Hekayə

“Cəhalət” doğru cavab imiş

2006-cı ildə Təhsil Nazirliyində Kurikulum üzrə milli məsləhətçi idim. Elə o ərəflərdə beynəlxalq qiymətləndirmə sistemi olan PİZA-nın Azərbaycanda 6-cı sinif şagirdləri arasında keçirdiyi sorğunun yoxlama komissiyasının üzvü oldum. Öncə bizi yaxşıca seminar keçdilər. Bu proses bir neçə gün çəkdi. Sonra şagirdlərin yazdığı tapşırıqları yoxladıq. Azərbaycanın oxu üzrə nəticəsi riyaziyyatdan dəfələrlə aşağı oldu. Dünya ölkələri arasında hardasa 60-cı yer. Bu nəticənin səbəbini hardasa bizə yoxlamanı necə keçirəcəyimiz üçün verilən seminarda anlamışdım, elə bil. Deməli, tapşırıqların içində Ezopdan bir təmsil vardı. Təmsilin də mahiyyəti belə idi, şahın bir oğlu olur. Münəccimlər xeyir-dua verəndə şaha deyirlər ki, oğlunu şirdən qoru. Çünki onun ölümü şirdən olacaq. Oğlan böyüyür, güclü bir igid kimi formalaşır. Amma tərs kimi onun da xobbisi şir ovlamaq olur. Şahın yadına bir zamanlar münəccimlərin dediyi fikir düşür və qorxur. Ona görə də oğlu üçün böyük bir mağara düzəltdirir. Bu mağarada bütün heyvanların müqəvvası canlandırılır. Sonra oğlunu bu qəfəsə salır ki, o şirlə rastlaşmasın bir daha. Axı onun ölümü şirdən olacaqdı. Atası oğlunun şirə olan sevgisini nəzərə alıb mağaraya bir dənə də şir müqəvvası qoydurur.

Bir neçə müddət bu sıxıcı mağarada yaşayan oğlan bir gün şirin müqəvvasının qarşısında durub “səni lənətə gələsən, şir” deyib onu yumruqla vurur. Bu zaman divardan bir talaşa batır bunun barmağına və beləcə qanına zəhərlənmə keçir və oğlan ölür.
Təqribən mətn belə idi. Aşağıda isə uşaqlara verilən sual isə bur cür idi: “Sizcə oğlanın ölüm səbəbi nə idi? Fikrinizi əsaslandırın”. Açıq test olduğundan bir neçə cavab var idi:
1. Cəhalət
2. Təsadüf
3. Alın yazısı
4. Atası
5. Tibbin inkişaf etməməsi
6. ….
Seminardan sonra bizə mətni oxutdurub doğru cavabın hansı olduğunu soruşdular. Səhv etmirəmsə, dörd nəfər müəllim idik. Mübahisə başladı nə başladı. Hamımız biliyimizi ortaya qoyub fikrimizi sübut etməyə çalışırdıq. Çoxluq “alın yazısı”nın üstündə durdu. Düzü, mən “cəhalət”in cavab olacağını düşünür və israr edirdim. Birtəhər hərə öz cavabı üzərində qərarlaşandan sonra seminar rəhbərimiz sakit və asta tonla dedi: – Heç biri və ya hamısı. İzahı belə idi, əziz müəllimlər, bu sistemin qiymətləndirməsinə görə cavab variantı sonsuz ola bilər. Görürsünüz, 6-ı boş qoymuşuq. Uşaqlardan kimsə öz cavab variantını yaza bilər. Ən doğru cavab odur ki, dediyin fikri əsaslandıra biləsən. Əgər şagird istənilən cavabı seçərək onun doğruluğuna sizi inandıra bilirsə, deməli, doğru cavab odur.
Müəllimlik yolumda aldığım ilk böyük dərslərdən biri oldu bu hadisə. Çünki fərqli düşüncə sahibi olmaq çox önəmlidir. Yetər ki, bu fərqli düşüncə ilə sən cəmiyyətə ziyan vurmayasan. Yalançı və riyakarlar həqiqəti danışanlardan və ya düşünənlərdən fərqli olaraq daha mükəmməl natiq olur. İkincilər isə doğrunu düzgün və inandırıcı şəkildə təqdim edə bilmədiyindən məhvə məhkum olur. Əgər bu mümkün olsa idi, haqq həmişə qalib olardı. Haqqın qalib olması üçün dilin imkanlarından düzgün və səmərəli istifadə etmə bacarığının olması lazımdır. Bir az da yalançılar kimi cəsarətli olma bacarığı…
P.S. Mənim də cavabımın doğru cavablardan biri olduğunu eşidəndə o zaman özümü qalib kimi hiss etmişdim. Lap uşaqlar kimi…

Oxşar yazılar