Bölmə baxışı

Xəbərlər

Xəbərlər

Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Oktyabrın 16-da Almaniya Federativ Respublikasında “Oxu. Düşün. Əlaqələndir” devizi ilə keçirilən 76-cı Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmiz bu il də xüsusi stendlə təmsil olunur.

Nazirlikdən Hədəf Nəşirlərinə-ə bildirilib ki, sərgidə 95 ölkədən 4000 iştirakçı bir araya gəlib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərliyi ilə yerli yazar və naşirlərdən ibarət nümayəndə heyəti sərgidə iştirak edir. Yenilənmiş dizayna malik milli stenddə ölkəmizin mədəniyyətinə, tarixinə aid 125 adda 230 nüsxə kitab ziyarətçilərə təqdim olunur.

“Xalq Bank”ın “Xalq əmanəti” layihəsi üzrə işıq üzü görən kitabların yer aldığı stenddə “TEAS Press”, “Hədəf Nəşrləri” və “Qədim Qala” nəşriyyatlarının nümayəndələrinin əməkdaşlıq görüşlərinin keçirilməsi planlaşdırılıb.

Kitab işi sahəsində çalışan minlərlə mütəxəssisin görüş yeri olan Frankfurt sərgisi yeni əməkdaşlıqların qurulması və təcrübə mübadiləsi üçün mühüm platformadır. Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra işgüzar görüşlər keçirib.

Roma Milli Mərkəzi Kitabxanasının direktoru Stefano Campagnolo ilə görüşdə o, 2023-cü ilin sentyabr ayında Bakıda Azərbaycan Milli Kitabxanasının 100 illiyinə həsr olunmuş forumda iştirakını məmnunluqla yada salıb, tədbirin yüksək təşkilatçılığını vurğulayıb. Söhbət zamanı iki ölkənin kitabxanaları arasında əməkdaşlığın dərinləşdirilməsi, kitab mübadiləsi və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Sərginin açılış günündə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, İstanbul Ticarət Odası və Türkiyə Naşirlər Birliyinin üzvlər ilə də işgüzar görüşlər olub, kitab və nəşriyyat işi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Oktyabrın 20-dək davam edəcək sərgidə tanınmış yazar Rövşən Abdullaoğlunun müxtəlif dillərdə nəşr olunan əsərlərinin təqdimatı da nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə digər sahələr kimi, kitab sənayesi də uğurla inkişaf edir. Məhz bu qayğının nəticəsində bu gün Azərbaycan beynəlxalq kitab sənayesinin bir hissəsinə çevrilib. Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizin bu sahədəki uğurlarının beynəlxalq aləmdə tanıdılması diqqət mərkəzində saxlanılır. Azərbaycan dünyanın məşhur kitab sərgilərində xüsusi stendlə təmsil olunur, nəşrlərimiz yüksək qiymətləndirilir, mükafatlara layiq görülür. Ölkəmiz neçə-neçə nüfuzlu kitab sərgilərinə dəvət olunur. Azərbaycan noyabrın 2-dən 10-dək keçiriləcək 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində “fəxri qonaq ölkə” kimi iştirak edəcək.

Xəbərlər

Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi idarə heyəti

Hədəf STEAM Liseyində “Bakının qurtuluşu” günü qeyd olundu
13 sentyabr 2024-cü il tarixdə Hədəf STEAM Liseyi Nəsimi filialında Qafqaz-İslam Ordusu tərəfindən Bakı şəhərinin bolşevik-daşnak işğalından azad edilməsi gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi idarə heyətinin sədri Səfər Qaraqoyunlunun rəhbərliyi ilə 20 nəfər üzv qonaq qismində iştirak etdi.
Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayan tədbir Hədəf Liseyi balabilgələri və Türkiyədən gəlmiş Azərbaycan əsilli qonaqların iştirakı ilə coşğulu bayram ab-havası ilə keçdi.
Hədəf Şirkətlər Qrupunun Baş direktoru Şəmil Sadiq salamlama nitqi zamanı qonaqlara lisey haqqında qısa məlumat verərək Hədəf konseptinin mahiyyətini izah etdi. Daha sonra natiq Nuru Paşanın başçılığı ilə Bakının qurtuluşu zamanı şəhid olmuş qəhrəmanlarımızı yad edərək Türkiyə-Azərbaycan qardaşlığının əbədi olduğunu bildirdi. Şəmil Sadiq 2007-ci ildə İstanbulda qələmə aldığı “Türkiyəm” şeirini tədbir iştirakçıları üçün səsləndirdi.
İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi idarə heyətinin sədri Səfər Qaraqoyunlu çıxışı zamanı 1918-ci il 15 sentyabr tarixində Bakının azad edilməsində iştirak edən Qafqaz-İslam ordusu əsgərlərinin xatirəsinin hər il rəhbərlik etdiyi dərnək tərəfindən xüsusi qeyd edildiyini bildirdi.
Tədbir Hədəf STEAM Liseyi balabilgələrinin Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına həsr olunan şeir və mahnıların səsləndirilməsi ilə davam etdi.
Sonda tərəflər bir-birinə hədiyyələr təqdim etdi, xatirə fotosunun çəkdirilməsi ilə tədbir başa çatdı.

Manşet Xəbərlər

“Odərlər” – yazıçı uzaqgörənliyi

oderler

Şəmil Sadiq sevimli naşirimdir. Amma naşirlikdən əlavə, həmkarımdır, qələm yoldaşımdır. Onu türk dünyasının vurğunu, türk millətini ən ali səviyyədə sevən biri kimi tanıyıram həm də. Şəxsi tanışlığımız 2014-cü ilə təsadüf edir. O zamanlar “Hədəf” nəşrlərinin təsis etdiyi, “Kitabevim.az” və Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə keçirilən “Anamın kitabı” pyes müsabiqəsinin qalibi olmuşdum. Müsabiqənin adı da təsadüfi seçilməmişdi. Cəlil Məmmədquluzadənin məşhur əsərinin adından götürülmüşdü. Dilimizə ehtiramın, sevginin göstəricisi idi bu adın seçilməsi. İdeya müəllifi Şəmil Sadiq təkcə ədəbiyyat, təhsil, nəşriyyat sahəsinin yox, müxtəlif sahələrin, o cümlədən, teatr sahəsinin inkişafına töhfəsini vermiş oldu o müsabiqəylə. Müsabiqədə qalib olmağım, ilk pyesimin böyük teatr səhnəsində tamaşaya qoyulması gənc bir yazar üçün böyük hadisə idi. Bu müsabiqə o zamana kimi ilk idi və həqiqətən gənc qələm adamlarının önündə gözəl imkanlar açırdı.

