Qabırğa Sindromu və Türk Qadınına Baxış
Son zamanlar bəzi sosial şəbəkə “qəhrəmanları” qadın mövzusunda danışarkən ərəb mədəniyyətindən miras qalmış patriarxal təfəkkürün təsiri ilə hər cür təhqiredici və köhnəlmiş fikirləri tirajlamağa başlayıblar. Qadını ikinci dərəcəli varlıq kimi görmək, ona yuxarıdan aşağı baxmaq və onun həyatdakı yerini yalnız kişinin kölgəsində təsəvvür etmək — bu, sadəcə “qabırğa sindromu”nun təzahürüdür. Bu sindromun kökləri isə bəzi dinlərin və ideologiyaların qadını kişi üçün “yaradılmış” bir varlıq kimi təqdim etməsində axtarılmalıdır.
Halbuki Türk təfəkkürü qadına yanaşmada tam fərqli, daha yüksək mənəvi və fəlsəfi bir mərtəbədə dayanır. Biz elə bir millətik ki, mifik düşüncəmizdə qadını – Umay Ananı – Tanrının anası, qoruyucu ruh və yaradıcı qüvvə kimi təqdim etmişik. Umay obrazı təkcə analığı deyil, eyni zamanda müdrikliyi, gücü və bərəkəti təmsil edir.
Tarixə nəzər salaq: Ərəb yarımadasında qız uşaqları diri-diri basdırıldığı dövrdə, biz qadını xaqanın yoldaşı, obanın ağlı və ruhu kimi qəbul edirdik. Bizim toplumda evlənmək istəyən gənclərə bir-birini tanımaq, görüşmək imkanı tanınırdı. Bu, həm qadının iradəsinə, həm də insan münasibətlərinin sağlam əsaslar üzərində qurulmasına verilən dəyərin göstəricisidir.
Avropada qadınlar “cadugər” damğası ilə tonqallarda yandırıldığı zamanlarda, Nizami Gəncəvi “Leyli” obrazı ilə qadın zəkasını, Yunus Əmrə və Hacı Bektaş Vəli isə qadını ilahi eşqə qovuşan bir varlıq kimi ucaldırdı. Qadın bizim fəlsəfəmizdə ilham qaynağı, yoldaş və həyatın bərabər tərəfdaşı kimi dəyərləndirilib. Tarix boyu çoxlu misallarımız var ki, Şahın xatunu onunla birgə at çapıb, qılınc çalıb, dövlət məsələlərində söz sahibi olub.
Bu gün isə bəzi zəif təfəkkürlü kişilər “əgər qadın işləyərsə, pul qazanarsa, öz yolundan çıxar, ərinə tabe olmaz” kimi düşüncələrlə cəmiyyətə təzyiq göstərməyə çalışırlar. Halbuki bu, qadının deyil, həmin kişilərin güvənsizliyini və zəifliyini göstərir. Güclü kişi öz güvənini qadını basqı altında saxlamaqda deyil, onunla bərabər addımlamaqda tapır. Edirsə, demək ki, İbni Səlamın yolçusudur!
Qadını xəyanətə meyilli, iradəsiz və idarə olunmalı varlıq kimi təqdim etmək — seksist və təhlükəli bir düşüncədir. Bu yanaşma nə dinin ruhuna, nə insan haqlarına, nə də çağdaş cəmiyyətin ədalət və bərabərlik prinsiplərinə uyğundur.
Bu gün bizə düşən vəzifə qadını tarix boyu olduğu kimi, yenə də dəyərli, ağıllı, güclü və yaradıcı bir tərəfdaş kimi tanımaq və tanıtmaqdır. Türk təfəkküründə qadının yeri yüksəkdə olub — və bu, dəyişməməlidir.
Ana haqqı, Tanrı haqqı!
İyul 2025
Hədəf Şirkətlər Qrupunun nümayəndə heyəti Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) işgüzar səfər edib. Nümayəndə heyəti qurumun baş direktoru Şəmil Sadiqin başçılığı ilə mühüm görüşlər keçirib.
