Detektiv romana verilən müxtəlif təriflər mövcuddur. Bu təriflərdən danışmazdan öncə “detektiv” və “detektiv roman” terminlərinin məna fərqini müəyyənləşdirməyimiz daha düzgün olardı. Çünki detektiv roman xüsusi bir janr yolunda addımladığı bir zamanda detektiv hekayə, detektiv film, detektiv serial kimi ifadələr ayrıca bir mövzudur. Əgər bir az dərindən düşünsək, baş vermiş hadisənin üstündən sirr pərdəsinin götürülməsi, hadisənin necə baş verdiyinin müəyyən sujetlə oxucuya çatdırılması detektivlikdirsə, o zaman bütün bədii əsərlərdə bu var. Məgər “Müsibəti Fəxrəddin” əsərində Fəxrəddinin və ya “Səyavuş” pyesində fitnələrlə qarşı-qarşıya qalan Səyavuşun taleyi oxucunu düşündürmü? Yazıçı isə müəyyən inkişaf xətti ilə onların xarakterinin və taleyinin açılmasına çalışmırmı? Bu, ədəbiyyatın bütün epik janrlarındakı özək hissəsini təşkil edən amildir. Lakin oxucunu daha da həyəcanda saxlamaqla, hadisələri bir az sirli şəkildə təqdim etməklə, əsərə olan marağı artırmaq yazıçının borcudur. Bu baxımdan bəzi yazıçılar məhz detektiv əsərlər yazmasa da, əsərlərində detektiv çalardan məharətlə istifadə etmişlər. Buna dünya ədəbiyyatında Ceymis Rollinsin, Den Braunun, Umberto Ekonun bir çox əsərlərini, Azərbaycan ədəbiyyatında isə tanınmış yazıçılar Çingiz Abdullayevin “Əclafların qanunu”, Elxan Elatlının “Qan ləkəsi”, “Cəhənnəmdən gələn səs”, Şəmil Sadiq və Müşfiq Xanın “Ümidlərin izilə” kimi romanlarını misal göstərə bilərik.
Detektiv əsər üçün üç əsas amil vacibdir: qətl hadisəsi, qatil və xəfiyyə. Bu üç ifadənin açılışı üçün üç əsas sual prinsipini də götürə bilərik: kim, niyə, necə? Bütün bu üç sualın ətrafında xəfiyyənin-detektivin quru, sinxron, xronoloji aspektdə araşdırmaları günümüzün oxucusu üçün maraqlı deyil. Bu, artıq Konon Doylun, Aqata Kristinin klassik detektivçilik oyunun bitməsi və yeni dönəmin başlanmasından xəbər verir. Bu cür sinxron cinayət işləri prokurorluq orqanlarındakı sənədlərin rəsmi dilidir. İstənilən cinayət işini müəyyən ardıcıllıqla düzüb, üslubuna və dilinə yüngülvari əl gəzdirsən, detektiv əsər adı ilə təqdim edilən bəzi əsərlərdən daha yaxşı olar. Bu isə haqlı olaraq detektivin ciddi ədəbiyyat hesab edilməməsinə gətirib çıxarır. Bir vaxtlar istər dünya, istərsə də milli ədəbiyyatımızda Çingiz Abdullayevin detektiv əsərləri böyük hörmət qazandı. Onun dünya ədəbiyyatına gətirdiyi siyasi detektiv janrı belə bu gün öz əvvəlki populyarlığını itirmiş durumdadır. Siyasi-analitik araşdırmalar bu tip romanları əvəz etməkdədir.
Çağımızda yazılan romanların əksəriyyətində ədəbiyyatın və ədəbiyyatşünasların qəbul etmədiyi detektivçilik aydın şəkildə müşahidə olunmaqdadır. Həyati romanlarda belə bu amildən zərif şəkildə istifadə edilir və oxucunu əsəri oxumaq üçün bu ədəbi priyoma salmış olur.
Detektiv roman haqqında bir çox ədəbiyyatşünaslar, yazıçılar müxtəlif fikir bildirsələr də, ümumi məzmun demək olar ki, eynidir. Bu nəsr növünü nəinki janr, hətta ciddi ədəbiyyat kimi qəbul etməyənlərin sayı əks mövqedə duranların sayından daha artıqdır.
