Xəbərlər

Hədəfimizə yürüməyi öyrədən Adam…

Adamlar doğulduğu, böyüyüb boya-başa çatdığı yerə, təbiətə bənzəyirlər. Nədənsə belə düşünürəm həmişə. Cavid Azərbaycanda yox, bir başqa yerdə doğulsaydı, heç vaxt həyata bu qədər dirəniş göstərə bilməzdi, buna gücü yetməzdi. Naxçıvan sözü də Cavidin mayəsinə güc qatan torpaq kimi beynimdə assosiasiya yaradır… Necə ki Bakı bu gün hamıya qucağını açıb, cənnətməkan Hacı Zeynalabdin də o cür səxavətlə ona pənah gətirənləri döşünə çəkirdi, yiyə dururdu adamlara… Şuşadan ayrı torpaq da Üzeyir bəyi yetişdirə bilməzdi… Qurban olduğum bu torpaqdan halal toxumlar boy verib, həqiqət cücərib, ədalət göyərib həmişə…

Naxçıvan təkcə Azərbaycanda deyil, bəlkə də bütün dünyanın geoxəritəsində əsrarəngiz dağları ilə seçilir. Mən Şəmil Sadiqə hər baxanda elə bilmişəm ki, o Uca Dağları görürəm. İlahi bir doğmalıqla Şəmil Sadiqi Dağa bənzətmişəm. Naxçıvanın Üzü Haqqa sarı dayanan başı qarlı ən Uca Dağıdır Şəmil Sadiq…

***

Dünya coğrafiyasının saat qurşaqları kimi, ruh xəritəsinin də öz ritmik vaxt duyğusu var. Şəmil müəllim haqqında bu yazı, əslində, lap çoxdan içimdə  yazılmaqda idi. Amma ruh saatına görə doğuluş vaxtı məhz bu məqama aid imiş.

 

Dəyərli məsləkdaşım, sirdaşım, CNN Türk kanalının “Özəl xəbərlər” şöbəsinin müdiri Fulya Öztürk bu günlərdə bir telefon danışığımızda:

“Hayalecim, bir kişiyi sormak isterim Senden – Şemil Sadık…

Şemil Hoca – bizim Üstadımız O…

Hocanmı olmuş senin. Ne güzel. Ne mutlu sana. Ne şanslısınız, öyle İnsanlardan ders alıyorsunuz. Bilirmisin, Hayalecim, bizim Türkiyedeki depremzedelere Şemil Bey ve çalışanları yaklaşık 400 bin Tl civarında büyük bir destekde bulunmuşlar. Ve bunu “Kardeşe vefa borcumuz” diye öyle içtenlikle yapmışlar ki… Can Azerbaycanımın candan aziz insanları, Siz kalp değil de sanki içinizde pırlanta taşıyorsunuz…” – deyəndə göz yaşlarımı saxlaya bilmədim…

Telefonun o biri başında Fulyanın minnətdarlıq dolu ifadələrini sözlə ifadə edilməyəcək hıçqırıqları müşayiət edirdi.

Söhbət əsnasında Şəmil müəllimin necə Turan sevdalı, milli məfkurəli insan olduğundan danışdıqca Fulya “ən yaxın zamanda  İstanbulda proqramlarımızın birində qonağımız olmasını, Turan düşüncəsini bizimlə paylaşmasını təmənni edərik” – söylədi…

Fulya ilə həmin söhbətimizdən sonra həmişə Ustadım bildiyim, bir müəllim kimi yetişməyimdə kitabları ilə Yolumuza işıq olan Şəmil Sadiq haqqında yazmağa içimdə bir mənəvi ehtiyac hiss etdim…

Seyran Səxavətin ustad sənətkarımız Rəmişə həsr olunmuş “Rəmiş” adlı maraqlı bir hekayəsi var: “Rəmiş bir ilahi möcüzədir. O, gitaraya – yadelli bir ispana Azərbaycan dilini öyrədən ilk müəllimdir. Rəmiş “Segah” çalır. Məni bağışlayın, onun necə çaldığını, nə cür istedad sahibi olduğunu yazmağa mənim kişiliyim çatmaz. Amma onun həyatı, sənəti ilə bağlı bəzi məqamlar var ki, onları yazmağa təpərim var” – deyir.

