Ümidlərin gözü ilə…
Yaxınlarda Azərbaycan Yazıçılar Birliyində Müşfiq XANla birgə qələmə aldığımız “Ümidlərin izi ilə” romanının müzakirəsi keçirilib. AYB-nin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhminin təşkilatçılığı və moderatorluğu ilə baş tutan tədbirdə tənqidçi f.ü.f.d.Nərgiz Cabbarlı, kitabın redaktorları Elxan Nəcəfov, f.ü.f.d.Arif Əsədov və şairə Nuranə Nur da iştirak ediblər.Əlbəttə ki, hər bir yazıçı üçün əsərinin müzakirə edilməsi çox önəmli hadisədir. İstər tənqid edilsin, istərsə də tərif. Axı yazılan istənilən yazı kimlər üçünsə yazılıb və mütəxəssis rəyləri də çox önəmlidir. Üstəgəl, bu müzakirə düşmənçilikdən, qərəzdən doğmamışdırsa, nə əla. Mənim üçün əsərimin müzakirəsi iki məqamda önəmlidir, birincisi özümün də görmədiyim qüsurlarımı yenidən görmək, ikincisi, əsərlə tanış olmayanlara və ya olanlara bir istiqamət verilməsi baxımından. Hələ klassik ədəbiyyatşünaslıq ədəbi tənqidə tərif verəndə deyirdi ki, “ədəbi tənqid yazıçı ilə oxucu arasında bir vasitəçi, körpü rolunu oynamalıdır”. Əlbəttə ki, söhbət ədəbi tənqiddən gedir, ədəbi tərifdən, ədəbi qərəzdən yox. Bu müzakirədə şəxsən mən nə ədəbi qərəzin, nə də ədəbi tərifin at oynatdığını görmədim. Amma düzünü deyim, tam ürəyim istədiyim kimi tənqidi də görə bilmədim. Bu da təbiidir, çünki müzakirə iştirakçıları ayrıca bir yazı ilə əsəri təhlil etsə idilər, o zaman istədikləri və mənim də istədiyim kimi tənqidi münasibət görərdim. Lakin hərə əsərin bir qanadından yapışanda istədiyin kimi fikrini yekunlaşdıra bilmirsən. İstənilən halda, “Ümidlərin izi ilə” romanı AYB kimi bir qurumda müzakirə edilirsə və yetərincə işinin ustaları olan şəxslər vaxt ayırıb müzakirəyə qoşulurlarsa, bu bir yazıçı üçün sevindirici xəbər olmalı, elə buna görə də təşəkkür borcu hiss edilməlidir. Müzakirə sənin ürəyincə olsa da, olmasa da. Axı bu gün hamımız təmənnasız münasibətə ehtiyac duyuruq.
Müzakirə materiallarını oxuyandan sonra fikrimi bildirməyi düşünürdüm. Hətta bəzi tənqidi fikirlərlə razılaşmadığımı da geniş yazacaqdım. Di gəl, ortaq müəllifin – Müşfiq XANın bir az incik, bir az sərt münasibətini oxuyandan sonra tənqidçilərə bir daha təşəkkür borcu duydum daxilimdə. Onlar da Müşfiq XANın üslubunda fikir söyləsə idilər, “nələr baş verərdi” deyə düşünməyə başladım. Bu məktub birbaşa Müşfiq Xana ünvanlansa da, müzakirə haqqında bir neçə fikrimi qeyd etməliyəm.
Əsərin müzakirəsində məni qane etməyən tərəf odur ki, yaxşıca tənqid edilməyib. Düzdür, Nərgiz xanımın dediyi kimi, “müzakirə iştirakçılarının yarısını yox”, hamısını özümə yaxın insanlar hesab edirəm. Sanki ehtiyatlı yanaşma gördüm. Sanki bir gənci həvəsdən düşməməsi üçün ilk qələm təcrübəsi haqqında danışıblar. Bəlkə də, bu doğmalıqdan yaranıb, amma şəxsən tənqidə açıq olduğum üçün daha xoş olardı ki, yıxıb-sürüsünlər əsəri. Mən o yaşda deyiləm ki, deyilən ağır tənqidə görə ruhdan düşüm, qələmdən soyuyum, pessimizmə qapılım. Nə qədər sərt tənqid olsa idi, bir o qədər maraqlı olardı. Amma yumşaq yanaşma bir az tədirgin etdi məni.
