Xəbərlər

AZPOLITIKA.INFO-“Biz, bir millət olaraq övladlarımızın təhsil almasında çox maraqlıyıq…” – Şəmil Sadiq

Son vaxtlar cəmiyyətdə və KİV-də müzakirə olunan mövzulardan biri də kurikulumla bağlıdır. Hazırda Azərbaycan özünün təhsil sistemini dünyanın ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindən istifadə etməklə təkmilləşdirir. Bu gün dünyanın mütərəqqi təhsil modeli kimi kurikulum ölkəmizdə də uğurla tətbiq edilir.

Mövzu ilə bağlı Hədəf Liseyinin direktoru, f.ü.f.d.,dos. Şəmil Sadiq Sonxeber.az-a danışıb. O, bildirib ki, son vaxtlar kurikulumla bağlı xeyli müzakirələr başlayıb: “Əslində bu çox sevindirici haldır, şəxsən bir müəllim olaraq mən bundan məmnunam. Çünki tənqid olunmayacaq heç nə yoxdur, ola da bilməz. Poztiv tənqid həmişə işin xeyrinə olub. Bu cür açıq tənqidlərin olmasına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə təşəkkür düşür. Çünki indiyə qədər təhsil mühitimizdə bu qədər demokratik şərait olmamışdı. İndi isə hər kəsə bu mövzuda öz ürək sözünü deyə bilmə imkanı yaradılıb. Əmin olun ki, 10 ildən çox bir müddətdə Kurikulum-Yeni təhsil sənədləri və fəlsəfəsi bu qədər açıq tənqid edilməmişdi. Əgər bu prosesi izləyib, doğru nəticələrə varılsa, əminəm ki, nəticə olaraq təhsilimiz qazanclı çıxar.

Bəzi müəllimlərimiz ümumilikdə təhsilin hansısa bir yönündən narazılığını ifadə etməsini də kurikulum adı ilə edir və hər bir günah kurikulumun üstündə qalır. Hətta bir az dərinə varsaq, maaşın azlığından da danışanda bunu kurikulumun problemi kimi görənlər var”.

Şəmil Sadiq təhsil sistemimizdə müəyyən boşluqların olduğunu da qeyd edib:
“Bu boşluqlar kadrlardan başlamış, valideynlərimizə, dərsliklərimizə, qiymətləndirməmizə, qəbul imtahanlarımıza qədər uzanır. İnanın mənə, heç bir millət təhsil mövzusunda bu qədər həssas deyil. Lakin hər bir Azərbaycanlı bu mövzuda nəsə demək həvəsindədir. Kimi dindirsən, təhsildən şikayətçidir, halbuki bu hər kəsin yox, mütəxəssislərin rəy bildirməsi ilə düzələ bilər və məhz onların fikri önəmlidir. Lakin bu hal da yaxşıdır, bir daha onu göstərir ki, biz millət olaraq övladlarımızın təhsil almasında çox maraqlıyıq. Ona görə də hər birimiz bu mövzularda həssasıq.

Əlində, Kurkikulumun mahiyyətini dərk edənlər bunun əleyhinə ola bilməzlər. Çünki işini sevən, müəllimliyini dərk edən, millətini sevən, şagirdinə və işinə bağlı olan, dəyərlərini bilən və sahib çıxan müəllim üçün heç nə dəyişmir, istər ənənəvi, istərsə də yeni təlim metodları olsun. Nə qədər çətin olsa da, təhsil daima yeniliklərə açıq olmalı və geriliyə qarşı sinə gərməlidir. Sabahımızı milli-mənəvi dəyərlərə arxa duran, cəsarətli və fədakar müəllimlərimizlə xilas edə bilərik. Hər kəsin yanğısı və etirazı başa düşüləndir”.

Oxşar yazılar