Köşə

Bacarıqlı şagird ustad olur

Ədəbiyyat və mədəniyyətimizin qarmqarışıq bir durumunda dərgi çıxarmaq arzumuz axır ki, gerçəkliklə görüşdü. Əgər bu görüşdən zövq alan mədəniyyət olarsa, gerçəkliyin övladları arzuların övladları kimi daha böyük, daha yaraşıqlı, daha kamil olarlar.

Həsən bəy Zərdabi ilə bir daha işıqlanan mətbuatımızın oğul-uşaqları: Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə XX əsrin əvvəllərində elə bir toy-düyün qurmuşdu ki, dünya durduqca bu toy-düyünün sədaları qulaqlarımızda cingildəyəcək. Cingildədikcə də ürəyimiz riqqətə gələcək, sevinc göz yaşlarımızdan feyzyab olacağıq.

Baş redaktordan

Dərgimizin adını “Ustad” qoyduq. Ünlərə inananları əmin edə bilərəm ki, adı biz qoymadıq, Ustad İsa Muğanna demiş, sanki “Göydən özləri dedi”.

Ustad sözünün izahlı lüğətdə verilmiş mənası elm və ya sənət sahəsində geniş, dərin biliyi və qabiliyyəti olan şəxsdir. Əlbəttə, bu ad çox böyükdür, çox ağırdır, çox zəngindir. O qədər zəngindir ki, bu adın qarşısında müridlər kimi əllərimizi dizimizin üstünə qoyub onu saatlarla dinləmək, nəfəsimizi dərmədən gözlərimizlə razılıq münasibətimizi bildirmək boynumuzun borcudur. Əgər dərginin də ad qoyma mərasimi, taleyi insanlardakı kimi olardısa və bunu seçmək üçün bizə haqq verərdilərsə o zaman biz bu dərginin adını “Şagird” qoyardıq. Şagird qoyardıq ki, böyüdükcə, özümüzü göstərdikcə, sevgiləri qazandıqca, bacarıqlarımızı sübut etdikcə, oxucu özü Ustad adını versin. Amma təəssüf ki, belə deyil. Bizim nə həddimizə ki, biz ad qoyaq. “Adı da elə Ustadlar qoyar”,- deyib, bizə təqdim edilən “Ustad” adı ilə razılaşdıq.

Ustadlardan biri olan Əziz Nesin öz soyadı ilə bağlı deyirdi ki, 1934-cü ildə soyad qanunu çıxdı. Hər kəsin özü üçün soyad seçmə haqqı olduğundan insanların iç duyğuları açılmağa başladı. Dünyanın ən xəsisləri özünə “Əliaçıq”, ən qorxaqları “Ürəkli” dünyanın ən tənbəlləri “Çalışqan” kimi soyadlar götürdülər. Hər yağmalamada həmişə sona qaldığım üçün soyad yağmasında da sona qalıdm. Özümə uyğun bir soyad tapa bilmədiyim üçün “Nəsin” (Nesin) soyadını seçdim. Seçdim ki, “Nəsin” deyə çağırıldıqca nə olduğumu hər addımda düşünüb özümə gəlim”.

Əziz Nesinin bu təvazökarlıq priyomu çox maraqlıdır. Bizim də dərginin adı Ustad olduğu üçün hər dəfə bu adı eşitdikcə qulaqlarımızda ustadların ruhlarının pıçıltısı səslənəcək və bacarıqlı şagird olduğumuzu deyib yol göstərəcək, bizi ruhlandıracaqdır. Əminəm ki, bunu oxucu da duyacaq.

“Ustad” gəlməmişdən bizim qarşımıza bir sıra şərtlər də qoymuşdu:

Sağçı və solçuların birliyini və barışığını təmin edib onları səhifələrimdə qonaq etmək;

Milli başları namilli başlardan fərləndirərək gözləri, şüurları sadəcə milli başlara yönləndirmək;

Yolunu yanlış gedənlərə yol göstərmək;

Gəncliyi ağsaqqalların səhvindən nəticə çıxarmağa, düzündən yararlanmağa yönləndirmək;

Sabahları dünənin cahil, mövhumatçı qoynundan alıb, bu günün həqiqətləri ilə tanış etmək;

Ədəbi həqiqətlə əbədi həqiqəti təcəssüm etdirmək;

Bacarıqlı şagirdləri Ustad etmək…

Ustad ulu və amiranə səslə onu da dedi ki, əgər bunlara əməl etməyi bacaracaqsınızsa, adımı tutub işə başlayın, yox bacarmayacıqsınıza, gedin özünüzə başqa usta tapın. Ustad Ustaddır, onun bütün fikirləri birmənalı qəbul edilib əməl edilməlidir. Biz də and içdik ki, Ustadımızın yolundan zərrə qədər də olsun yayınmayıb, Bilgə Kağandan, Dədəm Qorquddan, Şeyx Nizamidən, Nəimidən, Nəsimidən, Xətayidən, Axundzadədən, Zərdabidən, Mirzə Cəlildən, Hüseyn Caviddən, Üzeyir Hacıbəyovdan, Şəhriyardan, Muğannadan bu günə ötürülən ışığı özümüzə Ustad bilib onların hədəfinə doğru gedəcəyik. Bəlkə, bir gün biz də bacarıqlı şagird olub Ustadımızın xeyir duasını aldıq…

 

Oxşar yazılar