Azərbaycan Elmi

İsa Muğanna yaradıcılığının “İdeal”dan sonrakı nəşr tarixi

Firuzə xanım: Allahdan bir arzum var ki, İsa yaşadığı müd­dətdə məni də yaşatsın. Onu heç kimə etibar edə bil­mə­rəm.

İsa Muğanna:– Onda gərək əbədi yaşayasan!

***

Ağlımın kəsdiyi zamanlarda oxuduğum ilk əsər “İdeal” romanı idi. Əruzşünas alim Zülfəli Zül­fə­li­ye­vin məsləhəti ilə oxumuşdum. Nə qədər ağır bir əsər olsa da, əsər elə bir formada təqdim edilib ki, bu ağır­lı­­ğı hiss etmədim. Dünyagörüşü yeni formalaşmaqda olan, ədəbiyyat aləminə atılmağı belə ağlına gə­tir­mə­yən, sadə kənd uşağının dünya sirlərini özündə da­şı­yan kainat qədər ağır bir əsəri dizləri əsə-əsə, boğazı qu­ruya-quruya oxuması ona bir istiqamət verdi. Hə­yat fəlsəfəsini, milli kimliyi, mifik dünyagörüşlərin al­tın­da gizlənən tarixi, dildəki kodlu sözlərdə ya­ra­dı­lı­şın sirlərinin necə gizlədildiyini araşdırmağı, öyrən­mə­yi

“İdeal” əsəri öyrətdi mənə. Hər cümlədən sonra ka­sıb kitab rəfimdən yeni bir kitabı masanın üstünə gə­tirməyi, müqayisəni, müqayisəli təhlili, məntiqi ar­dı­cıllığı, şübhəni, düşünməyi bu əsər öyrətdi mənə…

“İdeal” romanını oxuduğum gündən müsahibim olan, kitabı sevən, milli qürurunun olduğunu hiss et­di­yim hər kəsə bu kitabı tövsiyə etdim. Oxuyanlardan “sağ ol” aldım. Sonra da özüm üçün də üstüörtülü qa­lan suallara cavab verməyim istənildi. Çıxılmazlara gi­rirdim bəzən və sonda bir gün bu “Sirr qoxuyan kişi”nin özü ilə gö­rü­şüb bu suallara cavab alacağımı düşünürdüm hə­mi­şə.

Tələbə vaxtı bu görüş üçün çox çalışsam da, alın­ma­dı. Son dövrlərdə İsa Muğanna ilə görüşmək üçün çox cəhd etdim. Bütün yazıçı dostlarıma, ona yaxın ola­caq bir neçə başqa şəxslərə də xahişdə bulundum. Amma mümkün olmurdu ki, olmurdu. Adətən də, səh­hətinin yaxşı olmadığı üçün bu, baş tutmurdu.

Bir gün dostum Əli İbrahimbəyli zəng etdi ki, səni İsa Muğanna ilə görüşdürəcəyəm. Bu şad xəbərə muş­tuluq nə verəcəksən? Çünki bir vaxtlar bir tələbə üçün əlçatmaz zirvədə olan böyük bir şəxsiyyətlə gö­rüş­məyin mənim üçün ən şad xəbər olduğunu bilirdi.

Və beləcə İsa Muğannanın əlini sıxmaq və o əllər­dən öpmək şərəfinə nail oldum. Qapalı dünyamdakı bü­tün suallara Muğannanın özündən cavab aldım. Bu sir­li insanın təvazökarlığı və məntiqi əsərlərində ol­du­ğundan daha çox heyran etdi məni.

Həyat yoldaşı Firuzə xanımla münasibətləri və bu yaş­da insanların bir-birinə necə hörmət və sədaqətlə ya­­naşmaları onlara qibtə etməyə məcbur edirdi adamı.

İlk görüşümüz elə Əli İbrahimbəyli ilə birgə baş tut­­­muşdu. Elmə, incəsənətə və mədəniyyətə böyük qiy­mət verən Əli müəllimin və mənim suallarım Mu­ğan­­nanı 200000 illik tarixin dərinliklərindən, 70-80-ci illərin Yazıçılar Birliyinə, ordan bu günə və gələ­cə­yə apa­rırdı. Hərdən Firuzə xanımın ərkyana “İsa, bir az nə­­fəs al, yavaş-yavaş danış” deyərək keçirdiyi na­ra­hat­­çılıq bizi susmağa və seyr etməyə məcbur edirdi.

