Bu yaxınlarda xalq şairi Zəlimxan Yaqub mənə zəng etmişdi. “Zəlimxan müəllimdir, danışan” deyəndə bir az təəccübləndim. Çünki telefon zənginə qədər elə bir ciddi münasibətimiz və ya ünsiyyətimiz olmamışdı.
Amma bizi bağlayan bir ortaq bağ olduğunu bilirdim. Məhz bu ortaq bağa görə sanki çoxdandır, Zəlimxan müəllimlə münasibətlərimiz varmış kimi söhbəti davam etdirdik. Əlbəttə ki, Zəlimxan müəllimi şirin və zəngin dilə, rəvan nitqə, xalq təfəkküründən süzülüb gələn Türk-Turan sevdalı, haqq və ədalət yükümlü şeirlərə sahib bir ədib olaraq əksəriyyət kimi mən də tanıyır və rəğbət bəsləyirdim. Lakin bu rəğbətin əsas səbəblərindən biri Zəlimxan müəllimin də “ustad” dediyi ustadım, böyük yazıçımız İsa Muğanna idi. İsa Muğanna Zəlimxan müəllimi çox istəyirdi. Həmişə ondan söz düşəndə böyük hörmət və məhəbbətlə danışardı. Məhz buna görə də zənnim məni yanıltmadı. Söhbət elə ortaq bağımızdan getdi. Hələ uzun illər bundan qabaq İsa Muğannanın 2009-cu ildə “Yeni Azərbaycan” qəzetində işıq üzü görən “Zəlimxan Yaqub və “Bisütun”da külüng səsi” məqaləsində yazdığı fikirlər onun Zəlimxan Yaquba verdiyi böyük dəyərin nümunəsidir: “”Həq”dən – Ağdan xəbər verən Ün eşidənlər əsla şübhə eləmirlər ki, Zəlimxan Yaqubun səsi də “Həq”dən–Ağdandır”, “Külüngün “Bisütun”u Bağıstana döndərsin, bütöv Azərbaycanda, vahid Bağdayda əbədi vəkil əbədi şeirin gurlasın”…
Söhbətimiz zamanı Zəlimxan müəllim dedi ki, Şəmil, ustadımızı tez-tez yuxuda görürəm, gör yuxuda mənə nə dedi?! “Bilirəm, məni yaxşı oxumusan. Ancaq sənə tam aydınlığı ilə çatmayan çox mətləblər var. Qaldırdığım problemlərə, toxunduğum məsələlərə yenidən güzgü tutmağa, Saf Ağlara, OdƏrlərə cəmiyyətdəki təhriflərə aydınlıq gətirməyə böyük ehtiyac var. Hər şeyi təzədən başla, məni yenidən oxu, ağlımın, idrakımın, təfəkkürümün süzgəcindən keçən nə varsa, hamısını ürəyindən keçir. Mənim yaradıcılığım sağlığımda mən istəyən kimi açılmadı. İnanıram ki, onu sizlər açacaqsınız. Vuruşun təhriflərlə, Saf Ağlar, Odərlər dünyanın naqis işlərini düzəltmək üçün bizə hava, su kimi gərək oacaq. Mən yazdığımı yazmışam, dediyimi demişəm. Demədiyim çox şeyləri də ürəyimdə o dünyaya – inandığım dünyaya aparmışam.
Son söz Odər bəşəriyyətinin, uca hökmdarın – Ey Sarın, Saf Ağların olmalıdır.
Mən ölməmişəm! Öz fikir gəmimdə yol gedir, dünyaya, dünyama və sizlərə baxıram.” (Ş.S. Zəlimxan müəllim mənə telefonda dediklərini daha bədii formada Azərbaycan jurnalının 10-cu sayında dərc etdirdiyi poemanın girişi kimi çap etdirdiyi üçün həmin mətni verməyi daha məqbul hesab etdim.)
Mən də bu sözlərdən təsirlənib, “Ün” adlı poema yazdım. Göndərim sənə, ona bir yaxşıca bax, sonra məsləhət bildiyin bir yerdə yayımlayaq. Mən bilirəm, sən Muğannaya ən böyük dəyər verənlərdənsən.”
