Aylıq arxivlər

Dekabr 2024

Xəbərlər

24 dekabrda XIV Fənlərin Dostluğu Olimpiadasının mükafatlandırma mərasimi keçirildi.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Daha sonra çıxış üçün söz layihənin ideya müəllifi fil.ü.f.d., dos. Şəmil Sadıqova verildi. O, FDO-nun yaranma tarixindən və illər ərzində keçdiyi yoldan danışıb.

Şəmil Sadiq tədbir iştirakçılarını imtahanda düşən sual nümunələri ilə tanış edib: “Fənlərin Dostluğu Olimpiadası fənlər arası inteqrasiyanı təmin edir. Şagirdlər bu imtahanda uğur qazanması üçün bütün fənlərə yaxşı bələd olmalıdır. Biz istəyirik ki, şagirdlərimiz təkcə öz ixtisas fənlərini deyil, digər fənləri də onlar qədər öyrənsinlər”.

Hədəf Kurslarının həmtəsisçisi Vüqar Tarquliyev kürsüyə dəvət olunub. O da öz növbəsində imtahanda uğur qazanan şagirdləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Hədəf Şirkətlər Qrupu Baş direktorun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müavini Elvin Əliyev FDO-nun uğurla həyata keçirilməsində dəstək göstərən tərəfdaşlar barəsində məlumat verib. Fənlərin Dostluğu Olimpiadasının bu ilki 14-cü buraxılışının təşkilatçısı Hədəf Şirkətlər Qrupudur.
Hədəf STEAM Liseyi Abşeron və Bakı filiallarında, Hədəf Kursları Sumqayıt, Əhmədli və Naxçıvan filiallarında və Bərdə, Şəmkir, Xaçmaz, Balakən, Qax, Şəki, Tovuz şəhərlərindəki imtahan mərkəzlərində təşkil olunan olimpiadada şagirdlər 2 saat müddətində 50 sual cavablandırdılar. Olimpiadada suallar fənnlərin bir-birinə inteqrasiyası şəklində təqdim olunur. Hədəf Liseyləri üzrə icraçı direktor Nizami Hüseynov imtahan suallarını səviyyələrinə görə izahını təqdim etdi.

2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən Olimpiadanın bu ilki buraxılışının tərəfdaşları isə Hədəf Kursları, Evrika Liseyi və Hədəf STEAM Liseyi, SinKOD yayın və dağıtım şirkəti, Eduhek, Sınaq İmtahan Mərkəzi, Kitabevim.az kitab mağazaları şəbəkəsi, senet.az portalı, “Ustad” dərgisi və Hədəf Globaldır.

II – X siniflər arasında qızıl, gümüş, bürünc medallarla mükafatlandırılma mərasimi baş tutdu. Qonaqlardan “Məktəb guşəsi” saytının və jurnalının baş redaktoru Məzahir Məmmədli qaliblərə mükafatlarını təqdim etdi. Ümumi olimpiadada ən yüksək nəticə toplayan 6 şagirdə xüsusi hədiyyələr təqdim olundu. Tədbir imtahanda yer qazanmış şəxslərin mükafatlandırılması prosesi ilə davam edib.

Sonda xatirə şəkli çəkilib. Olimpiadada iştirak edən şagirdlərə, tərəfdaşlara dərin təşəkkürümüzü bildiririk. XV Fənlərin Dostrluğu Olimpiadasında görüşmək diləyilə!