Müsabiqə vasitəsilə ilk dəfə dramaturq kimi qələmimi sınadım. Təbii ki, bu imkanın yaradılması, əsərimin böyük teatrın səhnəsinə yol tapması məni digər əsərləri yazmağıma da ruhlandırdı. Bundan sonra üç pyes yazdım. Onlardan biri – “Həyat elə oyun ki” adlı monopyes Füzuli Dövlət Teatrında tamaşaya qoyuldu. Uşaqlar üçün yazdığım “Lokomotiv və vaqonları” adlı pyes üzümüzə gələn mövsüm üçün Kukla Teatrında hazırlanıb.

Vətən müharibəsinə həsr olunan “Çiçək məktublar” adlı pyesim isə Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş, Qarabağ müharibəsində qazanılan tarixi zəfərə həsr edilən müsabiqədə qalib gəldi.

Şəmil Sadiqi bir maarifçi kimi də tanıyır və sevirəm. Elm, təhsil sahəsində gördüyü işlər, “Hədəf” Konsepti misilsizdir. Əsas məqsədi milli dəyərlərə söykənərək müasir təfəkkürlü, yeni dövrün tələblərinə cavab verən savadlı insanlar yetişdirmək olan “Hədəf” konseptinin əsas prinsipləri bunlardır: özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq, bilik.

Mənə elə gəlir ki, Şəmil Sadiq öz bədii yaradıcılığında da gəncləri bu konseptin prinsiplərinə uyğun yönləndirməyə can atır. Bu mənada, yazıçının 2012-ci ildə qələmə aldığı “Odərlər” romanının xüsusən yeniyetmələrin, yuxarı sinif şagirdlərinin, gənclərin düşüncələrinə təsir gücü yüksəkdir.

Romanda Arslan adlı gənc “Odərlər” adlı gizli təşkilatın üzvünə çevrilir. Təşkilatın ali məqsədi vətənin düşmənlərinə qarşı kəşfiyyat aparmaq, gizli sirləri və mətnləri üzə çıxarmaq, düşmən cəbhəsinə sarsılmaz zərbələr vuraraq gələcək qələbəyə töhfə verməkdir.

İdeyası İsa Muğannanın “Məhşər” romanından götürülən “Odərlər” əsərinə böyük ustad kiçik bir Ön söz yazaraq, öz xeyir-duasını vermişdi. Yaxşı olardı ki, bu əsəri oxuyan gənclər “Məhşər” romanını da oxusunlar, onda beyinlərində qalan suallara daha yaxşı cavablar tapacaqlar. Çünki kitab türkün tarixinə, dininin keçmişinə, müasir siyasətə dair çoxlu suallar yaradır.

Odərlər Dədə Əfəndi deyilən bir ağsaqqal tərəfindən idarə olunur. Dədə Əfəndi türkün dastanı “Kitabi-Dədə Qorqud”dakı Dədə Qorqudun prototipidir. Postmodern estetikada yazılan əsərdə təsadüfi deyil ki, kəşfiyyata yollanan beş qəhrəmanın, beş igidin əsas tapşırıqlarından biri işğal altında olan Şuşa şəhərində Cıdır düzündəki mağaralardan birində gizlədilmiş kitabı, türkün keçmişindən bəhs edən sirli mətni tapıb gətirmək olur.

Beş igid – Məhəmməd, Komandir, Elçin, Ayxan və nəhayət Arslan canları, qanları bahasına onlara tapşırılan tapşırıqların dalınca sorğu-sualsız yollanırlar. Bu yolda hətta vətən xaini adlandırılmaqlarına, qatil olmağa belə razı olurlar. Təki onlara verilən tapşırıqların öhdəsindən bacarıqla gələ bilsinlər.

Roman boyunca əsərin beş qəhrəmanı müxtəlif dramatik vəziyyətlərdə göstərilir, həmin bu səhifələri həyəcansız oxumamaq mümkün deyil. Döyüş səhnələriylə zəngin əsər xüsusən oğlan uşaqları, gənc əsgərlər üçün çox maraqlıdır.

Əsərdə diqqətimi çəkən cəhətlərdən biri müəllifin döyüş səhnələrində erməni əsgərlərinə qarşı qəzəbidir. Təbii ki, əsər Vətən müharibəsindən qabaq, torpaqlarımız hələ düşmən tapdağında olanda yazıldığından, bu qəzəb daha da alovludur. Düşünürəm ki, Vətən müharibəsində qazanılan qələbənin yetişməsində bu cür əsərlərin də rolu az olmayıb və “Odərlər”in də zəfər çalmağımızda müəyyən payı var. Təsadüfi deyil ki, əsər Milli Qəhrəmanız Mübariz İbrahimova həsr olunub. Elə romanın qəhrəmanları da Mübariz İbrahimov igidliyində, ruhunda olan gənclərdir. Onlar beşi də ölümün gözünə dik baxaraq, qorxmadan, çəkinmədən düşmənin üzərinə gedirlər. Bu igidlərin hər biri üçün ən ali həqiqət vətənə sevgi, vətənə sədaqətdir. Hətta onların arasında dini əqidələri bir-birindən fərqli olanlar da var. Biri qatı dindardır, biri sünni, biri şiədir, digəri deistdir və sair. Ancaq son məqamda onların hər biri üçün hər şeydən üstün vətən, millət sevgisidir, türkçülükdür.

oderler

Şəmil Sadiq səmimi bir türkçüdür. Onun yaratdığı “Hədəf” Konseptinin əsasında da türkçülük, turançılıq durur. Yaradıcılığının əsasını da bu məqsəd təşkil edir.

“Hüseyn Cavid yaradıcılığında qəhrəmanlıq konsepsiyası” adlı dissertasiya müdafiə edən, filologiya üzrə fəlsəfə elmləri doktoru adını alan yazıçı “Odərlər” əsərində tez-tez Hüseyn Cavidi də yada salır, onun qəhrəmanlarına göndərmələr edir.

Roman boyu Dədə Əfəndinin Arslanla söhbətləri də olduqca maraqlı məlumatlarla doludur. Həmin söhbətlərdə müəllif xeyli böyük cəsarətlə, demək olar əsərinin qəhrəmanları kimi qaragözlülüklə, qorxmazlıqla dərin mətləblərə toxunub. İstər din, istər gen, istər siyasət mövzusundakı bu söhbətlərin qayəsi oxucuya millətçilik və türkçülüyün hər şeydən yuxarıda durduğunu anlatmaqdır.

Dədə Əfəndinin söhbətləri oxucunu yormur, əsərə darıxdırıcılıq gətirmir. Əksinə, gərgin, dramaturji vəziyyətlərin arasında oxucunun da gərginliyini azaltmağa xidmət edir, hardasa bir nəfəslik rolu daşıyır.