Bu fikirlər ruhumu oxşadı. Birinci ona görə ki, ustad hesab etdiyim fikir adamın yaradıcılığına bələd olduğumu bilən, dostluğumuzdan agah olan Xalq şairi Zəlimxan Yaqub mənə etimad edirdi, ikinci isə İsa Muğanna haqqında bədii əsər yazılmışdı. Həmin əsərin məhz qeybdən gələn səsin təkidi ilə yazılması isə Muğanna həqiqətinin yenidən təzahürü idi. Zəlimxan müəllimin lirik poeması “Ün”ü birnəfəsə oxuya bilmədim. Çünki hər cümlə, hər misra bir əsəri xatırladır, elminin ağırlığı ilə beyni dondururdu. Bitirdikdən sonra, əlbəttə ki, heç bir təklif etmədim. Zəlimxan müəllim təvazökarlıq edib göndərib, axı mənim onun qələmindən çıxan hər hansı bir cümləni redaktə etmək kimi ixtiyarım yox idi. Açığı buna heç gərək də yox idi. Çünki poema o qədər səmimi, ürəklə, ruhla və ilhamla yazılıb ki, hər hansı bir sözün artıq olduğunu düşünmək mümkün deyil. Poemada müəllifin gözləntisi, təmənnası sadəcə ürəyinin rahatlaması ola bilərdi…
Bu mövzuda ilk dəfə Böyük şairimiz Xəlil Rza Ulutürkün İsa Muğannanın “İdeal” romanını oxuyarkən yazdığı “Sən mənə bir silah verdin” şeirini oxumuş və heyrətlənmişdim. Çünki bir bədii əsəri digər bir bədii əsərlə təhlilə çəkmək və tərənnüm etmək o qədər də asan məsələ deyildi. Əlbəttə ki, Xəlil Rzanın milli ruhu dərk etməsi və çılğıncasına vətən eşqi ilə yazdığı şeir “İdeal” romanındakı simvolikanı oxuculara bir də bədii yolla təqdim etmişdir.
“Uzaqda yox, bu dünyada verdin mənə cənnətimi,
Kəşf elədim cahan boyda qürurumu, millətimi.
İsa Muğanna Xəlil Rza Ulu Türkün bu şeirinə Zəlimxan Yaqub haqqındakı məqaləsində münasibətini bu cür bildirmişdir: ” Bəli, canım-ciyərim! … On il bundan əvvəl Xəlil Rza Ulu Türk şeirimizin tarixində ilk dəfə “Bağ Ata”, “OdƏr yurdu” deyəndə “Türk”ün -“OdƏr”in özünə qayıdan yolundakı səddə parçalanma başlndığını hiss etdim. Səni oxuyanda isə düşündüm ki, səddin parçalanması nə mənim OdƏr mədəniyyətinə, Bağday tarixinə aid yazdıqlarımdan başlanıb, nə də Xəlilin “Bağ Ata”, “OdƏr” yurdu inqilabından”.
“İdeal” romanı 80-ci illərdə böyüməkdə və güclənməkdə olan azadlıq ideyalarına ideoloji dəstək olan ən böyük və dünya səviyyəli əsərlərimizdəndir. Həmin dövrün gəncliyi məhz “İdeal”la əfsunun gerçəkliyə çevriləcəyinə inandılar və bu inancdan qüvvət aldılar. Millət eşqi ilə döyünən böyük ürək sahibi, Caviddən sonra ədəbiyyatımızda millət şairi kimi tanınan Xəlil Rza Ulutürkün”İdeal” əsərində təqdim etdiyi konsepsiyanı, fəlsəfəni yeni gəncliyin özünüdərki üçün böyük silah hesab edirdi.
Sən mənə bir yaraq verdin, raketlərdən güclü yaraq.
Bir cüt sönməz çıraq verdin, əziz şair, gözüm-çıraq.
Bəxş elədin elə müdrik, elə bir qüdsi kitabı,
Öpdüm, sıxdım ürəyimə kitab adlı inqilabı.
“İdeal” romanı İsa Hüseynovu İsa Muğanna etdiyi kimi, artıq oxucuları EysAra, BağOda, OdƏrə çevirmişdi. İdealdan sonra bir müddət susan yazıçı sonradan “Cəhənnəm”, “GurÜn”, “Qəbiristanlıq”, “İsahəq, Musahəq” kimi romanlarını, “İlan dərəsi və ya Peyğəmbərin taleyi”, “Qırx kisə qızıl”, “Söz yarası” kimi povestləri, məqalələri, açıqlamaları ilə yeni yetişməkdə olan Azərbaycan oxucusunun könlündə özünə tac qurdu. Sonrakı əsərləri və fikirləri sanki “İdeal” romanında qoyulan konsepsiyanın, fəlsəfənin, əfsunun, gerçəkliyin şərhi və təfsirləri idi.