Xəbərlər

Nazir naşirləri niyə təəccübləndirdi…

Nazir naşirləri niyə təəccübləndirdi…
Bu gün sərginin son saatlarında tələbəlik dostum, dəyərli ziyalımız Gəncə Aqrar Universitetinin rektoru Zəfər Qurbanov zəng etdi ki, Cənab nazirlə sərgiyə gəlirik. Rektor təyin olunandan tələbələrin sevimlisi, universitetin elmi potensialının yüksəlməsinə daimə xidmət göstərən Zəfər müəllim hər sərgimizdə iştirak edərək şərəfləndirir!
Açığı ilk ağlıma gələn Təhsil naziri oldu… Amma gələndə məlum oldu ki, Kənd Təsərrüfatı naziri Cənab Məcnun Məmmədov qonağımızdır. Etiraf edim ki, adətən, bu cür tədbirlərdə, rəsmiləri sərgi ilə tanış edəndə çətinlik çəkirəm… Niyəsini siz təsəvvür edin, mən Məcnun müəllimdən danışım sizə. Bütün stendləri səbirlə, bir kitabsevər kimi gəzdi. Həm də necə… Kitablara baxır, sorğu-sual edir, seçdiyi kitabları alır. Hətta kitablara baxa-baxa arada telefonuna göz atır. Sonra bizə məlum olur ki, bütün kitabxanasını telefonda kataloqlaşdırıb, hansılar var, hansıları oxuyub, baxır, yenidən satıcı ilə dialoqa keçir. Bizim stenddə mən həvəslə Xatirə ədəbiyyatı seriyamızı təqdim edirəm, deyir, bəli, 55 cildi var bunun, ardı çıxıbsa, verin… Naşirlər bir-birinin üzünə baxır… Sanki gözləri ilə deyirlər ki, belə də nazir olar?! Çünki alışmadığımız durumdur… Sonra Teas presə yaxınlaşırıq, Rəşad həvəslə kitablar təqdim edir, bunu almışam, bunu çoxdan oxumuşan, bu seriya da var… Kataloquna baxır, hə, bu seriya yoxdur…
Sonra Çapar nəşriyyatını soruşur…
Bildiyiniz şokdayıq…
Yaza-yaza düşünürəm ki, biz niyə bu qədər təəccüblənirik, ilahi, axı niyə…
Bir nazir səfərdə olarkən eşidə ki, kitab sərgisi var, yolüstü ora vaxt ayıra bilməzmi?
Bəyəm bir nazir kitab oxuyan ola bilməzmi?!
Bir nazir heç bir hədiyyə kitab qəbul etməyərək, özü ala bilməzmi?
Bir nazir nəyi və niyə oxuyacağını özü müəyyən edə bilməzmi?!
Bir nazir kitabla bu qədər yaxın təmasda ola bilməzmi?
Bir nazir Bakıdakı sərginin nə vaxt keçiriləcəyini öz qeyd dəftərinə yaza bilməzdimi?
Bir nazir hansı nəşriyyatın hansı mövzulu əsərlər çap etdiyini bilə bilməzdimi?
Bir nazir, bir məmur…
Bu günümüzə rəng qatdığı və sözün əsl mənasında bizi təəccübləndirdiyi üçün hörmətli Məcnun müəllimə və Zəfər müəllimə dərin təşəkkürlərimi bildirirəm!
Hekayə