Söhbət əsnasında indiki gənclikdən şikayətini də di­­lə gətirdi ustad sənətkar. Əsərlərinin oxun­ma­ma­sın­dan və yenidən nəşr olunmamasından danışdı. Elə bil neçə illərdir, arzusunda olduğum fikrimi səs­lən­dir­­mək üçün kömək etdi mənə. Və söz verdim: “85 illik yu­bi­leyinizə “İdeal” silsiləsindən, SafAğ elminin əsas­ları olan 6 əsəri müasir tələblərə uyğun çap edə­cə­yik”. Və belə də oldu: “İdeal”, “Məhşər”, “Qə­bi­ristan”, “Cəhənnəm”, “İsahəq-Musahəq”, “GurÜn”, “İlan Dərəsi” əsər­lərini redaktorluğumla çap etdik. Həftə­də bir dəfə İsa müəllimi görməyə getdim, qeyd­lə­ri­mi­zi, dizayn­la­rı­mızı ona göstərdim, kitabın formatı haq­qın­­da fi­kir­lə­rini öyrəndim, düzəlişlərini götürdüm. İki eynəyi üst-üstə qoyub oxumasına baxmayaraq, us­tad sənət­kar hər bir kitabının korrektə səhvinə belə diq­qət yeti­rirdi. Ən çox üstündə işlədiyimiz əsər isə “İdeal” ol­du. Çünki həmin əsərə iki ayrıca bölmə yaz­mış, bəzi hissələrə isə xeyli əlavələr etmişdi. Digər tə­rəf­dən də “Yanar ürək”dən bu tərəfə “heç kəsin anla­ma­dığı bədbəxt OdƏr”in yazdığı bu əsər hər işarə­sin­də böyük bir məna daşıyır, hər bir hərfi bir körpü­dür. İsa Muğannanın xətti də o qədər mistikdir ki, bə­zən elə olurdu ki, zəng edib filan sözdəki filan hərf­dən sonra gələn hərf nədir deyə soruşmasaq olmur­du.

Hər dəfə də ağsaqqalın ocağında süfrə açılırdı. İs­tər Firuzə xanım, istərsə də qızı Sevinc xanım qərb böl­­­gəsinin zəngin nemətləri ilə bəzədilmiş süfrəyə əy­ləş­məyimizi israrla tələb edirdi. O qədər qayğı ilə, o qədər səmimi şəkildə yeməyi təklif edirdi ki, etiraz et­mə­yə belə adam utanırdı. Əsl azərbaycanlı ağbirçək tə­cəssüməsidir Firuzə xanım.

Firuzə xanımın İsa müəllimə qayğısı hər an diq­qəti çəkir, bir Azərbaycan qadınının timsalında onun­la fəxr edirdim. Söhbətlərin birində Firuzə xanım dedi ki, Allahdan bir arzum var ki, İsa yaşadığı müddətdə məni də yaşatsın. Onu heç kimə etibar edə bilmərəm. İsa müəllim özünəməxsus tərzdə güldü və dedi: – “On­da gərək əbədi yaşayasan!”

Bəli, İsa Muğanna əbədi yaşamağa haqqı çatan bir şəx­­siy­yətdir. Və sözsüz ki, yaşayacaq da. O vaxta ki­mi yaşayacaq ki, işıq gəmisi Olama-Yerə ensin və bu dün­yanı bir ideya altında birləşdirsin, sülhü, əmin­amanlığı bərqərar etsin. Bağ Atanın OdƏrləri ağ gü­nə çıxsın!

Bir gün demək olar ki, redaktoru olduğum bu əsər­lərin hamısının çapı bitdi. Ən son əlimə aldığım əsər isə “İdeal” romanı oldu. 750 səhifəlik bu əsər mö­cü­zəvi bir görünüşlə ruhumun və kitab rəfimin şahı oldu. Sanki arzusunu belə qəlbimə gətirməyə çəkin­di­yim bir iş baş tutdu.

Mənim də Ustad sənətkarımıza bir töhfəm oldu. “OdƏrlər” romanım. Roman haqqında İsa Muğan­na­ya danışdım. Kişinin elə bil çiçəyi çatladı. “Nə vaxt ve­rirsən, oxuyum”, – dedi. Buna inanmadım. Səhhə­ti­nin o qədər də yaxşı olmadığını görürdüm. Bunu oxu­­masını ondan istəməzdim. Amma israrla çap edib gön­­dərməyimi istədi. Kitabı verdim. Üç gündən son­ra zəng etdi:

– Ya Allah! Ya Allah! Necəsən? Əsərini oxudum, ürə­yimə çox yatdı. Çox mənalı, müdrik, ali roman yaz­­mısan. Sevinə-sevinə təbrik edirəm. Böyüksən, amma daha böyük gələcəyini gözləyirəm… Xahiş edi­rəm səhifələrin arxasındakı qeydlərimə laqeyd ol­ma… Çünki bizim ikimizin taleyi var bu kitabda. Ta­le birliyi, əbədi yazıçılıq birliyi, gələcək həyat bir­li­yi bö­yük, nadir xoşbəxtlikdir…

Məncə, heç bir azərbaycanlı “İdeal”ı oxumadan, Azər­­baycan ədəbiyyatı ilə tanışam deyə bilməz.

Məhz bu səbəbdən də mənim üçün İsa Muğanna yaradıcılığı “İdeal”dan sonra başladı. Ondan sonra yazılan bütün əsərləri “İdeal” silsiləsinin davamıdır və təəssüflər olsun ki, ədəbiyyatşünaslığımız tərəfindən layiqli qiymətini almamışdır hələ ki. Ümid edirəm ki, oxucu da, alim də qorxmadan, çəkinmədən “İsahəqq, Musahəqq”i, “GurÜnü”, “Türfə”ni, “İlan dərəsi”ni, “Cəhənnəm”i, “Qəbiristanı” əlinə alacaq, oxuyacaq və münasibətini bildirəcəkdir bir gün.

