Günlük arxivlər

15/11/2024

Manşet Xəbərlər

Şəmil Sadiq yaradıcılığı

2000-ci illərdə yaradıcılığa başlayan, ədəbiyyat aləminə şeir və nəsr nümunələri ilə daxil olmaqla bərabər, elmi və müəllimlik fəaliyyəti ilə də məşğul olan Şəmil Sadiq (Şəmil Kamil oğlu Sadıqov) 1978-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublika­sında, Babək Rayonunun Nehrəm kəndində doğulmuşdur. C.Məm­mədquluzadə adına 1 №-li orta məktəbdə təhsil aldıqdan sonra 1996-cı ildə BDU-nun filologiya fakültəsinə qəbul olunmuş, baka­lavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişdir.

Ədəbi fəaliyyətə başlamamışdan əvvəl– 2003-2006-cı illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuş, 2007-ci ildə “Hüseyn Cavid yaradıcılığında qəhrəmanlıq konsep­siyası“ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Uzun illər fəaliyyəti daha çox müəllimliklə əlaqədar olmuşdur.

Şəmil Sadiqin ilk mətbu əsəri 2002-ci ildə “Yeni Azər­bay­can” qəzetinin Ədəbiyyat əlavəsində işıq üzü görmüşdür. O, uzun müddət əruz vəznində şeirlər yazmışdır. İlk kitabı 2003-cü ildə Ağa Laçınlının ön sözü ilə çap edilmiş “Qəlbin Fəryadı” şeirlər kitabı idi ki, burada da əruz və heca vəznli şeirləri və “Türkün faciəsi” adlı birpərdəli pyesi, həmçinin Hüseyn Cavidin “Azər” poemasının təsiri ilə qələmə alınmış “Əsrimizin Azəri” adlı poeması yer al­mışdır.

Daha sonra Şəmil Sadiq “Kitabi Dədə Qorqud” dastanının motivləri əsasında “Qana qan qarışdı” pyesini yazmış, bu əsər 2005-ci ildə çap edilən eyni adlı kitaba salınmış və pyes 2010-cu ildə Naxçıvan Dram Teatrında səhnələşdirilmişdir.

Şeirlərində Nəsimi və Cavidin təsiri duyulan Ş.Sadiqin, nəsr əsərlərində Cəlil Məmmədzuqulzadə üslubunun, İsa Muğanna ideologiyasının izləri aydın görünür.

2005- 2012-ci illər arasında bədii yaradıcılığında durğunluq hiss edilsə də, Şəmil Sadiq 2013-cü ildə çap edilən “Bu türk daha o türk deyil” şeirlər kitabı ilə yenidən ədəbi mühitdə varlığını gös­tərmişdir.

Şəmil Sadiq daha çox türkçülük ideologiyası ilə bağlı əsərlər yazmağa üstünlük versə də, diqqətə layiq olan əsərlərindən biri kimi, 2012-ci ildə Müşfiq Xanla birgə yazdığı “Ümidlərin izi ilə” romanının adını qeyd etmək olar. Oxucular tərəfindən ciddi rəğ­bətlə qarşılanan bu əsər 2016-cı ildə rus dilində çap edilmişdir.

Roman Xocalı soyqırımında azərbaycanlıların başına gətirilən faciələrdən, gördükləri dəhşətli işgəncələrdən bəhs olunur və bütün bu hadisələr əsərin əsas qəhrəmanı olan Aytəkinin timsalında ümu­miləşdirilir. Roman həmmüəllifli olsa da, verilən müsahibə­lərdən, aparılan təhlillərdən hiss olunur ki, əsərin detektiv-araşdırma his­səsini Müşfiq Xan, lirik-psixoloji təsvirlərini isə Şəmil Sadiq qələmə alıbdır. Əsərin ən güclü tərəfi məhz Aytəkinin ruhunun, yaşantılarının lirik-psixoloji təsvirinin verildiyi, hadisələrin həd­din­dən artıq realistik-çılpaq ifadəsinin müşahidə edildiyi hissələrdə özünü göstərir.

