Haqqında yazılanlar

Heydər Əliyev Mərkəzinin parkında möhtəşəm “Oxu Günü” –FOTOlar

Aprelin 29-da Heydər Əliyev Mərkəzinin parkında “Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü” təşkil olunub.

Strateq.az xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

“Oxu Günü”ndə tanınmış yazıçı və şairlər iştirak ediblər. Mütaliə həvəskarları yazarlarla görüşüb, kitablarını imzaladıblar.

“Oxu Günü”ndə, həmçinin paytaxtın 60-dək ümumtəhsil məktəb və liseyinin şagirdləri konsert proqramı, müxtəlif təqdimatlarla çıxış ediblər. Məktəblilərin iştirakı ilə bədii əsərlərin müzakirələri aparılıb, pantomim tamaşa, kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər, “flaşmob” təqdim olunub.

“Oxu Günü” çərçivəsində bədii-elmi kitabların sərgisi də keçirilib. Nəşrlər tədbir iştirakçılarına həm ödənişsiz paylanılıb, həm də güzəştli şərtlərlə satılıb.

Xatırladaq ki, “Oxu Günü” layihəsi pedaqoq, yazar, fəlsəfə doktoru Şəmil Sadiqin təşəbbüsü ilə ilk dəfə 2015-ci ildə mütailəyə marağın artırılması ilə bağlı 23 aprel beynəlxalq kitab gününə həsr edilərək keçirilmişdir. Hədəf Şirkətlər Qrupunun layihəsi olan “Oxu günü” ölkəmizdə keçirilən digər kitab sərgilərindən fərqli olaraq, orijinal konsepti ilə diqqəti çəkmiş, kitabsevərlər tərəfindən sevgi ilə qarşılanmışdır. Bu layihə sadəcə kitab sərgisi deyil, həm də kitabla bağlı ağla gələcək nə varsa, hamısını ifadə edən bir festival xarakteri daşıyır.

Öncə layihənin konseptindəki maraqlı nüansları diqqətinizə çatdırmaq istəyirik.

“Oxu Günü” çərçivəsində layihənin ideya müəllifi öz feysbuk səhifəsində oxuculara səslənərək, səhər evdən çıxarkən özünlə oxduğun kitablardan birini götürməyi, tədbirdə bunu öncədən seçdiyin və ya təsüdüfi şəxsə hədiyyə etməyi xahiş etmişdi. Müəllif özü isə bir neçə kitabı adlı şəkildə video görüntü ilə elan etmişdi.

Bu çağırışa bir çox gənc və ziyalılar da qoşulmuşdur: millət Vəkili Qənirə Paşayeva, Türkologiya Jurnalının məsul katibi Elçin İbrahimov, şair Əkbər Qoşalı, AYB-nin katibi İlqar Fəhmi, yazıçı Varis, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, şair İntiqam Yaşar, jurnalist Əziz Əlibəyli və digərləri…

Tədbirdə Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva, Təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, AYB-nin katibi Xalq Yazıçısı Çingiz Abdullayev, Hədəf Şirkətlər qrupunun baş direktoru, yazıçı, filologiya elmləri doktoru Şəmil Sadiq çıxış etdilər. Hər bir natiq kitabın dəyərindən və önəmindən danışdı.

Şəmil Sadiq öz ənənəsinə sadiq qalaraq çıxışından sonra tədbirdə iştirak edən ziyalılara müxtəlif kitablar hədiyyə etdi.

Sonra isə tədbirin bədii hissəsi başladı. Bakı Şəhərində 60 məktəb öz müxtəlif kompozisiyalarını iştirakçılara təqdim etdi, şair və yazıçılarımızın həyatından, bədii obrazların monoloq və dialoqlarından ibarət səhnəçiklər göstərdi. Etiraf edək ki, məktəblilərin hazırlığı, səhnəciklərin yüksək səviyyədə təşkili, milli adət-ənənələrimizi ifadə edən dekorasiyaları gələnləri təəccübləndirə bilirdi.