Giriş bir az uzun olsa da, bu məqalədə Muğannanın “İdeal”dan sonra yazdığı əsərlərin tarixi, yazılma və çap olunma dövrləri, çapdakı maneələr və müəllifin əsərlərinə dönə-dönə qayıtmasının səbəblərini araşdırmağı qarşıma məqsəd kimi qoydum. Çünki Muğanna əsərlərini dəfələrlə yeniləmiş və hər yenilikdən sonra əvvəlki variantdan imtina etmişdir.

 

***

 

İsa Muğanna 1986-cı ildə ilk dəfə “İdeal” romanı çap olanda əsərin ön sözündə qeyd edir ki, “Müəllif belə qərara gəldi ki, bütün ömrünü bir kitaba həsr edəsi olsa da, “örtüyü” qaldırıb, əcdadının hikmətindən xəbər tutmalıdır. (1. S.5). Bəli, belə də oldu, o, 70-ci illərdən başlayaraq ömrünü sadəcə bir kitaba “İdeal”a, və idealın şərhinə həsr etdi. 1970-ci illərdə İsa Hüseynovu İsa Muğannaya çevirən “İdeal” romanından başlanan ədəbi-fəlsəfi yol 2014-cü ildə “Mənim məhəbbətim” adlı yarımçıq əlyazması ilə dayandı.

İsa Muğanna “İdeal” romanının ilk nəşrinin ön sözündə “Hüseynov”dan “Muğanna”ya keçməsini bu cür izah edir: “ Ulularımızdan irs qalmış tərkidünyalıq bahasına, gecələrimi gündüzlərimdən seçməyib, o mənanı və hikməti ifadə eləməyə çalışdım. İş Qurtaranda isə qeyri-rəsmi daşıdığım “Muğanlı” familiyası əvəzinə, dünyadan üzüörtülü gedən əzabkeşlərimin şərəfinə “Muğanna” oldum” (1.S.6).

“İdeal” əsəri ilk dəfə “Yazıçı” nəşriyyatı tərəfindən 1986-cı ildə nəşr edilmişdir. Ona qədər isə bu roman “Yanar ürək” adı ilə ilk dəfə 1956-cı ildə yazılmış, 1965 və 1979-cu illərdə çap edilmişdir. “Yanar ürək” romanından “İdeal”a keçidi müəllif “Həyatımdan səhifələr” adlı xatirələrində bu cür izah edir: “Bir gün dərin sükut içərisində, balaca stolumun arxa­sında oturub “Yanar ürək” romanının yeni variantı üzərində işlə­yirdim. Birdən başımda səs eşitdim: “Nə yazırsan?” Bu səsi sarsıntılar içində, sükunətli çardaqda tək-tənha oturmağımla bağ­­ladım; güman etdim ki, beynimdə nə isə qeyri-adi dəyişiklik olub. Amma bir az sonra səs təkrar olunduqda başa düşdüm ki, səs uzaqlardan – qeybdən gəlir. İstər-istəməz diqqət kəsildim. Səs dedi: “Bir romanın neçə variantını yazmaq olar?! Sizin xalqın həyatındakı ictimai–siyasi fəsadlar yalnız siyasi quruluş­da, kommunist partiyasınm siyasəti ilə bağlı olsaydı, mən sənin “Yanar ürək” romanının təzə variantına etiraz eləməzdim. Xalqın həyatındakı təhriflərin tarixi çox qədimdir. Yer plane­tində insan həyatının üç tarixi məlumdur. Birinci tarix irəli sa­nanan əlli minillik, ikinci tarix geri sananan əlli minillik tarix, üçün­cüsü yeni era adlandırdığınız tarixdir. Mən sənə bu ta­rix­lərdə Yer planetində baş vermiş hadisələri danışacam, bu mə­lu­mat əsasında “İdeal” adında roman yazacaqsan.” (2. S.78)

Əslində, İsa Hüseynovun yaradıcılığının ikinci mərhələsi “Məhşər” romanının yazılması ilə başlayır. Bu isə XX əsrin 60-cı illərinin sonuna təsadüf edir. Düzdür, “Məhşər” romanı ilk dəfə 1978-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən çap edilsə də, bunun əsası 1971-ci ildə Heydər Əliyev tərəfindən “Nəsimi” filminin ssenarisinin yazılması sifarişi ilə qoyulmuşdur. İsa Muğanna həmin hadisəni bu cür izah edir : “1971-ci ildə mənə Mərkəzi Komitədən zəng vuruldu, de­dilər: “Heydər Əliyev səni çağırır.” Sevincək getdim və qəbul ota­ğına girəndə sevincim da­ha da artdı: Ulu öndər məni gülər üz­lə qarşıladı və dərhal mətləbə keçib:

– Nəsimi haqqında ssenarini sənə tapşırıram, – dedi. Sonra əlavə etdi: ˗ Bilirsən də, bu, dövlət sifarişidir. Filmin çəkilişinə nə qə­dər lazımdı, o qədər pul buraxılacaq.

