“Ədəbi döyüşlər cəngavəri” Mehdi Hüseyn hələ ilk əsərlərini yazıb nəşr etdirdiyi illərdə İsa Hüseynovu zarafatla “etiraf olunmamış dahi” adlandırar, onun ədəbiyyata təsadüfən deyil, xüsusi missiya ilə gəldiyini hiss etdirər, gənc yazıçı isə bundan, təbii ki, məmnunluq duyarmış. Ancaq güman etmək çətindir ki, Mehdi Hüseyn kimi geniş dünyagörüşlü tənqidçi- ədəbiyyatşünas belə, İsa Hüseynovun dünyaya İsa Muğanna olaraq yenidən gələcəyini təsəvvür eləmiş olsun.
“Yanar ürək”dən “İdeal”a, İsa Hüseynovdan İsa Muğannaya yüksəlişin səbəbləri, yəqin ki, XX əsrin sonu XXI əsrin əvvəlləri Azərbaycan ədəbi- ictimai təfəkkürünün üzərində ən çox düşündüyü, ancaq əsaslı bir nəticəyə gələ bilmədiyi mövzulardandır. Və məsələni daha da mürəkkəbləşdirən cəhətlərdən biri, heç şübhəsiz, böyük yazıçı- mütəfəkkirin özünün vaxtaşırı olaraq söylədiyi mülahizələr olmuşdur ki, həmin mülahizələrdə yaradıcılığın bir dövründən digərinə keçmək kimi, əslində, tamamilə təbii (və qanunauyğun) qəbul edilməli olan bir proses xeyli dərəcədə mistikləşdirilərək o həddə çatdırılır ki, guya müəllif “İdeal”dan başlayaraq “ün” eşitmiş və bütün sonrakı əsərlərini həmin ilahi “ün”ün diqtəsilə qələmə almışdır.
Əlbəttə, məsələnin bu cür qoyuluşuna bizim adət etdiyimiz normativ şüur (və yaradıcılıq) təcrübəsi baxımından interpretasiya vermək, prinsip etibarilə, mümkün deyil. Ancaq ortada hansı enerjidən gəlib- gəlməməsindən asılı olmayaraq, yüksək sənətkarlıqla seçilən mükəmməl yaradıcılıq məhsulları var… Və onların adət etdiyimiz metodoloji texnologiyalarla tədqiqi tamamilə mümkündür.
İsa Muğanna yaradıcılığını yeni rakursdan – “İdeal” işığında araşdıran tanınmış yazıçı, ədəbiyyatşünas və redaktor- naşir Şəmil Sadıq qarşısına kifayət qədər cəsarətli (və çətin)bir vəzifə qoysa da, fikrimcə, onun öhdəsindən uğurla gəlmiş, hətta demək olar ki, İsa Hüseynov- Muğanna yaradıcılığı barədə indiyə qədər deyilmiş ən müxtəlif (çox hallarda isə pərakəndə) fikirlərin fövqünə qalxaraq sistemli bir “muğannaşünaslığ”ın əsaslarını müəyyənləşdirmişdir.
“İsa Muğanna yaradıcılığı” “İdeal” işığında” müəllifi yazır:
“… İsa Muğanna yaradıcılığı “İdeal”dan sonra başladı. Ondan sonra yazılan bütün əsərləri “İdeal” silsiləsinin davamıdır və təəssüflər olsun ki, ədəbiyyatşünaslığımız tərəfindən layiqli qiymətini almamışdır hələ ki. Ümid edirəm ki, oxucu da, alim də qorxmadan, çəkinmədən “İsahəqq, Musahəqq”i, “GurÜn”ü, “Türfə”ni, “İlan dərəsi”ni, “Cəhənnəm”i, “Qəbristan”ı əlinə alacaq, oxuyacaq və münasibətini bildirəcəkdir bir gün”.
Və əlavə edir:
“… Bu tədqiqat işində Muğannanın “İdeal”dan sonra yazdığı əsərlərin tarixi, yazılma və çap olunma dövrləri, çapdakı maneələr və müəllifin əsərlərinə dönə- dönə qayıtmasının səbəbləri, İsa Muğannanın bir postmodernist yazar kimi, magik realizmin banisi kimi, yeni ideoloji konsepsiyanın yaradıcısı kimi, dinə olan yeni baxışının, romanlarının poetikasını araşdırmağı qarşımıza məqsəd kimi qoyduq”.