Romandakı hadisələr ermənilərə əsir düşmüş Aytəkinin yaz­dığı gündəlik əsasında qələmə alınır. Amma Xocalı faciəsi ancaq bir rakursdan göstərilmir, bu məhdudluq müşahidə edilmir. Əsas qəhrəman Aytəkin olsa da, ümumilikdə əsir götürülən insanların faciəsi tam bir dolğunluqla əks edilir. Bir qızın başına gətirilənlər bir qadının deyil, ümumilikdə düşmən əlinə düşən qadınların fa­ciəsini realistcəsinə oxucuya çatdıra bilir. Xüsusilə də düşməndən uşaq dünyaya gətirən qadının faciəsi də, psixoloju sarsıntısı da çox dəqiqlik və həssaslıqla qələmə alınmışdır. Xocalıda anadan olan, BDU-nun Tarix fakültəsinin birinci kursunda oxuyarkən Ramillə yaşanan sevgi hissi əsərin sonuna qə­dər də Aytəkinin ruhunda – eyni zamanda da Ramilin ruhunda qo­runub saxlanılır. Bu əsərdə nəinki Azərbaycan ədəbiyyatında, eyni zamanda da son dövrlər dünya ədəbiyyatında hiss olunan belletristika xüsu­siyyətləri, detektiv çalarlar qabarıqdır. Əsərin diqqət çəkən tərəfi– dinamika dəyişikliyi də elə bununla bağlıdır. Birinci hissədə Aytəkinin başına gələn hadisələr əsərin yarısına qədər dinamika ilə inkişaf etdirilir. Ancaq romanın yarısından sonra qəribə bir tələs­kənlik, sürətlənmə hiss olunur. Əsər informasiya baxımından ikinci hissədə daha çox yüklənir. O da xüsusi olaraq qeyd edilməlidir ki, əsərdəki əsir qızın başına gətirilən hadisələrin təsvirindəki çıp­laq­lıq, səmimiyyət və hiperrealizm özünü təsdiqləyir. Aytəkin hissləri, yaşantıları ilə oxucunu özünə inandırır. Aytəkinin düşüncələri o qədər maraqlı bir templə dəyişir ki, onun Allaha üsyan etməsi, özü ilə polemikaya girməsi yetərincə maraqlı alınır. O situasiyanı yaşayan adam, həqiqətən də, üsyan etməli idi. Onun birdən-birə fransıza vurulması, daha doğrusu, insani münasibətə qarşı insani reaksiya verməsi də oxucunu inandırır. Amma müəllifin bir qəh­rəman üzərində fokuslanması digər qəhrəmanın – Ramilin daha zəif xarakter kimi alınmasına səbəb olur. Sevdiyi qadın kirlənmiş, düş­mən əlinə düşmüş bir kişinin 20 il müddətində ülvi hisslərlə ya­şamasından söhbət gedir. Amma Aytəkinin 20 il ərzində baş­qaları ilə münasibətdə ola-ola, “Ramilə xəyanət etdim” deyə-deyə özündə yaşatdığı hislərin ifqdəsi daha dəqiqdir. Əsərin başqa uğurlu tərəflərindən biri də iki müəllifin bir-birini əvəzləməsinin yaxşı qurulmasıdır. Oxucu bunu sezmir, vahid bir əsər kimi qəbul edə bilir. Amma qəbul olunmayan süni detallar var ki, bu da romanın detektiv tərəfi ilə bağlıdır. Bizim əməkdaşın gedib orada üç nəfəri öldürməsi, 20 ildən sonra ermənilərin izinə düşməsi, cəzalandırması, ermənilərin bir-birini məhv etməsi və s. Əsərin yaddaqalan əsas surətlərindən biri də Qədim kişidir. Səbri ilə, uzaqgörənliyi ilə seçilən Qədim kişinin xilası bu hadisədə açar rolu oynayır. Çünki Aytəkin haqqında əsas informasiya daşı­yıcısı odur.

“Ümidlərin izi ilə” romanı Şəmil Sadiqin yaradıcılığında əhə­miyyət daşıyan nümunələrdən birincisidir. Onun “Odərlər” romanı isə müəllifin ölkədən kənarda da tanınmasında mühüm rol oynamış, Türkiyədə, daha sonra isə Almaniyada çap edilmişdir. Roman Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülmüşdür. “Odərlər” romanının ön sözünü müəllifin özünə ustad hesab etdiyi İsa Mu­ğan­na yazmışdır. “Hüseyn Cavid yaradıcılığında qəhrəmanlıq konsepsiyası” adlı dissertasiya müdafiə edən, filologiya üzrə fəlsəfə elmləri doktoru adını alan yazıçı “Odərlər” əsərində tez-tez Hüseyn Cavidi də yada salır, onun qəhrəmanlarına göndərmələr edir.