Nədənsə, Şəmil müəllim haqqında yazmaq istəyəndə bu sözlər gəldi ağlıma. Şəmil müəllimin özünə, sözünə, işıqlı əməllərinə layiq bir şəkildə danışmağa, yazmağa Seyran Səxavət demişkən, “kişiliyim çatmasa da”, peşə vicdanı, mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, örnək həyatı, insanlığı, zəngin mənəvi dünyası haqda yazmağa özümdə azca da olsa, təpər tapıram və sağlam təfəkkürlü bir toplum formalaşdırmaq üçün yorulmadan çalışan, istənilən məqamda, situasiyada təəssübkeşliklə, böyük ürəklə, fədakarlıqla əlindən gələni əsirgəməyən bu Nur simalı, İşıq İnsanın ünvanına kiçicik bir təşəkkür kimi bu yazımı yazmağın vacib olduğunu düşünürəm…

Bu həyatda istər yaxşı həkim olsun, istər yaxşı müəllim, hər bir peşə sahibinin mayəsində insanın şəxsiyyəti dayanır. Şəxsiyyətində, xarakterində yarımçıqlıq olan adam heç vaxt böyük iş ortaya qoya bilməz. Bu mənada, Şəmil Müəllim şəxsiyyəti ilə sözü, əməli bir-birini tamamlayan bütöv bir insandır.

İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır. Sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar var ki, onların ömrü nəsillərin həyatında bənzərsiz bir təcrübə olur. Şəmil müəllim məhz o insanlardandır…

Bu gün bizlər vicdanlı, məsuliyyətli, özünü və milli mənliyini dərk etmək iqtidarında bir gənclik kimi yetişməyimizdə kitabından dərs aldığımız, qələmindən ruhumuzu aydınlatdığımız, sözündən, hətta sərgilədiyi duruşundan  belə əzəmət və əsalət öyrəndiyimiz Şəmil müəllimə borcluyuq!

Böyük Hüseyn Cavidin amalını, İsa Muğannanın işığını günümüzə daşıyan aydın zəkalı, milli düşüncəli, cəsarətli, aydın mövqeli ziyalı ordusunun ən ön sırada dayananı, fədakar bir qələm sahibidir Şəmil Sadiq…

Şəmil Sadiq ilk gənclik illərimizdən sağlam düşüncəmizi bina edən, bizi “Ümidlərin izi ilə” arzularımızın arxasıyca aparmağı bacaran insandı…

Şəmil Sadiq bizləri peşə vicdanına sadiq bir öyrətmən olaraq yetişdirən, mənəvi dünyamızın, ruhumuzun memarı olan, ürəklə “Mən bir müəlliməm”  deməyimizi sağlayan Hocalar Hocasıdır, mənəvi hamimiz və Ustadımızdır!

Şəmil Sadiq “Od ər”lərinin milli varlığını, milli şüurunu sətir-sətir tarixləşdirən, ocağında Odər böyüdən, düşüncələriylə hər bir türkün düşüncəsində Odər toxumu göyərdən Turan məfkurəli ideoloqdur.

Şəmil Sadiq böyük Cavidin narahat ruhunu dərin elmi araşdırmaları ilə şad etməyi başaran dəyərli bilim adamıdır.

Dəyərlərin aşındığı, oxucu ilə kitab arasında ilişkilərin çat verdiyi bir toplumun tən ortasında İsa Muğanna işığını sönməyə qoymayan, gördüyü misilsiz işlərlə və gerçək bir övlad məhəbbəti  – doğma oğul sevgisi ilə böyük yazıçımızı ömrünün ixtiyar çağlarında bəxtiyar edən, İsa Muğannaya həyata inamla baxma, yaşam və yaradıcılıq stimulu olan İdeal Şəxsiyyətdir Şəmil Sadiq…