Səfər çərçivəsində nümyandə heyətini KKTC Prezidenti Ersin Tatar, təhsil naziri Nazim Çavuşoğlu və Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç xüsusi qonaq qismində qəbul ediblər.
Görüşlərdə təhsil sahəsindəki Azərbaycan – Kuzey Kıbrıs əlaqələrinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı tələbə–müəllim mübadiləsi mövzularında ətraflı fikir mübadiləsi aparılıb.
Şəmil Sadiq plaket, xatirə hədiyyələri təqdim edib və bu əməkdaşlıq məsələsində Azərbaycan Prezidenti İlham Əliyevin KKTC-yə olan səmimi münasibətindən ilhamlandığını vurğulayıb.
O, reytinq siyahılarında qabaqcıl yer tutan Kuzey Kıbrıs universitetlərinin Azərbaycanın “Xaricdə Təhsil” proqramına daxil edilməsinin gənclərə yeni fürsətlər yaradacağını və Kiprdə dövlət hesabına təhsilin mümkünlüyünün vacibliyini xüsusi qeyd vurğulayıb.
“Könlümüzü sevgi ilə dolu gətirmişdik, göstərilən hörmət və isti münasibətlə doldurub geri dönürük”, – Şəmil Sadiq sonda qeyd edib.
Şəmil Sadiq Doğu Akdeniz Universitetinin Məzun Gününə qatılıb və məzunlara diplomlarını təqdim edib.
Qeyd edək ki, Hədəf Şirkətlər Qrupu Doğu Akdeniz Universitetinin Azərbaycandakı rəsmi təmsilçisidir.
Hədəf Şirkətlər Qrupu baş direktoru Şimali Kipr Türk Respublikasından olan bir qrup iş adamını qəbul etmişdir.
Tarix: 05/07/2025Hədəf Şirkətlər Qrupu baş direktoru Şimali Kipr Türk Respublikasından olan bir qrup iş adamını qəbul etmişdir.
4 iyul 2025-ci il tarixində Hədəf Şirkətlər Qrupunun mərkəzi ofisində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq ilə Şimali Kipr Türk Respublikasından olan Kipr Türk İş Adamları Dərnəyinin (İŞAD) nümayəndələri arasında mühüm əməkdaşlıq və tanışlıq görüşü baş tutdu.
Tədbirdə Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, baş direktorun müavini Elvin Əliyev, Kipr Türk İş Adamları Dərnəyinin (İŞAD) sədri Ənvər Mamülçü, baş katib Mətin Yılgın, İŞAD-ın Azərbaycan təmsilçisi və eyni zamanda idarə heyətinin sədri İlhami Bilgən, eləcə də idarə heyətinin üzvü Raci Yıldız iştirak etdilər.
Görüş zamanı Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri vurğulanmış, bu əlaqələrin iqtisadi, mədəni və təhsil sahələrində daha da möhkəmləndirilməsinin vacibliyi qeyd olunmuşdur.
İŞAD Azərbaycan təmsilçisi İlhami Bilgən Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiqə “Dostluq və Əməkdaşlıq” adına hazırlanmış zümrüd quşu fiquru və üzərində Kipr, Azərbaycan və Türkiyə bayraqlarının yer aldığı “bir millət üç dövlət” ideyasını simvolizə edən plaket təqdim etmişdir. Simvolik məna daşıyan bu hədiyyə xalqlar arasında sarsılmaz bağlara və ortaq mədəni köklərə işarə edir.
Şəmil Sadiq də öz növbəsində Hədəf loqolu buxara papağı Ənvər Mamülçüyə hədiyyə etmişdir. Bu jest Azərbaycanın milli dəyərlərinə və qonaqpərvərlik ənənələrinə əsaslanan yüksək hörmətin göstəricisi kimi qarşılanmışdır.
Görüş qarşılıqlı anlaşma, əməkdaşlıq niyyəti və ortaq gələcək planlara dair razılıqla başa çatmış, hər iki tərəf yaxın zamanda daha konkret layihələr üzərində birgə fəaliyyətin başlanacağına inam ifadə etmişdir.

