Cinayət insanlığın var oluşundan başlayan bir hadisədir. İnsanın ilk yaradılışının Adəmlə başladığını qəbul etsək, deməli cinayətin də Adəmlə-insanla əkiz doğulduğunu görərik. Adəmin qadınının qadağan olunmuş meyvəni yeməsi, övladlarının bir-birini öldürməsi bunun sübutdur. Seval Şahinin dili ilə desək, “Cinayət ədəbiyyatı janrın ən böyük çətirini yaratmaqdadır.” (1.s. 7)
Çağdaş Türkiyə ədəbiyyatında detektiv əsərləri ilə məşhur olan tanınmış yazar Ahmed Ümit cinayətin tarixindən və detektivin tarixindən bəhs edərkən yazır: “Klassik detektivin başlanğıcı olaraq XIX əsrin ortaları göstərilir. Amma cinayət haqqında mətnlərin tarixi daha gerilərə, tarixin başladığı günlərə uzanır. Cinayət bəşəriyyətin yaranma formasıdır. Həqiqətən də cinayəti, ya da nəticələrini nəql edən ilk mətnlər, günümüzdən minlərlə il öncə yazılmışdır. Hitit saray cinayətlərinin nəticələri haqqında “Telipinu fərmanı” ya da Sofoklun məhşur əsəri “Kral Edip” buna misaldır. Bu mətnlərin içindəki “Əhdi-Ətiq”də Qabil və Habil bölümündə nəql edilən cinayət hekayəsi ən təsirlisidir. Bu hekayə təsirli bir nağıl olmaqdan çıxaraq, cinayəti və günahı nəql edən yazar üçün asanlıqla dəyişməyəcək (dəyişdirilə bilməyəcək) bir modelə çevrilmişdir. (2. s. 22.)
O gündən bu günə dünyanın tarixinə diqqət etsək, insanı cinayətsiz, cinayəti də insansız təsəvvür edə bilmərik. Bunu təsəvvür etmək üçün ya sadəcə romantik insanın təxəyülü olmalıdır, ya da təsəvvür edənin gərək dünyadan gəlib keçmiş azsaylı insanlar kimi dərviş ruhu ola.
Sadəcə, cinayət üstündə qurulan əsərləri demək olar ki, bir çox tədqiqatçılar, ziyalılar ciddi ədəbiyyat hesab etmirlər.
Bu janrda yazan və oxuyanlar bu cür münasibət zamanı “ciddi ədəbiyyat” sözünün özünü belə ciddi hesab etmir və bu ədəbi janrın inkişafı üçün bir növ tər tökürlər. Bu cür münasibətlərin kökündə kampaniya xarakteri olsa da, əslində, haqları da var.
“Peşəkar ədəbiyyatçılar yaxşı bilirlər ki, son illlərin bədii əsərlərində ictimai-sosial mahiyyətli, cəmiyyəti düşündürən problemlər, ciddi məsələlərlə bağlı cəhətlər olduqca çox zəifləyib.” (3.) Heç bir bəşəri əhəmiyyəti olmayan bir qətlin açılması üçün bir süjet qurub oxucu ilə gizlənqaç oynamaq, əlbəttə ki, ədəbiyyat ola bilməz. Bu məqamda yadımıza xalq oyunları, tapmacalar düşür. Halbuki adını çəkdiyimiz janrları şifahi xalq ədəbiyyatı nümunəsi kimi qəbul edirik. Bu zaman sual doğur, bəs tapmaca ədəbiyyat deyilmi? Əgər şifahi xalq ədəbiyyatı ciddi ədəbiyyat sayılmırsa, o zaman, ümumiyyətlə, ədəbiyyatın varlığından söhbət açmaq düzgün deyil.
Ədəbiyyat bir sənət olaraq insana xidmət edir. Ədəbiyyatın vəzifələri arasında tərbiyləndirmək, maarifləndirmək, zövqü formalaşdırmaq, həyəcanlandırmaq, həyatın çatışmayan tərəflərini nümunələrlə göstərmək var. Detektiv romanlarda da insan həyatında tez-tez rastlaşdığımız müəmmaların əslində üzə çıxarılma yollarını göstərmə, dərs vermə var. Digər tərəfdən də məntiqi təfəkkürün inkişafına da xidməti var.
