırırdım. Fikrimi uşaqlara da beləcə dedim. Qəşəng bir çıxış edib başa saldım ki, mənə sizin sözləriniz, fikirləriniz lazımdır, başqalarının yox. Məna yaxşı olacaqsa, qrammatik xətaların hamısını bağışlayacağam. Təki ürəyinizdən keçənləri yaxşı ifadə edin. Kim nə istəyir, kimin hazırda düşüncəsi, arzusu, etirazı nədir, onu yazsın. Amma səmimi, elə düşündüyü kimi. Bir xeyli izahdan sonra uşaqları inandıra bildim və başladılar yazmağa. İki qoşa saatımı buna həsr etdim. Dərsin sonunda hamı vərəqini verdi. O dərsdən sonra “pəncərəm” olduğu üçün vaxtım vardı. Başladım inşaları yoxlamağa. Doğrudan da, hərə öz ürəyindən keçəni yazmışdı. Bir-iki çoxbilmiş müəllimin xoşuna gəlmək üçün mövzunu “vətən”, “şəhidlər”, “ana” seçmişdi. Bu mövzuları uşaqlar birinci sinifdən işləyir, hər dəfə müxtəlif adlarla bunlara toxunurlar. Ona görə də bu mövzuları kənara qoyub oxumadım. Açığı, səmimi gəlmədi. İçində maraqlı olanları da vardı, biri maşınlardan, digəri telefonlardan, başqası sevgidən və sairə yazmışdı. Amma Safuranın yazısı ömür boyu unutmayacağım inşalardan idi. Bəlkə də, məni müəllimliyə bağlayan elə bu inşa oldu. O qədər səmimi idi ki, inşanı oxuyan kimi sinif rəhbərindən atasını məktəbə çağırmağını istədim. Safuranın yazdığı inşanı uzun müddət arxivimdə saxlasam da, kirayə mənzillərə köçhaköçdə itirdim. Gəlin inşadan yadımda qalan bir neçə cümləni sizinlə də bölüşüm:

“Salam, müəllim. Bilirsiniz, nə istəyirəm? İstəyirəm ki, siz məndən əl çəkəsiniz, atam-anam, məktəb əl çəksin! Bezmişəm! Niyə məktəbə gəlməyə məcburam? İstəmirəm də oxumaq! Əl çəkin, siz allah! Mən o-xu-maq is-tə-mi-rəm! İstəmirəm! Qoyun bədbəxt olum, adam olmayım, amma məndən əl çəkin! Universitetə-filan getməyəcəyəm. Niyə bu mənasız dərslərlə vaxtımı alırsınız? Niyə mənim arzularımı baltalayırsınız, ay müəllim? Gedirəm evə, evdəkilər deyirlər, səhər naxıra, axşam axura, gəlirəm bura, müəllimlər deyirlər, səhər naxıra, axşam axura. İnsan yetişdirmək budursa, sizə qalsın, mən istəmirəm. İstəyirsiniz, “iki” yazın, sinifdə saxlayın, mən oxumayacağam. Mən saç ustası olmaq istəyirəm, gec-tez də olacağam. Amma atamın gərəksiz tələbləri, yalançı namus-qeyrət davası imkan vermir. Saç ustası olanda nə olacaq, məni almayacaqlar, adım çıxacaq?! Cəhənnəmə çıxsın! Mən arzuma çatacağamsa, heç vecimə də deyil! İndi bildiniz, nə istəyirəm?! Bildinizsə, əl çəkin! Qoyun adam kimi yaşayım! Guya “üç” yazsanız, nə olacaq ki?! Müəllim, əl çəkin məndən! Kefiniz istəyir, qiymət yazmayın, amma məni heç vaxt buna görə danlamayın! O-xu-ma-ya-ca-ğam! Vəssalam!”

