Aylıq arxivlər

İyul 2024

Xəbərlər

Mədəniyyət Nazirliyi yanında İctimai Şura ilə ANAİB birgə müzakirə keçirib

Mədəniyyət Nazirliyi yanında İctimai Şura ilə ANAİB birgə müzakirə keçirib

Mədəniyyət Nazirliyi yanında İctimai Şura ilə “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) “Azərbaycan kitabçılığının durumu: dövlət və özəl sektor əməkdaşlığı” adlı birgə müzakirə keçirib. Müzakirə Azərbaycanda Atatürk Mərkəzində iyulun 2-də təşkil olunub.

shamilsadiq.az-a istinadən xəbər verir ki,
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini Əkbər Qoşalının aparıcılığı ilə keçən
görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli, eləcə də həmin şöbənin iki əməkdaşı, ANAİB-ə üzv olan iyirmi iki, üzv olmayan üç nəşriyyatın rəhbəri, QHT və media nümayəndələri, təşkilatçı qurumların rəhbərləri – ANAİB İdarə heyətinin sədri Şəmil Sadiq, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, Millət vəkili, akademik Nizami Cəfərov və Şura üzvləri iştirak edib.
Giriş nitqi ilə çıxış edən ANAİB İdarə heyətinin sədri Şəmil Sadiq görüşün məqsədindən, kitabçılıq sahəsində dövlət və özəl sektorun rahat və sıx ünsiyyətinin vacibliyindən danışıb, 27 nəşriyyatın ANAİB-də bir amal uğrunda birləşdiyini dilə gətirib.
Ş.Sadiq Azərbaycan Naşirlərinin I Forumu və III Uşaq Kitab Festivalından söz açıb; kitaba təşviq layihələrinin yetərli olmadığını, gənc ədiblərin əsərlərinin nəşrinin arzuolunan şəkildə stimullaşdırılmadığını, kitabxanalara kitab alışının azlığını, tərcüməyə dəstək proqramının hələ də həyata keçirilmədiyini vurğulayıb.
O bildirib ki, ölkəmizdə özəl qurumların təsis etdiyi ədəbiyyat və sənət dərgilərinin durumu acınacaqlıdır. Dərgi mədəniyyəti demək olar, tənəzzüldədir. Dərgilərin diqqətdən qıraqda qalması, onların kitabxanaların fonduna əlavə edilməməsi, dövlət dəstəyinin yoxluğu nəşriyyat sahəsinin xüsusi problemidir.
ANAİB sədri ictimai-siyasi, idman media orqanlarına edildiyi kimi ədəbi dərgilərə də dəstəyin vacibliyini dilə gətirib.
“Təhsil” nəşriyyatının direktoru Tural Axundov mətbəə ilə nəşriyyat sahələrin vəhdətdə inkişafını önə çəkib və bu sahələri ayırmağın doğru olmadığını vurğulayıb. O, Mədəniyyət Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin kitab alışı siyasətindən razılığını ifadə edib.
Çıxış üçün növbəti söz “Parlaq İmzalar” nəşriyyatının direktoru Nurman Tariqə verilib.
N.Tariq ədəbiyyatın və dilin dövlətin mədəniyyət strategiyasında ən önəmli faktor olduğunu vurğulayıb.
O bildirib ki, kitabxanaların fəaliyyəti genişləndirilməli, bu qurumların fondu üçün kitab alışı artırılmalı, eyni zamanda, kitabxanalardakı kiril qrafikalı kitablar latın qrafikalı olanlarla əvəzlənməlidir.
Nurman Tariq ölkədə Kino Agentliyinin olduğu kimi Kitab Agentliyinə də ehtiyac duyulduğunu bildirib.
“Əlfəcin” nəşriyyatının və Göygöl şəhərində fəaliyyət göstərən “Göygöl” Kitab Evinin rəhbəri Mübariz Həsənov bölgələrdə kitabçılığın əsas problemlərindən söz açıb. Mədəniyyət Nazirliyinin regionda təşkil edilən kitab sərgilərinə dəstəyinin, kitabxanalar üçün kitabların mətbəələrdən yox, nəşriyyatlardan satın alınmasının, hər rayon mərkəzində (ilkin olaraq) bir pilot kitabxananın yaradılmasının və bu təcrübənin daha sonra qəsəbə-kənd kitabxanalarında tətbiqinin, Bakı Beynəlxalq Kitab Sərgisində nəşriyyatlara daha çox yer ayrılmasının önəmini qeyd edib.

Növbəti çıxış üçün söz alan “Ağıllı Bala” nəşriyyatının rəhbəri Fatimə Alxaz ölkədə uşaq kitabları, uşaq yazarları və illüstratorları probleminə diqqət çəkib, uşaq ədəbiyyatının inkişafı ilə bağlı məsələlərdən danışıb.
F.Alxaz uşaq ədəbiyyatı ilə bağlı bir neçə nominasiyada mükafatın təsisi, uşaq yazıçılarının həvəsləndirilməsi, ölkədə və xaricdə tanınması yönündə silsilə tədbirlərin həyata keçirilməsi mövzusunda təkliflər irəli sürüb.
Çıxışçı 6 – 9 iyun tarixlərində keçirilən III Uşaq Kitab Festivalının konsepti barədə danışıb və müvafiq qurumların rəsmilərinin məsələyə daha üstün diqqətinin arzu olunduğunu deyib.