Jozef Krutç detektiv romanı nəsrin mükəmməl modern növü hesab edir. V.H.Audenə görə detektiv roman cinayət hadisəsindən sonra bütün şübhəlilərin gözdən keçirilməsi və nəhayət cinayətkarın ələ keçirilməsinin hekayəsidir. Hovard Heykraft isə düşünür ki, detektiv roman əsərin sonunda günahkarın üzə çıxarılmasını hədəfləyir.
Bütün ədəbi növlər insana dərinləməsinə təsir etməyə xidmət edə bilməz. Bəziləri bir ömür, bəziləri isə bir anlıq təsir gücünə malikdir. Ola bilsin ki, bəzi detektiv romanlar insana bir anlıq təsir etmə gücünə və ya həyəcan vermə, adrenalin artırma gücünə malikdir. Fikrimizcə, bu cür yanaşma bir ədəbi janrın meyarı ola bilməz.
Son dövrlər müasir Azərbaycan ədəbiyyatında da müzakirə obyektinə çevrilən “ciddi ədəbiyyat necə olmalıdır?”, “Detektiv ciddi ədəbiyyat hesab edilə bilməz” kimi fikirlər Avropa ədəbiyyatşünaslığında XX əsrin əvvələrində başlamışdır. Edmund Vilson 1945-ci ildə yazdığı “Roger Akyordun qatilindən kimə nə?” adlı məqaləsində detektiv romanı “ağılsızlıq və zərər baxımından tapmaca tapmaqla siqaret çəkmək arasında dəyərləndirilə biləcək axmaq bir vərdiş”, detektiv oxucularını isə “Affekt dərəcəsində bağlanan” adlandıraraq “Bu cür boş şeylərlə özümü məşğul etməməli, detektiv oxuyaraq kağız israfına şərait yaratmamalıyıq” (4. s. 82.)
Edmon Vilsonun fikri ilə ortaq olan peşəkar ədəbiyyatçılar bu janrı ciddi olmayan ədəbiyyat adlandıra-adlandıra bir növ təbliği ilə də məşğul olurlar. Ədəbi prosesdə qızışmaqda olan bu polemika tez-tez gündəmə gəlir. Lakin heç bir ciddi ədəbiyyatşünasın bu mövzuda geniş bir araşdırma aparmaması, ədəbiyyatşünaslıq əsərlərində bu mövzuya toxunmaması, hətta görməzdən gəlməsi meydanın boş qalması sadəcə həvəskar ədəbiyyatçıların, ədəbiyyatsevərlərin publikadakı kiçik, əsassız fikirləri ilə bitməsinə, daha doğrusu bitməməsinə gətirib çıxarır. Ədəbiyyatımızda bizə məlum olan heç bir ədəbiyyat nəzəriyyəsində detektiv termininə janr deyəkmi? deməyəkmi? detektiv ədəbiyyat ciddi ədəbiyyatdırm? deyilmi? suallarına nəinki cavab tapa bilmərik, hər hansı bir bilgiyə belə rast belə gəlmərik. “Detektiv” terminin yaşadığı bu haqsızlıq Türkiyə ədəbiyyatında da yaşanır. “Türk ədəbiyyatı ilə bağlı əsas əsərlərdə detektiv roman mövzusuna ya heç toxunulmamış, ya da inanılmaz dərəcədə ötəri toxunulmuşdur. Məsələn, yetkin bir əsər olan Atilla Özkırımlının 5 cildlik “Türk Ədəbiyyatı Ensklopediyası”nda detektiv romanlardan bəhs etmək bir yana, bu növ roman yox sayılır. Necə? Roman bölümündə roman növləri sadalanır. Ona görə tam 53 növ roman vardır, amma bunların arasında hörmətli yazar “detektiv roman”ı əlavə etməyib. O zaman da Türk ədəbiyyatında polis romanlarının yerini bir qeyri-peşəkarın araşdırması qaçılmaz olur.” (5. s. 2-3.)
