Köşə

Gəlin, Vaqif Ucataya nifrət edək!

“Türk insanı çağdaş sanata İŞİD kadar değer vermiyor”. Tanınmış Türkiyəli rəssam Bədri Baykan bu fikri “Sözcü” qəzetinə müsahibəsində demişdir. İlk dəfə oxuduqda “çox sərt bir ifadə” deyib keçə bilərik.

Hətta müəllifi daha sərt sözlərlə təhqir də etmək mümkündür. Amma sonrakı izahı adamın ürəyini elə sıxır ki, geniş bir mənzərə axtarırsan: baxıb dərindən nəfəs alasan. Sənətkar deyir ki, İŞİD sənətin dəyərini bildiyi üçün ona nifrət edir, onu məhv etməyə çalışır. Amm Türk insanı sənətin dəyərindən xəbərsiz olduğu üçün buna laqeyd qalır. Nə sevir, nə də məhv edir. Sadəcə görmür və lazımsız bir şey kimi yanaşır, daha doğrusu yanaşmır.
Fikir o qədər ağırdır ki…
Düzdür, bu, sübyektiv münasibətdir. Amma bu işin içində olan insan kimi, fikrin həqiqiliyini qəbul edir və ürək ağrısı ilə yaşayıram.
Bu gün bizdə də sənətin bütün sahələrinə ögey münasibət var. Sənət baxımsız, sənətkar diqqətsizdir. Nəmişlik basmış zirzəmilərdə yatan nə qədər əsərlər var, bir bilsək…
Birini mən xatırlayım… Vaqif Ucatay adlı bir rəssamımız var. Onun Əziz Şərif portreti o qədər qiymətli əsərdir ki, Luvrda, Ermitajda sərgilənməyə layiqdir. Görürsünüz, mən də misal çəkəndə gavurun muzeyini dedim. Çünki dünyanın ən dəyərli əsərlərinin saxlandığı yerlər məhz oralardadır. Bizdə yox… Vaqif Ucatayın o əsəri isə İçəri şəhərdə Qoşa qala qapısından girəndə sağdakı döngədə bir şəxsin ona əsərlərini saxlamaq üçün verdiyi uçuq-sökük, kif basmış, onlarla əsərin üst-üstə yığıldığı 10 kvadratlıq otaqdadır. Hələ üstündə 30 ildən çoxdur ki, işlədiyi “Azərbaycan toyu”, “Dədə Qoruqd” kimi onlarla qiymətli əsəri, o tərəf-bu tərəf olmaqdan məhv olub getməkdə olan sənət nümunələrini demirəm.
Vaqif müəllim xasiyyətcə bir az çətin adamdır. Hətta məndən belə bu gün incikdir. Elə mən də ondan. Amma sənətkardır və işinin ustasıdır. Bu yaxınlarda onu ziyarət edib, soyuq münasibətlərimizi istiləşdirmək arzusu ilə emalatxanasına getdim.
Vaqif müəllim yox idi…
Həmin emalatxana isə çörək bişirilən təndir kimi fəaliyyət göstərirdi…
İçəri şəhərdə… Qoşa qala qapısından girən kimi…
Bütün xarici qonaqlarımızı apardığımız bu tarixi məkanda sənətimizi qarnımızla dəyişdik… Dəyişmək məcburiyyətində idik. Çünki sənət qarın doyurmur. O yerin sahibi də yəqin ki ailəsini dolandırmaq üçün belə edib… Amma bir gecəyə on minlər xərcləməyi bacaran heç bir iş adamı (əslində, bu “iş adamı” ifadəsinin özündə bir ironiya var. “Başıma iş gəlib”, “işbaz” deyimlərindəki mənalara baxanda heç də işgüzar anlamı vermədiyini görürük. Bu “İş adamı” ifadəsindəki mənanı “işbaz” sözünün ifadə etdiyi məna ilə eyniləşdirsək, dediyimin həqiqət olduğunun fərqinə vararıq) bu kimi portretlərə qiymət vermir və verə bilmir. Halbuki mental dəyərlərini bəyənmədiyimiz Qərbin işbaz iş adamları bu cür əsərləri çox baha qiymətə alıb başlarının üstündən asırlar ki, cəmiyyətdə ziyalı kimi qəbul edilsinlər.
