Xəbərlər

“100 baldan 80 balı toplayan qızıl medal alan şagirdlərimiz var”

“Artıq 6 aydır ki, I Türk İnteqrasiya Olimpiadası davam edir”. SİA xəbər verir ki, bu sözləri Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, dosent Şəmil Sadiq deyib.

Onun sözlərinə görə, ümumilikdə 500-dən çox şagird iştirak edib. Ölkələrdə birinci tur keçirildi. Final mərhələsi Azərbaycanda, Bakıda keçirildi. Təqribən 100-ə yaxın şagirdin, 8 ölkədən gələn məktəblinin Türk dünyası İnteqrasiya Olimpiadasındakı uğurlarının nəticəsini mükafatlandıracağıq.

Cənab Prezidentin çox önəmli bir mesajı var ki, bizim ailəmiz türk dünyası ailəsidir. Bundan başqa ailəmiz yoxdur. Bu baxımdan bu şüar bizim üçün stimul oldu. Təqribən 5-6 ildir bu layihəni həyata keçirmək arzusundayam. Pandemiya, müharibə kimi müəyyən çətinliklər oldu. Bu günə qismət imiş. Azərbaycan zəfər qazanandan sonra türk dünyasındakı birlik alovları bir az da qızışdı. Çünki bu gün Azərbaycan və Türkiyə birlikdə Turanın aparıcı dövlətləridir. Digər türk dünyası insanlarının bir araya gəlməsi, səslənməsi, ortaq dil, mədəniyyət, ortaq ədəbiyyata bizim olimpiada dəstək məqsədi daşıyır. Olimpiadanın formatı bir az fərqlidir. Burada bir sualda 4-5 fənnin inteqrasiyası var. Hər bir sualın mahiyyətində türk dünyasına aid olan bir fikir var. Riyaziyyatdan bir sual var, amma hökmən orada o məsələni həll etmək üçün türk dünyası tarixinin ədəbiyyat, coğrafiyasını bilmək lazımdır.

Biz narahat idik ki, suallar bir az çətin olacaq. Qeyri-adi olimpiadadır. Sevindirici haldır ki, 100 baldan 80 balı toplayan qızıl medal alan şagirdlərimiz var. Bu gün onun bağlanış mərasimindəyik. Sevincli, qürurluyuq. Hüseyn Cavid demişkən: Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”.

Oxşar yazılar