“Altun Kitab” nəşriyyatının rəhbəri Rafiq İsmayılov vurğulayıb ki, özəl sektorun bu sahəyə nə dərəcədə məsuliyyətlə yanaşacağını dövlətin strategiyası təyin edir. Ona görə də kitabçılığın, ədəbiyyatın əsas qoruyucu qurumu olan Mədəniyyət Nazirliyi bu sahəyə diqqətini artırmalı, yeni layihələrlə çıxış etməlidir.

Daha sonra “Libra Kitab” nəşriyyatının direktoru Veysəl Məmmədov çıxışında bu sahə üzrə xarici əlaqələrdən, beynəlxalq kitab sərgilərindən bəhs edib. Ölkəmizdə keçirilən Bakı Beynəlxalq Kitab Sərgisinin hazırlıqlarının il boyu aparılması, naşirlərin bu prosesdə yer alması, il boyu dövlət tərəfindən keçirilən sərgi və tədbirlər barədə geniş məlumatların verilməsi kimi məsələlərinin vacibliyini vurğulayıb.

İctimai Şuranın dədr müavini Vüqar Qədirov öz çıxışında bir sıra köklü məsələlərə, o cümlədən təhsil mövzusuna toxunub.

“Qələm” nəşriyyatının rəhbəri Hafiz Eyyubov bildirib ki, ölkəyə idxal olunan kağız ƏDV-dən azad olsunsa da, bu qayda yalnız Rusiyadan gətirilən kağızlara şamil edilir, Avropadan gətirilənlərə şamil edilmir. O, sözügedən problemin tezliklə həlll edilməsinin vacilbiyini diqqətə çatdırıb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa bu tədbirə əsasən problem dinləməyə gəldiyini deyib. Ölkədə kitab oxumayan, özünü kadr kimi yetişdirməyən gənc insanların az olmadığından, bunun da səbəbinin müəllif problemi ilə bağlanmadığından, dərin fəlsəfi kitabların yazılmamasından, tərcümələrin isə qənaətbəxş olmadığından, bu sferada terminologiyanın inkişaf etməməsindən, məktəblilərin yazı bacarıqlarının əskikliyindən, məktəblərdə oxuya təşviqin azlığından söz açıb.
F.Mustafa vurğulayıb ki, dövlət son zamanlar aktivləşən kitab sərgilərinə bacardıqca çox dəstək verməli, bunun üçün özəl sektordan layihələr istəməli, bu təşkilatçılıqda öz resurslarından səmərəli istifadə etməlidir.

İctimai Şuranın sədri Nizami Cəfərov öz nitqində Mədəniyyət Nazirliyi Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyasının fəaliyyətinin genişləndirilməsini təklif edib, qurumu ANAİB tərəfindən təşkil olunan silsilə kitab sərgilərinə aktiv dəstək verməyə çağırıb.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov regionlarda keçirilən kitab sərgilərində Mədəniyyət Nazirliyinin həmişə öz resurslarından istifadəyə hazır olduğunu bildirib. Hətta indiyə kimi keçirilən kitab sərgilərinin bir xeylisi üçün müxtəlif bölgələrdə məkan və bəzi imkanların təşkilatçılara təklif edildiyini deyib.
O, xaricdə keçirilən müxtəlif beynəlxalq kitab sərgilərində iştirak üçün həmişə yerli nəşriyyatlara şərait yaradıldığını, bu il bir neçə sərgiyə özəl sektor nümayəndələrinin də cəlb olunduğunu, bütün xərclərin nazirlik tərəfindən qarşılandığını qeyd edib.
F.Cəfərov Mədəniyyət Nazirliyi Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyasının fəaliyyət planının hər il detallı şəkildə elan edildiyini, nazirliyin kiril qrafikalı kitabların latın qrafikalı kitablarla əvəzlənməsi üçün işlər apardığını, Kitab Agentliyinin yaradılmasının planlar arasında olduğunu, Azərbaycan ədəbiyyatına dəstək layihəsi üzərində işlər getdiyini, kitabxanaların effektiv fəaliyyəti ilə bağlı “yol xəritəsi”hazırlandığını və son olaraq ANAİB tərəfindən təşkil olunan Azərbaycan Naşirlərinin I Forumu və III Uşaq Kitab Festivalında Mədəniyyət Nazirliyinin müvafiq şöbənin əməkdaşlarının qatıldığını vurğulayıb.
Nazir müavini müzakirələrin gələcək fəaliyyət və işbirliyi üçün faydalı olacağına inandığını söyləyib.