Günlük arxivlər

02/12/2025

Xəbərlər

Hədəf Dəyərlər Konsepti Qazaxıstan məktəblərində

Hədəf Dəyərlər Konsepti Qazaxıstan məktəblərində
Nazarbayev İntellektual Məktəbləri (NİM) və Hədəf Şirkətlər Qrupu arasında dəyərlərə əsaslanan təhsil modelinin Qazaxıstan məktəblərinə inteqrasiyasını nəzərdə tutan əməkdaşlıq başladı.
Bu əməkdaşlıq çərçivəsində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq, müavinləri dosent Elvin Əliyev, Emin Sadiq və Hədəf Kurslarının icraçı direktoru Səftər Əlsəfa Qazaxıstanın Almatı şəhərində yerləşən NİM Almatı məktəbinin direktoru və NİM-ə daxil olan STEP Academy məktəblərində rəsmi səfərdə olublar.
Görüşlərdə məktəblərin direktorları Erbolat Ziyadov, Ermek Paizov və onların komandaları ilə Hədəf konsepti, dosent Şəmil Sadiqin “Dəyərlər” kitabı ətrafında geniş müzakirələr aparılıb, gələcək birgə layihələr və konkret əməkdaşlıq planları razılaşdırılıb.
“Adal Adam” proqramı və Hədəf modeli eyni masada
Nazarbayev İntellektual Məktəbləri uzun illərdir şagirdlərinin yüksək akademik nəticələri ilə tanınır. Son illərdə idarə heyəti təkcə akademik göstəricilərlə kifayətlənmədən, şagirdlərin hərtərəfli inkişafı konsepsiyasını qəbul edib. Bu çərçivədə Qazaxıstanda “Adal Adam” (“Ədalətli İnsan”) proqramı həyata keçirilir və milli, əxlaqi dəyərlərin möhkəmləndirilməsi prioritet elan olunub.
Məhz bu kontekstdə Hədəf Liseyinin təcrübəsi nümunə kimi seçilib. Hədəf konseptinin əsasını milli-mənəvi dəyərlərin müasir təhsil metodları ilə sintezi, tənqidi düşünən, komanda ilə işləməyi bacaran, empatiyalı və məsuliyyətli vətəndaşların yetişdirilməsi təşkil edir.
Almatıda baş tutan görüşlər zamanı dosent Şəmil Sadiqin “Dəyərlər” kitabı və Hədəf Konsepti NİM və STEP Academy rəhbərliyinə təqdim olunub, kitabda təsvir olunan konsepsiyanın Qazaxıstan mühitinə uyğunlaşdırılması ilə bağlı konkret təkliflər irəli sürülüb.
Hər iki tərəf razılaşıb ki:
• Birgə metodiki qruplar yaradılacaq;
• Hədəf modelinin seçilmiş Qazaxıstan məktəblərində pilot tətbiqi həyata keçiriləcək;
• Növbəti tədris ili üçün müəllimlər üçün dəyərlər yönümlü təlim proqramı hazırlanacaq;
• Şagirdlərdə dəyərlərə əsaslanan liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün ortaq layihələr həyata keçiriləcək.
“Savadlı olmaq yetmir, dəyərlərə sahib olmaq və qorumzaq lazımdır”
Hədəf Şirkətlər Qrupunun qurucu direktoru dosent Şəmil Sadiq əməkdaşlığı şərh edərkən bildirib:
“Bu gün dünyada hər kəs savaddan danışır, amma təkcə savadlı olmaq yetmir, dəyərlərə sahib olmaq və onu qorumaq lazımdır. Qazaxıstanla bu əməkdaşlıq həm bizim üçün, həm də region üçün vacib bir addımdır. Məqsədimiz – Azərbaycan və Qazaxıstanda böyüyən uşaqların yalnız yaxşı riyaziyyat bilən şagirdlər deyil, eyni zamanda vicdanlı, mərhəmətli və məsuliyyətli insanlar kimi formalaşmasına xidmət etməkdir.”
Görüşlərin davamı olaraq, yaxın aylarda Hədəf və NİM komandalarının həm Bakı, həm də Qazaxıstanda növbəti işçi sessiyaları planlaşdırılır.
Bu əməkdaşlıq regionda dəyərlərə əsaslanan təhsil modelinin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir və hər iki ölkə arasında təhsil körpüsünü daha da möhkəmləndirəcək.
Xəbərlər

Artıq Çimkənddəyik və elə ilk günümüz də məktəbdən başladı.