***

Hüseyn Cavid “Naxçıvana nə lazımdır?” məqaləsində yazırdı ki:  “Bir millətin tərəqqi və tədənnisini bilmək üçün millətin məktəblərini görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcana salan Yaponiyanın bütün tərəqqiyati – ciddiyyətləri həp məktəblər sayəsindədir. Məktəbi bir millətin hər halını tədqiq edib öyrənmək üçün “ən doğru meyar, ən kəsdirmə yol” kimi qiymətləndirən Cavid rus – yapon müharibəsində yaponların ruslar üzərində qələbəsinin səbəbini yapon müəllimlərinin yapon vətənpərvərpərləri yetişdirmə bacarığında görürdü. Bu müəllimlərin tərbiyə işini yüksək səviyyədə, gözəl nəticələr əldə edə bilmək istiqamətində aparmaq məharəti, öz işlərinə böyük məhəbbət və millət naminə məsuliyyətlə yanaşma bacarığı ilə əlaqələndirirdi. Cavid filosof – şair, dramaturq olmaqla yanaşı, həm də böyük müəllim idi, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdu və məktəbə, müəllimə millətin əhval – ruhiyyəsinin inikası kimi baxırdı.

“Həsb – hal” məqaləsində yazırdı ki, “bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, gələcəyimiz də elə olacaqdır”. Bu günün məktəbi və ədəbiyyatı mütləq gələcək həyatın, nəsillərin necə yetişməsinə  öz təsirini göstərəcəkdir.

Bu gün biz Həqiqətə Tanrıya sığındığımız kimi sığına biliriksə, “iç mən”imizə sadiq qala biliriksə,  Qələmimizi Vicdanımız kimi qoruya biliriksə, bu məhz Şəmil Müəllimin bizə öyrətdikləri sayəsindədir.

Bu cəmiyyətin ən işıqlı gənc qələmləri də, gənc yazı əhli də Sizlərin zəka işığınızdan pay alıb yetişən nəsildir, əziz Şəmil müəllim!

Siz Bizim Ruhumuzun Memarı – Mənəvi Atamızsınız! İnsan yetişdirməkdən, şəxsiyyət formalaşdırmaqdan daha çətin və şərəfli peşə yoxdur. Ki, Siz bu şərəfli peşənin öhdəsindən ən şərəflə gələnlərdənsiniz…

Dərs dediyi, həyata hazırladığı minlərlə gəncin içində ədalət tərəzisini bərqərar edən, daxili dünyamızda Haqq səsinə çevrilən Ustadımız Şəmil Sadiqin yaşadıqlarını kitab kimi vərəqlədikcə onun şərəfli ömür yolunun biz gənclər üçün və bütövlükdə cəmiyyətimiz üçün dəyərli nümunə olduğunun şahidi oluruq – vicdan, ləyaqət, dürüstlük, saflıq, sadəlik, səmimilik, təvazökarlıq, ziyalılıq, müdriklik və ən əsası İNSANLIQ nümunəsi…

Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur…

Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Şəmil müəllim məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xalqının –insanlığın Haqq səsi olan, şərəfli ömrünü fədakarlıqla türk və Turan düşüncəsinə həsr edən vətəndaş ziyalı…

***

Seyran Səxavətin “Nekroloq” romanında çox təsirli bir epizod var. Əsərdə təsvir olunur ki, kənddə bir başıpapaqlı qalmışdı, o da çolaq idman müəllimi idi. Çolaq idman müəllimi hər gün məktəbliləri kəndin yollarında yeridir ki, kəndin yolları ot-alaf altında itib-batmasın. Axı yollar insan ayaqları altında tapdananda yol olur. Adam adama qarğış edəndə deyir ki: Qapında ot bitsin… Bu elə qapın bağlı qalsın, – deməkdir. Qapıda o vaxt otbitir ki, gəliş-gediş olmur. “Nekroloq”da təsvir olunan kənd o vəziyyətdə idi. İdman müəllimini için-için yandıran dərd də bu idi, kəndin – məmləkətin qapısı bağlı qalmışdı…