Heydər Əliyev Mərkəzinin parkında 5000 dən çox insanın bir arada kitab adına toplaşdığı mənzərə göz oxşayırdı. Hər kəs əlində kitab vərəqləyir, şəkillər çəkdirir, müzakirələr edirdi.

Tədbirdə tanınmışlardan millət vəkilləri Qənirə Paşayeva və Fazil Mustafa, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid, dərslik müəllifi Rafiq İsmayılov, Varis, İlqar Fəhmi, Ceyhun Musaoğlu, Pərvin, Eltən Qədimbəyli, Cəlil Cavanşir, Azad Qaradərəli, İlqar İlkin, Çinarə Məlikzadə və digər qonaqlar iştirak edirdilər.

“Gəlin birgə kitab oxuyaq”, “Gəlin kitabla bayramlaşaq” şuarları ilə keçirilən tədbirdə kitab sərgi-yarmakası da təşkil edilmişdir. Dövlət kitabxanalarının qarşısında isə bir neçə nəşriyyatın da stendi var idi. “Qədim Qala”, “Parlaq İmzalar”, “Kitab Klubu”, Xan Nəşriyyatı, Hədəf Nəşriyyatı, Altun Nəşriyyat, “Qələm”, “Mütərcim”, “AYB kitab”, “Təhsil” kimi nəşriyyatlar üçün ayrılan stendlər sadəcə sərgi xarakteri daşısa da, oxucuları ilə görüşmək, kitablarını təqdim etmək imkanı qazanmışdılar.

Tədbirin gözəlliyi, möhtəşəmliyi içində nəşriyyatlara ayrılan stendlər çox zəif görünürdü. Bütün beynəlxalq sərgilərdə kitabı təqdim etmək üçün ilk olaraq nəşriyyatlara geniş meydan verilir ki, insanlar bu sərgilərdə endirimli kitablar əldə etsin. Görünən o idi ki, nəşriyyatların bu cür geniş imkanı olmayıb tədbirdə.

Hədəf Nəşrlərinin 3000 dən çox kitabı şagirdlərə hədiyyə etməsi isə, sözün yaxşı mənasında, aranı bir başqa cür qarışdırdı: bütün uşaqların onsuz da satışdan əziyyət çəkən nəşriyyatlara üz tutub kütləvi şəkildə hədiyyə istəməsi nəşriyyatları bir az çətin vəziyyətə saldı. Amma hədiyyə-kitablar bitəndən sonra ara sakitləşdi.

Diqqətimizi çəkən başqa bir mənzərə isə insanlarımızın “müftə gülləyə can qurban” deyib lazım oldu-olmadı kitabları qucaq-qucaq götürmələri idi.

Amma bütün bunların yanında bir məsələ daha qabarıq görünürdü. Az qala hamının bir-birini tanıdığı bir şəhərdə böyük bir kitab bayramı keçirilir, böyük nəşriyyatlardan biri olan Qanun Nəşriyyatı və “Əli və Nino” kitab mağazaları şəbəkəsi bu tədbirə qoşulmur, hətta “Elmlər Akademiyası” və “Nərimanov” metrosunun yaxınlığındakı parklarda ayrıca satış yarmarkası keçirir, yazıçı Kənan Hacı həmin gün, həmin saatda Gənc Tamaşaçılar Teatırında “Fironun dəftəri” kitabına imza mərasimi edir, üzdə olan bir çox gənc yazar tədbirdə nəinki iştirak etmir, sosial şəbəkələrdə belə, bu işə laqeyd qalırlar…

Siz də etiraf edərsiniz ki, bu cür mənzərə o qədər də ürək açan deyil. Kitab bazarının formalaşmadığı bir ölkədə bu cür bölünmələr nəyə xidmət edir? Halbuki hər kəs öz meydanında kitab təbliğ etmək adına canfəşanlıq edir, səy göstərir. Olmazdımı ki, hamı bir yerə zərbə vursun, oxucunu da parçalamağa xidmət etməsin?

Qeyd edək ki, tədbirdə iştirak edən Strateq.az-ın əməkdaşı diqqətini çəkən bu məsələ ilə bağlı layihənin ideya müəllifi Şəmil Sadiqə mürciət edib.

