Azərbaycanın ilk dəfə “fəxri qonaq ölkə” olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib
Noyabrın 2-də 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib.
“Uşaqlıq şənlikdir” şüarı altında TÜYAP kompleksində təşkil olunan sərgi bu il ölkəmiz üçün xüsusilə əlamətdardır. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan ilk dəfə sərgidə “fəxri qonaq ölkə” qismində iştirak edir.
Sərginin açılışında İstanbul valisi Davud Gül, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Ekrem İmamoğlu, TÜRKSOY-un baş katibi Sultan Raev, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Nəşriyyatlar Baş İdarəsinin rəhbəri Taner Bəyoğlu, Türkiyə Yayınçılar Birliyinin sədri Kenan Kocatürk, Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini Xalq yazçısı Çingiz Abdullayev, Xalq yazıçısı Elçin, eləcə də ölkəmizdən və Türkiyədən tanınmış və gənc yazarlar iştirak ediblər.
TÜYAP Sərgi Kompleksinin rəhbərliyindən İlhan Ersözlü çıxış edərək 41-ci İstanbul sərgisi münasibətilə təbriklərini çatdırıb.
İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Ekrem İmamoğlu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Nəşriyyatlar Baş İdarəsinin rəhbəri Taner Beyoğlu, Türkiyə Yayınçılar Birliyinin sədri Kenan Kocatürk, İstanbul valisi Davud Gül, sərginin “fəxri yazarı” Yalvaç Ural və başqaları çıxış edib, sərginin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, belə bir nüfuzlu sərginin “fəxri qonaq ölkə”si olmaqdan məmnunluq duyduqlarını diqqətə çatdırıb. Sərgi haqqında məlumat verərək Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkürünü bildirib, sərginin işinə uğurlar arzulayıb.
Daha sonra tədbir iştirakçıları sərgi məkanında Azərbaycan stendinin açılışında iştirak ediblər. Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin böyük stendi qurulub.
Stenddə Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinə üzv 20- dən çox nəşriyyatın ümumilikdə 2000-dən çox nümunəsi də yer alır. Birliyin sədri Şəmil Sadiq naşirlərlə birlikdə sərgi ziyarətçilərini qəbul edərək ədəbi müzakirələr keçirib, imzalı kitablarını hədiyyə edib. Müəllifin “Od Erler” romanı sərgi ziyarətçiləri tərəfindən xüsusi maraqla qarşılanıb.
Xəbərlər