Bu gün dünya ədəbiyyatını Azərbaycan oxucusuna tanış etməkdə böyük rol oynayan Türkiyə ədəbiyyatında da detektiv roman janrı ilə bağlı bir çox müzakirələr getməkdədir. Suut Kemal Yetkin detektivin ədəbiyyatşünaslar tərəfindən bir janr olaraq ədəbiyyatın qapısından içəri buraxılmamasının səbəbini məntiqi olaraq düzgün izah edir: “On beş, iyirmi il əvvələ qədər detektiv roman insan duyğularına maraq göstərmədiyi, böyük əksəriyyəti pis bir dillə yazıldığı üçün ədəbiyyatdan kənar hesab olunmaqda idi.” ( 6. s. 9.)
Lakin Azərbaycanda fəaliyyət göstərən nəşriyyatların, kitab mağazalarının, saytların ara-sıra təqdim etdiyi sorğulara, statistikalara diqqət etsək, bu gün ən çox oxunulan əsərlərin məhz detektiv əsərlər olduğunu görərik. Ciddi hesab edilməyən bu ədəbiyyat növünün psixoloji, siyasi, fantastik, elmi, mistik kimi növlərinin ortaya çıxması, hekayə, povest, roman formalarından istifadə edilərək klassik, modernist, postmodernist cərəyanlarda özünə müstəqillik qazanmaq uğrunda iriaddımlı mübarizəsi artıq bu ədəbiyyata ciddi yanaşmanı tələb edir.
Dediklərimizin sübutu olaraq detektiv ədəbiyyatı haqqında qaynar.info saytının keçirdiyi “Detektivi ciddi ədəbiyyat sayırsınızmı?” adlı sorğudanbir neçə fikri təqdim etmək istərdik:
Səfər Alışarlı: “Yox. Detektiv əyləncə axtaranlar və evdar qadınlar üçündür”.
Qan Turalı: “Nəinki mən, heç Nobel Komitəsi də detektivi ciddi ədəbiyyat saymır. Ümumiyyətlə, Çingiz Abdullayevdən başqa detektivi ədəbiyyat sayan adam görməmişəm”.
Zahir Əzəmət: “Yox. Kütləvi ədəbiyyatdır. Bunu nəzəriyyə kitabları da deyir, biz özümüzdən uydurmuruq. Müqayisədə daha maraqlı və daha peşəkar yazılmış detektivlər var”.
Sevinc El Sevər: “Detektiv ayrıca bir janr kimi ciddi ədəbiyyat deyil. Ancaq bu mövzudan ciddi ədəbiyyatda istifadə olunur və oxucu toplamaqda əhəmiyyətli rol oynayır”.
Azad Qaradərəli: “Detektiv heç vaxt ciddi ədəbiyyat nümunəsi olmayıb və olmayacaq. Burada mahiyyət yox, qurama hadisəçilik var. İstənilən prokurorluq işçisinin 5 faiz ədəbi istedadı olsa yaxşı detektiv yaza bilər”.
Sayman Aruz: “Mən o ədəbiyyatı 16-17 yaşlarımda oxumuşam. Fikrim formalaşdıqca o ədəbiyyatı ciddiyə almadım. Məncə, cinayət və cəza kimi şeylər ciddi ədəbiyyatin daxilində yalnız həyatın bir guşəsində olan kiçik həqiqətlər kimi göstərilə bilər. Ciddi ədəbiyyat detektiv ədəbiyyatın əksi olaraq hər şeyi əhatə edir. İnsan da, ədəbiyyat da ciddiləşdikcə, kamilləşdikcə, özü fakta və mənbəyə çevrilir. Yəni mütləqləşir. Detektiv ədəbiyyatın bu gücdə olmasına inanmıram doğrusu”.
Taleh Şahsuvarlı: “Mən detektivi nə oxuyuram, nə də ədəbiyyat sayıram”.
(7)
Elxan Nəcəfov Müşfiq Xanın “Qatil üçün nekroloq” romanı haqqında yazarkən deyir: “Detektiv əsərlərin ədəbi-bədii qabığı olduqca zəif olur. Oxucu belə əsərlərdən tərbiyəvi nəticə çıxara bilmir. Əksinə, mükəmməl cinayət necə törədilər, cinayəti törətdikdən sonra necə məsuliyyətdən yayınmaq olar kimi xüsusiyyətləri özündə formalaşdıra bilər. Məhz buna görə də ciddi ədəbiyyat adamları detektiv əsərlərin tərifindən və ya təbliğindən qaçırlar. (8.)