Xalq şairi Zəlimxan Yaqubun “Ün” poeması İsa Hüseynovdan İsa Muğannaya keçilən yolun həyat fəlsəfəsini özündə ehtiva edən dəyərli poemadır. Kredo qəzetinin 31 oktyabr sayında Əli Rza Xələfli “Zəlimxan Yaqubun “Ün” poeması üzərində düşüncələr” məqaləsində doğru olaraq qeyd edir ki, “”Ün” bizə deyir: … poetik şərhin gücü hər misranın ilhamında və siqlətində Zəlimxan Yaqub imzasını təsdiqləyir. Bəli, bizim üçün adi olan, hamımızın anladığı, anamızın dilinin şəhdi-şəkəri ilə təbii balı, şirəsilə süslənmiş sözləri ancaq Zəlimxan Yaqub bu qədər ustalıqla İsa Muğanna zamanının və məkanının sonsuzluğunu özündə ehtiva edərək göstərə bilərdi…”
Böyük ustad İsa Muğanna ilə söhbətlərimizin birində məndən soruşdu ki, Şəmil, “OdƏrlər”in ikincisini yazırsanmı? Dedim, İsa müəllim, nəsə yaza bilmirəm hələ. Dedi: -tələsmə özləri deyəcəklər, onda da yazarsan. Birincini də yazanda onlar deyib, diqtə edib, sən yazmısan”. İndi İsa müəllim demişkən, sanki Zəlimxan müəllimə bu poemanı göylərdən kimsə diqtə etmiş, o da yazmışdır. Əsər o qədər elmi və fəlsəfi mətləbləri poetik şəkildə ifadə edir ki, sanki bu poema deyil, mənzum elmi əsərdir. Bəli, mənzum elmi əsər. Çünki İsa Hüseynovdan İsa Muğannaya qədər gedən yolda ustadın bütün yaradıcılığı poetik təhlilə cəlb edilmişdir.
Mənzum əsərlərdə elmi izahat və təhlillər verilməsi ənənəsi qədim türk təfəkküründən gəlir. Nizamiyə, Nəsimiyə, Xətayiyə yalnız şair demək və günümüzün anlamı ilə şair kimi yanaşmaq böyük yanlışdır. Kimlərsə elmi fikirlərini, fəlsəfəsini nəsrlə dediyi halda, bu böyük dühalar ahəngdar və ritmik olaraq ruhlara daha da yaxşı xitab etsin deyə nəzmi seçmişlər. Xalq şairi Zəlimxan Yaqubun “Ün” poeması onu göstərir ki, Sabir Rüstəmxanlı demişkən, “Bu torpaq hələ də bərəkətlidir”. Bəli, bərəkətin toxumları genetik yaddaşımızda yaşayır hələ də, onu elmlə, zəka ilə, saflıqla suvara bilsək, bir zamanlar Bilgə xaqanlar kimi dünya mədəniyyətinə yaşam konsepsiyaları və dini fəlsəfi dünyagörüş ixrac edən və sadəcə yaradan xalq kimi mühüm yeri olan türk təfəkkürü yenidən cücərər və bəşəriyyətin xilasının işığı ola bilər.
“Ün” poemasının sadəcə alt başlıqları göstərir ki, müəllif filosof yazıçının həyat və yaradıcılığına tam mənası ilə bələddir: Saf Ağ elmi, İsadan Muğannaya, Onun qurduğu məclis, Yerlə göy arasında, Atadan bağ ataya, Yanğın, “Zarinci” üstündə, Muğanna saz çalırdı, Sən nələr çəkirsən, Sui-qəsd, Pıçıltılar, Firuzə xanıma salamlar olsun, Nəimilik – Nəsimilik – Muğannalıq, Muğanna var, Muğannadan içəri.
Başdan-başa müəmma,
sehr qoxuyan kişi.
“Tövrat”ı, “İncil”i də,
Quranı “Gur ün” kimi,
Təzə gözlə, baxışla,
duyan, oxuyan kişi.