Göründüyü kimi, miqyas xeyli möhtəşəmdir, lakin nəzərə alsaq ki, Şəmil Sadıq uzun illər İsa Muğanna ilə sıx- sıx görüşmüş, onun nəinki əsərlərinin, bütövlükdə ruhunun dərinliklərinə bələd olmuş, hətta ustadla yaradıcılıq əməkdaşlığı da etmişdir, onda miqyası bu qədər geniş götürməyə müəllifin həm mənəvi, həm də peşəkar səlahiyyəti olduğuna şübhə yeri qalmır.
İsa müəllim həm yazıçı-mütəfəkkir, həm də şəxsiyyət kimi nə qədər yüksək intellektual səviyyədə dayanırdısa, o qədər də pak, səmimi və ünsiyyətcil bir insan idi, həmsöhbətini öz geniş (və kifayət qədər mistik) dünyagörüşünə tabe eləmək fikrindən də uzaqdı. Az- çox ağıllı mülahizə eşidəndə onun müəllifini layiq olduğundan da artıq qiymətləndirir, daxildən (ruhunun lap dərinliklərindən) gələn bir məhəbbətlə tərifləməkdən çəkinmirdi. Və mən heç şübhə etmirəm ki, bu, İsa müəllimin mənəvi zənginliyinin tükənməzliyindən qaynaqlanırdı… “İdeal”a qədərki yaradıcılığını hərdən özü kəskin tənqid edir, “Yanar ürəy”i elə də dəyərli əsər saymırdı. Görüşlərin birində xalq yazıçısı Anar İsa müəllimə dedi ki, “belə bir fikrim var: İsanın özünü özündən müdafiə cəmiyyəti yaradaq… İmkan vermək olmaz ki, ədəbiyyatımızın “Yanar ürək” kimi qiymətli əsəri onun tərəfindən bu qədər haqsız tənqidə məruz qalsın”… Anar müəllimin haqlı sözü hamının ürəyindən oldu. Hətta İsa müəllimin də… Bir söz demədi, ancaq razılıq əlaməti olaraq ürəkdən güldü…
Həm İsa Hüseynov, həm də İsa Muğanna haqqında mən də bir sıra yazılar yazmışam, televiziyalarda, müxtəlif yığıncaqlarda çıxışlar eləmişəm. Ancaq bunların çoxunda elmi təhlil azdır. Sadəcə olaraq, dərinliyinə lazımi qədər vara bilmədiyim möhtəşəm yaradıcılıq qarşısında heyranlığımı ifadə etmişəm.
Şəmil Sadıq – mənim keçmiş tələbəm isə bu kitabında İsa Muğanna dünyasının dərinliklərinə enir. O məqamlara (məsələn, mistika, din, magik realizm, postmodernizm və s.) diqqət yetirib geniş (və sözün geniş mənasında müqayisəli!) interpretativ təhlil verir ki, həmin məqamlar yazıçının yaradıcılığını, onun dünyagörüşünün fəlsəfi mahiyyətini, metafizik poetikasını anlamağa əhəmiyyətli kömək göstərir. Müəyyən mübahisəli tərəfləri olsa da, ümumiləşdirmələrinin mütləq əksəriyyəti əsaslıdır. Və ən əsas da odur ki, Şəmil Sadıq İsa Muğanna “mətn”ini həm bir əsər, həm də ümumi yaradıcılığı miqyasında kifayət qədər müfəssəl hiss etdiyinə görə, gəldiyi nəticələr bugünkü ədəbi- tənqidi təfəkkür üçün heç də az səciyyəvi olmayan sxematizmdən uzaqdır.
Müəllif hərdən gileylənir ki, nə oxucular, nə də ədəbi tənqid İsa Muğannanın müasir dövrün qlobal problemlərini dərk etməkdə, doğrudan da, çox faydalı olan əsərlərinə az maraq göstərirlər… Elə bilirəm ki, haqlıdır…
Təsəllimiz isə ondadır ki, əvvəla, böyük əsərlər (və ideyalar) bütün dövrlər və zamanlar üçündür; ikincisi isə bizim günlərdə “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” kimi dəyərli bir əsər meydana çıxırsa, görünür, elə də bədbin olmağa dəyməz…