Selin qabağına müəllimlər çıxır…
Hörmətli Millət vəkilimiz, əziz dostum, Fazil Mustafanın Milli Məclisdəki son çıxışına münasibətimi bildirmək istəyirəm. Amma öncə deyim ki, Fazil müəllimin maarifçiliyə, mədəniyyət və təhsil sahəsinə münasibəti, həmişə ön planda tutması, özünəməxsus yanaşmaları təqdir olunandır və mənə görə nümunədir. Çünki bu mövzularda ya danışılmır, ya da çox dəxlisiz yanaşmalar olur.
Açıqlamada qeyd edilən saxta diplom mövzusu ilə bağlı (“Biz elə bilirik ki, ölkədə sanki saxta diplom alanlar ancaq müəllimlərdir. Müəllimlər zəif bənddir. Biz bunu ciddi araşdırmalıyıq.) bəyə təşəkkür edirəm. Çünki nədənsə həmişə sel gələndə birinci müəllimləri aparır. Seçki olur, müəllimlər danlanır, saxta diplom mövzusu çıxır, yenə müəllimlər öndə gedir, hallandırılır, Sertifikasiya nəticəsinə görə işdən çıxarılma qərarı yenə birinci müəllimlərdən başlanılır. Əslində haqlı yanaşma da olsa, adama maraqlı gəlir, hanı polis, həkim, müəhdis, nə bilim başqa peşələrin rəhbərləri, niyə onlarda belə olmur, amma müəllimlər həmişə mövzu olur. Əmin olun ki, müəllim adının bu qədər hallandırılması, hər şeyləri mövzu olması bir müəllim olaraq bizi çox incidir. Ölkə səhiyyəsi niyə arxa plana atılır, niyə o mövzu belə popliyar olmur? Və digər sahələr də həmçinin. Yəqin ki, müəllimlərə olan sevgidəndir, nənəm deyərdi ki, pişik balasını istədiyindən yeyər. Yəqin bizim də boyumuza bu biçilib. Bu bir ayrı mövzudur.
Amma Fazil müəllimin direktorların 5 illik səlahiyyət müddəti olması fikrinə etirazını (direktorlar üçün səlahiyyət müddəti 5 il müəyyən olunub. Bu müddətdə direktor məktəbi necə toparlaya bilər?) qəbul etmirəm. Çünki Emin müəllim yeni nazir təyin ediləndə yazılı göndərdiyim təkliflər içərisində bu mövzu da var idi. Məncə, çox lazımlı addımdır. Düzdür, təhsil ağır sahədir, 5 ildə böyük işlər görmək çətindir. Amma kresloya yapışıb qalmaq, konfort zonasından çıxmamaq da bir ayrı problemidir. Bu, beynəlxalq yanaşmalarda bütün sahələrdə belədir və vacibdir. Əgər ölkə prezidentləri, millət vəkilləri 5-7 il müddətinə seçilirsə, deməli məktəb direktoruna da bunu şamil etsək, yaxşı olar. Əgər deyildiyi kimi icra olunacaqsa, çox ciddi faydasını görərik. Uzun illərdir ki, mən də Hədəfdəki idarəetməmizdə kurslarda 3, liseylərdə 5 ildən bir dəyişiklik edirəm. Əsas olan burda sistemdir. Sistem olacaq və işləyəcəksə, şəxslərin yerini dəyişdirməklə heç nə itirmərik. Nazirin qeyd etdiyi kimi, direktor və müavinlərinin də sertifikasiyası vacib məsələdir.
“Müəllimlərin sertifikasiyasından sonra əməkhaqqı artımına da yenidən baxılmasını zəruri sayıb. Fazil müəllim bildirib ki, 30-a qədər bal toplayanlarla 50-dən yuxarı bal toplayanların eyni şkala üzrə qiymətləndirilməsinə yenidən baxılmalıdır. Onun sözlərinə görə, 30-la 50 arasında böyük məsafə var”. Əslində Fazil müəllimin qeyd etdiyi bu məsələni kökündən həll etmək üçün, ümumiyyətlə, müəllimlərin maaşına ciddi baxılmalı, stafkaya görə maaş artırılmalıdır. O zaman artımlar daha ədalətli ola bilər. Amma 50 faizdən aşağı nəticə gösətənlərin maaşına baxılmasını isə qəbul etmirəm. 50% göstərici nə nəticədir ki, ona da özəl yanaşma edilsin, maaşı digərlərindən fərqləndirilsin. Əslındə mənə görə 80% dən aşağı nəticə toplayanlara bu artım şamil edilməməlidir. Amma biz ümumilikdə müəllim maaşını artırsaq, günün tələblərinə uyğunlaşdırsaq, istənilən müəllim heç olmasa 1000 manatdan yuxarı maaaş alarsa, daha yaxşı nəticə toplayanların maaşı daha yüksək olacaq və burda yaxşı rəqabət də olacaq. Təəssüflər olsun ki, müəllimin bugünkü maaşı heç bir halda qənaətbəxş deyil. Başqa sahələrlə müqayisə edəndə də görürük ki, ən az maaşı müəllim alır, amma ən çox psixoloji basqı da müəllimə edilir.
Son zamanlar Sertifikasiya mövzusunun bu qədər məşhurlaşması da təbii haldır, çünki ilkdir və inciyənlər, küsənlər də olacaq. Zaman-zaman alışılma prosesi gedəcək, bunu təbii qəbul edəcəyik. Fazil müəllimin sonda qeyd etdiyi kimi, “Biz təhsil səfərbərliyinə başlamalıyıq və ciddi dəyişikliklər etməliyik”! Ciddi dəyişikliyə isə hardansa başlanmılmalı və nələrisə qurban verməliyik.