Odərlər Dədə Əfəndi deyilən bir ağsaqqal tərəfindən idarə olunur. Dədə Əfəndi türkün dastanı “Kitabi-Dədə Qorqud”dakı Dədə Qorqudun prototipidir. Postmodern estetikada yazılan əsərdə təsadüfi deyil ki, kəşfiyyata yollanan beş qəhrəmanın, beş igidin əsas tapşırıqlarından biri işğal altında olan Şuşa şəhərində Cıdır düzündəki mağaralardan birində gizlədilmiş kitabı, türkün keçmişindən bəhs edən sirli mətni tapıb gətirmək olur. Vətən müharibəsində qazanılan qələbənin yetişməsində bu cür əsərlərin də rolu az olmayıb və “Odərlər”in də zəfər çalmağımızda olan müəyyən payını qeyd etməliyik. Əsər Milli Qəhrəman Mübariz İbrahimova həsr olunub. Elə romanın qəhrəmanları da Mübariz İbrahimov igidliyində, ruhunda olan gənclərdir. Onlar beşi də ölümün gözünə dik baxaraq, qorxmadan, çəkinmədən düşmənin üzərinə gedirlər. Bu igidlərin hər biri üçün ən ali həqiqət vətənə sevgi, vətənə sədaqətdir. Hətta onların arasında dini əqidələri bir-birindən fərqli olanlar da var. Biri qatı dindardır, biri sünni, biri şiədir, digəri deistdir və sair. Ancaq son məqamda onların hər biri üçün hər şeydən üstün vətən, millət sevgisidir, türkçülükdür.

2015-ci ildə müəllifin “Arvadsız kişi” hekayələr kitabı, 2016-ci ildə isə “Yuxu maşını” adlı uzun hekayəsi işıq üzü görmüşdür. “Arvadsız kişi” adlı hekayələır kitabı Şəmil Sadiqi bu dəfə Cəlil Məmmədquluzadə məktəbinin davamçılarından biri kimi üzə çı­xarır və bu nümunələrdəki yumoristik kalorit, yerli məişətlə, düşün­cə tərzi, xarakter və ruhla bağlı spesifik xüsusiyyətlərin dəqiqliklə tutulması və təsvir edilməsi onda olan yaradıcı potensialın fərqli yönünü nümayiş etdirir. Aparılan yaradıcılıq axtarışlarının hər dəfə müəllifi fərqli istiqamətlərə apara bildiyini, fərqli nəticələr ala bildiyini nümayiş etdirir.

Şəmil Sadiq öz ənənəvi mövzularına, inandığı ideyalara yeni əsərlərində də sadiqdir. Müəllifin “Qorqud atanın dedikləri” və “Qara tut ağacı” əsərlərində türk yurdunun, ulusunun fəlsəfəsinə dair bir çox məsələlərə işıq tutulur. Geniş miqyaslı tədqiqat əsəri təsiri bağışlayan “Qorqud atanın dedikləri” kitabındakı hər yazının özünəməxsus ruhu var. Elə bir ruh ki, oxucuyla müəllif arasında səmimi bir bağ yaradır. “Qara tut ağacı” adlı kitabda isə yazıçının hekayələri və esseləri toplanıb. Amma müəllif hekayələrlə esselərin bir-birindən kəskin konturlarla ayrılmasına qarşıdır. Əksinə, kitabında bu konturların itməsinin, esse ilə hekayənin, ədəbiyyatla həyatın iç-içə keçməsinin tərəfdarıdır.