Əsərin beş qəhrəmanının hər birinin həyat yolu da kitabda öz əksini tapıb. Beş qəhrəmandan yalnız biri, əsərin əvvəlində nalyığan kimi tanış olduğumuz Arslan sağ-salamat geri qayıda bilir. Digər dörd igid getdikləri yolda müxtəlif fədakarlıqlar, vətənə, millətə sədaqət göstərərək, şəhid olurlar. Onların bədənləri, ruhları işğal altında olan torpaqlara qarışır, son sözləri də vətən, millət olur, Azərbaycan Bayrağını sinələrinə sıxıb dünyayla vidalaşırlar. Amma hər biri bu dünyadan köçərkən qəlblərində qələbəyə, zəfərə sarsılmaz bir inamla köçür. Onlar bütün qəlbləriylə bir gün zəfər çalacağımıza, torpaqlarımızın geri alınacağına, qisasın qiyamətə qalmayacağına inanırlar. Və bu inamı da oxucuya təlqin edirlər. Müəllifin də əsas qayəsi oxucuda bu inamı yaratmaq və möhkəmlətməkdir. Bu mənada bu əsərin Vətən müharibəsindəki rolunu qeyd etməyi özümüzə borc bilirik.

Kəşfiyyata yollanan qəhrəmanların sayının beş olması təsadüfi deyil, biz bunu Dədə Əfəndinin söhbətlərindən də anlayırıq. Dədə Əfəndi Arslanla söhbətlərindən birində beş rəqəminin türklərin, ümumiyyətlə dünyanın üzərindəki rolundan bəhs edir. “Yeddi samuray”, “Yeddi oğul istərəm” və sair əsərlərdə igidlərin sayının yeddi olduğunu görürük, amma Şəmil Sadiq beş rəqəminin üstündə dayanıb. Bu da əsərdə öz geniş izahını tapıb.

Döyüş yoldaşlarını müxtəlif gərgin vəziyyətlərdə itirən Arslan ona tapşırılan işi qətiyyətlə, bacarıqla həyata keçirib sağ-salamat geri qayıtsa da, yoldaşlarının başına gələnlər onu bir insan kimi sarsıdır.

Əsər boyu müxtəlif vəziyyətlərdə yoldaşlarından gah birinə, gah digərinə şübhələr yaransa da, məlum olur ki, hər kəsin qayəsi vətən, millət yolunda ona tapşırılan tapşırığın öhdəsindən canı bahasına gəlməkdir. Bu yolda onlar bir-birlərini həm qoruyur, həm də fədakarlıqlar edirlər. Komandirin kor bağırsağından ağrı tutur, görür ki, yoldaşları çıxılmaz vəziyyətdə qalıblar, nə onu qoyub gedə bilirlər, nə də qala. Özünü öldürür. Baxmayaraq ki, intihar inandığı dinin qaydalarına, əmrlərinə zidd idi. Hətta onun bu əməli döyüş yoldaşlarını ilk növbədə buna görə təəccübləndirir. Amma bu dramaturji situasiyanın özü ilə müəllif oxucuya fikir aşılayır: söhbət, məsələ vətən, millətdirsə, qalan bütün fikirlər arxa plana atılmalıdır.

Beş qəhrəmana verilən tapşırıqlardan biri də Azərbaycan Bayrağının Xankəndidəki separatçı qurumun qərargahı üstündə dalğalandırmaq olur. Bu vacib və təhlükəli işin öhdəsindən Məhəmməd adlı Odər gəlir. Odərlərlə işləyən, Dağlıq Qarabağa türklərin tarixini araşdırmağa gələn bolqar əsilli türk qızı Məhəmmədin videosunu çəkib lazım olan ünvanlara yollayır. Hətta bu işi görərkən həyatını riskə atır, sonra da ələ keçməsin deyə intihar edir. Məhəmmədsə son damla qanına kimi, lap igid Mixaylo kimi vuruşur, şəhid olur.

Qeyd etdiyimiz kimi, əsər Vətən müharibəsindən, yəni 2020-ci ildən qabaq yazılıb. Oxuduğum kitab 2018-ci il nəşridir. Kitab Böyük Zəfərimizlə bağlı çoxlu proqnozlar verir. Bu proqnozların bir-bir düz çıxmağına, həyata keçməyinə təəccüb edirsən. Müəllif heyrətamiz öngörənlik sərgiləyir, onun qələbəyə olan sarsılmaz inamına heyrət edirsən. Xatırladım ki, o dövrlərdə insanlar qələbəyə ümid bəsləyirdilər, qələbəni arzulayırdılar, amma çox az adamın qəlbində Şəmil Sadiqin qəlbindəki qədər sarsılmaz inam vardı. Əsər boyu müəllif bu inamı bütün gücüylə, bütün qəlbiylə oxucuya ötürməyə çalışır və buna həqiqətən nail olur.

“Odərlər” bu baxımdan təkcə Şəmil Sadiq yaradıcılığında xüsusi yer tutmur, həm də Qarabağ müharibəsindən bəhs edən, vətən, millət, qələbə mövzusunda qələmə alınmış əsərlər sırasında məxsusi yeri və rolu olan bir əsərdir. Bu mənada müəllifə əməlli-başlı qibtə eləmək olar.

Ustad İsa Muğannanın da qeyd etdiyi kimi, “öz xalqına belə duyğular aşılamaq hər yazıçıya nəsib olmur”.

Şəmil Sadiq öz ənənəvi mövzularına, inandığı ideyalara yeni əsərlərində də sadiqdir. Müəllifin “Qorqud atanın dedikləri” və “Qara tut ağacı” əsərlərində türk yurdunun, ulusunun fəlsəfəsinə dair bir çox məsələlərə işıq tutulur. Geniş miqyaslı tədqiqat əsəri təsiri bağışlayan “Qorqud atanın dedikləri” kitabındakı hər yazının özünəməxsus ruhu var. Elə bir ruh ki, oxucuyla müəllif arasında səmimi bir bağ yaradır.

“Qara tut ağacı” adlı kitabda isə yazıçının hekayələri və esseləri toplanıb. Amma müəllif hekayələrlə esselərin bir-birindən kəskin konturlarla ayrılmasına qarşıdır. Əksinə, kitabında bu konturların itməsinin, esse ilə hekayənin, ədəbiyyatla həyatın iç-içə keçməsinin tərəfdarıdır.

Ümidvarıq ki, Şəmil Sadiq yeni kitablarla da öz oxucularını sevindirəcək, yeni əsərlər də ən azı “Odərlər” qədər seviləcək, bol oxucu rəğbəti qazanacaq.

Xəbərlər

Milli məfkurə adamı – Kənan HACI

Müstəqillik dövrü özünün ziyalılar nəslini yetişdirdi. Bu nəsil Azərbaycan mədəniyyətinin, ədəbiyyatının yeni mərhələyə adlamasında mühüm rol oynadı. Həmin ziyalılar milli məfkurənin yaranması üçün zəmin hazırladılar, yazdıqları əsərlərlə, gördükləri işlərlə vətəndaşlıq dərsləri keçdilər, şüur intibahı yaratdılar. Belə ziyalılarımızdan biri də əziz dostum, yazıçı, tədqiqatçı, naşir Şəmil Sadiqdir.