Sən ağ görmək istədin,
bu düzü, bu dünyanı.
Silahlardan aralı,
Günahlardan aralı,
Allahlardan aralı.
Misralardan bəlli olur ki, Zəlimxan müəllim “İdeal” romanından başlamış “Mənim məhəbbətim” adlı bir səhifəlik son yazıya qədər Muğanna yaradıcılığı ilə dərindən tanışdır. Müəllifin “Sehr qoxuyan kişi” ifadəsi isə maraqlı bir tapıntıdır. Elmi ədəbiyyatda magik realizm – əfsunlu realizm kimi səciyyələndirilən Muğanna yaradıcılığının baş obrazı olan İsa Muğannaya yaraşan uyğun poetik ifadələrdəndir – “Sehr qoxuyan kişi” ifadəsi. Ustad sənətkarın İsa Muğanna kimi yazdığı bütün əsərlərində bir sirr, bir məna gizlənib. Hər bir sözü üzərində fikirlər yürüdülə, müzakirələr açıla bilər. Şairin “Silahlardan aralı, Günahlardan aralı, Allahlardan aralı” misraları ilk baxışdan oxucunu düşündürə bilər. Lakin əminəm ki, Muğanna ideoloji fikri ilə tanış olan oxucu, gülümsəməyə bilmir bu məqamda. Dünyanı “Ağ” görmək istəyən yazıçı həyatının son 30 ilini təhrif olunmuş dinlərin, allahların mahiyyətini açmağa çalışdı. Onun konsepsiyasına görə bu gün dünyanı dinlərlə idarə edənlər pul allahları, qorxu allahları, təhrif allahlarıdır.
Hər hansı bir oxucu əsərləri ilə yazıçını oxuya, duya, anlaya bilər. Hətta onunla dərdləşə, söhbətləşə də bilər. Lakin bu cür bir poemanı yazmaq üçün vacibdir ki, oxuduğun əsərin müəllifi dostun ola, həm də onun yazdıqlarına pərəstiş edəsən, simpatiya ilə yanaşasan və hər cümləsinə qibtə edəsən ki, belə bir əsər ortalığa qoya biləsən.
Əzizimiz, Muğanna!
Heç kəs soruşmasın ki,
Haralıyam,
Mən də OdƏrlərdənəm,
Mən də Saf Ağlardanam.
Bəlkə, bir zamanlar Zəlimxan müəllim də İsa Muğanna ilə söhbətlərində onun göylərdən Ün eşitməsinə inanmadığını deyib və ya eyhamını vurub, bəlkə də sadəcə ürəyindən keçirib. Amma poemanı oxuduqca görürsən ki, bu gün Zəlimxan müəllim İsa Muğannaya və onun Ününə tam varlığı ilə inanır. Və zaman-zaman planetdən Muğannanın göndərdiyi ilahi səsi, siqnalı eşidir, qədim elm olan Ağ, maq, muğ – SafAğ elminin fəlsəfəsini sözün qüdrəti ilə bizə təqdim edir.
Doqquz oğlu, övladı,
bir-bir güllədən keçən,
İsa, Musa babanın
İsahaq, Musahəqtək,
Anadilə çevrilib
tüstülənən ahı da,
Yazıq Taftı qarının
Açılmaz sabahı da
Saf Ağ elmindən gəlir.
Cümrünün tütəyində
alovlanan nəfəs də,
Tapdığın sinəsindən
qopan o qəmli səs də,
Çayın hayqırtısı da,
selin gurlaması da,
Sudüşən çəmənində
Şehin parlaması da
Saf Ağ elmindən gəlir.