Bu məsələ bir az da xislətimizdə olan amillə bağlıdır. Məsələn, beş dostla bir yerdə yemək yeyirik, hesabdan sonra bir 5-10 manat da ofisanta bəxşiş veririk. Amma gedirik pomidor almağa, əgər satıcı 70 qəpik deyirsə, onu 50 qəpiyə verməyə çağırırıq. Bu sənətə də eyni bu cür yanaşırıq.
Vaqif müəllimlə bir ilə yaxın bir layihə işlədiyimə görə onu tanıyan biriyəm. Kiminsə ona yazığının gəlməsinə çox əsəbləşir. Amma əminəm ki, sənətinin məhv edilməsinə baxıb yazığı gələnlərə əsəbləşməz.
Kazimir Maleviçin “Qara kvadrat” (“Qara kvadrat”? Versiyalardan birinə görə Malevic bu əsəri futurist rəssamların “0.10″ sərgisində salonun boş qalan yerini doldurmaq üçün çəkmişdir. Qara Kvadrat – kətan üzərində yağlı boya, 79.6 x 79.5 sm çəkilmişdir, hazırda Moskva Tretyakov Dövlət Qalereyasında saxlanılır) adlı əsərinə heyran olan dünya insanı ilə bizim insanı müqayisə etməyi belə ağlımdan keçirmək istəmirəm.
Bu böyük sənətkarın 1988-ci ildə başlayıb, 2000-ci ildə tamamladığı “Əziz Şərif” portreti hər dəfə yadıma düşəndə yuxum qaçır. O qədər mükəmməl işlənmiş əsərdir ki, saatlarla qarşısında durub baxasan, hərdən gözün seçmədiyi yerləri lupa ilə incələyəsən, yenə də yorulmazsan. Yeni smart telefonlarda bir funksiya var, çəkdiyin şəklin üstündə basdıqda çəkilmə anını video kimi görürsən. Mən də bu rəsmə baxdıqda sanki o videonu görürəm.
Vaqif müəllimin lent.aza verdiyi müsahibəsində bu əsərin çəkildiyi dövr haqqındakı fikirləri prosesi daha yaxşı ifadə edir: “1987-ci ildə, akademiyanı bitirəndə istədim ordan Moskvaya gedib görüşəm, portretini işləyəm. Amma alınmadı. Mənim həmişə axsayan tərəfim pul olub. Hardasa 50 rubl lazım idi. Olmadı, dedim eybi yox, qayıdım Bakıya, bir sifariş tapım, ilk qazancımla gedərəm. Elə də oldu, ilk qazancımla min manat əldə etdim, evdəkilərə vermədim ki, Moskvada bir alimimiz ölür, gedirəm onu çəkməyə. Ömrünün son iyirmi gününə çatdım… Qəribə saqqalı var idi, Azərbaycan türkündən daha çox uzaq şərqlilərə oxşayırdı. Ziyalı adam idi, başa düşdü ki, onun siması məni tutmadı, dedi oğul, düz gəlmisən. Sonradan soruşdum ki, niyə bu cür saqqal saxlamısız? Dedi daha üzümün o biri hissələrində tük çıxmır (Gülür). Deməli, gözünə döndüyüm iki dəfə evlənib, ikisində də erməni ilə… Bəs qədər eskiz elədim, hətta gördüm saatbasaat məndən uzaqlaşıb, ölümə doğru gedir. Ona görə fotoqraf çağırıb, 70 rublluq da foto çəkdirdim – əllərini, barmaqlarını – tək-tək. Artıq bilirdim ki, bu əsəri qayıdandan sonra işləyəcəm. Əsər on iki ilə başa gəldi. Birinci sərgimdə var idi, heç kim maraqlanmadı ki, belə bir adam var, ya yox. Ən azından uğurlu bir portretdir.
