İnsanların qövmlərə ayrılması ilə başladı insanlığın faciəsi… Elə başladı ki, gülmək, ağlamaq, hiss etmək, sevmək, nifrət etmək duyğusu eyni olan şüurlu canlı varlıq bir-birinə düşmən kəsildi.
Dini rəvayətlərin insan oğlunun alt şüuruna yeritmək istədiyi Adəmin övladları, Nuhun nəvələri strategiyası da heç bir vəchlə bu düşmənçiliyi aradan qaldıra bilmədi. Onlar özlərini millətlərə, sonra dinlərə, sonra da təriqətlərə bölə-bölə ayırdılar və bu günə gəlib çıxdılar…
Əslində, sevmək duyğusu insanı bir-birinə yaxınlaşdırmaq, tanış etmək missiyasını daşıyır, sonralar isə bu duyğu ya asılılıq yaradır, ya da sayğı və əlbəttə ki, nifrət hissini də unutmaq olmur… İlk ikisindən birinin mayası düzgün qoyulandan sonra heç bir güc buna mane ola bilmir. Heç ölüm qorxusu da…
Xaricə kitab sərgilərinə tez-tez gedirəm. Əvvəllər bu sərgilər mənim üçün xarici ölkələri gəzmək üçün ən yaxşı bəhanə idi. Hər şey elə məhz bu cür başlayır zahirdən. Sonralar batinə varırsan və mahiyyətini anlayırsan. Türkmənistanda keçirilən kitab sərgisi də bu səfərlərdən biri idi. Burda da məqsəd türkmən qardaşları yaxından görüb tanış olmaq idi. Lakin bu səfər dünyagörüşümdə dərin bir iz buraxdı və bundan sonrakı səfərlər artıq tamamən başqa yöndə inkişaf etməyə başladı.
Kitablarımızı stendə düzməyə başlamışdım. Bu, ən sevdiyim iş olduğundan bir kitabı, bəlkə, on dəfə burdan götürüb başqa bir yerə qoyurdum. Hələ sərgi tam başlamamışdı, amma ara-sıra tək-tük adam gəlirdi. Bizə bir türkmən tələbə də vermişdilər kömək üçün. Yaraşıqlı və saf bir gənc idi. Həvəslə bizə kömək edirdi, hətta bizdən xahiş də etmişdi ki, rəhbərlərindən qonşu stenddəki qızı da bizə kömək etməsi üçün bura gəlməsini istəyək. Bu, bir gəncin sevgilisi ilə bir yerdə olmaq arzusundan başqa bir şey deyildi. Xahişimizə rədd cavabı aldıq və sabahı gün günortadan sonra oğlan qonşu stendə köçdü.
Bu ərəfədə 60-65 yaşlarında bir sarı bənizli, qırmızıya çalan rəngə boyanmış, amma saçlarının seyrəkliyindən başının dərisi görünən hündürboylu qadın bizə yaxınlaşdı, Səməd Vurğunun və Bəxtiyar Vahabzadənin şeirlərini istədi. Düzünü deyim ki, bizim nəşriyyat onları çap etmədiyi üçün həmin kitablardan götürməmişdik. Çünki kənar ölkələrə gedəndə birinci olaraq öz nəşrlərimizi və xüsusən də, o ölkədəki insanlara xitab etmək üçün xarici dildə olan əsərlərimizə üstünlük veririk. Biz o sərgilərə, sadəcə, həmin ölkələrin insanlarına xitab etmək üçün gedirdik axı.
– Təəssüflər olsun ki, yoxdur, xanım.
– Bəlkə digər Azərbaycan stendlərində olar? – deyə böyük bir istəklə bir az da çəkincək formada yalvarış tonunda sual verdi. Bu istəyə yox demək çox çətin idi.
– Siz bir azdan gəlin, biz soruşaq, olsa, alarıq sizin üçün, – deyə cavab verdim.
– Mənə Azərbaycancası lazımdır ha, – deyə bir də təkrar etdi, – çox xahiş edirəm, tapsanız minnətdar olaram.
Yaxşı deyib qadını yola saldıq və işimizlə məşğul olmağa başladıq. Amma bu arada öz aramızda söhbətləşərək bunun türkmən olmadığı qərarına gəldik. Ağlımıza gələn ilk o oldu ki, yəqin rusdur. Çünki Azərbaycanca danışmağa çalışsa da, nitqi təmiz deyildi. Yarı rus, yarı Azərbaycancaya bənzər türkməncə olmuşdu dialoqumuz.
Səhəri gün saat 11-12 radələrində həmin xanım yenə stendimizə yaxınlaşdı.
– Tapa bildinizmi?
Daha çox rus və ingilis dilli əsərlər gətirdiyimizi və azərbaycanca olanların da tarixi mövzulu əsərlər olduğunu dedik.
Qadının gözlərində böyük bir kədər vardı. Bu kədər bir az da qəzəbə qarışaraq, “ordan bura gəlmisiniz, bir dənə Səməd Vurğunun şeirlərini niyə gətirməyəsiniz ki?” – deyə ağıllı-başlı məzəmmət etdi bizi. Bu məzəmmətdə bir ərk havası da var idi.