“Kənddən yolaşana qədər iki-üç kilometr olardı. Bədən tərbiyəsi müəlliminin məktəbdə hörməti vardı, onun bir sözünü iki eləməzdilər, əslində, heç söz deyən də deyildi ki, iki eləsinlər,ya eləməsinlər. O hər gün köhnəlib torpağa qarışmaqda olan yolun kəndə girəcəyində dayanıb şagirdləri gözləyirdi. Yuxarı siniflərin arıq-uruq, sınıq-salxaq uşaqları onun başına yığışardı. Gündə bir dəfə yolaşana qədər gedib qayıdırdılar, bəzən də iki gündən bir – özü də xeyli uşaq idi – əlli-altmış nəfər olardı. Bu minvalla yarımcan yol yavaş-yavaş cana gəlib yola oxşamağa başlayırdı. Bu minvalla bədən tərbiyəsi müəllimi yolu ölməyə qoymurdu – adını da qoymuşdu ki, idman sağlamlığın rəhnidir”…

Bəli, bu gün qaranlığa üsyan etməkdənsə, o qaranlığı nura boyamaq üçün gücü çatan bircə şamı belə yandıran müəllimlərimiz var. Seyran Səxavətin vurğuladığı kimi peşə vicdanını hər şeydən uca tutan o ləyaqətli müəllimlər heç vaxt “çolaqayaq”larını, “şikəstlik”lərini, fiziki ya mənəvi əzablarını düşünmədən millətin sabahı üçün özlərini fəda ediblər və etməkdədirlər. Və bu məmləkətin dəyərləri kimi, mənəvi sütunu hələ dağılmayıbsa, əlbət ki, bütün ruhuyla, varlığıyla yetirmələrini şikəst qoymamaq üçün o “tək ayağını” cəmiyyət üçün sütun edən müəllimlərin– ziyalıların sayəsindədir.

Bu cəmiyyətin mənəvi sütunu hələ də dağılmayıbsa, bu, Sizin sayənizdədir, əziz Şəmil Müəllim!

Öyrətmən sadəcə elm öyrədən deyil, yetirmələrinin xarakterindəki naqislikləri tərbiyə edə-edə, rəndə kimi cəmiyyətin kələ – kötürlüklərini hamarlayandır. Öyrətmən Aydındır – Günəş kimi yetirmələrinin yolunu və düşüncəsini aydınladandır…

İllər öncə Yəmən məktəblərinin birində çəkilmiş bir foto uzun müddət yaddaşımdan iz qoymuşdu: Şəkildə təsvir olunur ki, məlum bombardman nəticəsində sinif otağının arxa divarında yumru bir dəlik yaranıb. Gənc bir müəllimə sarı – qızılı rəngli qələmlə o bomba dəliyinin ətrafını Günəş şüaları kimi xətləyib. Şagirdlər hər geriyə dönüb baxdığında bombalanmış divarı yox, o bombalanmış yerdən içəri düşən Günəşi görürlər. Bəli, Müəllim dediyin bomba dəliyini Günəş yapan Bilgə İnsandır…

Siz həyatımızdakı bütün bomba dəliklərini Günəş yapan  qəlbimizdəki o Bilgə İnsansınız, Şəmil Müəllim!

Vicdanlı vətəndaş və vətəndaş ziyalı olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü xalqı yolunda fəda edə bilməkdi ki bunu da hamı bacarmır… Milyonların sevimlisi, sidq ürəklə sevdiyi və inandığı, ürəklərdə güvən qazanan İnsan olmaq statusunu da Tanrı hər adama nəsib etmir. Ürəyimizdə ən böyük ucalıqdasınız, Şəmil Müəllim!

Sizin üstləndiyiniz müəllimlik missiyası, hocalıq görəvi bir də ona görə ülviləşir və qutsallaşır ki, Siz təkcə öz ailənizdə böyütdüyünüz övladlarınıza deyil, bizim hamımıza sözün həqiqi mənasında şəfqətlə həm Müəllim, həm mənəvi Valideyn olmağı bacarmısınız.

Bu qala bizim qala,

Həmişə bizim qala.