Diş ilə dırnağın dastanı

Diş ilə dırnağın dastanı
1999-cu ilin 1 sentyabrı idi. Mənim üçün dünyanın 17-ci yayının son ayında, gəncliyimizin çiçək açdığı vaxtlarda Bilik Gününü qeyd edirdik. Qeyd edirdik deyəndə ki, böyük bir təmtəraq-filan yox idi. Sadəcə ilk dəfə gördüyümüz Universitet auditoriyasının 304-cü otağının qapısı açıldı və içəri üç şəxs daxil oldu. Nizami Cəfərov, Tofiq Müzəffəroğlu (Hacıyev) və bir nəfər cavan oğlan. Nizami Cəfərov əvvəl dekan olaraq özünü, sonra dekan müavini Tofiq müəllimi təqdim elədi. Sonra dedi ki, “Baxın, bu cavan oğlan da fakültə Tələbə Həmkarlar Təşkilatının sədri Şəmil Sadıqovdur”.
Üstündən 18 ildən artıq vaxt keçib, yəni “bir igidin ömrü”. O görüş həmin Şəmil Sadiqin kəmərindən asılmış iri bir “qozsındıran” mobil telefonla assosiasiya olunub yaddaşımda…
İllər keçdi. Müəyyən mərhələlərdə Şəmil müəllimlə kədərimizi, sevincimizi, uğurumuzu hətta dərdimizi belə tən böldük. Eyni cığırla addımladıq. Eyni üfüqlərə boylandıq. Və əlbəttə ki, həyatın gərdişi olaraq eyni yerdən zərbələr aldıq, təhlükələrlə qarşılaşdıq, xəbisliklərlə, paxıllıqlarla üzləşdik.
“İnsanlar eyni olmur, atam balası”. İçini üzünün təmənnalı təbəssümündə gizlədənlər var, … dostu var, düşməni var bu gərdişi-dövranın. Yazıqlar olsun ki, zəhrimar maddiyyat əldə etmək “çabasının” bataqlığında mənəvi dəyərlərin korroziyaya uğrama reallığı bitmək bilmir ki, bilmir. İndi yaşamaq, mübarizə aparmaq, dostluğu, mənəvi dəyərləri qorumaq çətindi, atam-qardaşım.
Sözün kor bucağında insan adlı anatomik ət maşınının daxili enerjisinin faydalı iş əmsalı fizika elmi tərəfindən hələ kəşf olunmayıb. Şəmil müəllimi tanıdığım vaxtdan əmək və uğur üçbucağında zəhmətin episentrində olub. O, arxadan atılan daşlara sadəcə gülümsəyib, uğur yoluna davam edib. Sanki tarixin o tayından şaman babaların mübhəm duası ilə öz missiyasını yerinə yetirir.
Dialektikanın qanunları var. İstəsən də, istəməsən də Sizif kimi əzab çəkəcəksən. Yeknəsəq həyat yolu adlandırılan çərçivədə öz izini müəyyənləşdirmək çətin olacaq. Şəmil müəllim bütün çətinliklərə rəğmən öz yolunu, üslubunu təyin etdi. “Uğurun formulu nədir?” sualına cavabı hətta ən məşhur oratorların Şəmil Sadiqin təkcə 10-12 illik fəaliyyət istiqamətini göstərməsi kifayətdir. Bəhrəsini verən nümunəvi işgüzarlıq dəyəri kimi.
Bu gün hər evdə latın qrafikasında olan dərs vəsaitləri var, işıq var. Axundovların, Zərdabilərin, Vəzirovların, Məmmədquluzadələrin, … maarifçilik ənənələrinin fərqli formada, fərqli üslubda, fərqli təzahürdə davamı var. Bu mayak işığı gələn o evlərdə neçə fidan balaya işıqlı və düz yol göstərir. Neçə körpə sabah bu tərbiyə ilə “Sən olasan gülüstan” ifadəsini deyəcək.
Şəmil müəllimin zəhməti, qatlaşdığı əziyyətlər, maddi və mənəvi sıxıntıları gözümün qabağında olub. Və bir də söykəndiyi mənəvi dəyərlər – ailəsi, yaxınları, dostları… Təbii ki, qarşılıqlıdır: Şəmil müəllim də onları tək qoymayıb, həmişə yanlarında olub. Bax, uğurun əsas formulu budur.
Arif Əsədov
Filologiya üzrə fəlsəfə doktoru
147 saylı Texniki humanitar liseyin direktoru
Hekayə

İçki düşkünü və seyid

İçki düşkünü və seyid

Şəmil SADİQ

Bizim kənddə bir seyid vardı…

Dayanın görək, niyə bizim kənddə olur ki? Elə sizin kənddə olsun. Yəni bu yazını oxuyan hər kəsin… Belə baxanda bütün kəndlərdə haqqında danışacağım bu seyiddən olub, elə indi də var. Hekayənin xarakterinə uyğun deyim ki, bizim kənddə bir seyid vardı və belə elədi, elə elədi, siz də elə başa düşəsiniz ki, sizin kənd bu mövzudan xalidir. Elə şey yoxdur.