 

Dəhşətə gəlmişdim, həm yazının səmimiliyi, həm qızın cəsarəti, həm düşdüyü vəziyyət adamı dəli edirdi. Bilmirdim, bunu yazdığına sevinim, yoxsa kədərlənim. Təcili qızın atasını çağırtdırdım ki, onunla söhbət edim, uşağa təzyiqini azaltmaq lazım olduğunu deyim. Düşünürdüm ki, atanı inandıra bilərəm. Axı bu qız evdən qaça, canına qəsd edə bilərdi. Niyə onu buna vadar edək ki?! Çox əmin idim yaxşı iş gördüyümə. Həm də qürurlanırdım. Əsərlərdə oxuduğum, kinolarda gördüyüm müəllim kimi olacağımla fəxr edirdim. Beləcə, qərarımı qətiləşdirib Safuranın atasını məktəbə çağırtdırdım.

Sabahı dedilər ki, bir valideyn gəlib, sizi görmək istəyir. Direktor müavinindən icazə aldım ki, olar valideynlə həyətdə görüşüm? O da “yox” demədi. Aşağı düşdüm, ata ilə görüşdüm, ağlıma gəldi ki, bir çay içək. Məktəbin yaxınlığında bir kafe vardı, ora dəvət etdim. Ata qaş-qabaqlı, ciddi görkəm almışdı. Həm çox rahat idi, həm də gözləri ilə: “İşiniz-gücünüz qurtarıb sizin, məni niyə avara eləmisiniz?!” – deyirdi. Mən isə dünəndən ona nə deyəcəyimi düşünür, götür-qoy edirdim. Oturmağını istədim, çay sifariş verib söhbətə başladım:

– Bilirsiniz, mən qızınızın Azərbaycan dili müəllimiyəm. Dünən qızınız mənə bir məktub yazıb…

Söz ağzımda qaldı, bunu deməyimlə kişinin yaxamdan yapışmağı bir oldu. Aləm dəydi bir-birinə. Çay dağıldı, masa aşdı:

– Sən kimsən?! Sən nə demək istəyirsən?! Sən necə müəllimsən?! Dünənin uşağısan, özünü nə hesab edirsən?! Qızım haqqında necə belə danışa bilərsən?! Hələ bir utanmaz-utanmaz məni görüşə də çağırmısan?!

Kişi ilə əməlli-başlı tutaşdıq. İmkan da tapa bilmirdim ki, fikrimi deyim. Məni elə silkələyirdi, sanki bu dəqiqə öldürəcəkdi. Gözlərindən, az qala, qan damırdı. Uzun sözün qısası, kafeni işlədənlər məni tanıdıqları üçün birtəhər kişinin əlindən alıb:

– Müəllim, sən qaç, biz onu sakitləşdirərik, – deyib yola saldılar. On-on beş metr qaçdım da, nə yalan deyim… Sonra yadıma düşdü ki, məktəbin yanındayam, görən olar.

Üst-başımı düzəldib məktəbə girdim. Hirsimdən boğulurdum. Həm özümə əsəbiləşirdim, həm ona. “Məktub” nə idi?” – deyə yamanlayırdım özümü. Dünəndən o boyda hazırlaşmısan… Elə bu idi əlindən gələn?

Mən gənc adam, Safura da yeniyetmə qız… Mənə məktub yazıbsa, deməli, başqa nəsə var… Ata da mühafizəkar qədeş. Gəl indi başa sal ki, məktub deyil e-e, inşadır. Nəysə, ata dalımca məktəbə gəlir, mühafizəçilər içəri buraxmırlar. Direktor müavinimiz sakitləşdirib yola salır. Məndən: “Nə məsələdir?” – soruşdu. Vəziyyəti izah etdim, niyə çağırdığımı dedim, inşanı da verdim ki, oxusun. Direktor müavini nurani bir kişi idi. Başını buladı.

– Belə şeyi niyə kənarda edirsən? Birinci bizimlə məsləhətləş, yol göstərək. Neçə dəfə yatıb çıxıb, təhlükəli adamdır. Bunu belə etməzlər ki, – fikrimi bəyəndiyini də dedi, – Sabah çağırıb özüm danışaram.

Amma sabah yox, elə həmin gün atanın nömrəsini tapıb onunla danışmış, vəziyyəti izah etmiş: “Səhər gəlin, bir yerdə oxuyaq”, – demişdi.