Onu təxminən, on beş ildən artıqdır ki, tanıyıram. Şəmil Sadiq kitab nəşri sahəsində böyük fədakarlıqlar göstərmiş insandır. Onun rəhbərlik etdiyi Hədəf Nəşrləri uzun illərdir ki, kitabın təbliği sahəsində müxtəlif layihələr həyata keçirməkdədir. O, bu işi hər il usanmadan, yorulmadan davam etdirir. Onun ədəbiyyat, kitab nəşri və təhsil sahəsində xidmətləri ölçüyəgəlməzdir.

Gənc ədəbi nəslin sağlam qüvvələrinin tanınmasında, təbliğində, kitablarının nəşrində Şəmil bəyin böyük dəstəyi olub. Bu sətirlərin müəllifinin bir neçə kitabı onun diqqəti və qayğısı sayəsində Hədəf Nəşrlərində işıq üzü görüb. Oxucularla görüşlərimizin təşkilində də Şəmil bəy əsas təşəbbüskarlardan olub. Bütün bunları minnətdarlıq hissilə xatırlayıram.

Onun kitaba sonsuz sevgisi məni həmişə heyrətləndirib. Bir vacib məqamı da qeyd etməsəm, olmaz. Onun rəhbərlik etdiyi nəşriyyatda milli düşüncəyə, milli məfkurəyə zidd bircə kitab da çap oluna bilməz. Türkçülük ideologiyasının keşiyində ayıq-sayıq duran Şəmil bəy məmləkətdə bu məfkurənin düşüncələrə yansıması üçün böyük işlər görüb, son dərəcə qiymətli kitablar nəşr edib və bununla da gənc nəslin sağlam təməl üzərində inkişafına xidmət edib. Ədəbi nəşrlər sırasında xüsusi yeri olan “Ustad” dərgisi, Senet.az ədəbi portalı məhz onun təşəbbüsü ilə yaradılıb və ədəbi prosesə bu gün də yön verən, gənclərə meydan açan tribunadır. Yüksək təşkilatçılıq bacarığı, gördüyü işlərə sonsuz sevgi bütün sahələrdə ona uğur qazandırıb. O, bu işlərə imza atarkən, öz əqidə dostlarından güc almışdı. Milli duyğuları bir mənzilə qədər aparmaq ağırlığı maarifçilərin boynuna düşür. Şəmil Sadiqin yazdığı əsərlərdə də bu cəhət açıq-aydın şəkildə hiss olunur. “Odərlər” romanı bu baxımdan prozamızda fərqli dəst-xətti ilə seçilir. Mifoloji elementlərlə süslənmiş roman xalqımızın tarixi köklərini araşdırır və gənclərdə vətənpərvərlik, mübarizə ruhunun formalaşmasına xidmət edir. Düşünürəm ki, “Odərlər” Azərbaycan ədəbiyyatında xüsusi yeri olan bir romandır, son dövr nəsrimizdə folklor nəfəsiylə qələmə alınmış ən yaxşı nümunələrdən biridir. Xalqın ibrət kitabı olan tarix vərəqləndikcə, həyatın və insanın ötüb keçən qatları işıqlandıqca bu gün və sabah da aydınlaşır, mahiyyətini dərindən bilmədiyimiz əşyalar, hadisələr, anlar təzələnir, yeni məna kəsb edir. Süjet xəttinin dinamizmi, kompozisiyanın bütövlüyü xüsusilə diqqəti cəlb edir.

Bu əsər onun yazıçı kimliyini, ədəbi idealını ortaya qoyan proqram xarakterli bir əsərdir. Tarixi roman yazmaq olduqca çətin, ağır və şərəfli bir işdir. Tarixi təhrifləri adlamaq, həqiqəti tapmaq, müasir həyatın tarixi mənasını açmaq, dünəndən bu günə gələn yolu arayıb tapmaq üçün təkcə istedad yetərli deyil, həm də fədakarlıq və cəsarət tələb olunur. Dünya ədəbiyyatının təcrübəsi göstərir ki, tarixi mövzunun inkişafında roman janrı əsas rol oynayır. Çünki müəyyən bir dövrün dəqiq və təmkinli təsvirində genişlik, panoramlıq, əhatəlilik imkanına malik olan roman janrı daha əlverişlidir. Şəmil Sadiq məhz bu prinsiplərə söykənərək “Odərlər” əsərini qələmə alıb. Roman türk milli kimliyini ortaya qoyan bir əsərdir. Müsahibələrinin birində yazıçı bu əsər haqqında belə deyir:

“Romanın yazılmasının iki məqsədi var: 1) Fəlsəfi düşüncələrimi çatdırmaq; 2) Vətənpərvərlik, gənclərdə mübariz ruhun oyadılması.

Milli Qəhrəman Mübariz İbrahimovun etdiyi qəhrəmanlıq bu əsərin yazılmasına bir zəmin yaratdı. Düzdür, Mübarizlə bağlı xeyli romanlar yazılmışdır. Məncə, ona tamamilə başqa cür yanaşmaq lazımdır. Romanımdakı qəhrəmanların heç biri Mübariz İbrahimovun birbaşa prototipi deyil. Çünki bu cür insanları ifadə etmək çox çətin olur. Hüseyn Cavid Topal Teymur haqqında əsər yazır, amma xahiş edir ki, onu tamaşaya qoymasınlar. Hərçənd, bu gün “Topal Teymur” tamaşaya qoyulur. Mübariz də elə bir şəxsdir ki, onun qəhrəmanlığı xalqın təsəvvüründə o qədər geniş formadadır ki, qələmə alsan, kiminsə gözlədiyindən əskik və ya artıq olacaq. Düşünürəm, o qələmə alınarsa, ona qarşı münasibət dəyişə bilər. Buna görə romanımı vətənpərvərlik, qəhrəmanlıq ideyaları üzərində yazsam da, prototip olaraq onu canlandırmadım. İnsanlar müxtəlif düşüncəyə malik olduğundan Dədə Əfəndinin söhbətlərini romana əlavə etməyə tərəddüd edirdim. Narahatçılığım kitab çap olunandan sonra baş verdi. Əsərə əlavə etməkdə tərəddüd etdiyim hissələr əlavə olunduqdan və roman çap olunduqdan sonra mətbuatda “Azərbaycanda islam əleyhinə çap olunmuş ilk kitab” başlıqlı məqalələr dərc olundu.

Hətta bir dostum dedi ki, romandakı Dədə Əfəndinin söhbətlərini çıxarsam, roman metodik vəsait kimi istifadə edilə bilər. Yəni məsələn, şagirdlərə, tələbələrə, əsgərlərə paylanılmaqla bu əsər onlarda vətənpərvərlik hisslərinin güclənməsinə və oyanmasına səbəb ola bilər.

Romanda 5 qəhrəman var: sünni, şiə, odər, deist və ata-anası müsəlman olan. Amma ateist fikrini yaxın buraxmıram, çünki ateizmi özüm də qəbul etmirəm. Obrazların içərisində ateist yoxdur. Sadəcə, tanrısına inanan obrazlar var”.