Mən bir qədər fikrə getdim, dedim:

Mən Nəsimi haqqında heç nə bilmirəm.

Məlum oldu ki, xalq şairi Rəsul Rza Hələb şəhərinə bir aylıq məzuniyyətə göndərilib ki, Nəsimi haqqında Suriyada möv­cud olan materialların hamısını yığıb gətirsin. Rəsul Rza Hə­ləbdən qayıdanda məni yenə Mərkəzi Komitəyə çağırdılar. Nəsiminin iki “Divan”ı əsasında çap olunmuş böyük şeirlər kitabını və azərbaycancaya tərcümə olunmuş bir aləm material – məqalələr, jurnal məlumatları verdilər və mən Nəsimini öy­rən­məyə girişib, əvvəlcə roman yazmağa başladım. Bir neçə ay sonra isə ssenarinin ilk epizodlarını fil­min rejissoru Həsən Seyidbəyliyə oxudum. Həsən bircə kəlmə: – Yaxşıdı, – dedi. Bun­dan sonra mən, demək olar ki, hər gün Həsənin evinə təzə epizodlar aparıb oxuyurdum və Həsəndən eyni cavabı: – Yaxşıdı, – eşidirdim.” (1. S.69)

“Nəsimi” filmi 1973-cü ildə çəkilmişdir, lakin İsa Muğannanın qeybdən səs eşitməsi və bu təlatümlü hadisələrin başlanğıcı isə 1968-ci ildə baş vermişdi. Müəllifin həyat yoldaşı Firuzə Muğanna bunu uzun müddət çap olunmasında problem yaşanan “Türfə” romanının nəşrə təqdim olunması üçün AMEA-nın müxbir üzvü Nizami Cəfərova yazdığı məktubda daha aydın təsvir edir: “1968-ci ildə alihəzrət Dəmirəlin zamanının başlandığında, Azərbaycan yazıçıları nümayəndəliyinin tərkibində Türkiyəyə getdik. İstanbulu, İzmiri, Ankaranı, Bursanı və sair yerləri gəzdik, Bolu bəyin kəndini, Koroğlunun Çənlibelini gördük. İstanbula qayıdanda məscidləri gəzdik. Ayasofiya məscidində İsa üzünü göyə tutub dedi: “Biz çoxlu uşaq saxlamışıq, özümüzə övlad istəməmişik. Mən səni tanımıram. Əgər varsansa, Firuzəyə bir övlad ver. Oğlan da istəmirəm. Bircə qız. Bircə qız!” (Ş.S. Tanrı ailəyə yeganə övladı -Sevinc Muğannanı 19 ildən sonra bəxş etmişdir)

Otelə qayıtdıq. Yorulmuşdum, divanda uzanıb yatdım. İsa kresloda oturdu. Bir azdan məni oyadıb dedi: “İndicə, ayıq-sayıq vaxtımda bir altı-yeddi aylıq, gözəl, gombul qız uşağı gördüm. İməkləyib gəlib dizlərimdən yapışdı, qucağıma mindi, burnunu boğazıma söykəyib mışıl-mışıl nəfəs aldı. Səni oyatmaq istədim, uşaq yox oldu. Nəfəsini indi də boğazımda hiss edirəm. Qızımız olacaq”. Mən inana bilmədim. Bakıya qayıtdıq. Bir ildən sonra İsanın o gördüyü qız – Sevincimiz doğuldu. Bundan sonra mənim həyatıma fərəh gəldi. İsanın da işləri yaxşılaşdı. Dalbadal əsərləri çap olundu. İsa məni Rusiyanın şəhərlərində kurort zonalarında gəzdirdi. Bolqariyada, Qara dəniz sahillərində, Pribaltika ölkələrində, bir neçə Avropa ölkəsində gəzdirdi. Yetmişinci illərdə çox qəribə hadisə baş verdi: İsa birdən-birə kainatla bağlandı, özünün dediyi kimi, EySarla danışmağa başladı. EySar, İsUsun, İsa peyğəmbərin həqiqi adı – odu – rütbəsidir. “Ey” – Uca deməkdir. “Sar” – hökmdar deməkdir. EySar – uca hökmdar deməkdir. Bu Od – Həqiqət qədim türk dilində – OdƏr dilindədir. EySar İsaya OdƏr dili öyrətməyə başladı. OdƏr dilində indiyə qədər heç yerdə, heç kəsə məlum olmayan məlumatlar verməyə və tamam yeni ruhda əsərlər yazmağa kömək etdi. “İdeal” romanı, “Peyğəmbərin möhürü”, “Məhşər” və bir sıra başqa əsərlər belə yarandı. İndi oxuculara təqdim olunan “Türfə” əsəri də bu qəbildəndir.” (3)

Məhz buna görədir ki, İsa Muğanna hələ 1978-ci ildə “Məhşər” romanını bitirdikdə bundan sonra yazacağı əsərləri “Karvan” (4.S.3) silsiləsi adlandırır və yerdəki ömrünün sonuna qədər bu karvanın mənzilə çatması üçün bir anlıq da yolundan sapmır. Ötən əsrin 80-ci illərindən bu tərəfə həm ölkənin həyatında baş verən ictimai-siyası, həm də özünün həyatında baş verən iki infarkt onu bu idealdan ayırmır.