Müzakirəni oxuyandan sonra düşündüm ki, axı niyə məhz Aytəkinin taleyi daha çox söhbət mövzusu olmuşdur? Bu mənim həmmüəllif kimi vahid bir əsərin təəssübünü çəkməyimdən idi. Amma Müşfiq XAN belə etmədi. Axı burda tarixi hadisə vardı, burda Naxçıvandan gəlib Xocalıda gəlin olan bir ana vardı, burda dilənçi olub küçələrdə qalan bir qaçqın uşağın taleyi vardı, burda müharibədən sonra Azərbaycan həbsxanasında dustaq olan bir erməni vardı, axı burda faciə yaşamış Samirə obrazı vardı, axı burada əsir və girovlarla alver edən “soydaşlarımız” vardı, axı burada Sumqayıt hadisələri vardı, sülh dövründə evlənib, müharibədən sonra ayrı yaşamağa məcbur olan erməni-azərbaycanlı ailəsi vardı, Kəlbəcərin istismar edilən qızıl mədənləri vardı, axı burda əsirlikdən qayıdandan sonra “qeyrətli” oğullarımız tərəfindən fahişəlik etməyə məcbur edilən insan taleyi vardı, axı burda qaçqın kimi kasıb bir daxmada yaşayan kimsəsiz qoca taleyi vardı ki, bizə faciəsini danışandan sonra pul istəməyəcəyimizin vədini almışdı. Axı burada Andranikin törətdiyi vəhşiliklər vardı. Axı burda iki müxtəlif qələm sahibinin ürək ağrısı ilə dinlədiyi Qədim dayının taleyi vardı. Axı burada Moskvada ermənilərlə biznes əlaqəsində olan azərbaycanlı iş adamları vardı. Niyə bunlara toxunulmadı, münasibət bildirilmədi?
Digər bir tərəfdən də istər dünya ədəbiyyatında, istərsə də bizim ədəbiyyatımızda həmmüəllif romanlar çox az rast gəlinir. Bu məsələ açılmalı idi. Əsərin poetikası, strukturu, kompozisiyası, sujeti, bədii dili, ideyası, forması, janrı haqqında demək olar ki, fikir səslənmədi. Yuxarıda da dediyim ki, bəlkə də, partnyorun istiqamətləndirməsi buna imkan vermirdi. Əsərin birinci nəşrinin redaktoru f.ü.f.d. Arif Əsədov, sanki qarşı tərəf qismində çıxış edir, f.ü.f.d. tənqidçi Nərgiz Cabbarlını sual atəşinə tuturdu. Axı əsərin redaktoru bu cür etməməli idi. Suallar ona ünvanlanmalı və o da münasibət bildirməli, əsərin ideyasını tənqid etməli, məzmuna konseptual baxış sərgiləməli idi.
Nərgiz xanımın Müşfiq XANa yaxın hesab etdiyi (əslində, hər ikimizin dostudur) Elxan Nəcəfov da ilk oxuculardan və redaktə edənlərdən biri idi. Amma elə bir passiv münasibət sərgilədi ki, inana bilmədim. Açığını deyim İlqar Fəhmi məni də müzakirəyə dəvət edəndə hardasa Elxan Nəcəfovun bizi əvəz edə biləcəyini düşünmüşdüm. Amma təəsüf ki, görə bilmədim. Təklikdə etdiyi tənqidlərdən heç birini söyləmədi, sadəcə ümumi fikirlərlə qənaətləndi. İlqar Fəhmi, Nərgiz Cabbarlı, Nuranə Nur haqqında deməyəcəm, çünki Müşfiq XANın müzakirəyə qərəzli yanaşması susmağa vadar edir məni. Amma onu da deyim ki, Nərgiz xanımın Senet.az saytındakı “Oxumadığım əsərin müzakirəsinə qatılacaq qədər məsuliyyətsiz tənqidçi deyiləm” yazısında “müzakirəyə qatılanların yarı faizi müəlliflərə yaxın insanlardılar” fikrini qəbul etmir, iştirakçıların hamısını şəxsən özümə çox yaxın hesab edirəm.