Ata da: “Ora gəlsəm, o dünənin uşağını öldürəcəyəm. Dayısı ilə anası gələr”, – cavabını vermiş, mənə də bir-iki qəşəng sifariş göndərmişdi.

Səhəri gün gəldilər, kiçik iclas elədik. İsrarla qızdan əl çəkmələrini, ona kömək lazım olduğunu dedim.

– Mən qiymətini yazacağam, amma onu çox sıxmayın. Qoyun istədiyi işlə məşğul olsun, – söylədim.

Bu dəm dayı əsəbiləşdi:

– Siz nə dediyinizi bilirsiniz? Bilirsiniz, kimlər “parixmaxır” olur, kimlər salon işlədir?

Düzünü deyim ki, kənd uşağı olduğumdan bu mövzuda məlumatım yox idi. Sonralar öyrəndim ki, guya ancaq yüngül əxlaqlı qadınlar salon işlədir. Amma bu hadisə mənə ciddi dərs oldu. Xəta ən böyük dərsdir. İnşalarda da yumşaldım, oldum hamı kimi. Valideynlərlə ünsiyyətə də diqqət yetirməyə çalışdım, daha rəhbərlikdən xəbərsiz addım atmadım.

Bu hadisəni, az qala, unutmuşdum. Bu yaxınlarda həmin sinifdə oxuyan uşaqlardan biri ilə rastlaşdım. Xeyli söhbətləşdik. Məni də uzun-uzadı təriflədi, uşaqların məni çox istədiyini dedi. Artıq yeddi-səkkiz il idi ki, məktəbi qurtarmışdılar, hərəsi bir yerdə işləyirdi. Xatırladığım uşaqları soruşdum: nə edirlər, necədirlər?.. Birdən yadıma Safura düşdü:

– O nə edir? – soruşdum.

Cavab verdi ki:

– Müəllim, Safura özünə əməlli-başlı iş qurub. Şəhərin müxtəlif yerlərində VİP salonları var. Özünü tutub.

Bu söz elə məni də tutdu:

– Necə? Salonu var?

– Bəli müəllim. Həm də beş-altı yerdə.

– Axı ailəsi imkan vermirdi. Necə oldu bu?

– Müəllim, o qız çox bilmiş idi. Məqsədinə çatmaq üçün hər şey edərdi. Gördü atası qoymur, hicaba büründü, sonra da icazə verdilər. Heç ərə də getməyib. Təzə işə başlayanda demişdi, “Saç ustası olacağam, ona görə də atamı razı salmaq üçün hicab geyinirəm ki, arxayınlaşıb məndən əl çəksinlər”. Ay müəllim, amma sizi də unutmur ha-a. Deyir, “Bunu Kamil müəllimə borcluyam. O inşanı yazdırmasa, sonra o inşaya görə mənə hamının yanında “5” verməsə, mən də özümdə cəsarət tapmayacaqdım. Həmin inşanı yazanda nə istədiyimi bir daha dərk etdim”.

Kövrəlmişdim… Həqiqətən, “Əkdiyin toxumlar bir gün cücərəcək” deyimi doğru imiş… O vaxt nə qədər səhv etdiyimi fikirləşsəm də, indi nə qədər düz addım atdığımı anlayırdım…

Xəbərlər

Buraxılışda və qəbulda eyni fənlərdən imtahan nəyə lazımdır?

Buraxılışda və qəbulda eyni fənlərdən imtahan nəyə lazımdır?

