Günlük arxivlər

05/05/2025

Xəbərlər

 Türk İnteqrasiya Olimpiadasının final mərhələsi uğurla baş tutdu!

Türk İnteqrasiya Olimpiadasının final mərhələsi uğurla baş tutdu!

3 may tarixində baş tutan final imtahanında türk dünyasının müxtəlif ölkələrindən seçilmiş iştirakçılar biliklərini sınadılar.

Suallar tarix, coğrafiya, ədəbiyyat və mədəniyyətin inteqrasiyasına əsaslanan formatda hazırlandı.
60 dəqiqəlik imtahan müddətində şagirdlər həm fənlərarası düşünmə qabiliyyətlərini, həm də ortaq türk irsini nə qədər dərindən mənimsədiklərini nümayiş etdirdilər.

Qiymətləndirmə sualların çətinlik dərəcəsinə görə aparıldı və maksimum 100 bal üzərindən hesablandı.

Bu mərhələ yalnız bir yarış deyil, bilgi, mədəniyyət və ortaq dəyərlərin bir bayramı oldu!

Xəbərlər

Bakıda II Türk İnteqrasiya Olimpiadasının (TİO) final mərhələsi keçirilib

Bakıda II Türk İnteqrasiya Olimpiadasının (TİO) final mərhələsi keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra səhnəyə Turan və Azərbaycan bayraqları gətirilib.

Tədbiri giriş sözü ilə Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiq açıb. O qeyd edib ki, cənab Prezident İlham Əliyevin andiçmə mərasimində: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir”, – kimi tarixi fikirləri Türk İnteqrasiya Olimpiadasının mayakı oldu.

Azərbaycan Respublikasının yürütdüyü dövlət siyasəti Türk Dövlətləri Təşkilatına baxışımızı çox aydın şəkildə göstərməkdədir. Məhz bu məqamı vurğulayan dövlət başçısı Türk Dövlətləri Təşkilatını yeganə ailəmiz adlandırdı: “Bu bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

TİO 10 ildən çoxdur ki, Hədəf Şirkətlər Qrupu tərəfindən keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. Bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq Türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi barədədir”.

Ş.Sadiq diqqətə çatdırıb ki, dünyada elmin bütün sahələrində inteqrasiya prosesi gedir: “Hazırda fənn kurikulumlarında inteqrativ yanaşma üstünlük təşkil edir. Bu proses elmlər arasında olduğu kimi xalqlar arasında da vacib şərtlərdəndir.

300 milyonluq türk xalqının ortaq dilə, elmə, mədəniyyətə, tarixə, coğrafiyaya, sahib olduqlarını nəzərə almaqla bu ortaqlığı elmlə vəhdətdə təqdim etmək məqsədilə çıxdığımız yolda dörd əsas məqsəd var:

– türk xalqlarının ortaq dil, əlifba və dərslik ideyasına dəstək;

– Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;

– türk xalqları yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;

– türk xalqlarının “işdə, dildə, əməldə birliy”i dərk etmələri və ortaq mədəniyyətə sahib olduqlarını əyani göstərmələri”.

Şəmil Sadiq nəzərə çatdırıb ki, olimpiadanın 2025-ci il buraxılışında – Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr Türk Respublikası, Qaqauz elindən 13-16 yaş aralığında olan şagirdlər iştirak ediblər.

İdeya müəllifi onu da bildirib ki, ölkəmizin regionda elm mərkəzi olmaq şansı çoxdur: “Bu kimi addımlarla sözügedən prosesi daha da sürətləndirə bilərik. Niyə Türk dünyasına elm günəşi Azərbaycandan doğmasın və bunda bizim də dəstəyimiz olmasın?!”

Şəmil Sadiq əlavə edib ki, hazırda Bakıda final turu – Türk Dünyası Ortaq Mədəniyyət Festivalı keçirilir: “Olimpiadanın filan turunda 8 ölkədən 100-dən çox şagird iştirak edir”.

Mükafatlandırma tədbirindən əvvəl təşkilat komitəsi üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Mükafatlandırma mərasimində Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Bahar Muradova, Millət Vəkilləri Vuqar Rəhimzadə, Ceyhun Məmmədov, Türkiyədən Nəsibə Aydın Okullarının qurucusu Nəsibə Aydın xanım, TESAM başqanı dr.İlyas Bozkurt, elm xadimləri, təhsil müəssisələri rəhbərləri, ictaimiyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak etmişdir.

2-ci Türk İnteqrasiya Olimpiadasının ölkə seçim mərhələsi aprel ayı, online formada təşkil olunmuşdur. Olimpiadanın 1-ci mərhələsində 8 ölkədən, 1741 məktəbdən, 3000 nəfərdən çox şagird iştirak edib. Bu iştirakçılardan 170 nəfər şagird final mərhələsində iştirak üçün haqq qazanıb.

Final mərhələsində biliklərini sınayan şagirdlərdən 20 nəfər qızıl medal, 20 nəfər gümüş, 20 nəfər bürünc medalla təltif ediləcək.

Bundan əlavə ən yüksək nəticə göstərən 3 nəfər şagird Doğu Akdeniz Universitetindən 100 faiz təqaüd əldə edəcək.

Mükafatlandırma

Xəbərlər

Türk İnteqrasiya Olimpiadasının finalçıları Bakının qonağı oldular!

Türk İnteqrasiya Olimpiadasının finalçıları Bakının qonağı oldular!

Final mərhələsindən əvvəl iştirakçılar Bakı şəhərinin tarixi, mədəni və müasir siması ilə tanış olmaq fürsəti qazandılar. Türk dünyasının müxtəlif bölgələrindən gələn şagirdlər yalnız bir yarış üçün deyil, birlik və qardaşlıq üçün Bakıda bir araya gəldilər.

Gənclərimiz Bakının memarlığına heyranlıqla tamaşa etdilər. Həm qədim İçərişəhəri, həm də müasir Alov qüllələri kompleksini görərək şəhərin keçmişlə gələcəyi birləşdirən ruhunu yaşadılar.

Şəhidlər Xiyabanına səfər zamanı iştirakçılar Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş qəhrəmanların əziz xatirəsini ehtiramla yad etdilər. Bu səfər gənclərə azadlıq, birlik və qardaşlıq dəyərlərinin nə qədər qiymətli olduğunu bir daha xatırlatdı.

Daha sonra Türk Şəhidliyi, dənizkənarı bulvar, Qız Qalası, Heydər Əliyev Mərkəzi kimi mühüm ünvanlarda dayanan gənclər Bakı turunun yaddaqalan anlarını şəkillərlə, videolarla və yeni dostluqlarla yaddaşlarına həkk etdilər.

Finalçılar səfərdən sonra bildiriblər ki, Bakı onları təkcə gözəlliyi ilə deyil, həm də xalqımızın qonaqpərvərliyi və isti münasibəti ilə valeh etdi.

İndi isə bizi böyük gün – Türk İnteqrasiya Olimpiadasının final mərhələsi gözləyir! Qardaş xalqların övladları elm və birlik yolunda biliklərini bir daha sınayacaqlar.

Bakı sizi sevir türk dünyası!