Elə sizin kənddə bir seyid vardı…

Sizin kəndliniz olan dostum danışıb əhvalatı. Gülüb qurtarandan sonra dedim ki, nə hekayəlik mövzudur… Dostum and-aman elədi ki, bəs ayıbdır, seyid sağdır, tanıyan-bilən olar, yaxşı çıxmaz. İzah edə bilmədim ki, adlar şərti olacaq, kəndinizin adını yazmayacağam. Dostum qəbul etmədi ki, etmədi. Ona görə də nə yaza bilirəm, nə unuda. Nə edim, yazmaq mənim peşəmdir axı, neçə gündür, mövzu məni girinc qoyub. Lap təmsildəki əqrəb kimi bu da mənim peşəmdir, ay dost, dözə bilmərəm, keç günahımdan.. Yaza bilməməyimin birinci səbəbi bu dediyim olsa da, ikinci səbəbi var: necə yazım ki, günümüzün az oxuyan, kaprizli oxucusuna, yəni sizə maraqlı gəlsin. Qısa və yığcam yazmağa həm vicdanım əl vermir, həm də sizə hörmətim. Deyəcəksiniz ki, nə yekəlikdə kişidir, yazdığı hekayəyə bax. Hanı bunun məcazları, təşbehləri, aforizmləri… Elə quru-quru yazıb yola vermiş kimi olacaq. Uzun yazacağam, deyəcəksiniz ki, müasir dünyada hekayələr yığcam olur. Lazımsız təsvirlərlə uzatmağa gərək yoxdur, keç mətləbə. Qısa cümlələrlə yazılmış əsas fikir önəmlidir. Ay nə bilim, ədəbiyyat belə dəyişib, elə dəyişib-filan.

Ona görə də “Süjeti necə qurum ki, sizə də xoş gəlsin, mənim də ürəyimdən olsun?” düşünə-düşünə qalmışdım. Hə, bir də süni intellekt var ha-a, o da başlayıb hekayə yazmağa. Aylarla düşündüyümüz, yazmağa cəsarət etmədiyim mövzunu bir dəqiqədə qaralayıb atır adamın üstünə, heç vecinə də deyil, kimsə bəyənəcək, ya yox. Duyğusuz rəqib… Amma bəzən yaxşı da yazır, etiraf edim. Ona görə adam yazmağa qorxur ki, kimsə deyəcək, süni intellekt yazıb.

Gələk Seyidə… Adam həyatın ironiyasına heyran qalır; süni intellektdən danışırıq, süni intellektlə əlləşirik, min ilin tör-töküntüsü olan seyidlərin əllaməliyini görürük. Bu seyid ki var, hamımız onu yaxşı tanıyırıq, hamımızın hökmən qonşuluğunda, kəndində, ya da rayonunda var. Bu Seyid toyda, yasda əli cibində fırlanır, hamıya gülümsəyir, dua edir, hal-əhval tutur, atasına rəhmət oxuyur, anasına cansağlığı diləyir. Arada elə qəşəng “Allah ananın canını sağ eləsin, yaxşı arvaddır” deyir ki, adamın, az qala, papağı yerindən oynayır. Amma Seyidi tanıyanlar bilir ki, zərrə qədər pis şey ağlına gətirməz, nə var dilindədir. Kiminin kəndində ələm gəzdirər, kiminin kəndində mollalıq edər, kiminin kəndində müdrik qoca kimi təsərrüfatla məşğul olar, kiminin kəndində qəbirstanlıqda fırlanıb üç-beş manata əşr oxuyar. Amma adamın Allahı var, elə bilərsiniz, bu seyid dilənçi-zaddır ha-a. Qətiyyən yox, əsl seyidlər heç zaman kimdənsə açıq-açığına pul istəməz, amma elə şərait yaradar ki, özün cibinə pul basarsan, evinə sovqat göndərərsən. Düzdür, sovqat işinə qadınlar baxır, amma yenə də görürsən ki, arada kişilər də edir.

Son vaxtlar “donqili” seyidlər peyda olub orijinalları da gözdən salır. Dili ilə nəzir istəyənləri nəzərdə tuturam, biz də seyid deyib yola salırıq.

Bağışlayın, hələ də mətləbə keçə bilmirəm, elə bilməyin, yalandan mətləbi uzadıb özümü yazıçı kimi göstərməyə çalışıram. Yox, vallah. Sadəcə söz-sözü gətirir deyə əsas mövzu qalır sonraya.

