Haqqında yazılanlar

Dilqəm Əhməd “OdƏr”lər haqqında

Bir neçə gün öncə Dövlət bayrağının yaranmasının 95 illiyini qeyd etdik. Həmin gün sosial şəbəkədə yazdım ki, bayrağın yaranması ilə bağlı tarixi faktları da bilmək lazımdır. Bilmək lazımdır ki, əvvəlcə bayrağımız Osmanlının bayrağı kimi olub, yeganə fərqi ulduzun 8 guşəli olması idi. Dövrün imperialist dövlətləri bayrağı qəbul etmədilər, bu bayrağın da fonunda yeni dövləti Osmanlı hegemonluğunda olan bir ərazi kimi elan etdilər. Ona görə də hökumət dönəmin aydınlarının türkləşmək, müasirləşmək, islamlaşmaq formulunu rəhbər tutaraq üç rəngli bayrağı təsdiqlədi. Müstəqilliyi sübut etmək üçün bu bayraq qəbul edildi və insanlarımız arasında da müsbət qarşılandı. Lakin bayraq günündə sosial şəbəkələrdə bu hadisələr deyil, daha çox 1956-cı ildə baş verən olay yenə diqqət mərkəzində oldu.

Xatırladaq ki, 1956-cı ilin 28 mayında Çingiz Abdullayev və Cahid Hilaloğlu adında iki nəfər şəxs Qız qalasında üç rəngli bayrağı bir saata yaxın dalğalandırırlar. Bu hadisə uzun müddət yaddaşlarda qalır, gizlin-gizlin hadisə barədə danışılır. Cümhuriyyətin 38-ci ili münasibətilə atılan bu addım onu göstərdi ki, üçrəngli bayraq sevgisi SSRİ-nin ən güclü dönəmlərində belə xalqın yaddaşında silinməyib, gizli təşkilatlanmalar mövcud olub.Nəzərə alaq ki, 1956-cı ildə SSRİ artıq 19 il idi ki, xalqın aydınlarını güllələdib, sürgün etmişdi. II dünya savaşında qələbə çalmışdı, milyonlarla insan SSRİ uğrunda həlak olmuşdu. Lakin bütün bunlar 23 aylıq cümhuriyyəti və onun bayrağını unutdurmadı. Bunu yadda saxlayın.

Bir neçə gündür, sosial şəbəkələrdə başqa bir video da yayımlanır. Videoda ermənilərin Azərbaycan torpağında – Dağlıq Qarabağın ərazisindəki Xankəndi şəhərində keçirilən təlimi əksini tapıb. Təlimdə erməni əsgərləri Azərbaycan və Türkiyə bayraqlarının daş üzərindəki əksindən hədəf kimi istifadə edirlər və onu sındırırlar. Üstəlik Azərbaycan bayrağı olan təsvirdə 8 guşənin əvəzinə İsrailin 6 guşəli ulduzunun verilməsi bu videonun hazırlanmasında elə ilk ağlınıza gələn dövlətin də rolunun olması şübhələrini yaradır. Məlum video sosial şəbəkədə geniş müzakirə olundu və aydındır ki, bayraq təsviri olan daşların sındırılması simvolik məna daşıyırdı. Bir-birinə zidd olan, amma əsas faktorun Azərbaycan bayrağı olduğu iki hadisəni danışmaqda məqsədim var.Bir müddət öncə yazıçı Şəmil Sadiqin “Odərlər” romanı çapdan çıxdı. Romanı əldə edən ilk oxucu olsam da, gərgin iş rejimim səbəb ilə bu yaxınlarda bitirə bildim.Roman üç hissəli nəzərdə tutulub, “Odərlər” adlanan birinci hissə Qarabağ mövzusundadır.

 

***

 

“Qısa bir zamanda dünyadan bixəbər ucqar kənddə yaşayan kəndlilər xəbər tutdu ki, kəndə nalyığan gəlib”.

Bədii əsərin ilk cümləsində əsərlə bağlı ilkin kodlar gizlənir. At əski türklərdə bozqır mədəniyyətinin əsas simgəsi olduğundan, nal gücü və izi bildirdiyindən qəhrəmanın “nal yığaraq” izə və gücə çatacağı mesajı verilir. Üstəlik hadisələrin Azərbaycanın maraqlı və gizəmli yeri olan Lahıcda baş verməsi də ismarış xarakterlidir. Və növbəti səhifələrdə biz bunun şahidi oluruq. Qəhrəman nal yığa-yığa doğru izlə gedir və dövlətin əsas güc mərkəzinin üzvlərinin qarşısına çıxır.