Bildiyiniz kimi, ali məktəblərə qəbul imtahanlarımız iki mərhələdə aparılır. Birinci mərhələ həm də orta təhsil pilləsini bitirən şagirdlər üçün buraxılış imtahanıdır. Buraxılış imtahanı Azərbaycan dili, riyaziyyat, ingilis dili üzərindən, qəbul imtahanlarının ikinci mərhələsi olan, el arasında hələ də “qrup imtahanları” adlandırılan blok imtahanlarında isə istiqamətlər üzrə fənn imtahanları keçirilir. Çox maraqlıdır ki, ikinci mərhələ imtahanlarında birinci mərhələdə Azərbaycan dilindən imtahan verən şagirdlər III blokda yenidən Azərbaycan dilindən, I və II blokda isə yenidən riyaziyyat fənnindən imtahan verirlər.
Bu heç bir halda qəbul edilə bilən və məntiqli deyil. Rəsmilər bunun “niyə”sini belə izah edirlər ki, abituriyentin seçəcəyi ixtisasa görə blokda eyni fəndən ona görə imtahan verilir ki, bilik daha dərinləməsinə ölçülsün. Bu fikrin özü belə yanlışdır. “Daha dərinləməsi” dedikdə daha çətin suallar nəzərdə tutulur. Bu isə abituriyentlərə əlavə yük, artıq stres, valideynlərə isə əlavə maddi yük, DİM-in özünə əlavə iş, büdcəsinə əlavə təsir (mənfəət və zərər, fərqi yoxdur) deməkdir. Bu dediklərim nəzərə alınsa, DİM-in mart-sentyabr ayları arasında uzun bir qəbul prosesi də asanlaşar. Halbuki DİM-in rəsmiləri də hər dəfə dilə gətirir ki, bu proses ağırdır və ona görə də belə uzun zamanı əhatə edir.
Nəzərə alsaq ki, III blok şagirdlərinin ikinci mərhələdə verdiyi Azərbaycan dili dil fənni sadəcə filologiya fakültələrinə faydalı ola bilər, o da olsa. Belə ki, III blokda tarix, ibtidai sinif, sosial iş və sairə kimi fakültələrdə bu fəndən sadəcə qrammatika üzərindən aparılan ikinci sorğulamanın əlavə yükdən başqa heç bir nəticəsi yoxdur. Heç filologiya fakültələrinə qəbul olmaq istəyənlər üçün də lazım deyil. Eyni prinsipi biz I və II blokda riyaziyyata aid edə bilərik. Sadəcə riyaziyyat və informatika fakültələri üçün qismən faydalı olan ikinci eyni fəndən – riyaziyyatdan imtahan qida sənayesi, kimya mühəndisi, coğrafiya müəllimləri üçün gərəkli deyil.
Biz qəbul imtahanlarına universitetə buraxılış imtahanı kimi baxmamalıyıq. Şagirdlər məktəbi bitirib universitetə ona görə qəbul olurlar ki, öz ixtisasını daha yaxşı mənimsəsin, mütəxəssis olsun. Amma abituriyentdən soruşulan bilik isə mütəxəssisdən soruşulan bilik səviyyəsindədir ki, bu böyük yanlışdır. Axı biz orta məktəb buraxılışını niyə bu qədər çətinləşdirməliyik? Məhz bu cür yanaşma repetitorluğun genişlənməsinə, dərinləşməsinə rəvac verir. Bu isə valideynlərin narazılığına, təhsildən, dövlətdən narazı qalmasına gətirib çıxarır ki, bunu isə heç bir məmur istəməməlidir. Təhsildən narazı kütlə qəbul prosesinin ağırlığından daha şiddətli narazı zümrəyə çevrilir. Çünki yaradılan bu cür çətin qəbul prosesi birbaşa valideynin büdcəsi hesabına başa gəlir ki, bu da məktəblərin nüfuzuna xeyli xələl gətirir.
Soyuq başla düşünəndə bir fəndən iki dəfə imtahan götürmək heç nəyə fayda vermir. Mürəkkəblikdən başqa heç nəyə yaramayan bu sistem aradan qaldırılmalıdır. Bir zamanlar mərkəzləşdirilmiş imtahan söhbəti gedirdi, indiki model guya ona yaxınlaşıb, amma tam deyil. Nə olar ki, buraxılış imtahanında götürülən o üç fənn elə qəbulun nəticəsi kimi də qəbul edilsin. Axı gənclik yazıqdır, valideynlər çətinlik çəkir, dövlət büdcəsindən əlavə xərclər yaranır.
Dediklərimin hər biri üçün hər iki qurumla müzakirəyə də, debata da hazıram. Kimsə məni inandırsın ki, bir filoloq olmaq istəyən üçün iki dəfə sorğu-sual etmək onun gələcək peşə fəaliyyətinə faydalıdır, hələ digər ixtisas sahiblərini demirəm.
Hörmətli Elm və Təhsil Nazirliyinin də, Dövlət İmtahan Mərkəzinin də rəsmiləri dövlətimiz və millətimizin gələcəyi naminə bu məsələlərə geniş vaxt ayırıb, ciddi müzakirələr aparıb, daha uğurlu və sadə model müəyyənləşdirsələr, necə də gözəl olar. Təhsildə başqa maraqlar, eqolar, ambisiyalar heç bir halda qəbul edilən deyil. Təhsil güzəşti sevir, motivasiyanı sevir, inamı sevir, özgüvənin məhv edilməsini, stresi yox!