Bizim kənddə – bax bu dediyim, həqiqətən, bizim kənddə olub. Hə, bizim kənddə içki düşkünü var. O qədər yaxşı adamdır ki, ona “əyyaş” deməyə dili gəlmir. Siz burada dilimizin gözəlliyinə, təvazökarlığına da fikir verin hökmən. “İçki düşkünü” kəlməsi “əyyaş”dan nə qədər zərif, mədəni, pozitiv kəlmədir. Adam sevdalısına düşkün olar, indi o müqəddəs suya da düşkün olanda olurlar içki düşkünü. “Əyyaş” ağır kəlmədir. Ona görə də qəhrəmanımıza “içki düşkünü” deyək. Hə, sözüm odur ki, bu adam işləmir, ailəsindən ayrılıb, illərdir, uçuq-sökük daxmada tək yaşayır. Günün istənilən vaxtı içkili olur. Çox baməzə adamdır, beş dəqiqəlik söhbəti ilə feyziyab olar, gülər, özünüzü xoşbəxt hiss edərsiniz. Elə bu da Seyid kimidir. Amma bunun artistlik deyil, düzünəquludur. Zarafatını da edər, ürəyi istəsə, içkisinin vaxtı çatsa, “Oradan bir yüz al görüm” də deyər. Sonra vəssalam, “sağ ol” deyib “zakuskasız” içdiyinə görə iki barmağı ilə burnunu tutub iyləyib gedər. Amma kişi adamdır, bilməzsən, onu görəndə çıxarıb cibinə pul qoyarsan, sənə elə xəcalət verər ki, üzünə baxa bilməzsən. Deyər, “Bəyəm mən dilənçiyəm, mənə pul verirsən? Lazım olsa, özüm istəyərəm”. Hətta o yüz qramlıq istəyibsə, sən iki yüz qramlıq verirsənsə, onu da götürməz. Bir dəfə məni də utandırdı. Dedi ki: “İndiyə qədər bu kənddə hər gün içən təkcə mən idim, indi üç-dörd nəfər peyda olub. Arağı gözdən salırlar, içib orada-burada yatırlar, hamıdan pul istəyirlər, biabırçılıq edirlər… Belə olmaz axı, bunun da bir “kulturası” var, ya yox? Ona görə də mən adıma xələl gətirə bilmərəm”.

Yəni deməyim odur ki, seyidlər də belə olur, gənc seyidlər sırtıqlıq edir, lap ağın çıxarırlar. Elmləri yoxdur, ona görə belə görünürlər. Sədəqə almağın da bir ədəbi, ərkanı, necə deyərlər, marketinq üsulu olmalıdır…

Ürəyiniz partlamasın, danışıram, söz verirəm, bu dəfə hekayəyə müdaxilə eləməyəcəm.