Yuxarıdakı misralar İsa Muğanna taleyi ilə, obrazlarının taleyinin ifadəsidir. Çünki İsa Muğannanın adı onun əmisinin, Musa isə babasının adıdır ki, biz bu haqda İsa Muğannanın “Həyatımdan səhifələr” oçerkindən oxuyuruq: “İsa əfəndi mənim doğuluşumdan səkkiz il əvvəl, nəslimizin Muğanlıdan əvvəlki kəndi Padişahlıqda dünyasını dəyişmiş əmim idi. Nəriman Nərimanov sosialist ideyaları təbliğ etdiyinə görə həbs olunub Tiflis həbsxanasında bir il yatdıqdan sonra, 1906–cı ildə Bakıya gedərkən SafAğ elmi haqqında məlumat toplamaq üçün yolunu SafAğ alimlərinin kəndi Padişahlıqdan salıb, orada babamla doğma qardaş qədər yaxınlaşdıqdan sonra, 1913-cü ildə Odessadan təhsildən qayıdanda Zeynalabdin Tağıyevinkompanyonu, babamın əmisi oğlu “Xozeyin Məhəmməd”in vasitəsilə SafAğ təhsilli İsa əfəndini, kiçik qardaşı Musa ilə birlikdə Bakıya çağırtdırıb. Qara şəhərdəki hərbi gimnaziyaya qəbul elətdirib, şəxsən “silsilə”dən, (Həllac Mənsurdan, Firdovsidən, Nizamidən, Nəsimidən, Füzulidən, Yunis İmrədən) özü dərs deyib. Musa gimnaziyanı qurtarmamış xəstələnib Padişahlığa qayıdıb.”
İsa Muğanna istər bədii əsərlərində, istər müsahibələrində, istər publisistik məqalələrində, istərsə də, adını çəkdiyimiz “Həyatımdan səhifələr” əsərində elə bir üslub seçib ki, oxucu birmənalı olaraq bütün bu olanların bir bədii təxəyülün məhsulu yox, İsa Muğannanın öz taleyi olduğu qənaətinə gəlir. Çünki İsa Muğanna ədəbiyyatla əbədiyyatın, ədəbiyyatla həqiqətin, ədəbiyyatla tarixin, ədəbiyyatla göyün, ədəbiyyatla yerin arasında olan “sehr qoxuyan kişiydi”.
“İdeal” romanı ilə əsası qoyulan SafAğ elminin fəlsəfəsini bir dərviş kimi oxuculara izah etməyə çalışan şair yazır:
Saf Ağ elmi deyir ki,
Cahilliyə nöqtə qoy,
cəhaləti məhv eylə.
İnsanlar arasında
Qanlı düşmənçiliyi,
ədavəti məhv eylə.
…
Saf Ağ elmi deyir ki,
Öz işini halal gör,
Öz işini təmiz tut,
Can gəldi-gedəridi,
elmi candan əziz tut.
İsa Muğanna ideologiyasının əsasında duran ən ali amal elm idi. SafAğ elmi. Bu elm cəhalətin kökünü kəsmək, onu məhv etmək üçün işıq gəmiləri tərəfindən insan oğluna göndərilmişdir. Lakin insan oğlu cəhalətə uyaraq bu elm qılıncının qəbzəsindən tuta bilmir, onun üçün də dünya qan gölünə, bəşəriyyət nəfsinin qurbanına çevrilib. Bu misralarda Nəsimi fəlsəfəsindən qaynaqlanan İsa Muğanna ideologiyasının mayasını Zəlimxan Yaqub sanki Şah Xətayi modelinə çevirib oxuculara təqdim edir. Bu model İsa Muğannanın xalq genetik yaddaşından, yoxluğu var edən ruhundan yoğrulduğunu daha praktik şəkildə göstərir. Seçilmişlər zamansız olsa da, dediklərinin zamana görə önəmi daha böyükdür. Kodlaşdırılmış mesajları İlahi Ünün gücü ilə biri seçilmiş bəşər övladına yetirirsə, onun həzm olunmasında sonrakı varisin işi daha önəmlidir. Muğannadan sonra Zəlimxan Yaqubun bu poema ilə üzərinə götürdüyü mənəvi yük SafAğ elminin xalq təfəkkürünə, düşüncəsinə yaxınlaşdırması missiyasıdır.
Səsi sazdan gəlirdi,
ünü neydən gəlirdi.
İstədiyi nə varsa,
enib göydən gəlirdi.
Mələklər qanad çalır,
Göydə yalanlar olmur.
Göydə təhriflər olmur,
Göydə talanlar olmur.
Göydə əqrəblər olmur,
Göydə ilanlar olmur.
İlana zəhər verən
filan filanlar olmur.