Yeri gəlmişkən, əsərdə mifoloji mətnlərə, bir neçə klassik əsərə göndərmələr də var ki, hazırlıqlı oxucu bu məqamları dərhal sezəcək.

Vətən üçün tökülən qanların qıpqırmızı rəngi onu tarixə çağırırdı. Həmmüəllifi olduğu “Ümidlərin izi ilə” romanı da Qarabağ savaşının Azərbaycan insanının taleyində buraxdığı izləri əks etdirir. Bu əsərlər Vətən duyğusunun, Vətən sevgisinin məhsuludur. Onun “Yuxu maşını” hekayələr kitabı həm də maraqlı hekayənəvis olduğunu göstərdi. Hekayə yazıçının istedadını nişan verən əsas göstəricidir, möhürdür. Şəmil Sadiqin hekayələri az sözlə çox mətləblərə toxunan hekayələrdir. Son hekayələrindən olan “Qara tut ağacı” hekayəsi xüsusi diqqətəlayiqdir.

Böyük ədəbiyyatın əsas missiyası insan talelərinə əbədi dəyərlərin ölçüləri ilə yanaşmaqdır. “Qara tut ağacı” hekayəsində Xankəndidən köçən erməni Aşotla Əlif kişinin qarşılaşması təsvir edilir. Birinci Qarabağ savaşı zamanı Əlif kişi işğala məruz qalmış doğma yurdundan çıxarkən, on üç yaşlı oğlunu qonşusu, çörək kəsdiyi Aşota tapşırır. Bu, Əlif kişi ilə oğlunun son görüşü olur, bir daha oğlundan xəbər tuta bilmir. Xankəndidən köçən ermənilər arasında Aşot da vardı. Əlif kişi bu adamı telefondakı videolardan birində görüb tanıyır. Qərara alır ki, hökmən onunla görüşməli, oğlunun taleyindən xəbərdar olmalıdır. Yazıçı oxucu ilə mətnin arasına girmir, hadisəni sadəcə, təsvir edir, göstərir. Məlum olur ki, Aşot əmanətə xəyanət edib; Əlif kişinin oğlunu öldürüb və həyətlərindəki qara tut ağacının altında basdırıb. Mənfur düşmən qalib xalqın nümayəndəsinin ayağına düşüb bağışlanmağını istəyir. “Qara tut ağacı” yığcam hekayədir, amma üzərində bir romanın yükü var. Ata otuz il ümidlə oğlundan xəbər gözləyir və bu otuz ilin həsrəti, nisgili qara tut ağacının altında da kirimək bilmir… Yaddaşda şırım açan, müharibə refleksi üzərində qurulmuş hekayədir. Hekayədə müharibə təsvirləri yoxdur, amma müharibənin insan taleyində dağıdıcı təsiri var.

Şəmil Sadiq bacarıqlı naşir, gözəl yazıçı olmaqla bərabər, həm də Hədəf Kursları və Hədəf Liseyinin baş direktorudur. Azərbaycan təhsilinin inkişafında əmək sərf etmiş, dərsliklər yazmış pedaqoqdur. Şəmil Sadiqin ciddi elmi tədqiqatlarının bəhrəsi olan “Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası” monoqrafiyası Cavidin ədəbi irsinin fərqli rakursdan araşdırılması baxımından cavidşünaslıq üçün yeni istiqamətlər açır.

Şəmil bəy Azərbaycan ədəbiyyatının sütunlarından olan Xalq yazıçısı İsa Muğanna yaradıcılığını da ciddi tədqiq etmiş, “İsa Muğanna ideal işığında” adlı samballı monoqrafiya ərsəyə gətirmişdir. Düşünürəm ki, istedadlı nasirlə peşəkar tədqiqatçı onun yaradıcılığında qoşa qardaş kimidir. Onun nəsri alimliyinə, alimliyi nəsrinə dayaq durur, hər ikisi bir-birindən qidalanır. Kiçik bir məqalədə onun elmi-pedaqoji, ədəbi və naşirlik fəaliyyətini tam əhatə etmək mümkünsüzdür. Şəmil Sadiqin gördüyü işlərin miqyası olduqca böyükdür, bir yazıya sığası deyil. Onun kimi insanların varlığı Azərbaycan kitabının yaşaması deməkdir, milli məfkurənin varlığı deməkdir, türkçülük ideologiyasının pərvəriş tapması deməkdir. Bu müqəddəs yolda dəyərli dostuma uğurlar arzulayıram!

Xəbərlər

“Kitab kimi ömür – Şəmil Sadiq 46”


2 sentyabr tarxində “Çəmənzəminli” açıq məhəllə kitabxanasının açılış mərasimi keçirildi. “Çəmənzəminli” açıq məhəllə kitabxanası Hədəf Şirkətlər Qrupunun layihəsidir.
Bu kitabxana Yusif Vəzir Çəmənzəminli küçəsində təmənnasız fəaliyyət göstərir. Kitabxanadakı bütün kitablar sakinlərin istifadəsindədir. Burada hər kəs əyləşə, mütaliə edə bilər.
Kitabxana ilə bağlı yalnız bir qayda var – kitabları aparmaq olmaz.
Həmçinin könüllü şəkildə kitabxananı zənginləşdirmək də mümkündür. Oxucular da bu kitabxanaya töhfə verə bilər.
Açıq hava kitabxanası sosial layihədir. Bu kitabxana övladlarımızın asudə vaxtını dəyərləndirmək, kitaba olan sevgini aşılamaq və inkişaf etdirmək niyyəti ilə qurulur.
Kitabxanada heç bir mühafizə və xüsusi nəzarət sistemi yoxdur. Təsisçilər əmindirlər ki, kitabxanadakı bütün vəsaitlər qorunacaq, elə sakinlər tərəfindən genişləndiriləcək.
Kitabxananın adı da təsadüfi seçilməyib. Yusif Vəzir Çəmənzəminlinin Azərbaycan ədəbiyyatı qarşısındakı xidmətlərindən dolayı kitabxana da Çəmənzəminlinin adını daşıyır.
Eyni zamanda Hədəf və Xan nəşrlərinin təşkilatçılığı ilə Şəmil Sadiq yaradıcılığına aid yeni kitabların təqdimat mərasimi keçirildi.
Tədbir Hədəf Nəşrlərinin direktoru Nərmin Səlimova moderatorluğu ilə Şəmil Sadiq yaradıcılığından bəhs edən təqdimatla açıq elan edildi.
Hədəf STEAM Liseyinin icraçı direktoru Nizami Hüseynov Şəmil Sadiqin 25 illik pedaqoji təcrübələri əsasında hazırlanan Hədəf konseptinin yeni nəşrini təqdim etdi.
“XAN” Nəşriyyatının direktoru Səbuhi Şahmursoy Şəmil Sadiqin yeni nəşr olunan “Qorqud atanın pıçıltısı”, “Qara tut ağacı” kitabları haqqında təqdimat etdi.
Hədəf Şirkətlər Qrupu Baş direktorunun müavini Emin Sadiqov və Hədəf Kurslarının icraçı direktoru Səftər Əlsəfa Hədəf Şirkətlər Qrupunun qurulmasında Şəmil Sadiqin fəaliyyət yolu haqqında çıxış etdilər.
Həmçinin tədbirdə bir çox tanınmış ziyalılar, ədəbiyyat xadimləri iştirak etdi.
Yazıçı Nazim Muradov, publisist-şair Əkbər Qoşalı, jurnalist Şahin Nəcəfov, xalq artist Eldost Bayram, şair Rüstəm Behrudi, iş adamı İlham Behrudi Şəmil Sadiqin həyat və yaradıcılıq yolundan bəhs etdilər.
“Kitab kimi ömür – Şəmil Sadiq 46” görüşünə dəyər qatan bütün kitabsevərlərə təşəkkürümüzü bildiririk!
Dəyərli rəhbərimiz Şəmil müəllim, sizi yeni yaşınız münasibətilə təbrik edir, sizə sağlam ömür, tutduğunuz bu yolda tükənməz enerji, fəaliyyətinizdə uğurlar arzulayırıq!