… Əvvəl inanmadı ki, məni heç kim göndərməyib, sonradan inandı. Ancaq onu deyirdi ki, “Kaş yoldaşımın bir az canı sulu olardı, bir yaxşı pirojkilər bişirərdi ki…” Deyirdim, Əziz müəllim, siz narahat olmayın, üzrxahlıq eləyirdim ki, onu incidirəm. O səbrlə otururdu, taqətsiz idi, yerindən qalxanda əvvəlcə üç-dörd dəfə cəhd edirdi. Bir gün ona istirahət verdim ki, dincəlsin. Səhəri günü getməzdən əvvəl zəng elədim görüm özünü necə hiss edir, xidmətçi dedi ki, “Əziz müəllim artıq yoxdur”…
… Bir gün dördüncü dəfə idi eyni eskizə qayıdırdım. Soruşdu ki, Vaqif, evlisən? Dedim: “yox”. Dedi elə evlənməsən yaxşıdır. Dördüncü dəfədir eyni eskizə qayıdırsan, axı nə görmüsən bu qoca Əziz Şərifdə? Dedim: “Şərif müəllim, sizi də, məni də yetirən təbiət 94 il gecə-gündüz çalışıb ki, sizi bu gözəlliyə, bu simaya salsın, siz də heç olmasa imkan verin mən dörd seans işləyim”. Güldü, əllərini qaldırdı:“Ağıllı oğlansan, nə qədər istəyirsən, işlə”. Bütün o müddəti bircə kəlmə rus sözü işlətdi. O da “xolodelnik”. Ana dilimizdə tərtəmiz danışırdı”.
Bu gün Vaqif Ucataya heç bir beynəlxalq titul verilmir, heç bir yerdə anılmır. Çünki o, Papanın yox, Dədə Qorqudun rəsmini çəkir. Çünki o millidir, ona görə də millət tərəfindən dəyər almır. Əgər yad bir ideologiyanın daşıyıcısı olsa idi, xarici qüvvələr tərəfindən seviləcək və bizə bəh-bəhlə təqdim ediləcəkdi və biz də ağzı açıq şəkildə onu baş tacımız edəcəkdik.
Vaqif Ucatay timsalında sənətkarların yaratdığı sənət nümunələri vecsizliyimiz üzündən itib-batmaqdadır. Bədri Baykanın sözünə haqq verərək deyirəm ki, Vaqif Ucatayı sevib dəyər vermirik, gəlin heç olmasa, ona nifrət edək, qapısına gedək daşlayaq, əsərlərini cıraq, yandıraq, məhv edək ki, heç olmasa sənətkar öz varlığının və yaratdıqlarının görüldüyünü bilsin. Bəlkə onda stimul alar, yenidən yaradar, ona nifrət edənlərlə mübarizə aparar. Amma bu cür laqeyd qalmağımız o cür çılğın, üsyankar ruha sahib olan bir adama yaraşmır.
Vaqif Ucatay: “Əgər xalq uçuruma gedirsə, günah ziyalıdadır. Əgər millətin halına ziyalısı ağlamırsa, onda millət özü ağlayacaq”.
P.S. Vaqif Ucatayla tələbə yoldaşı olmuş Sakit Məmmədov kimi dünyaca çox tanınmış rəssamımız var və ona dünyada böyük dəyər verilir. O incəsənət sahəsində gördüyü böyük uğurlarının tanınması əlaməti olaraq Vatikan Zadəgan Heraldika Akademiyasının Qraf titulunu daşıyır.
Sakit Məmmədov Roma Papası II İohann Pavelin portretini çəkmiş və Papaya hədiyyə etmişdir. Bununla yanaşı Böyük Britaniya Kraliçası II Elizabetin 90 illik yubileyi qeyd olunarkən Sakit Məmmədov “Cıdır düzü” əsərini Vindzor qəsrində kraliçaya təqdim etmişdir.
Bu nümunəni ona görə çəkdim ki, bizim sənətkar yetişdirmək kimi dərdimiz yoxdur, Tanrı bu millətə sənət ruhunu sevə-sevə bəxş etmişdir. Amma təəssüflər olsun ki, həmin Tanrı bizi sənəti dəyərləndirmə qabiliyyətindən ya məhrum etmişdir, ya da başımıza gələnlər bu hissi bizə yadırğatmışdır.

Oxşar yazılar