 

Burada zəruri haşiyəyə çıxaq.

Azərbaycan ədəbiyyatı ilə tanışlığı olanlar əsərin adının İsa Muğannanın “İdeal” və digər bu səpkili romanlarından götürüldüyünü başa düşəcəklər. Həmçinin əsər İsa Muğannanın ön söz mətni ilə başlayır. Əsərdəki Dədə Əfəndi obrazının dili ilə həm “İdeal”dakı yazıçı təxəyyülü olan Odər sivilizasiyası haqqında bilgilər davam etdirilir, həmçinin dini polemikalar təqdim olunur.

…Nalyığan gizli təşkilata üzv olduqdan sonra ona yerinə yetirilməsi üçün əməliyyat tapşırılır. Əmr Azərbaycan bayrağının Şuşaya taxılması idi.

Müəllifin Odərlər adlandırdığı beş nəfər kəşfiyyatçının Şuşaya doğru hansı planla getmələri, erməni kəşfiyyatçıları ilə qarşılaşmaları, aclıq və susuzluğun gətirdiyi problemlər, itkilər, inamsızlığın yaranması və ən nəhayətində əsas qəhrəman olan Arslana verilən digər gizli əmr haqqında geniş yazmayacam. Real xəritələr əsasında təsvir edilən bu səhnələr, fəlsəfi, tarixi problemlərin Dədə Əfəndinin söhbətlərindəki çözümü barədə romanı oxumaqla biləcəksiniz. Əgər birinci əmr Azərbaycan bayrağının Şuşaya taxılması idisə, ikinci, yalnız Arslana verilən əmr Şuşada gizlədilən kitabı əldə etmək idi. Açar rolunu oynayan bu kitabdan sonra Çində və Vatikanda gizlədilən digər iki kitab da əldə olunmalı idi.

…Və son anda plan dəyişilir, Azərbaycan bayrağının Xankəndinə asılması əmri verilir. Bayraq qondarma DQR-in binasının üstünə sancılacaq, kəşfiyyatla əlaqəsi olan bolqar qadın Boqomilla həmin səhnəni videoya çəkərək internetdə yayacaqdı. Romanın mətni haqqında geniş danışmaq doğru olmadığına görə, hər iki əmrin necə və hansı şəraitdə yerinə yetirilməsi, hadisələrin bundan sonra necə cərəyan edəcəyini bilmək üçün içəriklə bağlı bu qədər yazmağımız kifayət edir.

..

Məğlub tərəfin revanş hissi

Qarabağın işğalından sonra Qarabağ haqqında yazılan bədii əsərlərin çoxunda məğlubiyyətin verdiyi acı hüzn öz əksini tapıb. Televiziyalarda göstərilən səhnələrdə də adətən Azərbaycan türklərinin soyqırımı, yandırılan evlər, öldürülən uşaqların, qocaların görüntüləri təqdim olunur. Bütün bunlar isə tamamilə əks-effekt verir.

II Qarabağ savaşı üçün ziyanlı bir təbliğata səbəb olur. Halbuki Qarabağda Azərbaycan ordusunun qələbə qazandığı döyüş səhnələrini təbliğ etmək, II Qarabağ savaşı ərəfəsində mənəvi tarazlığı qorumaq gərəkdir. Müəllifin romanı Mübariz İbrahimovun və Fərid Əhmədovun xatirəsinə həsr etməsi bu baxımdan yenidir, təqdir ediləndir. Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıqdan sonra cəmiyyətdə yaranan əhval-ruhiyyə, birləşdirici dəyər olmasını unutmamalıyıq. Məhz o hadisə göstərdi ki, məğlubiyyət sindromundan çıxmaq üçün Azərbaycan hərbçisinin imicinin dəyişilməsi, qalib nümunələrin təqdim olunması vacib idi. Bu baxımdan Mübariz İbrahimovun bu əməliyyatı həyata keçirməsi, şəhid olması cəmiyyətin silkələnməsinə səbəb oldu. Azərbaycanlı uzun illərdən sonra real qəhrəmanla tanış oldu, qalib gəlməyin mümkünlüyünü anladı. Bu baxımdan Mübariz İbrahimov olayının müxtəlif səpkilərdə təbliği daha məqsədəuyğundur.

“Odərlər”də də bədii əsər çərçivəsində bir revanş səhnəsinin təqdim olunması təqdirəlayiqdir, dəstəklənəndir.

Oxşar yazılar