Türkiyəli hüquqşünas Taceddin Şimşeyin detektiv romana münasibətini Hebibe Cizer öz doktorluq dissertasiyasında bu cür izah edir: “Detektiv romanı “ədəbiyyatın ögey övladı” olaraq dəyərləndirən Tacedin Şimşək dünyada bu növə aid əsərlərin sürətlə çoxalmasına rəğmən hələ bu növün ədəbi olub-olmadığını müzakirə edildiyini bildirərkən son illərdə postmodern yanaşmanın detektivi ədəbi əsərlər arasında dəyərləndirdiyini və detektivlə bağlı ədəbiyyatdan kənar həm psixaloji, həm sosioloji, həm də iqtisadi araşdırmaların aparıldığını, ancaq bütün bunların yenə də detektiv romanın ədəbiyyat və estetik normalar çərçivəsində çox da ciddiyə alınmayan bir növ olduğu gerçəyini dəyişdirmədiyini vurğulayır.” (9.)
Detektiv ədəbiyyat haqqında münasibət bildirən şəxslərin kimliyinə baxsaq, əksəriyyətinin ciddi bir ədəbiyyatşünas olmadığını görərik. Bu dəyərli insanlar bu gün gündəmdə olan ya yazar, ya köşə yazarlarıdır. Bu da yuxarıda qeyd etdiyimiz kimi, detektiv janrının elmi əsaslarla ciddi şəkildə incələnməməsindən xəbər verir. Görəsən, bunun əksini düşünənlər varmı, varsa kimlərdir və necə düşünürlər?
İngilis yazıçısı Somerst Moem “Çox yaxın gələcəkdə detektiv romanların universitetlərdə dərs kimi tədris ediləcəyini, doktorluq oxuyan tələbələrin araşdırma sahəsi olaraq detektiv hekayələri seçəcəyini” irəli sürmüşdür. (10. s. 1.)
Türkiyəli yazar Lale Tunçmanın fikrincə, “Detektiv roman ədalətin boşqabda qarşımıza qoyulduğu bir növdür. Bunu təmin etmək üçün hüquq məhkəmələri qurmaq lazım deyil. Detektivlərdə oxucunun axtardığı ədalət, yeməkdən sonrakı şirniyyat boşqabıdır. O şirniyyat mütləq yeyilir. ” (11)
Türkiyəli tanınmış detektiv yazar Ahmet Ümit: “Bir müddət sonralar detektivin möhtəşəm bir intellektual fəaliyyət içində yazıla biləcəyini gördük. Umberto Ekonun çox satılan “Qızılgülün adı” və ya Borxesin yazdığı hekayələr bunun ən gözəl nümunələridir. Avropa və ABŞ-da detektivin çox oxunmasının əsas səbəbi, yaxşı oxucu kütləsinin olmasıdır. O oxucu kütləsi üçün yaxşı bir detektiv ziyafətdir. Bizdə oxucu kütləsi inkişaf etmədiyi üçün insanlar hələ də romanlardan həyat formulları axtarmaqdadırlar.“(12)
Türkiyəli yazar, tərcüməçi, detektiv verilişlərinin aparıcısı Sevin Okyay: “Detektiv romanın tarixində də, bu günündə də çox yaxşı yazarlar var. Bəziləri eyni zamanda çox satılır deyə, bu növə qara yaxaqmı? “Ciddi” kitab yazanların bir qisminin kitabları da çox satılır. Detektiv bir ədəbiyyat növüdür. Bu səbəbdən də ədəbiyyat üçün keçərli olan şey, detektiv üçün də keçərlidir. Yaxşı yazılıbsa, yaxşı kitabdır. Saf ədəbiyyat nümunəsi olaraq bazara çıxan minlərcə kitabın içindən yaxşı kitabı necə maqqaşla çəkib alırıqsa, detektivin də həm yaxşısı var, həm də pisi… “Dime novel” deyə tanınan “beş qəpiklik roman”lardan heç kəs parlaq ədəbi əsərlər olmasını gözləyə bilməz. Bunun əvəzində, Nik Karterlə Nat Pinkertonun bu gün də saysız-hesabsız hayranı vardır. Ekoya gəlincə, ”Qızılgülün adı” və “Baudolino”, daha öncə anlamayanlara “həqiqi” yazarların da bu növü seçə biləcəklərini göstərdi. Zatən başqa “ciddi” əsərlər, məsələn Folknerin “Müqəddəs sığınacaq” əsəri ilə, Dostoyevskinin “Cinayət və Cəza” romanları da detektivə uzaq deyildir. Ernst Mandel də “Xoş cinayət”də bu növü yüksəklərə qaldırmışdır. Amma detektiv oxumağı “krasvord həll etməklə siqaret çəkmək arasında dəyərləndiriləcək pis bir vərdiş” sayanlarhər zaman olacaq. Tərs kimi ikisini də sevirəm.” (13.)