-deyən müəllif bu misralarla adiliyin içindəki qeyri-adiliyi, sadəliyin içindəki mürəkkəbliyi, yoxluğun içində varlığı sözlərlə yansıtsa da, Muğannanın Yerdən üz döndərib göylərə olan etibarının və inamın səbəblərini daha aydın izah edir. Bir çox insan Yerdə olan bəlaların, faciələrin, vəhşətlərin, dəhşətlərin məhz göylərdən gəldiyinə bu gün də inanmaqdadır. Bütün dini kitabların söykəndiyi bir həqiqət var: Cənnətdən yerə qovulan və ya göndərilən ilk insan Adəmdir. Və bu ilk insan həm də ilk peyğəmbərdir. Bu gün bəşəriyyətin caynaqlarında can verdiyi nəfs, tamah, qan da elə Adəmin ailəsi ilə dünyaya tanışdır. Bu da onu deməyə əsas verir ki, göylərdən yerə göndərilən Adəm özü ilə bir çox bəlaları gətirmiş və bəşəriyyətə miras qoymuşdur. Yuxarıdakı misralara diqqət etdikdə, Muğanna həqiqətinin nüvəsində göylərin paklığından danışıldığını görərik. Bəlkə də, məhz bu səbəbdəndir ki, insan övladı bəzən də məcazi anlam daşıyan göylərdən, qutsal yaşam tərzindən qovuldu və dünyamıza göndərildi. (Bəlkə də, Adəm yerə endirilməmişdən öncə yerdə yaşayanlar vardı və bu yaşayanların xisləti pozulmamış, korlanmamışdır. Bəlkə də, Adəm və arvadının Tanrı dərgahından qovulandan sonra yer üzündəki özbaşınalıqlarının qarşısını almaq üçün öz nurundan yaratdığı yeni bir qövmü Yerə göndərib. İstənilən halda Göy Yerdən daha pak və daha aydındır, həm materiya, həm də ideya baxımından.)
Göylərin kir, ləkə, hiylə, təhrif saxlamadığı üçün aqil insanların əksəriyyəti kimi Muğanna həqiqət Ününü yalnız göylərdən eşitmək istəyirdi. Çünki günah ifadəsi göylərdə yaşayanların nə ağlından keçir, nə də dillərinə gəlirdi. Ustad sənətkarın eşitdikləri və ya eşitmək istədikləri isə o qədər batini mənalarla yüklü idi ki, yerdəki insan bunu anlaya və dərk etməkdə çətinlik çəkirdi. “Ün” poemasının misraları isə bu simvolların açılmasında çətinlik çəkənlər üçün daha sadə dillə sirli elmi izah edir.
Həmin batini elmdir, dindir ki, “bu din (və bütün dinlər) məhəbbət dinidir. Qanun və ehkam yığıntısı deyil. Biz ərəblərin, bizə “əcəm” deyərək ixrac etdikləri din adlanan dəbilqənin altında can vermək üzrəyik! (buna deyərlər, həyəcan siqnalı, yoxsa “din əldən getdi, qoymayın, millət kafir oldu”. Bunlar hamısı boş-boş şeylərdir.) Din bizimdir… Amma ərəb dövlətçiliyi tarixi bizim deyil. Din bizimdir… Amma İran şiəliyi bizim deyil. Mən İmadəddin Nəsiminin təqdim etdiyi Həzrəti Mühəmmədi sevirəm! O. Hərra mağarasında “Hu” deyərək, özündən gedən aşiqdir. Mən Xətayinin vəsf etdiyi Əlini sevirəm! O Əli ki, mənə 4-cü xəlifə olaraq lazım deyil.” (fəlsəfə doktoru Fəxrəddin Salim)
Xalq şairi Zəlimxan Yaqubun “Ün” lirik poeması bütövlükdə İsa Hüseynov-İsa Muğanna yaradıcılığını özündə ehtiva edən dəyərli bir əsərdir. Poema yaradıclığının demək olar ki, olmadığı dövrdə bu cür bir əsərin yazılması istər nəzmin, istərsə də tərənnümün ən incə məqamları, zərif və ilahi mətləblərin daşıyıcısı olduğuni bir daha sübut edir.
Xalq şairi Zəlimxan Yaqubun “Ün” poeması axıcı dili, üslubu, daşıdığı tarixi əhəmiyyəti ilə XXI əsr Azərbaycan şeirinin qızıl fonduna düşəcək, ədəbiyyatşünaslığın ən maraqlı tədqiqat obyekti kimi yaşayacaq əsərlərdəndir.