1990-cı illərdə çap olunan yazılarının hamısında oxucuya onun bu silsilədən olan əsərlərini hansı ardıcıllıqla oxumasını israrla tövsiyə edirdi: “Yaxın və uzaq keçmişimizin tarixi hadisələr, bədii süjetlər iç­in­də verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asan­laş­dır­maq məqsədilə mən “İdeal” romanını yenidən və sonuncu dəfə iş­lə­dim. Bu əsərlə tanış olmayan oxucu altılığa daxil edilmiş ro­man­larda SafAğ elminin təfsilatını dərk edə bilməz. Həmin ro­man­lar – “Məhşər” (Ənşər -mən şər”) “Qəbristan” “GurÜn”, “İsahəq, Musahəq”, “Cəhənnəm”, burada göstərilən xrono­lo­­giya əsasında oxunmalıdır ki, lazımınca yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş Saf­Ağ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə fay­da versin. Muğanna, 27.01. 2013.” (5.S.8)

Gördüyümüz kimi, müəllif xronoloji baxımdan “Məhşər”i birinci yazsa da, məhz onu “Karvan” silsiləsinin başlanğıcı kimi qeyd etsə də, öz sağlığında “Hədəf” nəşlərində Şəmil Sadiqin redaktorluğu ilə çap olunan son əsərlərində “Məhşəri” ideya baxımdan “İdeal”ın izləyicisi hesab edir.

İsa Muğanna əsərlərinin yazılma və nəşr tarixini araşdırarkən xeyli problemlərlə qarşılaşırıq. Bu, əlbəttə ki, müəllifin bir əsərə dəfələrlə yenidən qayıtması, yenidən qayıdandan sonra həmin əsəri artıq yeni bir əsər kimi təqdim etməsindən irəli gəlir. Bunu “İdeal” romanının nəşr tarixlərini araşdırarkən də görürük, sonrakı əsərlərində də. Ehtimalımıza görə “İdeal” əsərinin üzərində müəllif 6 dəfə dəyişiklik etmişdir. İlk dəfə “Yanar ürək” adı ilə 1956-cı ildə yazılan əsər 1965-ci ildə nəşr edilərkən, 1979-cu ildə yenidən nəşr edilərkən, 1984-cü ildə “İdeal” adı ilə ilk dəfə çap edilərkən, 1997-ci ildə “Peyğəmbərin möhürü” hissəsi əlavə edilərək çap edilərkən (bu variantda heç bir nəşr ili və ya nəşriyyat göstərilməmişdir. Yəqin ki, Peyğəmbərin möhürünə verilən yeni yozumun yarada biləcəyi narahatlıqdan qaynaqlanır. Hətta hansısa bir redaktor və ya tərtib edən də yoxdur əsərdə. Məhz bu baxımdan nadir nəşrlərdən hesab edilir və çox da tapılmır), 2009-cu ildə “Avrasiya” nəşriyyatında 6 cildlik seçilmiş əsərləri çap edilərkən və ən nəhayət, 2013-cü ildə redaktorluğumla hazırlanan nəşrlərdə. Özünün də eyd etdiyi kimi son nəşr mükəmməl və bitmiş nəşrdir. Çünki nöqtə-vergülünə qədər yenidən baxıb, “EySar Çarmıxda” adlı bölməni əlavə edərək nəşrə təqdim etmişdir. Hətta əvvəlki bölmələrin arasına xeyli əlavələr də etmişdi.