Şəmil Sadiq eyni zamanda bir maarifçidir. Onun “İnsan mühəndisi” adlı kitabı elmi-kütləvi janrda qələmə alınıb. Kitabda müasir təhsilimizin əsaslı problemləri, hazırkı dünyada işlək olan təhsil konseptlərinin analizi, ən yeni tendensiyaların tətbiqi metodları, məktəb-valideyn-şagird üçlüyünün səmərəli əməkdaşlığı, çağımızın şagirdinə yanaşma üsulları və s. məsələlər geniş şəkildə təhlil olunub. “İnsan mühəndisi” kitabı “Bir kitab oxu, bir ağac ək!” sosial mesajı verən xüsusi tərtibatla hazırlanıb. Belə ki, kitabın üz qapağının arxa tərəfinə, həmin kitabın ərsəyə gəlməsində kəsilən bir ağacın əvəzinə yeni ağac əkmək üçün toxum yerləşdirilib. Oxucular həmin toxumu asanlıqla çıxararaq əkə və bu missiyanı tamamlaya bilərlər. Müəllif bu mesajla XXI əsr təhsilinin yetişdirdiyi insanın təbiəti qorumağa borclu olduğuna işarə edir.

Şəmil Sadiqin elm, maarif sahəsinə verdiyi töhfələr arasında “Hədəf Konsepti”  misilsizdir. Vəsait müəllifin 25 illik pedaqoji təcrübələri və dünyadakı innovativ təhsil metodlarının milli təhsilimizə uyğunlaşdırılması əsasında hazırlanıb. Əsas məqsədi milli dəyərlərə söykənərək müasir təfəkkürlü, yeni dövrün tələblərinə cavab verən “Bilgə” insanlar yetişdirmək olan “Hədəf” konseptinin əsas prinsipləri bunlardır: özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq, bilik.

Şəmil Sadiq naşir kimi də fəaliyyət göstərir. Belə ki, o, 2008-ci ildə şəxsi təşəbbüsü və səyi nəticəsində “Hədəf Kursları” MMC-ni, 2009-cu ildə Hədəf Nəşrləri MMC-ni, 2020-ci ildə Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyini təsis etmişdir. “Hüseyn Cavid Yaradıcılığında qəhrəman konsepsiyasi” adlı monoqrafiyanın, orta məktəb şagirdləri üçün “Azərbaycan dili”, “Ədəbiyyat”, xaricdə yaşayan azərbaycanlılar və xarici vətəndaşlar üçün “Azərbaycan dilini öyrənirəm” dərs vəsaitlərinin müəllifi, uşaqlar üçün “Dədə Qorqud” və “Azərbaycanımızı tanıyaq” adlı layihələrin ideya müəllifi və redaktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin keçirdiyi “Oxu Günü” layihəsinin təsisçisidir.

2005-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş, “Ədəbiyyatın İnternetlə Tədrisi” mövzusunda açıq dərs verərək ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür. 2006-2007-ci illərdə  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin Azərbaycan dili üzrə Kurikulum layihəsində milli məsləhətçi kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda  “İlin Ən Yaxşı müəllimi” seçilmişdir. 2010-cu ildə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Fənlərin Dostluğu Olimpiadasını, 2014-cü ildə “Anamın kitabı” ədəbi mükafatını təsis etmişdir. “Yuxu maşını” kitabına görə Rusiya Yazıçılar Birliyinin təşkil etdiyi “İlin yazarı-2018” Ədəbiyyat Mükafatına layiq görülüb.

2016-cı ildə təsis edilən “Ustad” ədəbiyyat və sənət dərgisinin layihə rəhbəri və baş redaktorudur. “Ustad” jurnalının əsas məqsədi ədəbiyyatın ölkədə təbliğini təmin etmək, sənət nümunələrini geniş oxucu kütləsinə çatdırmaq, müxtəlif sənət sahələrində öz möhrünü vurmuş, kulta çevrilmiş şəxsləri cəmiyyətə tanıtdırmaqdan ibarətdir.

I Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəridir. Türk İnteqrasiya Olimpiadası Türk dünyası dövlətləri və milli qurumlarının məktəbliləri arasında ilk dəfə keçirilən olimpiadadır.

Bir müddət “Vətən Övladı” qəzetinin redaktoru olmuşdur.  33 elmi-metodik, 8 bədii kitabın, 50-yə qədər elmi məqalənin müəllifi və ya həmmüəllifi, onlarla kitabın redaktoru və rəyçisidir. 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi”  medalı ilə təltif edilmişdir.