Gələk Müşfiq XANın reaksiyasına…
XAN dostum Senet.az saytında “Yazıçılar birliyində detektiv romanın xəfiyyəsiz müzakirəsi” yazısında çox qərəzli və sərt yazıb. Həmmüəllif kimi oxuyanda müzakirə iştirakçılarına qarşı haqsızlıq etdiyini düşünə bilərdim, amma ən böyük haqsızlığı ortağına etdiyini görəndə onları unutdum, özümü və əsəri tutdum. Ortaq bir əsər yazmağın ağırlığını əsəri yazmağa başlayandan hiss etmiş olsam da, XANın bu yazısından sonra daha çox məyus oldum. Axı bu əsərin bütün məsuliyyəti ikimizə də aiddir. Tutalım ki, biz yaşadığımız dövrdə hansını mən yazmışam, hansını Müşfiq XAN yazıb deyə, oxuculara məlumat verə bilərik, öz yazdıqlarımızı daha çox təqdim edə bilərik, amma bizim olmadığımız dövrdə əsərin bütün uğurlu-uğursuz cəhətləri ikimizin də boynunda qalacaq. XANın məlum yazısından məlum olur ki, müəllifin tənqidçilərə qarşı aqresiyasının əsas səbəbi daha çox mənim yazdığım hissənin (gündəliyin) müzakirə obyekti olması idi. Müzakirəni diqqətlə oxusanız görərsiniz ki, müzakirədə daha çox danışılan və müsbət münasibətlər əsərin gündəlik hissəsinə və Aytəkinə aiddir. Bunu mənim yazmağım bir az xoş olmur. Sanki Qarabağ mövzusunda acı ilə yazdığımız bir əsərin üzərindən reklam qururam. Hətta özümü həmmüəllifimdən yaxşı yazıçı kimi təqdim etməyə cəhd edirəm. İnanın, bəlkə də, təklikdə etdiyimiz söhbətlərdə bu ola bilər, amma ictimaiyyət qarşısında qətiyyən bu məqsəddə deyiləm. Lakin Müşfiq XANın reaksiyasında böyük bir qərəz var ki, məni də bunları yazmağa vadar edir. Bir neçə səbəbini sizin qənşərinizdə izah edim:
Birincisi, əziz Müşfiq XAN həzrətləri, Mayor Qüdrətovun adının çəkilməməsi səni bu qədər incitməməli idi. Yaxşı bilirsən ki, ədəbiyyatşünaslıq hələ də detektiv ədəbiyyatı ciddi hesab etmir. Ondansa, sən tənqidçilərə irad tutardın ki, axı bu əsərin Azərbaycan ədəbiyyatında Xocalı faciəsini bu qədər açıqcasına ifadə edən ilk və yeganə əsər olması haqqında niyə danışılmayıb?
İkincisi, Müşfiq XAN həzrətləri, Nərgiz xanımın “Amma mənim qəbul edə bilmədiyim qurama, süni, özünü təsdiqləyə bilməyən detallar var idi. Yəqin ki, bu da romanın detektiv tərəfi ilə bağlıdır” deyərək Aytəkin obrazını Ramil obrazından üstün tutması, onu qabartması, ona daha çox önəm verməsi, səni heç incitməməli idi və deməli idin ki, biz (mən olmaz, həmişə biz deməliyik, ortaq!) bu əsəri yazanda əsirlikdə olan insanlarımızın məşəqqətli günlərini məhz Azərbaycan oxucusuna çatdırmağı qarşımıza məqsəd qoymuşduq. Ramili, Aytəkini, sənin əsərə yamaq kimi zorla gətirdiyin Qüdrətovu (Nəzərinizə çatdırım ki, Qüdrətov Müşfiq XANın “Ümidlərin izi ilə” əsərindən əvvəl yazdığı əsərlərin detektiv qəhrəmanıdır.) kim daha güclü yazacaq deyə bir amalımız yox idi. Hadisələr də Aytəkinin gündəliyi üzərində qurulmuşdu. Nə olsun ki, Aytəkinin gündəliyini Şəmil Sadiq yazmışdır. Axı biz həmmüəllifik.Bunu sən də yaxşı bilirsən ki, məhz detektiv süjet üzərində qurulan əsərlər heç vaxt müzakirə olunmur, çünki oxuduqdan sonra insanın ruhunda pis və ya yaxşı heç nə buraxmır. Heç obrazların da adı yadda qalmır. Bu əsər isə sırf detektiv əsər deyildi. Yadındadırsa, üstündə detektiv-kriminal ifadəsini ona görə yazdıq ki, oxucu kütləsi əsərin ağırlığından qorxub yerə qoymasın. Elə buna da sonra çox hallarda peşman olduq və üçüncü nəşrdə sənədli roman etdik(m).