“İdeal” romanından sonra həm yazılma tarixi, həm də ideoloji cəhətdən “Qəbiristan” romanı gəlir. Bu əsərin əmələ gəl­məsi də mənim bioqrafiyamla bağlıdır. L.N.Tolstoy deyir: “La­martin yazır ki, yazıçı yaşadığı mühitdən yazır.” Doxsan beşinci ildə mən arada infarkt keçirsəm də, demək olar ki, gözlə­nil­mə­dən ağır xəstələnib reanimasiyaya düşdüm. Beyin işemiyası nəticəsində yaddaşımı itirmişdim. Çox uzun – doqquz dəqiqə sü­rən klinik ölümün nə olduğunu bildim. Mərhum atam ölü­mün­dən qırx üç il sonra ətrafında beş nəfər adamla ağ ge­yim­də pa­lataya gəldi, divar dibində, kresloda oturub gözlərini mənə dik­di. Mən, demək olar ki, heç nə hiss etmirdim. Yalnız onu fikirləşdim ki, əlli üçüncü ildə öldürüləndə qırx üç yaşı olan atamın, hesabla, indi səksən beş yaşı olsa da, sifətində, qədd­-qa­mə­tində heç bir dəyişiklik yoxdur. Gözlərini mənə diksə də, do­daq­ları tərpənmədi. Səssiz təlqinli ünlə dedi ki, yanımdakılar əmi­lərindi. Biz OdAğÜz BağOdƏrdən heç yana çıxmamışıq. Ha­mımız canlı insan qədər canlı işıqdan ibarətik. Sənin beynini sa­ğaltmağa, yaddaşını bərpa eləməyə, klinikadan çıxandan son­ra təzə roman yazmaq üçün kömək eləməyə göndərilmişik. Sən Ey­Ər planetində bizim BağÜn EvƏrimizsən (Bağ Ünü – Ev işığımızsan). “İdeal” romanında SafAğ elminin əsasını yazmı­san, amma hələ kifayət qədər geniş izahını verməmisən. Buna gö­rə də romanın davamını “Qəbiristan” adında romanda yaz­malısan.” (2. S. 90) Özünün qeydinə görə bu hadisə 1995-ci ildə baş vermişdir. Lakin “Qəbiristan” romanının yazılma tarixini son nəşrində (6) 2004-2005 yazdı. Diqqət çəkən məqamlardan biri də bu əsərin yazılma tarixini və xronoloji ardıcıllığını fərqli göstərməsidir. Biz “Məhşər” romanını “İdeal”dan sonra oxunmasını tövsiyə etməsində də görmüşdük bu cür yanaşmanı, halbuki “İdeal” romanından daha öncə yazılmışdır. “Həyatımdan səhifələr” adlı biblioqrafiyasında isə biz görürük ki, “GurÜn” və “Cəhənnəm” romanları “Qəbiristan romanından öncə yazılmışdır. Yəqin burda da müəllif sonradan işlədiyi variantı nəzərdə tutaraq bu cür qeyd etmişdir.

“Qəbiristan” romanından sonra mən 1993-cü ildə “Dünya” jurnalında çap etdirdiyim “GurÜn” və “Cəhənnəm” əsərlərini yenidən işləmə­yə başladım. Daha sonra köhnə əsərlərə yenidən qayıtmaq vər­dişimi davam etdirərək, “Doğma və yad adamlar” romanının da yeni variantını yazıb adını da dəyişdirdim: “İsahəq, Musahəq” adlan­dırdım. (2. S. 92) Gördüyümüz kimi, həm 93-cü ildə ilk variantı çap olunan “GurÜn” və “Cəhənnəm” romanlarını, həm də 93-cü ildə yenidən üzərində işlənməsinə baxmayaraq, hələ 1958-1960-cı illərdə “Doğma və yad adamlar” adı ilə yazılan “İsahəq, Musahəq” romanlarını xronoloji ardıcıllıq baxımından birinci Qarabağ müharibəsinə həsr etdiyi “Qəbirsitan” romanından sonra göstərir müəllif. Təəssüflər olsun ki, bir çox əsərlərinin yazılma tarixi bu qarmaqarışıqlıqda it-bata düşdüyündən izi tam istədiyimiz kimi apara bilmirik.

“Qəbiristan” romanın ilk mətbu variantına 2006-cı ildə “Azərbaycan” jurnalının 3-cü nömrəsində rast gəlirik.

Müəllifin təqdim etdiyi xronoloji ardıcıllığa sayğı ilə “GurÜn” romanın nəşr tarixini araşdırmaq istəsək də, təəssüflər olsun ki, “Həyatımdan səhifələrdə” 1993-cü il “Dünya” jurnalında çap olunması ilə bağlı qeyddən sonra nə vaxt tamamlandığı haqqında dəqiq məlumat əldə edə bilmirik. Nə 2009-cu ildəki altı cildliyində, nə də “Hədəf” nəşrlərinin sağlığında çap etdirdiyi kitablarda romanın yazılma tarixi haqqında məlumat yoxdur. Ola bilsin hansısa mətbu orqanda çap edilib və ya məlumat gedib, lakin biz əldə edə bilmədiyimizdən, düşünür ki, son və tam variantı 2013-cü ildə ayrıca kitab şəklində “Hədəf” nəşrləri tərəfindən çap olunandır.

1958-1960-cı illərdə yazılan “Doğma və Yad adamlar” romanının müəllif xatirələrində “İsahəq, Musahəq” adı ilə yenidən işlədiyini qeyd edir: “ – Mən “İsahəq, Mu­sa­həq” romanına da, “Qəbiristan”dakı, “GurÜn”dəki, “Cəhən­nəm”dəki kimi, təzə əsər həvəsi ilə girişdim və nəticəsini gör­düm.” (2.s.16) Halbuki ilk dəfə birinci hissəsi 1962-ci ildə və sonra “Yanar ürək”lə birgə 1979-cu ildə çap edilmişdir. Bu əsərində yazılma tarixi 90-cı illər olsa da, ilk dəfə kitab şəklində çapı 2009-cu ildə 6 cildliyində görünür.

