Yasamal rayonundakı 20 nömrəli məktəbin yanından keçirdim bu günlərdə. Qəfil bir hiss yaxaladı məni. Məktəbin keçmiş direktoru rəhmətlik Talıb Şərifov götürmüşdü işə.
– Cavan oğlan, bilirsən, məktəbdə maaş azdı, özün də deyirsən, yeni evlənmişəm. Mən sənə maksimum 10 saat dərs verə biləcəm. Bununla dolana biləcəksənmi? − demişdi ilk görüşümüzdə.Naəlac qalan bir gənc üçün iddialarım böyük olsa da, bundan gözəl imkan yox idi. Ailəli olsam da, atam tələbəlikdən qalan aylığımı kəsməmişdi hələ.
− Birtəhər keçinərik, − dedim. Bu sözümə gülümsünən Talıb müəllim, elə həmin gün əmrimi verdi.
2001-ci il idi. Universiteti qırmızı diplomla bitirsəm də, kəndimizin şirin ləhcəsindən xilas ola bilməmişdim. Hələ də bəzi sözlərdə “ç” ilə “k”nı, “c” ilə “g”nı qarışıq salırdım. Buna baxmayaraq, Azərbaycan dili müəllimi olmağım məni ədəbi dildə danışmağa məcbur edirdi. Bunun ağırlığını əvvəllər yaşasam da, zamanla yoluna qoydum. Nəsə bu mövzuda bir gün daha geniş yazacağam.
İki aydan sonra elə oldu ki, bir müəllim məktəbdən çıxmalı oldu və onun 16 saat dərsini mənə verdilər. Həmin müəllim sinif rəhbəri idi. Ona görə də ilk öncə sinif rəhbərliyini də təklif etdilər. Təcrübəmin olmadığı üçün etiraz etsəm də, sonra razılaşdım. Razılaşmağıma səbəb də digər müəllimlərdən heç kimin ora sinif rəhbəri olmaq istəməməsi idi. Hətta müəllimlərdən birinin “neynirəm o sinfi, kasıb, acından ölən uşaqlardı, quruca əziyyəti qalacaq mənə” deməsi mənim fikrimi dəyişmişdi. Mənə hələ o zaman çatmırdı ki, kasıb və ya varlı sinfin müəllimə nə dəxli. Axı mən bir kənd məktəbində təhsil almışdım. Bizim məktəbdə nə “Müəllimlər günü”, nə “8 Mart”, nə “müəllimin ad günü”, nə də ki, o zamanların ən qlobal termini olan “fond pulu” anlayışı vardı. Amma şəhər məktəblərində, deyəsən, bu ifadələr çox məşhur idi.
8q sinfi olmalı idi həmin sinif. Doğrudan da, çox qarışıq sinif idi. Bütün siniflərdə olduğu kimi, müxtəlif təbəqənin uşaqları vardı. Sinfə girəndə uşaqların məni müəllim kimi qəbul etmədiyini gözlərindən oxuyurdum. 23 yaşlı cavan bir oğlanı bəzi valideynlər uşaq kimi görürdülər. Amma digər müəllimlərdən fərqim ideal bir müəllim olmaq istəyim idi. Reallıqlarla barışa bilmirdim. Sonralar bunların hamısını öyrəndim: müəllim günündə verilən hədiyyələrin necə qəbul edilməsini də, tapşırıqla oxuyan uşaqlara münasibəti də, professorun övladının savad yox, sadəcə rəqəm istəyini də, “vorzakon” uşaqlarla necə davranmağı da.