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala…

– sanki Sizin şəninizə söylənib bu nəğmə, dəyərli Şəmil Müəllim! Yetişdirdiyiniz balalar Sizin əsərlərinizdir – tikdiyiniz qalalardır…

Müəllim olmağı bacarmaq ən böyük şəxsiyyət, ən böyük yazıçı, ən böyük sənətkar ola bilməkdi…

Müəllim olmağı bacarmaq bütün varlığıyla, ruhuyla özünü fəda edə bilməkdi…

Müəllim olmağı bacarmaq Tanrının ən müqəddəs yükünü çiyinlərinə almaqdı…

Siz Özü ən ləyaqətli örnək olmaqla, Müəllim kimi bizlərə ayna tutan, yavrularımıza olan münasibətimizi və  düşüncəmizi formalaşdıran,  mənəvi dünyamızı inşa edən, möcüzəli toxunuşuyla bizi biz edən, ruhumuzu yenidən yapan Memarsınız, Şəmil Müəllim!…

Böyük maarifçi Həsən bəy Zərdabi yazırdı ki, “Maarifdən və ziyalıdan uzaq bir xalq işıqdan məhrumdur”

Nə mutlu bizə ki, Şəmil müəllim kimi ziyalılarımızın daxili dünyasının işığı hesabına qaranlığımız aydınlanır. Nə mutlu bizə ki, kitablarından, tövsiyələrindən, söhbətlərindən, müsahibələrindən faydalandığımız, sözündən, hətta sərgilədiyi duruşundan belə əzəmət öyrəndiyimiz Şəmil müəllim var Yolumuzun başında. Nə yaxşı ki Var!…

Yazımın bu yerində tələbəlik illərimizə aid bir məqamı xatırlamaq istəyirəm. Biz həyat yoldaşımla bir partada oturardıq. Şirin bir xatirə kimi həmişə müəllimlərimiz bizə baxanda bizdən öncəki illərdə tələbələri olmuş və indi ömür yolunu bərabər addımlayan Şəmil Müəllimlə Zülfiyyə Xanımın ailə həyatını hamımıza örnək göstərirdilər. Hər dəfə Zülfiyyə Xanımla Şəmil Müəllimin adı çəkiləndə mən Məmməd İsmayılın “Bir adam yol gedir bizdən qabaqda…” misralarını xatırlayırdım… Və Şəmil müəllimin elmi, ədəbi, pedaqoji uğurlarının ideya həmmüəllifi olaraq düşünürdüm Zülfiyyə  Xanımı… Bu gün ən təqdirəlayiq olan odur ki, bu iki gözəl insan əl-ələ verərək qurduğu gözəl bir ailə modeli ilə bərabər həm də çağdaş Azərbaycan təhsilində ən öncül model olan böyük “Hədəf” ailəsini yaratdılar. Var olsunlar!

Bütün qəlbimlə “Elm və həyat Yolu”muza işıq olan sevgili Zülfiyyə xanımın, dəyərli Şəmil müəllimin əməyini ayaqüstə alqışlayır, onların fədakar əməyi qarşısında sayğıyla baş əyirəm!

Həzrəti peyğəmbərimizdən soruşurlar ki, Dini bir sözlə necə ifadə etmək olar? Deyir ki: “təsəlli” sözü ilə. Bu çətin dünyamızda, mənəviyyatın aşındığı, əxlaqi dəyərlərin alt – üst olduğu, insanlığın çat verdiyi bir zamanın və mühitin içində Sizin kimi insanları tanımaq, varlığını hiss etmək, sözün həqiqi mənasında insana təsəlli olur. Şərəfini, ləyaqətini, ailə dəyərlərini beş paraya dəyişənlərin nəfəs aldığı bir toplumun içində Sizin kimi öz təmiz dünyasına çəkilib, özünün, sözünün, uca ruhunun, adının, ailəsinin paklığını – Tanrı əmanəti kimi qoruyan  İnsanların varlığını bilmək adama təsəlli olur. Yüz acını da udursan bir şirinin xətrinə. Düşünürsən ki, bu torpaq Zülfiyyə Xanım və Şəmil Sadiq ləyaqətdə qutsal və uca İnsanlar yetirə bilibsə, demək ki, hələ sabaha və yaşamağa ümid qalır…

 

Oxşar yazılar