Xəbərlər

“Hədəf – 15” döş nişanı təqdimatı

“Hədəf – 15” döş nişanı təqdimatı

“Hədəf – 15” döş nişanı təqdimatı

Hədəf Şirkətlər Qrupu fəaliyyətinin 15 illiyi münasibətilə “Hədəf – 15” döş nişanı tərtib edib.

shamilsadiq.az xəbər verir ki, Hədəf Şirkətlər Qrupunun tərkibində Hədəf Kursları, Hədəf STEAM Liseyi, Balabilgə Uşaq Bağçası, Hədəf Nəşrləri, XAN Nəşriyyatı, Sınaq İmtahan Mərkəzi, Karyera mərkəzi, Xaricdə təhsil və olimpiada mərkəzi fəaliyyət göstərir. Şirkətin bütün qolları tədris istiqamətində cənab Prezident İlham Əliyevin təhsillə bağlı islahatlarını nəzərə alaraq yola davam edir.

Hədəf Şirkətlər Qrupu yarandığı gündən təhsilin inkişafı, təhsillə bağlı mütərəqqi layihələrin dəstəklənməsi, dərslik və əlavə dərs vəsaitləri ilə təminat, milli və beynəlxalq təhsil kurikulumlarına əsaslanan və ölkəmizdə ilk STEAM əsaslı liseylərlə bilgə azərbaycanlı yetişdirmək, “Dəyərlər” konsepsiyası yaratmaq və tətbiq etmək sahəsində uğurla fəaliyyət göstərir.

Fəaliyyəti müddətində şirkət bir sıra dövlət və özəl qurumlarla əməkdaşlıq edir, həm dəstək alır, həm də təcrübə proqramları, təlimlər və s. ilə gələcəyin təhsil işçilərinə dəstək olmağa çalışır.

2023-cü ilin dekabr ayında isə Hədəf Şirkətlər Qrupu təhsil sahəsində çalışan və uğurlu fəaliyyəti ilə fərqlənən şəxslər üçün “Hədəf – 15” döş nişanı təsis edib. Bu nişan təhsil sahəsindəki xidmətlərinə görə 100 nəfər üçün müyyən edilib.

PİMSO-nun mükafatlandırma mərasimində bir qrup təhsil işçisi “Hədəf – 15” döş nişanı ilə təltif olunublar:

1. Mehman Həsənli – AMEA Nizami adına Ədəbiyyat İnsitutunun icraçı direktoru;
2. Elçin İbrahimov – türkoloq alim, filologiya elmləri doktoru;
3. Nadir İsrafilov – təhsil eksperti, Azərbaycan təhsilinin ağsaqqalı;
4. Səkinə Həsən – Azərbaycan Gənc Müəllimlər Assosasiyasının sədri;
5. Ayşən Camalzadə – “ASAN könüllüləri” təşkilatının sədr müavini;
6. Almaz Həsrət – 3 nömrəli tam orta məktəbin direktoru;
7. Adil Vəliyev – BMU-nun əməkdaşı;
8. Məzahir Məmmədli – “Məktəb Günəşi” jurnalının baş redaktoru.