Şəmil Sadiq bildirib ki, sosial layihə olan və maarifləndirməyə xidmət edən “Oxu günü” üçüncü dəfədir keçirilir: “Birinci il sərgi açsaq da, istədiyimiz kimi baş tutmamışdı, amma ikinci il və bu il nəşriyyatlarla öncədən rəsmi qaydada danışıqlar apardıq, dəvətlər etdik. Amma təşkilatçıların ümumi qərarı ilə hər kəsə vurğuladığımız yeganə istək kitabları endirimli satmaları, imkan daxilində məktəblilərə hədiyyələr etmələri idi. Şahbaz Xuduoğlu ilə şəxsən özüm danışmış, dəvət etmişəm. Birinci il iştirak etsələr də, nə keçən il, nə də bu il qatılmadılar. Birinci il satışın baş tutmamasının əsas səbəbi yağışlı hava idi. Axı tədbir açıq havada keçirirlir. Şahbaz müəllim, mənə iştirak edəcəklərini dedi. Amma nəşriyyatların iclasına ayırdığı nümayəndə gəlmədi. Həmin gün onların şəhərin başqa məkanında yarmarka təşkil etmələrini isə sizdən eşidirəm. Nə deyə bilərəm ki, yəqin, biznes maraqlarına xidmət etməyib bu tədbir. Görünür, orda satış daha yaxşıdır. Əlbəttə ki, nəşriyyat özü bilir hara getmək olar, hara olmaz. “Əli və Nino”dan isə Nigar xanıma zəng olundu, lakin telefonlara cavab vermədi. Bunu eşidəndə Şahbaz bəydən Nigar xanıma da deməsini xahiş etdim, o da deyəcəyini söylədi. Amma sonra xəbər çıxmadı. Bütün nəşriyyatlara elektorn məktub da ünvanlamışdıq…”

Şəmil Sadiqin dediyinə görə, tədbir açıq olduğu üçün rəsmi şəxslərdən başqa heç kimə şəxsən dəvətnamə göndərməyiblər: “Heydər Əliyev Mərkəzinin, Təhsil Nazirliyinin, Hədəf Nəşrlərinin, Oxu Gününün rəsmi feysbuk səhifələrində bir həftə öncədən paylaşımlar edilib, oxucu və yazaralar dəvət olunmuşdu. Festivalda 5000-ə yaxın adam var idi, açığı, kimin gəlib, kimin gəlmədiyini də izləmək kimi bir işimiz yox idi. Amma sosila şəbəkələrdə dostluğumda olan bir neçə yazar var ki, ən azından onların kitab adına heç bir dəstəyini görmədim. Gəlməmələri işlərinin ola bilməsi ilə də bağlı ola bilər, amma bu cür laqeyd qalmaları, əlbəttə, səmimiyyətdən uzaq olduqlarını göstərir. Kənan Hacı ilə bağlı dediyinizə gəldikdə, o, dostumdur, bizim “Ustad” dərgisində də yazıları gedir, bir-iki kitabını da biz çap etmişik. Xəbəri də var idi. İmza günü ilə üst-üstə düşməsini isə onun öncədən gün müəyyənləşdirməsi ola bilər. Biz günü ayın 24-ü elan etmişdik”.

Bütün bunlara baxmayaraq, Şəmil Sadiq tədbirin yüksək əhval-ruhiyyədə keçməsindən razı qaldığını və belə əhəmiyyətli layihənin həyata keçirilməsi zamanı bu cür xırdalıqları böyütmənin əleyhinə olduğunu da diqqətə çatdırıb: “Kitab adına, mədəniyyət adına, ədəbiyyat adına kim harda, necə səy göstərirsə, mən sadəcə təşəkkür edə bilərəm – bir müəllim kimi. Hər kəsə də yaxşı niyyətlərinin həyata keçməsində yalnız uğurlar arzulayıram”.

Mətin RƏŞADOĞLU

Strateq.az

Oxşar yazılar