 Çimkənd 147 nömrəli orta məktəb bizi güllə-çiçəklərlə qarşıladı, çox səmimi və maraqlı bir tədbirə şahid olduq.
Qazaxıstanın bəzi məktəbləri Sovet dövrünün pioner və oktyabryat ənənəsini özlərinə məxsus şəkildə yenidən formalaşdırıblar. Pioner qalstuku və nişanını qazax bayrağının rəngləri ilə uyğunlaşdırıblar, adını isə qazaxca “Jasqıran, Jasulan” qoyublar – mənası da “gənc ordu” deməkdir. Bizim üçün xüsusi təşkil olunmuş bu tədbirdə bala bilgələrə bayraq və nişanlarını təqdim etdik!
Məktəbin direktor əvəzi Çolpan xanım və komandası bizə misli görünməmiş qonaqpərvərlik göstərdi, bütün məktəbi gəzdik. Dövlət məktəbi olsa da, bir çox özəl məktəbdən heç nəyi ilə geri qalmır:
• Müəllimlər üçün ayrıca paltar dolabları, uşaqlar üçün ayrıca dolablar;
• İbtidai sinif şagirdləri üçün günorta yeməyi;
• Valideynlərlə görüş üçün xüsusi otaq və maraqlı tərtibat;
Çimkəndin kənarında yerləşən bu məktəb ab-havası, nizam-intizamı və müasir yanaşması ilə sanki şəhərin mərkəzindəki nümunəvi bir təhsil ocağını xatırladır.
Xəbərlər

ŞƏMİL SADİQ TÜRKSOY MEDALI İLƏ TƏLTİF EDİLDİ

ŞƏMİL SADİQ TÜRKSOY MEDALI İLƏ TƏLTİF EDİLDİ
Qazaxıstanın Türküstan şəhərində Türk Dünyası Mədəniyyət Təşkilatı-TÜRKSOY tərəfindən Azərbaycan nəşriyyat sektoruna yüksək qiymət verən mühüm addım atılıb. Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru dosent Şəmil Sadiq Türk dünyası mədəniyyəti və incəsənətinə verdiyi töhfələrə görə TÜRKSOY medalı ilə təltif edilib.
Mükafatı TÜRKSOY-un Baş katibi Sultan Rayev təqdim edib. Medalda qeyd olunur ki, təltif Türk dünyasının mədəniyyəti və sənətinə göstərilən xidmətlərin və uzun illər ardıcıl fəaliyyətin qiymətləndirilməsi məqsədi daşıyır.
Şəmil Sadiq çıxışında bu mükafatı bütün Hədəf Komandası, Azərbaycan nəşriyyatları Assosiasiyası, eləcə də kitabı həyat tərzinə çevirən oxucuların uğuru kimi dəyərləndirib:
“Bu medal mənim şəxsi fəaliyyətimlə yanaşı, Hədəf Müəllimlərinin, Azərbaycan kitabının, nəşriyyatlarının, müəllif və tərcüməçilərimizin, kitab sərgilərimiz və oxu layihələrimizin tanınması deməkdir. Türk dünyasının ortaq mədəni məkanında Azərbaycan sözünün daha gur səslənməsi üçün bundan sonra da çalışacağıq.”
Təltif, Şəmil Sadiqin
Türk dünyası miqyasında həyata keçirdiyi layihələrin – beynəlxalq kitab sərgiləri, uşaqlar üçün nəşr proqramları, müəllif mübadiləsi və oxu marafonlarının – davamlı və sistemli şəkildə qurulmasının məntiqi nəticəsi kimi qiymətləndirilir.
TÜRKSOY medalı Şəmil Sadiqin Türk dünyasında kitab və mədəniyyət körpülərinin qurulmasında oynadığı rolun, eləcə də Azərbaycanı regionda nüfuzlu nəşriyyat mərkəzinə çevirmə istiqamətindəki fəaliyyətinin rəmzi ifadəsi kimi tarixə düşdü.
Qeyd edək ki, 2023-cü ildə Bakı Beynəlxalq Kitab sərgisində Şəmil Sadiqin
Xəbərlər

Dünən Türküstan şəhərində Xoca Əhməd Yəsəvinin türbəsini və ətrafdakı muzey kompleksini gəzdik.