Xəbərlər

Hədəf konseptinin əsas məqsədi nədir?

şəmil sadiq

Hədəf konseptinin əsas məqsədi nədir?

ŞƏMİL SADİQ: “ƏSAS MƏQSƏD MİLLİ DƏYƏRLƏRƏ SÖYKƏNƏRƏK ÇAĞDAŞ TƏFƏKKÜRLÜ VƏ DÖVRÜN TƏLƏBLƏRİNƏ CAVAB VERƏN ÇEVİK ZƏKALI İNSANLAR YETİŞDİRMƏKDİR”

2008-ci ildən yaradılan Hədəf STEAM Liseyi ölkədə STEAM təhsili verən ilk liseydir. Liseyin hədəfi ölkə və dünyanın inkişafı üçün yaradıcılığı, elmi, mühəndisliyi, texnologiya və riyaziyyatı qarşılıqlı vəhdət halında mənimsəmiş, bilgi çağı olan XXI əsrin yeni nəsil alim və mühəndislərini yetişdirməkdir. Hədəf STEAM Liseyi Azərbaycanda ilk liseydir ki, STEAM təmayüllü fəaliyyətə başlayıb. 2021-ci ilin iyun ayından etibarən Hədəf STEAM Liseyi International Cambridge School – Beynəlxalq Kembric Məktəbidir.

HƏDƏFİN ƏSAS MİSSİYASI

Azərbaycanın təhsil sisteminə yaxından bələd olan filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq tərəfindən təsis edilən bu milli təhsil ocağının hədəfi – hər bir şagirdin əvvəlcədən hansı ixtisasa yiyələnəcəyinə qərar vermək deyil, təlim, praktika, özfəaliyyət, həmçinin diskussiya mühitinin şagirdlərin xüsusi istedadlarını ortaya çıxarmasına nail olmaq və onların düzgün istiqamət seçmələrinə dəstək verməkdir. Şəmil Sadiq hesab edir ki, məhz bu halda gələcəyin işini sevən həkimini, alimini, texnoloqunu, dizaynerini, proqramçısını və mühəndisini yetişdirmək mümkündür.

100-dən çox elmi məqalənin, 30-dan çox kitabın, 33 elmi-metodik, 5 bədii kitabın müəllifi olan Şəmil Sadiq daim Azərbaycan təhsilinin inkişafı, tərəqqisi, dünya təhsil sisteminə inteqrasiyası üçün bir-birindən maraqlı ideyalarla, uğurlu layihələrə imza atır. Şəmil Sadiq “Hüseyn Cavid yaradıcılığında sənətkarlıq məsələləri”, “Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyasi” adlı monoqrafiyalarının, orta məktəb şagirdləri üçün “Azərbaycan dili”, “Ədəbiyyat”, xaricdə yaşayan azərbaycanlılar və xarici vətəndaşlar üçün “Azərbaycan dilini öyrənirəm” dərs vəsaitlərinin müəllifi, uşaqlar üçün “Dədə Qorqud” və “Azərbaycanımızı tanıyaq” adlı layihələrin ideya müəllifi və redaktoru, Xocalı faciəsinə həsr edilən “Ümidlərin izilə” tarixi romanının həmmüəllifidir.

Hədəf STEAM Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir. Balabilgələr üçün müasir tələblərə cavab verən tədris mühitinin yaradılması ilə birlikdə lisey öz təhsil proqramında Prezident İlham Əliyevin təhsilin inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq STEAM konseptini əsas götürür.