Həmin sinifdə bir uşaq vardı. 8-ci sinif olmağına baxmayaraq, boyu-buxunu 10-11-ci sinfin şagirdini xatırladırdı. Dərslərə istədiyi vaxt gələr, istədiyi vaxt gedərdi. Dərsləri oxumaz, heç bir müəllimi saymazdı. Uşaqlar da onun sözünün üstünə söz deyə bilməzdi. Kitabı, dəftəri olmazdı heç vaxt. Mən hardasa bir ay dərs deyəndən sonra tanımışdım bu uşağı. Atası hansısa vəzifəli və imkanlı şəxs idi. O yaşda uşaq məktəbə 07 markalı, qabağı qaldırılmış, faraları gücləndirilmiş bir maşınla gələrdi. Yanaqları qıpqırmızı olardı. İdman etdiyindən cüssəli və sağlam bir uşaq idi. Bir sözlə, uşaqların dili ilə desək, “məktəbin reketi” idi. Özümü Cəbiş müəllim kimi hiss etdiyimdən qovluğumda bir çubuğum − şuşədən hazırlanmış göstəricim də vardı. Əvvəllər də mən qaydalı müəllim idim. Qalstukum, kostyumum, qovluğum, proqramım, gündəliyim heç bir zaman əskik olmazdı. Dərslərə vaxtında gələr, gec çıxardım. Elə yaxşı müəllim idim ki, indi də yadıma düşəndə heyranlıqla xatırlayıram. Günorta yeməklərimizi də Nadir müəllimin komputer otağında qəzet süfrədə edərdik. O pendir-çörək elə şirin olardı. Hələ Nehrəm pendirinin sorağına gələn müəllim qonaqlarımız da olardı tez-tez. Məktəbin həyətində siqaret çəkməzdik ki, uşaqlar görməsin. Yalan olmasın, mənim şagirdlərim, bəlkə, 3-4 il bilmədilər ki, mən hərdənbir siqaret çəkirəm. Bir sözlə, müəllimə xas olan bütün əlamətləri özümdə formalaşdırmışdım, hər gün dərslərə hazırlaşar, köhnə və yeni dərsləri təkrarlayardım. Sözüm onda yox. Sözüm ondadır ki, buna görə də dilim uzun idi. Müəyyən olunmuş günlərdə hədiyyə və pul qəbul etmədiyim üçün özgüvənim də yerində idi. Mənə elə gəlirdi ki, rüşvət almıramsa, hər şey edə bilərəm. Hətta uşağı döyə və sinifdən rahatca qova da bilərdim.
Bir gün elə də oldu, bu ipə-sapa yatmaz, yaraşıqlı yeniyetməyə qızların yanında bir şillə vurdum. Səbəb də o idi ki, qızların yanında söyüş söymüşdü. Uşaq bir anlıq düz gözümün içinə baxdı və: “Yanlış etdiniz, müəllim”, − dedi , sanki. O baxışları heç unutmuram. Qısa müddətdə tutuldu və birdən qapıya doğru gedib, qapını təpiklə açdı. Sonra da geriyə dönüb, “Burda gözləyin, gələcəm”, − dedi. Özümü qəhrəman kimi hiss etmişdim o anlarda. Amma dərsin axırına yaxın məni bir isti tər də basmışdı. Açığı, çölə çıxanda da, evə gedəndə də o uşağın dostları ilə “razborka çürütməyə” gələcəklərini gözləyirdim. Hər tindən keçəndə qəfil vuracağı da ağlıma gəlirdi. Özümü o yerə qoymasam da, bir qorxu hissi keçirirdim. Axı bir uşaq bir müəllimi vurarsa, o müəllim bundan sonra o məktəbdə necə işləyərdi? Amma uşaq getdi və bir də bir neçə ay sonra dərsə gəldi. Mən də “qayıb” deyilən lazımsız hərfi hər gün jurnala yazırdım. Amma dərsə gəlməyə başladı, heç nə olmamış kimi münasibətlərimiz yenidən quruldu. Sən demə, o hərəkətimə görə mən “prav” imişəm. Dostları bunu ona başa salmışdılar. Hətta bu hərəkətimə görə mən “cail” uşaqlar tərəfindən “cail” müəllim kimi qəbul edilmişəm və mənə böyük hörmət edirmişlər. Kişi hərəkəti etmişdim. Hələ o uşaqdan “zavuça”, direktora şikayət etməməyim bir başqa aləm imiş.
İlin axırına yaxın münasibətlərimiz yenə pozuldu. Dərslərə gəlsə də, heç nə oxumayan bu uşağa hər gün iki yazırdım. Həvəsləndirmək üçün bir gün beş də yazmışdım. Amma heç bir xeyri yox idi. Sinif rəhbəri olaraq valideynlərini axtarsam da, tapa bilməmişdim. İlin sonunda da illik olaraq uşağa iki yazdım. Heç bir reaksiyanın olmaması məni hövsələdən çıxarmışdı. “Zavuç” bir iki dəfə qiymətimi düzəltməyimi istəsə də, iki ayağımı bir başmağa keçirib, razı olmadım. Eşitdiyimə görə, direktora tapşırsalar da, Talıb müəllim demişdi ki, o müəllim rüşvət-zad almır, ona heç nə deyə bilmərəm.
