Aylıq arxivlər

Aprel 2026

Xəbərlər

Təhsildə dəyərlər və təhsilin dili

Bu gün “Oxu Günü -11” layihəsinin ikinci günü çərçivəsində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq və Altun nəşriyyatının direktoru, Azərbaycan dili dərsliklərinin müəllifi Rafiq İsmayılovun təqdimatında “Təhsildə dəyərlər və təhsilin dili” mövzusunda panel müzakirə keçirilib. Panel bir daha göstərib ki, dil sadəcə ünsiyyət vasitəsi deyil – o, düşüncənin forması, mədəniyyətin daşıyıcısı və gələcək nəsillərin intellektual səviyyəsinin əsas göstəricisidir.

Panel zamanı səsləndirilən fikirlər içərisində xüsusi diqqət çəkən məqamlardan biri dilimizin mövcud vəziyyəti ilə bağlı narahatlıq olub.

Qeyd olunub ki, bu gün müşahidə edilən reallıq ondan ibarətdir ki, şagirdlər məktəbi olduqca məhdud 2-3 minlik söz ehtiyatı ilə başa vururlar. Halbuki Azərbaycan dili zəngin leksik potensiala malik, 80 minə yaxın söz bazası olan və incə çalarları ifadə edə bilən dildir. Bu ziddiyyətin səbəbləri müzakirə mövzusu olub.

Bildirilib ki, problemin kökündə bir neçə mühüm amil dayanır. İlk növbədə, oxuma mədəniyyətinin zəifləməsi və mütaliəyə marağın azalması dilin inkişafına birbaşa təsir edir. Eyni zamanda, gündəlik ünsiyyətdə sadələşdirilmiş, mənşəcə yad və semantik baxımdan kasad, qısaldılmış ifadələrin geniş istifadəsi dilin zənginliyini kölgədə qoyur.

Paneldə vurğulanıb ki, uşaqların dil potensialına münasibətdə mövcud yanaşmalar da problemlər yaradır. Çox zaman erkən yaşda olan uşaqların mürəkkəb və zəngin sözləri qavraya bilmədiyi düşünülür. Halbuki uşaq eşitdiyi dili mənimsəyir və ona zəngin dil təqdim olunarsa, həmin dili qəbul edib istifadə etməyə başlayır. Bu baxımdan dil mühitinin formalaşdırılması müəllim və valideynlərin əsas məsuliyyətlərindən biri kimi qeyd edilib.

Müzakirə zamanı ifadə formaları ilə bağlı məsələlərə də toxunulub. Bildirilib ki, xarici ədəbiyyatda bir çox məsələlər açıq şəkildə ifadə edildiyi halda, yerli mədəniyyətdə daha çox məcazlara və dolayı anlatıma üstünlük verilir. Bu yanaşmanın düşünmə bacarığını inkişaf etdirən mühüm alət olduğu vurğulanıb.

Eyni zamanda, dil məsələsində milli dəyərlər və mentalitet amilinin xüsusi rol oynadığı qeyd olunub. Vurğulanıb ki, dəyərlərə sadiq qalaraq zəngin və ifadəli dil formalaşdırmaq mümkündür və bu, müasir təhsilin əsas hədəflərindən biridir.

Paneldə müasir dövrdə sürətli həyat tempi və texnoloji təsirlərin də dilə mənfi təsir etdiyi diqqətə çatdırılıb. İnsanların çox vaxt düşünmədən danışmağa, fikirlərini sadə və qeyri-dəqiq ifadələrlə çatdırmağa meyil etdiyi bildirilib.

Xüsusilə “3 saniyəlik” qısa videoların diqqət və düşüncə qabiliyyətinə təsirindən bəhs olunub. Qeyd edilib ki, telefon ekranında sürətli dəyişən məzmun fonunda oxumaq, analiz etmək və anlamaq getdikcə çətinləşir.

Sonda bildirilib ki, dilin qorunması və inkişafı yalnız filoloqların işi deyil, bu, təhsil sisteminin, müəllimlərin, valideynlərin və ümumilikdə cəmiyyətin ortaq məsuliyyətidir. Güclü düşünən, analitik və yaradıcı nəsil yetişdirmək üçün ilk növbədə onların dilinin zənginləşdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edilib ki, dil zəngin olduqda düşüncə də zəngin olur, düşüncə zəngin olduqda isə cəmiyyət inkişaf edir.

Xəbərlər

İstanbulda Türk Dünyası Psixoloq və Pedaqoqlar Kampı uğurla başa çatıb

TESAM və “Hədəf Global”ın əməkdaşlığı ilə təşkil olunan Türk Dünyası Psixoloq və Pedaqoqlar Kampı İstanbul şəhərində 27–31 mart 2026-cı il tarixlərində keçirilib və uğurla başa çatıb. Beynəlxalq kamp Türk dünyasının müxtəlif bölgələrindən olan pedaqoq və psixoloqları bir araya gətirərək bilik və təcrübə mübadiləsi üçün mühüm platformaya çevrilib.

Kamp çərçivəsində iştirakçılar üçün müxtəlif istiqamətlər üzrə təlimlər təşkil olunub, onların peşəkar inkişafına töhfə verəcək yeni yanaşmalar və müasir baxış bucaqları təqdim edilib. Təlim və müzakirələr zamanı pedaqogika və psixologiya sahəsində aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin gedişində Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq də iştirak edib və kampın əhəmiyyətinə dair fikirlərini bölüşüb. O, Türk dünyası ölkələri arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Hədəf Liseyləri və Hədəf Kurslarından ümumilikdə 15 nəfər müəllim beynəlxalq kampa qatılaraq təlim və müzakirələrdə fəal iştirak ediblər.

Kamp çərçivəsində təşkil olunan mədəni proqramlar iştirakçılar arasında daha sıx ünsiyyətin qurulmasına, fərqli mühitlərin tanınmasına və qarşılıqlı əlaqələrin möhkəmlənməsinə də şərait yaradıb.

Sonda kamp iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub.

Bildirilib ki, həyata keçirilən layihə Türk dünyası ölkələri arasında təhsil və psixologiya sahəsində əməkdaşlığın inkişafına töhfə verir və gələcəkdə bu istiqamətdə yeni layihələrin reallaşdırılması nəzərdə tutulur.