Üçüncüsü, Müşfiq XAN həzrətləri, “əsərin süjetini quran, proloq, epiloq və kulminasiyalarını yazan həmmüəllif olaraq, kəsinliklə bəyan edirəm ki” demək böyük qəbahətdir. Əsərin mövzusunu biz Xırdalanda Heydər Əliyev parkında müəyyənləşdirmişik birgə, süjeti isə Nabranda yuxusuz gecələrdə birgə yaza-yaza qurmuşuq, xatırlayırsansa, təklif etdiyin süjet başqa bir əsərə bənzəyirdi və mən həmin adını çəkmədiyim əsəri oxuyandan sonra dəyişdirməyi tövsiyə etdim. Digər məqamlar isə yazı prosesində ortalığa çıxdı. Çünki əvvəlcə razılaşmışdıq ki, bir hissə sən, bir hissə də mən yazım və bir birimizin obrazlarına keçidlər verək. Bu birgə işin məhsulundan isə bir çox uğurlu obrazlar yaranmışdı. Proloqun sənə qalsın, epiloq isə əsərdən doğur, bəy. Bunu diqqətdə saxla. Oxucular da bilsin ki, Aytəkinin gündəliyi mənə məxsus, onun ətrafında cərəyan edən hadisələri isə XAN yazmışdır. Yəni gündəlik olmasa idi, detektiv nəyi araşdıracaqdı, həmçinin də detektiv olmasa idi, gündəliyi kim araşdıracaqdı?! Ümumilikdə, əsərin ərsəyə gəlməsi birgə əməyin məhsuludur.
Dördüncüsü, XAN həzrətləri, etiraf et ki, indiyə qədər bu əsərdən başqa heç bir əsərin oxucu kütləsinin bu qədər marağını cəlb etməmiş, bu cür yüksək kürsüdə müzakirə edilməmişdi. Önəm vermədiyin bir təşkilatın mətbu orqanlarında çap edilmək həvəsinin olması isə yaxşı arzu deyildir. Qərarını ver! İlqar Fəhminin ““Aktrisa”sını oxumuşam. Filminə isə əsərlə tanış olmamışdan əvvəl baxmışdım. Kompüterin şifrəsinin çözülməsi bir yana, gündəliklə bağlı eksperiment olduqca primitivdir. Hətta “Ümidlərin izi ilə”də Aytəkinin gündəliyindən daha bəsit priyomda oxucuya təqdim olunub” fikrin qərəzlidir. Bu məqamda bunları müqayisə etməyin heç bir adı yox idi. Bir az siyasətsiz reaksiya idi. Digər tərəfdən də “Aytəkinin gündəliyindən daha bəsit priyomda” deməklə nə demək arzusunda olduğunu sən də yaxşı bilirsən, oxucular diqqət etməsə də… Axı bu kinin səbəbi nədir?
Beşincisi, dediklərin həqiqət olsa da, gərəkdir ki, obyektiv olardın. Niyə yazında əsəri unutduğunu etiraf edən Elxan Nəcəfov dostumuza, Aytəkin sevdalısı Arif Əsədova bircə cümlə də yer ayırmamısan. Dostların idi ona görəmi? Ən azından yarımçıq oxumaqla unutmaq arasında heç bir fərq yox idi. Məhz buna görə də Nərgiz xanımın “yarı faizi müəlliflərə yaxın adamlar idi” deməsinə şərait yaratmısan. Axı əsərin redaktoru istənilən oxucudan daha yaxındır, həm əsərə, həm də müəllifə. Niyə onların od püskürməməsinə, ehtiyat manevrlərindən istifadə etməsinə göz yummusan, Nuranə Nurun “Mən oxu zamanı istəyirdim ki, detektiv hissələrini İlqar müəllimə verim ki, bunu siz oxuyun. Mən artıq oxuya bilmirəm” fikrinə bu qədər əsəbiləşmisən?! Axı bu qərəzli görünür, cənab detektiv!
Altıncısı isə, o boyda qeydlərdən sonra tənqidçilərin əsərin adını bəyənməmələrini qəbul etməyin və beş əlli razılaşmağının isə bir səbəbi var: “Ümidlərin izi ilə” parıltılı, atəşfəşan, sensasiyon detektiv əsər adı deyil, özü ilə bir ömür vuruşan, daxili duyğularının girovuna çevrilən Aytəkinin başına gələnləri ehtiva edirdi. Bu münasibət isə həmmüəllifə qarşı qısqanclıqdır.