HƏDƏFİN MİLLİ TƏHSİL KONSEPTİ

Şəmil Sadiq deyir ki, bütün təhsil sistemlərində, proqramlarında bir konseptə söykənilir. Hədəf liseyinin də milli təhsil konsepti mövcuddur: “Fikrimcə, bu gün bizim təhsil üçün ana xətt olaraq 5 prinsip əsas götürülməlidir. Bunun üçün də öz milli təhsil konseptimiz olan Hədəf Konseptini təklif edirəm. Niyə Hədəf? Çünki sonu bilinməyən yola heç kim girmək istəməz, biz insan olaraq etdiklərimizin nəticəsini görmək istəyi ilə kodlaşdırılmışıq. Əgər bu duyğunu itirsək, o zaman hara getdiyini bilməyən şüursuz heyvana bənzəyərik. Bizə yaddaş ona görə verilib ki, keçmişi unutmadan sabaha addımlayaq. “Hədəfsiz gəmilər okeanda batar”, – deyirlər. Bir millətin də, dövlətin də hədəfi olmalı, ona doğru yürüməlidir. Biz milli təhsil strategiyasında yaxın hədəflər qoyub irəliləsək, hər hədəfə çatdıqca bir az stimul alarıq. Əlçatmaz hədəflər o qədər uğurlu olmur, çünki ola bilsin, ona çatmadın və bütün ruhun sarsıldı. Buna görə də kiçik, yaxında olan, amma böyük hədəfə gedən bir amal olmalıdır. Bu konseptin əsas məqsədi milli dəyərlərə söykənərək çağdaş təfəkkürlü və dövrün tələblərinə cavab verən çevik zəkalı insanlar yetişdirməkdir. Hədəf Konsepti çağdaş insanın formalaşmasını beş əsas prinsiplə həyata keçirməyi təklif edir. Özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq, bilik. İnsanın özünüdərk prosesi dəyərlərə sevgisindən başlayır. Hədəf konseptinə görə, özünü dərk edən insan vicdanlı, ədalətli, humanist, hüquqlarını bilən, çalışqan və daima özünü təkmilləşdirən insandır. Sağlam bədən, sağlam xarakter, sağlam düşüncə, sağlam nəsil və sağlam mühit, millətin və dövlətin, eləcə də bəşəriyyətin inkişafı üçün vacib amillərdən olduğuna görə biz təhsilimizdə bu faktorlara xüsusi diqqət yetirir, “Sağlam təhsil, sağlam millət” şüarını əsas tuturuq. Özünü dərk etmiş sağlam insan bacarıqlı olduqda onun əlavə dəyər yaratma imkanları daha da artır. Yaratdığı əlavə dəyərlərlə özünə və insan yoldaşlarına keyfiyyətli həyat təmin edir. Özünü dərk etmiş, sağlam, bacarıqlı və yaradıcı insan, obyektiv dünyada fəaliyyətini düzgün qurmaq üçün elmi biliklərə ehtiyac duyur. Bilik araşdırmadan, araşdırma maraqdan yaranır. Bilikli insan biliyini araşdırarkən, sorğularkən, fərqindəliyini artırarkən qazanır, onu problemlərin həllinə tətbiq edir. Bu gün biz istənilən sahədə ağıllı qərarlar vermək üçün elmin, iqtisadiyyatın, menecmentin qanun və prinsiplərinə müraciət edirik. Bilik digər bacarıqlarımızın effektiv ola bildiyi zəmindir. Bilgi çağında bilgili olmaq və bu bilgini bəşəri və milli dəyərlərin qorunması, inkişafı, həmçinin həlli vacib problemlərin aradan qaldırılması üçün istifadə etmək bir insanlıq vəzifəsidir. Biz yaradıcılıq ruhundan bütün insanların pay aldığını düşünürük. Yaradıcılıq meylinin estetik, bədii, texniki və ya elmi yönümlü olmasını müəyyən edib onu inkişaf etdirən insan, problemlərə yeni gözlərlə baxıb orijinal həllər tapan insandır. Biz insanlarımızın yaradıcılıq potensialını ortaya çıxarıb daha da inkişaf etdirmələri üçün lazımlı şəraiti yaradırıq. Hədəf Konseptinin məqsədi yaxın gələcəyin milli, sağlam, bacarıqlı, yaradıcı və BİLGƏ İNSANlarını yetişdirməkdir”.

MÜASİR ZƏKALI VƏ ÇEVİK İNSANIN YETİŞDİRİLMƏSİNƏ XİDMƏT EDƏN PRİNSİPLƏR

Şəmil Sadiqin “İnsan mühəndisi” adlı kitabında konseptin özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq, bilik kimi prinsiplərini ayrı-ayrılıqda şərh edir. Milli dəyərlərə söykənərək çağdaş təfəkkürlü, müasir zəkalı və çevik insanın yetişdirilməsinə xidmət edən bu prinsiplərin hər biri bu gün ümumtəhsil məktəblərində ümumpedaqoji prinsiplər kimi tətbiq olunmalıdır. Çünki bu prinsiplər üzrə işləyən hər bir təhsil müəssisəsi, təlim-tərbiyə qurumu, maarifçilik ocağı uğurlar qazana bilər. Kitabda “Hədəf Konsepti” liseyin simvolları qismində konkret sxem əsasında da öz əksini tapır. Hədəfin Konsepsiyasında STEM, Bilgə insan, Dəyərlər həftəsi, Balabilgə anlayışları yer alır. Bu anlayışların işlədilməsinə qarşı çıxmaq düzgün deyil. Ona görə ki, bir təhsil brendi, bir trend kimi qəbul olunan STEM beynəlxalq təhsil sistemində aparıcı termin kimi işlədilir. Həmin anlayışın baş hərflərinin çox mühüm pedaqoji mahiyyət kəsb edən sözlərin birliyindən yarandığını görürük. “İnsan mühəndisi” kitabında STEM abreviaturasını açarkən bu sözün bütün məna çalarlarını özündə ehtiva edən simvolikanın böyük pedaqoji dəyərini sadə dillə açıqlayan müəllifin fikrincə, XXI əsrin məktəblisi elmin əsaslarına yiyələnməli, texnologiyanın bütün komponentlərini duymağı, qavramağı, qiymətləndirməyi bacarmalı, mühəndislik sahəsində nəzəri və praktik biliklərə malik olmalı, bazar iqtisadiyyatı şəraitində elmi-texniki tərəqqinin son nailiyyətləri dövründə riyazi hesablamaları hərtərəfli anlamalı və bu sahədə kifayət qədər təcrübəyə malik olmalıdır. Bunları nəzərə alan müəllif STEM-in mahiyyəti, məzmunu, elmi-pedaqoji, metodik arenadakı yeri, lisey şagirdlərinin bilik, bacarıq, vərdişlər sistemindəki mövqeyi, məzunların elmi dünyagörüşləri, şəxsiyyətyönümlü inkişafı ilə birbaşa inteqrasiyada olduğunu aydınlaşdırır. Bilgə insan deyəndə müəllif bilikli insan nəzərdə tutur.

YENİ NƏSLİN NÜMAYƏNDƏLƏRİNƏ ƏDƏB-ƏRKAN QAYDALARININ ÖYRƏDİLMƏSİ

Kitabda “Vacib kültürlər” adlı bir başlıq var. Bu başlıq altında müəllif “Uşaqlarınızla danışın”, “Uşaqlara gözləməyi öyrədin”, “Uşaqlara ayaqları üzərində durmağı öyrədin”, “Uşaqlara “yox” deməyi öyrədin”, “Uşaqlara ailə kültürü haqqında öyüdlər verin”, “Səhv etməyi öyrədin uşaqlarınıza”, “Onlara təşəkkür etməyi, minnətdarlıq hissini öyrədin”, “Onlara empatiya duyğusunu öyrədin”, “Sual vermə kültürü öyrədək uşaqlarımıza” kimi yarımbaşlıqlar yer alır. Bu bölmədə həmin yarımbaşlıqlar altında verilən mövzularda yetişən nəslin nümayəndələrinə ədəb-ərkan qaydalarının öyrədilməsi, onlara mədəniyyət dərsi keçilməsi tövsiyə olunur. Şəmil Sadiqin ədəb-ərkan qaydaları ilə bağlı şagirdlərə verdiyi öyüdlərdən, tövsiyələrdən, məsləhətlərdən valideynlər də istifadə edə bilərlər. Kitabda “Hədəf liseyi”nin öz modeli təqdim olunur. Açığını etiraf eləmək lazımdır ki, bu model ölkədə orta ümumtəhsil sistemində yeniliklər yaratmaq, örnək didaktik mühiti təşkil etmək, fənlərin tədrisi üçün müasir təlim metodlarından istifadə etmək, şagird-müəllim münasibətlərini əxlaqın saflaşdırılması səviyyəsinə qaldırmaq, məktəb-ailə-ictimaiyyətin birgə fəaliyyəti üçün nümunəvi işlər görmək, təlimin tərbiyəedici xarakterinə uyğun praktik işləri həyata keçirmək, təlim-tərbiyə işlərində əyaniliyin, sistemliliyin, ardıcıllığın, elmiliyin, təşəbbüskarlığın, intizamlılığın, ədalətliliyin və digər əxlaqi-mənəvi keyfiyyətlərin formalaşdırılması baxımından yanaşılması çox faydalıdır. Ona görə də, təqdim olunan kitabın orta ümumtəhsil məktəblərinə rəhbərlik edənlərin masaüstü kitabı kimi seçmələrini tövsiyə edirik.