Bundan sonra isə “Azərbaycan” jurnalının 2007-ci il 2-ci sayında “Cəhənnəm” romanının çapını görürük. Romann ilk variantının 1993-cü ildə “Dünya” jurnalında çap edildiyini qeyd etmişdik. Ondan sonra isə deyəsən, sadəcə Azərbaycan junralında nəşr edilmişidr. Müəllifin əsərlərinin çapının bu cür ara ilə çap olunmasının səbəblərindən biri də 90-cı illər hadisələri olmuşdur, əlbəttə ki. “Cəhənnəm” romanı da 2013-cü ildə ayrıca kitab şəklində “Hədəf” nəşrləri tərəfindən çap olunandır ki, burda da əsərin tarixini müəllifdən dəqiqləşdirərək yazmaq diqqətdən qaçmışdır.

Nədənsə müəllif heç bir müsahibəsində, çıxışında son yazdığı povest və romanları “İdeal” silsiləsinə aid etməmişdir. Halbuki, “İdeal” romanına ön sözü 2013-cü ildə yenidən işləmişdir ki, bu zaman həm “Türfə” romanı (müəllif povest adlandırır), həm də “Qırx kisə qızıl”, “İlan Dərəsi”, “Söz yarası” povestlərini həmin zaman yazıb yekunlaşdırmışdır. Həmin bu adını çəkdiyimiz əsərlər də Saf Ağ elmi əsasları üzərində qurulmuş, “İdeal” romanında verilmiş tezis xarakterli fikirlərin izahı verilmişdir.

“Türfə” romanının yazılması tarixini müəllif öz əli ilə 2009-cu ilin fevral ayının 20-si qeyd edir. Bəzi müsahibələrində bu romanın çap olunmamasından gileylənsə də, nədənsə əsərinin çapına sanki özü də tərəddüdlü idi. Hətta söhbətlərimizdə bu romana görə fanatiklər tərəfindən sui-qəsdə uğrayacağından da qorxduğunu qeyd edirdi. Nizami Cəfərova inandığından və hörmət etdiyindən, onun “hələ vaxtı deyil” deməsi də müəllifin bir az geri çəkilməsinə səbəb olmuşdur. “Türfə” romanı ilk dəfə 2015-ci ildə ölümündən bir il sonra “Hədəf” nəşrləri tərəfidən mənim redaktorluğumla çap edilmişdir. (7)

Digər üç povesti “Qırx kisə qızıl”, “İlan Dərəsi və ya Peyğəmbərin taleyi” və “Söz yarası” isə müxtəlif zamanlarda “Azərbaycan” jurnalında nəşr edildikdən sonra üçü bir kitabda “İlan dərəsi” adı ilə 2013-cü ildə “Hədəf” nəşrləri tərəfindən çap olunmuşdur.

Müəllifin “İdeal”dan sonra bədii əsər adına beş romanı: “Qəbiristan”, “GurÜn”, “İsahəq, Musahəq”, “Cəhənnəm”, “Türfə”, üç povesti; “Qırx kisə qızıl”, “İlan Dərəsi və ya Peyğəmbərin taleyi” və “Söz yarası”, bir səhifəlik “Mənim məhəbbətim” adlı simvolik romanı və bir də bir səhifəlik yarımçıq əlyazması oxuculara bəxş edilmişdir. Maraqlıdır ki, İsa Muğanna son və “Yarımçıq əlyazma”sı haqqında danışarkən deyirdi ki, “EySar deyir ki, təzə tsikl başlayacaqsan. Birinci əsərin böyük romandır. Amma nə məzmunu, nə də ideyası haqda heç nə demir… Amma deyir gözün açılsın sonra deyəcəm. Stolumun üstündə bir səhifəlik yazı var, hər səhər gedib o yazıya baxıram ki, görüm gözüm düzəlir, ya yox. Bu səhər baxdım gördüm ki, oxuya bilirəm az-az.” 27.03.2014.” (7. S.14)

27 mart tarixində onunla son görüşümüzdə demişdi yuxarıda qeyd etdiyim fikirləri. … Və 31 mart 2014-cü il 1 aprel tarixinə keçən gecə dünyasını dəyişdi. Mistik bir hadisə isə burda baş verir ­­­­– “Sirr qoxuyan kişi” taleyində. Yaradıclığının üçüncü dövrünü başlayacağını demişdi ona Eysar… O, doğrudan da yeni yaradıcılığa başladı, amma bu dünyadan çox-çox uzaqda…

Muğannanın müstəqillik dövrü ədəbiyyatımıza gətirdiyi yeni üslub, yeni era, yeni məktəb təkcə onun bədii əsərlərində deyil, publisistik yazılarında və müsahibələrində də davam edirdi.

Məhz bu səbəbdən araşdırmamızı İsa Muğannanı, İsa Hüseynov yaradıcılığından tam ayrı bir şəkildə, əlaqə yaratmadan təhlil etməyi qarşımıza məqsəd qoyub, romanları və povestləri üzərində işləməyi daha vacib sayır, gələcək yazılarımızda və monoqrafiyada bu məsələlri geniş şəkildə araşdırmağı düşünürəm.