Bizim bu dostumuz Ələskər deyir ki, bizim kənddə bir seyid var, bir ara bələdiyyə sədri də qoymuşdular. Açığı, birinci dəfədir ki, bələdiyyə sədri olan seyid eşidirdim deyə tez soruşdum ki, necə yəni, seyiddir, özü də, bələdiyyə sədridir? Dedi, vallah, hə. Sədrdir, amma savadsızın biridir. Sonra da çıxarıb atdılar çölə. Nəsə, di qulaq asın. Bir gün mənə zəng edib ki, Ələskər, necəsən, nə var, nə yox? Açığı, əlimdə işim var, niyə zəng elədiyini də bilirəm, çünki aylığının vaxtıdır. Arada yubananda zəng vurub dua-falan edib xatırladır. Ona görə də başımdan eləmək istəyirdim ki, pulunu göndərəcəyəm, narahat olma. Dedi, “Ələskər, hələ bir dayan gör nə deyirəm, dünən gecə rəhmətlik kişini yuxuda görmüşəm. Rəhmətlik elə nurlu görünürdü, gəl görəsən. Ad günündə aldığın boz kostyum vardı ha, onu geyinmişdi, o məşhur kəmərini də bağlamışdı. Ayaqqabıları par-par yanırdı. Həyatda necə idi, elə görünürdü”. Nəsə hiss etdim ki, bu dəfə vəziyyət ağırdır, çünki mövzu dərindir, sən öl. Deyir: “Ələskər, kişi durmuşdu düz çayın qırağında, amma sən balaca idin. Məni görəndə elə sevindi. Dedi, “Seyid, səni Allah yetirib. Gəl bu uşağı çayın o tərəfinə keçir, mənim üstüm təzədir. Sənə üç yüz manat verəcəyəm”. Soruşdum ki, sən nə elədin, Seyid? “Nə edəsiyəm? – dedi, – Ağsaqqal adamın sözün yerə salacağam? Uşaq vaxtı da sən pota idin axı, yadındadır? Birtəhər aldım dalıma, keçirdim o taya. Qayıdırdım ki, pulu alım, dedi, “Ələskərin özündən alarsan”. Qəfil də yox oldu. Mən də elə bu dəm yuxudan ayıldım. Rəhmətlik gözümün qabağından getmir. İndi istəməsin, səni də çox istəyirdi axı. İndi Əlsəkər, o kişi şüuzümmə qalmasın deyə səhər açılan kimi sənə dedim. Adamın ruhu o dünyada narahat olar. Ömrü boyu heç kimə borclu qalmayan adam idi. “Ələskərin özündən alarsan” demişdi ha-a, yoxsa dilimə də gətirməzdim.

Ələskər danışa-danışa gülməkdən gözlərindən yaş gəlirdi. Dedim, “Məni dolama, kartını at, işim-gücüm var”. “Bu dəqiqə”, – deyib telefonu söndürdü. Xasiyyətini bildiyim üçün tez göndərdim ki, əl çəksin, yoxsa yenə zəng edəcəkdi. Kartına yüz əlli manat atıb təzəcə işə başlamışdım ki, yenə zəng elədi: “Qardaş, bə bu yüz əlli manatdır axı, kişinin borcu üç yüz idi”.

Sizcə, Ələskər nə desə, yaxşıdır? Hazırcavab və şirin zarafatlarından qalmayan dostumuzdan biz də soruşduq ki, nə dedin? Deyir: “Day heç nə da, dedim, “Yüz əlli də özündən alarsan…”

Seyid telefonda bir müddət susdu. Elə bil onun da zarafat üçün söz tapmağa həvəsi yox idi. Sonra səsini bir az qalınlaşdırıb dedi: “Ay Ələskər, bəs o dünyada necə cavab verəcəyəm? Soruşacaqlar ki, Seyid, Ələskərin borcunu niyə yarımçıq alıb keçdin? Qiyamət günündə nə üzlə baxım rəhmətlik kişiyə?”

Ələskər də deyir, “Bunu eşidəndə özümü saxlaya bilmədim, gülməkdən, az qala, boğulurdum. Amma nə etmək olar, belə Seyidi olan kənddə yaşamaq özü nemətdir”.

“Mən ölüm, sən nə dedin?” – soruşdum. Artıq məclisdə hamı gülür, söhbətin axırını gözləyirdi.

Dedim: “Ay Seyid, narahat olma, qiyamətə qədər yüz əllini verə bilməsəm, o dünyada üz-üzə gələndə kişinin özündən istəyərsən. Onsuz, adımı çəkəndə məni də yanınıza çağıracaqlar. Mən də yüz əllini orada verərəm”.

Bu dəfə Seyid də dayana bilməyib qəhqəhə çəkdi: “Ay Ələskər, sən Allah, zarafat etmə. O dünyada işimiz çətin olar. Sən cənnətə gedərsən, yəqin, amma mən cəhənnəmə-zada düşərəm, gözüm qalar dalınca. Gəl elə bu dünyada bir yolunu tapaq da”.

Hamımız gülüşdük. Amma Ələskər deyir ki, o gün Seyidin zəngi mənə ibrət dərsi verdi: kənddə seyid də lazımdır, içki düşkünü də. Yoxsa həyat çox darıxdırıcı olardı.