Yaz imtahanında da iki yazdım. Anası gəldi. Nə qədər xahiş etsə də, iradlarımı dedim və razı olmadım. Axırda ona razılaşdıq ki, uşağı məktəbdən çıxarırsa, mən üç yazım. Belə də oldu və mən o uşağa üç yazdım, uşağı da başqa məktəbə apardılar. Düzdür, azacıq da olsa, vicdan əzabı çəkirdim. Və bir dərs vermiş olduğumu düşündükcə bu əzab da yüngülləşirdi. Səkkiz il oxuduğu bir sinifdən uşağı ayırmaq uşaq üçün çox çətin idi. Amma mən bunu etmişdim. Bütün təzyiqlərə, xahişlərə baxmayaraq, etmişdim. Sonralar o uşağı da unutmuş, hətta ondan da şuluq uşaqları bağışlamağı bacarmışdım. Müxtəlif yöntəmlərlə idarə etmişdim də.
Bu hadisənin üstündən hardasa bir neçə il keçmişdi. Həmin uşaq böyümüş və məktəbi bitirmişdi. Bir gün Badamdar ərazisində olan qohumlardan gəlirdim. İsti yay günü, boğazımda qalstuk, qoltuğumda da qovluq yox idi. Dayanacağa yaxınlaşanda yanımda bir xarici markalı maşın dayandı. Təəccüblə baxanda gördüm ki, həmin bu uşaq. Bütün vücudum əsdi. İndi uşaq məndən daha güclü və cüssəli bir gənc idi. Əzələləri həminkindən daha güclü, daha möhkəm idi. Yaraşıqlı bir gənc olmuşdu. Ədəblə maşından düşdü və cəsarətlə əlimi sıxdı. Bir anlıq məndə müəllim yox, kişi xüsusiyyətləri qabardı. Sanki müdafiə olunacaq bir vəziyyətə keçdim. İndi bu uşaq məni yaxşıca döyə və ya utandıra bilərdi. Ona etdiklərim gözümün qabağında canlandı. Bəlkə də, özümü itirdiyim hiss olunurdu. Amma mən bunu cidd-cəhdlə gizlədirdim.
− Necəsiniz, müəllim! Hara gedirsiniz? − deməsində səmimilik duysam da, inanmağım gəlmirdi. Yadıma gəlirdi ki, məktəbdə oxuyanda bir müəllim uşaqlardan birini vurduğu üçün həmin sinif yoldaşım bir neçə ildən sonra müəllimdən qisasını almışdı. İndi birdən bu uşaq da bu cür etsə, nə edəcəm, − sualı beynimi zəbt etmişdi. Qaçmaq mənə yaraşmaz, bununla da yolun ortasında tutaqlaşmaq heç olmazdı. Göyərmiş gözlə dərsə getmək olardı bəyəm?
Amma bu gənc özünü o yerə qoymadı, israrla məni maşına dəvət etdi. Birinci dəfə idi ki, xarici maşına minirdim. Özümü qərib və aciz hiss edirdim. Nəsə uşaq məni düz məktəbə qədər gətirdi. Yolda bir-iki cümləlik söhbət etdik. Amma dilim-ağzım quruduğundan nə danışacağımı da ağlıma gətirmirdim. Axı bir müəllim olaraq nə dərs vermişdim ki, ona, indi bununla öyünüm, şagirdimlə fəxr edim. Beş dəqiqəlik yol bir neçə saata bitdi. 20 nömrəli məktəbin üzü köhnə Əzizbəyov heykəlinə tərəf baxan hissəsində saxladı maşını. “Sağ ol”, deyib düşürdüm ki, gənc dedi:
−Müəllim, mən bu məktəbdə bir kişi adam tanıdımsa, o da siz idiniz. Bəlkə, mənə bu dərsi daha əvvəl versəydilər, indi mən başqa adam idim. Amma yaxşı ki, dərsiniz çox gec olmadı. Əvvəllər sizə nifrət etsəm də, zaman-zaman bu nifrət qibtəyə çevrildi. Elə də qalmağınızı istəyərdim.
Beləcə ayrıldım və o gündən o uşağın da mənə verdiyi dərs, müəllim olmağımda böyük yardım etdi. Şagirdə yalnız nəzəriyyə yox, bir həyat dərsi verməyin daha vacib olduğunu anladım. Necə ki, dərsdən qaçıb aşıq oynayanda tarix müəllimim Mehralı müəllimim qulağımdan qaldırıb bir şillə vurmuşdu. Həmin şillə məndə də o vaxt nifrət oyatmış olsa da, indi o hadisəni hörmət və sevgi ilə xatırlayıb, müəllimimə hörmət bəsləyirəm.
Demək ki, “təhsil hər şey unudulandan sonra yadda qalanların məcmusudur” fikri bir həqiqət imiş.