 

Açar sözlər: İsa Muğanna, İdeal, Məhşər, Cəhənnəm, İsahəq, Musahəq, Qəbiristan, Türfə, Cəhənnəm.

Rezyume

Azərbaycan ədəbiyyatının özünəməxsus filosof yazıçısı İsa Muğannanın yaradıcılığının ikinci dövründən bəhs edən “İsa Muğanna yaradıcılığının “İdeal”dan sonrakı nəşr tarixi” adlı məqalədə sənətkarın Hüseynov imzasından niyə vaz keçməsi, yaradıcılığında yeni eranın başlanmasının səbəbləri, Əsərlərinə dönə-dönə yeni əlavəlr etməsi tarixi faktlarla təhlil edilmiş, əsərlərinin – “İdeal”, “Məhşər”, “Cəhənnəm”, “İsahəq, Musahəq”, “Qəbiristan”, “Cəhənnəm”, “Türfə” romanlarının nəşr edilməsi və nəşr edilməsi zamanı ortaya çıxan obyektiv və subyektiv problemlərin qaynaqlar əsasında müəyyənləşdirilməsi, “Yanar ürək” romanının “İdeal”a çevrilməsinin tarixi, altı dəfə yeni variantda nəşr edilməsinin səbəbləri aydınlaşdırılmışdır.

“Məhşər” romanının “Karvan” silsiləsinin ilk romanı olmasına baxmayaraq, ustad sənətkarın onu xronoloji baxımdan ikinci əsər kimi təqdim etməsinin tarixi və ideya səbəbləri bu məqalədə faktlar əsasında elmə ilk dəfə təqdim edilmişdir.

Ümumiyyətlə, məqalədə İsa Muğanna yaradıcılığının ikinci mərhəsləsinə daxil edilən əsərlərin nəşr tarixlər ilk dəfə incələnmiş və ədəbiyyatşünaslığa təqdime edilmişdir.

 

 

Творчество Исы Муганны после публикации произведения

Ключевые слова: Иса Mуганна, Идеал, Судный день, Ад, ИсаНур, MусаНур, Кладбище, Турфа.

Резюме

В статье, “Творчество Исы Муганны после публикации произведения ” Идеал” “, в котором писатель отказывается от фамилии Гусейнов, говорится о втором периоде творчества своеобразного писателя-философа Азербайджанской литературы Исы Муганны. Здесь историческими фактами проанализированы неоднократные дополнения новых идей в его произведения. Публикация произведений ” Идеал”, “Ад”, “ИсаНур, МусаНур”, “Судный день” , “Кладбище”, “Турфа” и определение объективных и субективных проблем на основе источников во время публикаций, история превращения романа «Пылающее сердце» в роман под названием “Идеал” и выяснение неоднократных его публикаций, а также причины создания новой эры в его творчестве были проанализированы в этой статье.

Несмотря на то, что роман “Судный день” был первым романом в серии “Караван”,автор хронологически представляет его вторым произведением. Исторические и идеологические причины представления его в качестве второго романа впервые по фактам введены в науку и это подробно описывается в статье.

В целом, в статье впервые исследованы даты публикаций произведений входящие во второй этап творчества Исы Муганны и они представлены в сфере литератураведения.

 

The publishing history of Isa Muganna’s creative activity after “Ideal”

Key words: Isa Muganna, Ideal, Judgement, Hell, İsahag, Musahag, Grave Yard, Turfe.

 

The underlying reasons of the begining of new age in I.Muganna’s creative avtivity and the writer’s givng up his signature “Huseynov” were depicted in the article called “the publishing history of Isa Muganna’s creative activity after “Ideal” supplements added by the writer was investigated thoroughly by using historical facts. Publishing of “Ideal”, “Judgement”, “Hell”, “İsahaq, Musahaq”, “Grave Yard”, “Hell”, “Turfe” identifying objecive and subjective problems arisen during the publishing period, the history of being changed the name of the novel of “Yanar Urek” into “Ideal” and reasons of publishing this novel 6 times were clarified. The causes of the writer’s introducing “Mehsher” as if it was the second novel according to chronological order though it being the first one in “Karvan” series were presented with facts for the first time in the article.

Generally in the article the publishing dates of the novels relating to the second part of I.Muganna’s creative activity were analyzed and introduced to the literary.

 

Ədəbiyyat

  1. İsa Hüseynov, “İdeal”. Bakı, Yazıçı, 1986. S.5.
  2. “İlan dərəsi”. Bakı. Hədəf Nəşrləri. 2013. S.78
  3. http://senet.az
  4. İsa Hüseynov, “Məhşər”. Bakı. Gənclik 1978. S.3
  5. İsa Muğanna “İdeal”. Hədəf Nəşrləri. Bakı 2013. S.8
  6. İsa Muğanna “Qəbiristan. Hədəf Nəşrləri. Hədəf nəşrləri. Bakı. 2013
  7. İsa Muğanna “Türfə”. Hədəf Nəşrləri. Bakı 2015
  8. Ölümdən sonrakı həyat”. Hədəf Nəşrləri, Bakı. S.14

Oxşar yazılar