HƏDƏF KURSLARI ABİTURİYENT HAZIRLIĞI İSTİQAMƏTİ ÜZRƏ CİDDİ UĞURLAR ƏLDƏ EDİB

Bu gün hazırlıq proqramını yerinə yetirmək üçün şagirdlər həm məktəbə, həm də kurs və ya fərdi hazırlıq müəllimləri yanına getməli olur ki, bu da onların gün ərzində ciddi şəkildə yorğunluğuna səbəb olur. Məktəbə getmək, evbəev gəzmək, yollarda mənşəyi bəlli olmayan yeməklərlə qidalanmaq, dərs saatlarının ağırlığı, fiziki və psixoloji gərginlik onlarda ciddi depressiya yaradır. Bu baxımdan Hədəf şagirdlərə həm lisey, həm də kurs olaraq vahid bir proqram təklif edir. Bununla uşaqlar hazırlığa getmək üçün məktəbdən icazə almağa məcbur olmur, hər gün hazırlıq proqramını yerinə yetirmək üçün şagirdlərimiz həm məktəbə, həm də kurs və ya fərdi hazırlıq müəllimləri yanına getməli olur ki, bu da onların gün ərzində ciddi şəkildə yorğunluğuna səbəb olur. Məktəbə getmək, evbəev gəzmək, yollarda mənşəyi bəlli olmayan yeməklərlə qidalanmaq, dərs saatlarının ağırlığı, fiziki və psixoloji gərginlik onlarda ciddi depressiya yaradır. Bu baxımdan biz sizə həm lisey, həm də kurs olaraq vahid bir proqram təklif edir.

ƏSAS HƏDƏF

Artıq15 ildir ki, fəaliyyət göstərən Hədəf Kursları abituriyent hazırlığı istiqaməti üzrə ciddi uğurlar əldə edib. Minlərlə tələbənin ali məktəblərə qəbul olunmasına dəstək verib. 10-dan çox Azərbaycan birincisi, 100-lərlə 600-dən çox bal toplayan şagirdlərin yetişdirilməsində peşəkar müəllim heyətinə sahib olan Hədəf Kurslarının təkrarolunmaz proqramı artıq 5 ildir ki, Hədəf STEAM Liseyində tədris edilir. Bunun nəticəsində 3 buraxılışı olan Hədəf STEAM Liseyi məzunları 100 faiz nəticə ilə ali məktəblərə qəbul olublar.

Xəbərlər

Şəmil Sadiq məşhur detektiv Şerlok Holmsun muzeyində

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq hər zaman olduğu kimi səfər etdiyi ölkələrdə muzeyləri gəzərək, maraqlı məlumatları sizinlə bölüşür.

Bu dəfə izləyəcəyiniz muzey isə məşhur detektiv Şerlok Holmsun Londonda yerləşən muzeyidir. Şerlok Holms muzeyi detektiv Şerlok Holmsun yaşayış yeri olan 221B “Baker Street”də yerləşən bir muzeydir.

Muzey 1815-1820-ci illər arasında tikilmiş bir binada yerləşir və Viktoriya dövrünün atmosferini qoruyub saxlayır. Muzeydə Konan Doylun əsərlərində yer alan hadisələrin təfərrüatlarına uyğun olaraq hazırlanan eksponatlar nümayiş etdirilir. Burada Şerlok Holms və doktor Vatsonun istifadə etdiyi alətləri görmək mümkündür. Ziyarətçilər Holmsun şəxsi otağını, iş masasını və hətta məşhur şlyapasını görə bilərlər. Muzeyin qarşısında məşhur Şerlok Holmsun bürünc heykəli yerləşir.

Şerlok Holms muzeyi Londona gələn turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir və detektiv romanlarının pərəstişkarları üçün unudulmaz bir təcrübə təqdim edir.

Xəbərlər

Şəmil Sadiq Londondakı Elm Muzeyində (Science Museum)

şəmil sadiq london

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq hər zaman olduğu kimi səfər etdiyi ölkələrdə elm muzeylərini gəzərək, maraqlı məlumatları sizinlə bölüşür.
Bu dəfə izləyəcəyiniz muzey isə Londonda məşhur elm muzeyi – “Science Museum”dir. Bu muzey Cənubi Kensingtonda yerləşir, elm və texnologiyanın tarixi, nailiyyətləri haqqında geniş sərgilər təqdim edir. Londondakı “Science Museum” (Elm Muzeyi) bir çox məşhur və tarixi eksponatlara ev sahibliyi edir. Muzeydə yer alan ən qədim eksponatlardan biri 1829-cu ildə George Stephenson tərəfindən hazırlanmış “Stephenson’s Rocket” lokomotividir. Muzeyin ən məhşur və turistlər tərəfindən maraqla qarşılanan bir çox eksponatlar haqqında məlumatları bölüşürük:

“Apollo 10 Command Module”: 1969-cu ildə Ay ətrafında dövr etmiş Apollo 10 missiyasının komanda moduludur.

“Model of DNA by Watson and Crick”: Francis Crick və James Watson tərəfindən 1953-cü ildə hazırlanmış DNT-nin quruluşunu təsvir edən modeldir.

“Puffing Billy”: Dünyanın ən qədim qorunan buxar lokomotivlərindən biridir, 1813-1814-cü illərdə hazırlanıb.

“Difference Engine No. 1 by Charles Babbage”: Charles Babbage tərəfindən ixtira edilmiş və ilk mexaniki kompüter kimi tanınan fərq maşınıdır.

“Vostok 6 Descent Module”: 1963-cü ildə Valentina Tereşkova tərəfindən istifadə edilən və ilk qadın kosmonavtın uçuşunu həyata keçirdiyi kapsuldur.

“Stephenson’s Planet”: 1830-cu ildə George Stephenson tərəfindən hazırlanmış məşhur lokomotivdir.

“IMAX Cinema”: Muzeyin daxilində yerləşən və müxtəlif elmi mövzularda filmlər nümayiş etdirən böyük ekranlı kinoteatrdır.

“Flight Gallery”: Aviasiya tarixi ilə bağlı müxtəlif uçuş aparatları və təyyarələr təqdim olunur.

“Antikythera Mechanism”: Qədim Yunanıstanın astronomik və təqvim hesablamaları üçün istifadə edilən mexanizmin rekonstruksiyasıdır. Muzeydə tibbi, texniki və elmin bir çox sahələrində texnologiyanın inkişafını izləyə bilərsiniz.