Müsahibələr

“AMEA-nın son qərarı gülüş doğurdu…” – A24.AZ

F.ü.f.d Şəmil Sadiq A24.az saytı üçün müsahibə verib…

Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib.

Xəbər verdiyimiz kimi, Azərbaycan dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısı təqdim olunub: “Zaryadka” – “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” – “qadağa”, “evakuasiya” – “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” – “bəyənmə”, “mesaj” – “ismarıc” kimi təsdiqlənib. Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin vacibliyi vurğulanıb. Həmçinin bildirilib ki, kompüter “mouse”-nin qarşılığı kimi “bələdçi” sözündən istifadə olunması təklif edilir.

Terminologiya Komissiyasının müəyyənləşdirdiyi bu yeni sözlər isə cəmiyyət tərəfindən heç də xoş qarşılanmayıb. İnsanlar yeni sözlərin diləyatan olmadığını, bəzilərinin isə əcnəbi mənşəli olduğunu bildiriblər. Məsələn, “konsensus” – “yekdillik” əvəzetməsindəki “yekdil” sözünün “yek” kökünün fars mənşəli olduğu deyilir. Həmçinin “mouse” sözünün qarşılığı kimi tədqim olunan “bələdçi”nin kökündəki “bələd” sözü də eyni qəbildən hesab edilir. Məsələ həm sıravi vətəndaşların, həm də ziyalıların müzakirə obyektinə çevrilib.

““Kserokopya” sözünü Azərbaycan dilindən çıxarmaq üçün 10 il vaxt lazımdır”

Bu sözləri mövzu ilə bağlı fikirlərini A24.Az-la bölüşən filalogiya üzrə fəlsəfə doktoru, yazıçı Şəmil Sadiq deyib. O, dəyişikliklərlə bağlı qərarı gecikmiş addım kimi qiymətləndirib:

“Bu, çox gecikmiş addımdır. “Kserokopya” sözünü Azərbaycan dilindən çıxarmaq üçün 10 il vaxt lazımdır. Çünki elə bir nəsil formalaşıb ki, artıq 20-30 ildir bu sözü işlədir. Ona görə də bu addımı 10 il əvvəl atmaq lazım idi. Hər dəfə 5-10 sözü dəyişməklə heç nə əldə etmək olmaz. Belə işlər sistemli şəkildə həyata keçirilməlidir. Ən azından 1 ya 2 aydan bir belə qərarlar verilməlidir. İldə bir dəfə həmin sözlər çap olunub cəmiyyətə təqdim edilməlidir. Bəzi sözlər var ki, dilə oturub. Məsələn proqnoz sözünü dəyişib “öncə görmə” etməyin nə mənası var? Bu söz illərdir ki, dilə oturub. İndi onu başqa sözlə əvəz etmək düzgün deyil. Bu cür əvəzetmələr yalnız lüğətlərdə, kitablarda qalır. Necə ki, “işıqfor” sözü hələ də “svetafor” olaraq dilimizdə işlədilir. Dil təbii prosesi qəbul edir. Özü onu qəbul etməsə, zorla qəbul etdirmək olmaz. Özünün qəbul etməsi üçün də operativ şəkildə təqdim olunmalıdır ki, xalqın dilində eşidilsin”.

““Maus”a heç siçan demirik, qaldı ki, bələdçi deyək”

Filoloq avropa mənşəli sözlərin ərəb mənşəli sözlərlə əvəz edilməsini də düzgün hesab etmədiyini bildirib:

“O ki qaldı avropa mənşəli sözün ərəb mənşəli sözlə əvəz olunmasına, bunun özü də qəribədir, gülüş doğuran məsələdir. Yəqin fikirləşirlər ki, avropa sözlərini işlətməkdənsə, min illərdir istifadə etdiyimiz, hətta özününküləşdirdiyimiz ərəb sözləri ilə əvəz edək. Mən bunun tərəfdarı deyiləm. “Maus”a heç siçan demirik, qaldı ki, bələdçi deyək. Bunu mən də bəyənmədim və qəbul etmədim. Amma hər halda dəstəkləmək lazımdır ki, daha tez-tez belə qərarlar versinlər, heç olmasa, içində 5-10 söz yararlı olsun”.

“Bizim cəmiyyət də qəribədir. Nə edirsən, gülürlər, ələ salırlar”

Ş.Sadiq yeni sözlərin birmənalı qarşılanmamasını, hətta cəmiyyət tərəfindən gülüş obyektinə çevrilməsini də düzgün yanaşma hesab etmədiyini vurğulayıb:

“Etirazların bir qismi ilə razıyam, bir qismi ilə yox. Bizim cəmiyyət də qəribədir. Molla Nəsrəddin lətifəsindən yaranan bir ifadə var: “Eşşəyə minmək bir ayıb, düşmək ikinci ayıb”. Vəziyyətimiz bax belədir. Nə edirsən gülürlər, ələ salırlar. Komissiya heç nə etməsə, tənqid edərlər ki, iş görmür. Ortada iş olanda da belə reaksiya göstərirlər. Düzdür, razıyam ki, elə sözlər var diləyatan deyil. Təqdim olunan kimi dilə yatmayacaq. İstifadə etdikcə tədricən uyğunlaşacaq”.

“Fəhlə də ən uğurlu sözü təklif edə bilər”

O, yeni sözlərin yaradılması prosesinin uğurlu olması üçün öz təkliflərini dəA24.Az vasitəsilə çatdırıb:

“Bu işin uğurlu olması üçün sorğular keçirmək lazımdır. Müəyyən edilməlidir ki, hansı sözlərin həqiqətən də tərcümə edilməsinə, özəlləşdirilməsinə ehtiyac var. Mən bir neçə dəfə televiziyalara təklif vermişəm ki, heç olmasa ayda bir dəfə bu mövzuda verlişlər təşkil etsinlər. Bir neçə söz çıxarılsın müzakirəyə. Hər kəs öz təklifini bildirsin. Onda bu sözlərin yerinə çox mükəmməl sözlər tapıla bilər. Hətta xalqın ən sadə, sıravi nümayəndəsi də, fəhlə də ən uğurlu sözü təklif edə bilər. Yəni bu ictimai müzakirə ilə olsa, çox gözəl nəticə əldə olunacaq. Cəmiyyət də qəbul edəcək. Bu sorğunu lap sosial şəbəkələr vasitəsilə də aparmaq olar. Yoxsa ki, bir alim çıxsın, bir süni söz desin, heç kim də qəbul etməsin. Belə olanda əlbəttə ki, narazılıqlar yaranar.

Həm də nəzərə almaq lazımdır ki, orda oturanlar da bizim kimi insanlardır. Nəyisə səhv edə bilərlər. Elə mən də o komissiyanın üzvü olsam, bəlkə də səhv edərdim. Fikrimcə, proses müzakirəli şəkildə aparılmalıdır. Müzakirəyə cəlb olunan alimlərin müxalifətçisi, iqtidarçısı, hansısa müdirə yaxınlığı, uzaqlığı və s. fərqlər qoyulmamalıdır. Çünki bu dil xalqın ümumi malıdır. Amma hər halda gəlin dəstək olaq ki, işi yarımçıq qoymasınlar, davam etsinlər”.

Xəyalə Bünyatova // A24.Az

Oxşar yazılar