Gördüyümüz kimi, detektivin ciddi bir ədəbiyyat janrı olub-olmaması ilə bağlı müxtəlif fikirlər var. Bu fikirlərin əksəriyyəti bir həqiqətə dayanır. Müasirliyin tələblərindən, “sənət xalq üçün” prinsipidir. Əgər belədirsə, deməli, əksəriyyətin bəyəndiyi, oxuduğu, oxucusu olduğu müəllifin əsərlərinin yeni çapını səbrsizliklə gözlədyi oxucu kütləsinin olduğu bir durumda ədəbiyyatşünaslıq elminin adından çıxış edərək, bu tip əsərləri görməzdən gəlmək və ədəbiyyatdan xaric hesab etmək yanlış düşüncədir. Sevin Okyayın gəldiyi qənaət kimi, detektiv əsərlərin də pisi və yaxşısı var. Əgər bir ədəbiyyat nümunəsi kütləviləşibsə, ona qısqanclıq kimi görünən münasibət haqsızlıqdır. Bir zamanlar Servantesin hələ günümüzə qədər sərbəst vəzn anlayışını qəbul etməyən ədəbiyyatşünaslıq bu gün modernist düşüncənin təsiri altında bu islahı vəzn kimi qəbul etməmək kimi bir çıxış edə bilmir. Artıq elə bir dövrdür ki, forma məzmununun quluna çevrilməkdədir və bu yanaşmanı haqlı hesab edirik. Çünki heç bir elm nümunə yaratmaq iqtidarında deyil. Nümunələrin varlığı elmin onu hansı kateqoriyaya daxil etməsini məcbur edir və yönləndirir. O cümlədən ədəbiyyatşünaslıq elmi sadəcə nümunələr üzərindən müəyyən nəzəri bölgü və kateqoriyalar müəyyənləşdirir. Məhəmməd Füzulinin, Hüseyn Cavidin əruz vəzninin müəyyən bəhr və ya bəhrlərinin variantını yaratdığı üçün Əkrəm Cəfər “Leyli və Məcnun” həzəci, “Cavid həzəci” terminini yaratmışdır. Bu gün bəşər övladı heç bir tabunu qəbul etmir. Ona görə qəbul etmir ki, onun düşüncə tərzi formalaşmış, beyin qatları daha da genişlənmişdir. Dünyanın dərki yolunda özünün qəbul etdiyi prinsipləri olduğu üçün hansı elmin nə deməyindən asılı olmayaraq öz həqiqətinə inanır. Onun inandığı həqiqəti isə elm qəbul etməyə və öyrənməyə məhkumdur. Bu baxımdan da hesab edirik ki, ədəbiyyatşünaslıq detektivi bir janr və ya ciddi ədəbiyyat nümunəsi kimi qəbul etməli, ciddi və qeyri-ciddi nümunələrini bir birindən fərqləndirmək üçün elmi tədqiqat əsərləri yazılmalı, dissertasiyalar, monoqrafiyalar işlənməli və bu ədəbi janra öz qiymətini verməlidir. Düşünürük ki, ədəbiyyatşünaslıq əsərləri bu janra daha fundamental yanşsa, çox maraqlı məqamların ortaya çıxmasına nail olacaqdır.
Açar sözlər: Detektiv, roman, ciddi ədəbiyyat, cinayət.
Key Words: the dedective genre, novel, hard literature, criminal
Ключевые слова: Детектив, роман, серьезная литература.