– Siz burda yaşayan azərbaycanlılardansınız? – deyə soruşduq. Qadın “xeyr”, – dedi. Dostlarımdan biri cəld “yəqin russunuz”, – deyə ikinci sualı verəndə, “qafqazlıyam”, – deyib stendimizdən uzaqlaşdı. Söhbətimiz belə yarımçıq kəsildiyindən nə baş verdiyini anlamağa çalışırdıq. Bu zaman yanımızdakı türkmən balası, “o, ermənidir”, – dedi. Tanıyıram, bizim universitetdə bufetdə işləyir. Bu məlumat, sanki, şok effekti yaratdı. Gözüm hələ də xanımı izləyirdi. Dostlarım bir erməninin Azərbaycan dilində kitab istəməsinin səbəbini araşdırarkən onu izləmək qərarına gəldim. Belə sərgilərdə, adətən, ermənilərlə maksimum ünsiyyətdə olmamaq, ola biləcək təxribatlardan qaçmaq kimi tapşırıq alsaq da, nəsə maraq məni ona götürdü. Axı niyə? Nə üçün? Bəlkə də, sizin indi ağlınıza gələr, amma mənim o zaman heç ağlıma gəlmədi bu “niyə”nin cavabı. Sadəcə Bakıda yaşayan bir erməninin dilimizə olan sevgisindən deyə düşünsəm də, özündən eşitmək marağı ilə ona yaxınlaşıb söhbəti başlatmaq qərarından vaz keçmədim.
– Xanım, Səməd Vurğun olmasa da, sizə bir kitab hədiyyə edə bilərəm.
– Sağ olun, mənə sadəcə şeirlər lazım idi. Həm də ya Səməd Vurğunun, ya da Bəxtiyar Vahabzadənin.
– Üzr istəyirəm, amma sizin erməni olduğunuzu bilirəm.
– Çox yaxşı. Nə olsun ki?
– Heç, sadəcə maraqlıdır ki, bir erməni Azərbaycan dilində şeirləri niyə bu qədər ciddi-cəhdlə istəsin ki?
– Ermənilər adam deyil?
– Adamdır, amma azərbaycanlı deyil. Və münasibətlərimizin bugünkü durumu imkan vermir axı…
Qadın artıq ayaq saxlayıb mənə tərəf dönmüşdü. Nəsə deməsinə imkan vermədən, – əgər bu qədər vacibdirsə, mənə adresinizi verin, sizə o kitabları göndərim, – dedim. Çünki ikimiz də çıxılmaz vəziyyətdə idik. Nəsə söhbəti gərginlikdən çıxarmaq hissi keçdi ürəyimdən.
Qadın astaca mənə yaxınlaşıb asta səslə: “Ərim azərbaycanlıdır”, – dedi. Biz bir-birimizi sevib evlənmişik. Müharibə başlayanda məcbur olub İrəvandan çıxdıq. Çünki ərimə görə İrəvanda, mənə görə Bakıda yaşaya bilməzdik. Ərimin istəyi ilə bura gəldik. Çünki o, türkmənləri də özününkü hesab edir. İndi o, ağır xəstədir. Mənimlə gəldiyi üçün bütün qohum-qardaşı ondan üz döndərib. Bir iki dəfə Azərbaycana getdi, amma qardaşları ilə savaşdı və bir daha getmədi. Yataqda yatır, ölüm ayağındadır. Yaddaşını da itirib. Amma hər dəfə məndən ona Azərbaycanca şeir oxumağımı istəyir. Əlimdə olan bir-iki kitabı, bəlkə, yüz dəfə oxumuşam. Şeir oxumağımı istəyir məndən. Onun Səməd Vurğunun və Bəxtiyar Vahabzadənin şeirlərini sevdiyini bilirəm. Ona görə də son arzusunu yerinə yetirmək üçün əlimdən gələni edirəm. Övladlarımız da yoxdur. Onun ölüm ayağında da olsa, gülümsəməsini istəyirəm. Axı biz ikimiz də millətimizi sevgimizə qurban vermişik. Onun məndən başqa heç kimi yoxdur burda. Elə mənim də… Onun üçün istədim ki, ona kitab alım.
Nə deyəcəyimi bilmədim. Halbuki bu qadın mənim həyatda ilk dəfə dialoqda olduğum erməni idi. Hər dəfə düşünürdüm ki, əgər bir erməni ilə üz-üzə gəlsəm, görəsən, nə edərəm?! Özümdən asılı olmayaraq qadını qucaqladım. Gözündən axan yaş yanağıma toxundu. Çox soyuq idi… Lap Xocalının şaxtası kimi soyuq… Amma o məni qucaqlamağa cəhd etmədi, sanki müharibənin səbəbkarı mən imişəm kimi soyuq-soyuq baxaraq uzaqlaşdı. Mən isə bir xeyli yerimdə donub qaldım…
Bir sevginin dini, dili, milləti olmadığına inandım… Nifrətin sevgi ilə qucaqlaşmasının qubarını içimdə hiss edərək stendimizə döndüm.
Ulduz jurnalı. 2017, fevral