Bəli, əziz dostum, mən də aqressiv oldum, ona görə ki, sən yazında yalnız öz tayanı cəmləmisən. Kaş ki, mənim də tənqid olunduğum bir iki məqamın adını çəkərdin. Amma sən etmədin, bu əsəri digər əsərlərindən seçərək həmişə ögey yanaşdın. Hər dəfə bu münasibətin məni incitsə də, ictimailəşdirmədim. Çünki bu mövzunun üzərindən olmamalı idi. Amma mən ən yaxşı romanım kimi təqdim etdim cəmiyyətə. Halbuki son romanım “Odərlər” daha çox rəğbət qazanmışdır qəhrəmanlığı tərənnüm etdiyi üçün.
Sonda onu da deyim ki, qərəzdən qərəz doğar, f.ü.f.d, tənqidçi Nərgiz Cabbarlının sənə cavabında müzakirədən fərqli olaraq, qərəz var idi. Bu da təbii idi. Xanım tənqidçi yazır ki, “məzmun əsərin üzdə olan qatıdır. Əgər onda hər şey yerindədirsə, kələ-kötürlük, uyğunsuzluq, boşluq yoxdursa, oxucunun diqqətini özündə pis mənada tutub saxlamırsa, o zaman əsərin digər qatlarına enməyə imkan olur. Bu barədə düşünməyə, fikir bildirməyə fürsət qazanırsan. Amma bu əsərdə məhz məzmun qatında o qədər boşluqlar var idi ki, söhbətin mövzusu da o istiqamətə ilişib qaldı”. Əgər Nərgiz xanım müzakirədə bunu desə idi, üstündən keçmək olardı. Lakin bu da təcrübəli tənqidçinin emosional reaksiyasının təzahürüdür sayəndə!
Heç bir halda məzmun formaya qurban gedə bilməz. Forma xüsusiyyətləri məzmunu ifadə etmək üçün bir vasitədir. Heç formasında da böyük bir qəbahət görmədiyim bu roman – “Ümidlərin izi ilə” məzmun baxımından sizin dediyiniz kimi kələ-kötür, uyğunsuzluqla dolu deyil ki, siz ilişib qalmışdınız orda. Axı siz “Aytəkinin 20 il ərzində başqaları ilə münasibətdə ola-ola, “Ramilə xəyanət etdi” deyə-deyə özündə yaşatdığı hisslərin ifadəsi dəqiqdir. Əgər Aytəkin savadsız qız olsaydı, sizin dediyiniz kimi təhkiyəsi şübhə doğurardı. Amma gündəliyin yazılmasından əvvəlki dialoqlar, söhbətlər var. Onların səviyyəsi gündəlik yazan adamın səviyyəsi ilə eynidir” deyərək Aytəkinin qadın duyğularının tərənnümünü bəyəndiyinizi elan etmişdiniz. Bədii əsərin forması ədəbiyyatşünaslar üçün çörək ağacıdırsa, gözəl məzmun oxucu üçün mənəvi qidadır.
Bir daha bəyan etmək istəyirəm ki, mən bütün yazdıqlarımda ideyanı, mövzunu bütün nəzəri tələblərdən üstün tuturam. Yaxşı əsər öz məzmun gözəlliyi ilə bütün formaları ayaq altında qoyur. Xocalı, Qaradağlı faciələrinin, əsir və girovluqda olan azərbaycanlıların ümumiləşdirilmiş xarakteri olan Aytəkin obrazı öz çəkisi və sambalı ilə faciə yaşamış həqiqi bir insan obazıdır. Ramilin onun fonunda qabarıq görünməməsi isə müəllifin qələminin zəifliyi yox, Aytəkinin faciələrinin ağırlığından doğur. Düşünürəm ki, Ramil obrazını mən də yaratmış olsa idim, o ikinci planda qalardı.
Yüz illər bundan sonra yalançı tarixə inanmayan araşdırmaçılar məhz Aytəkinin başına gələnlərlə dövrün tarixinə işıq tutacaq, Qarabağ həqiqətlərini öyrənəcəklər.
P.S. Bəlkə mən də emosional görünürəm bu yazıda, amma sevgidən, əyləncədən, eyş-işrətdən, kriminal aləmdən yox, xalqın taleyindən yazmağa cəhd etdiyim üçün, bu cür mövzulara qarşı bu cür yanaşmanı görəndə, deyəsən, belə oluram.