Rezyume
“Detektiv roman və ciddi ədəbiyyat anlayışları” məqaləsində detektiv roman janrına Azərbaycan ədəbiyyatındakı münasibət dünya və xüsusən türk ədəbiyyatı əsasında araşdırılmışdır. Məqalədə detektiv ədəbiyyatı ciddi ədəbiyyat kimi qəbul edənlərin və etməyənlərin fikirləri əsasında ümumiləşdirilmə aparılmış, cinayət və ədəbiyyat, ədəbiyyatda cinayətin tarixindən danışılaraq, insanların cinayət tipli romanlara marağının səbəbləri göstərilməyə çalışılmışdır. Geniş bir oxucu kütləsini əhatə edən detektiv romanın bir janr kimi qəbul edilib-edilməməsi problemi qaldırılmışdır. Məqalədə əldə edilən əsas nəticə detektiv ədəbiyyatın ədəbiyyatşünaslığın tədqiqat obyektlərindən biri olmasının vacibliyinin vurğulanmasıdır.
Resume
In the mentioned article named “The Concepts of Dedective Novels and Hard Literature” the attitude towards the dedective genre in Azerbaijan literature was explored on the base of the world’s especially Turkish literature. Generalization was carried between the authors -supporters this genre as hard literature and -not supporters this genre as hard literature , people’s interest to criminal novels was tried to be investigated , touching upon the terms such as criminal and literature, the literary history of criminal. The problem ,accepting the dedective genre having a wide range of readers as hard literature was raised. The necessity of being the dedective genre one of the investigative points of literature was mentioned in the conclusion of the article.
Резюме
В статье “Детективный роман и понятие серьезной литературы”, отношение Азербайджанской литературы к жанру детективного романа рассматривается на основе мировой, в частности, тюркской литературы. Здесь исследуется история криминальной литературы, рассматриваются причины проявления интереса к данным произведениям на основании обобщённого результата мнений читателей, как благосклонно относящихся к детективному жанру, так и тех, для кого данная литература не является достаточно серьёзной. Перед широкой читательской массой был поставлен вопрос о принятии детективного романа, как литературный жанр. Извлечённый в статье вывод показывает важность детективного жанра, как один из объектов исследования в литературоведении.
Ədəbiyyat
1. Ədəbiyyat izində. Polisiyyə Ədəbiyyat. Ankara, Bağlam yayıncılık, 2013.
2. Ahmet Ümit, “Tanrı Yazar mı, Yazar Tanrı mı?”, Radikal Kitap, Nisan 2006
3. bilikevi.com. 2014.11.16)
4. Edmund Wilson, “Roger Ackyord’un Katilinden Kime Ne?”, Çev. Zehra Boren, Nisan, nr. 4, Aralık 1984, s. 76-82’den aktaran: Orhan Kemal Koçak, Sözlü Kültürden Yazılı Kültüre Anlatı Gelenegi ve Popüler Bir Mit Olarak Polisiye Roman (Master Tezi), Marmara Üniversitesi, İstanbul 2003
5. Erol Üyepazarcı, Korkmayınız Mr. Sherlock Holmes (Türkiye’de yayınlanmıs çeviri ve telif polisiye romanlar üzerine bir inceleme 1881-1928), Göçebe Yayınları, İstanbul 1997
6. Suut Kemal Yetkin, “Polis Romanları”, Milliyet Sanat, nr. 115, Mart 1985
- www.adalet.az. 2014.10.19
- www.publika.az. 2014.10.19
9. Türk edebiyatında polisiye roman ve Ahmet Ümitin polisiye roman kurguları yüksek lisans tez habbe gezer. İsparta, 2006
10. Somerset Maugham, Give me a Murder, Saturday Evening Post, Londra, 28 Aralık 1940, s. 21’den aktaran: M. Resit Küçükboyacı, ngiliz Edebiyatında Dedektif Hikâyeleri, Ege Üniversitesi Edebiyat Fakültesi Yayınları, İzmir 1988
11.www.ntvmsnbc.com
12. www.notosoloji.com
13. www.egoistokur.com
Türkologiya məsələləri 2015 N3 s. 315-3223 (Elm ve Təhsil)
Rəyçi AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri filologiya elmləri doktoru Tahirə Məmməd.