Dünən Türküstan şəhərində Xoca Əhməd Yəsəvinin türbəsini və ətrafdakı muzey kompleksini gəzdik. Açığı, mənim üçün bu, sadəcə tarixi bir məkan ziyarəti deyildi, həm də türkün mənəvi yaddaşına doğru edilən bir səfər idi. Muzeyin rəhbərliyi bizi böyük hörmət və nəzakətlə qarşıladı, hər otağı, hər detalı izah edərək, sanki yüzillərin o üzündən bu günə uzanan hekayəni danışdılar.
Xoca Əhməd Yəsəvinin ölümündən bir neçə yüz il sonra Əmir Teymur onun məqbərəsini tikdirmək, ora xüsusi hədiyyələr göndərmək qərarına gəlib. Bu faktın özü belə göstərir ki, Yəsəvi təkcə dini şəxsiyyət deyil, həm də türk dünyasının yaddaşında dərin iz buraxmış bir mədəni, mənəvi simadır. Türbənin içində Əmir Teymur tərəfindən göndərilən metal bir tamğa var; üzərində Peyğəmbərin, əhli-beytin, 12 imamın və hətta Mehdinin də adları yazılıb. Deyirlər, iranlılar bunu görəndə “elə şiə olub” deyiblər. Amma nə onun yazılarında, nə də yaşam tərzində şiəlik üslubu görünür. O, daha çox sufi, irfan adamıdır; insanı daxilə, Tanrı ilə rabitənin mahiyyətinə dəvət edən bir yolçu…
Min ilə yaxındır ki, ucalan bu möhtəşəm türbə adamı valeh edir. Həm memarlıq xüsusiyyətləri, həm də ab-havası ilə bizə Səlcuqi dövrünün abidələrini xatırladır. Geniş tağlar, qübbələr, mavi-turkuaz kaşılar, daşın və rəngin dili ilə danışan naxışlar – hamısı birlikdə türkün həm zahiri, həm batini aləmini ifadə edir. İçəri daxil olanda qəribə bir sükutla qarşılaşırsan; elə bil səsin bir az ucalanda, yüzillərin o üzündən gələn zikrləri pozacaqsan.
Ümumiyyətlə, Türküstan şəhərinin özü də maraqlı təəssürat yaradır. Şəhər sanki yenidən qurulur və bu yenilənmədə milliliklə müasirliyin çox gözəl sintezi hiss olunur. Açıq, fərah, aydın bir şəhərdir. Geniş və təmiz küçələr, ağ, qızılı və turkuaz rənglərin birlikdə yaratdığı vizual harmoniya adamı ilk baxışdan cəlb edir. Bir tərəfdə qədim Türküstanın nəfəsi, o biri tərəfdə müasir Qazaxıstanın dinamizmi görünür. Kiçik şəhərdir, 3–4 saata rahatlıqla gəzə bilirsən, amma bu bir neçə saatda həm tarix, həm mədəniyyət, həm də gələcəyə dair bir ümid görürsən.
Mənə elə gəlir ki, Türküstan təkcə Qazaxıstan üçün deyil, bütün türk dünyası üçün simvolik bir məkandır. Burda dərk edirsən ki, bizim ortaq tariximiz, ortaq mənəviyyatımız var və bu mərkəzdən qopan işıq yüz illərdir ki, Türküstanın sərhədlərini aşaraq hər tərəfə yayılır. Ona görə də yolunuz Mərkəzi Asiyaya düşsə, Türküstana mütləq zaman ayırın. Bu şəhər həm gözlə görüləsi, həm də könüllə hiss ediləsi bir məkandır.