Azərbaycan Elmi Elmi-pedaqoji

İSA MUĞANNANIN “CƏHƏNNƏM” ROMANI HAQQINDA

İsa Muğannanın “Cəhənnəm” əsəri müstəqillik dövrü ədəbiyyatımızın dəyərli əsərlərindən olduğu qədər ədəbiyyatşünaslığımız baxımından da maraqlı əsərdir. Modernist romana xas olan “keçmişə qarşı indiki zamanın daha üstün tutulması” metodu tam şəkildə əks olunub.

“İdeal” romanından sonra İsa Muğannanın mövzusunun artıq yerdən yox, göylə yerin vəhdətindən alındığını görmək o qədər çətin deyil. Qulu Ağsəsin təbirincə desək, İsa Hüseynovun bütün yazdıqlarının mayası yerdən, torpaqdan götürülüb. Yəqin elə ona görə biz İsa müəllimi sevir və təqdir eləyirik. Çünki biz yer adamlarıyıq, boyumuz torpaqdan olsa-olsa onca qarış yuxarıdı. Muğannaya (özü demiş) bütün yazdırılanların mayası isə göydən, Tanrıdan tutulub.

Azərbaycan nəsrinə yeni bir yozum, ədəbi baxış, üslüb gətirən yazıçının “Cəhənnəm” əsəri bədii estetik zövq baxımından çox maraqlı əsərdi. İlk olaraq əsərin adı adamın diqqətini çəkir. “İdeal” romanı ilə tanış olanlar bu sərlövhədən bir çox istiqamətlərə yönəlir və əsəri oxumaq üçün tələsir. Bu yazıçının ustalıqla seçdiyi priyomdur. Çünki bir çoxları İsa Muğannanın dini dünya görüşünün nə olduğunu tam dəqiqləşdirə bilməyib. Hələ də isa Muğannanın heç bir dinə inanmadığını düşünənlər bu ifadəni oxuyan kimi “deyəsən, İsa Muğanna nəsə fikrini dəyişib” deyə düşüncəyə qapılır, bunu dərk etmək üçün həvəslə oxumağa başlayır. Yazıçı üçün ilk növbədə oxucunu öz aurasına salmaqdır. Bunu da “Cəhənnəm” romanı layiqincə bacarıb. Əsərin ilk səhifəsində “Cəhənnəm deyilən, doğrudan da, varmı ya yoxdur? Ömrü onsuz da işgəncələr içində keçən insanı bir daha, özü də daima əzaba salmağa hansı vicdansız yaradıcıya lazım olub?” kimi cümlə ilə başlamaq intellektual oxucunun diqqətini cəlb etmək üçün ən yaxşı motivasiyadır. Bunu oxuyan və bəşəriyyətin halına bələd olan oxucu əsəri acgözlüklə qarşılayır. Əgər bu ifadəni oxuyan dindar oxucudrsa, onun da diqqətini çəkir. Lakin həmin oxucu bəsirət gözünü bağlayıbsa, həyata yalnız bir pəncərədən baxırsa, o zaman əsər də, müəllif də elə həmin andan onun üçün bitmişdir. Ona görə də İsa Muğanna yaradıcılığı oxucusundan mütaliləli olmağı, şərq və qərb fəlsəfəsini, tarixini yaxşı bilməyi, siyasi prosesləri isə analiz etmə bacarığı tələb edir.

Əsərin ilk səhifəsində yaradılan bədii ziddiyyət oxucuda çaşqınlıq yaradır. Çünki vediyi iki cümləlik fikirdən sonra əminliklə “Var cəhənnəm”,- deyir. Bu ifadə o qədər inandırıcı səslənir ki, artıq şübhə etmirsən. Üstəlik müəllif ənənəsinə sadiq qalaraq burda da öz dilindən danışır və hadisələri şahidlik yolu ilə izah edir.

Bu dünyadan sonra başqa bir dünyanın olduğunu mifik düşüncə də, bütün dinlər də söyləməkdədir.

Və beləcə oxucusuna “fantastikasız fantastika” deyə-deyə gərgin, düşündürücü, beyni şoka salan fikirlərlə bir həzz yaşadır. Oxucu kitabı əlindən yerə qoyduğu zaman ağlından keçən ilk olan budur: görəsən bunlar doğru ola bilərmi? Bu isə yazıçının məqsədinə çatması, ideyasına inandırması deməkdir.

***

İsa Muğanna “İdeal” əsərində oda olan münasibətini bəyan etmiş, onu “həqiqət” adlandırmışdır. Türk mifologiyasına diqqət etsək, oda münasibət İslam dinindən və şərq fəlsəfəindən tamamilə fərqlidir. Qədim türk xaqanlarının yanına gələn elçilərin odun arasından keçirilməsi və ya tullandırılması saflaşma əlaməti idi. Od Qədim türklərə görə ocağın (ev, ailə) ruhunu özündə ehtiva edirdi. Şamanizmə görə də hər kəs öz odunun, yəni ocağının ruhunu qorumalı idi. Odu sönmək, ruhun ölümü demək idi. İsa Muağannaya görə, təhrif ayələr, təhrif fikirlər Odun mahiyyətini dəyişib.

Əsər boyunca oxucu İsa Muğannanın cəhənnəm anlayışı və mahiyyəti ilə tanış olur. Müəllifə görə Quranda haqqında danışılan, təfsirlərdə izahı verilməyə çalışılan cəhənnəm odu heç də təqdim edildiyi kimi deyil. Bizim başa düşdüyümüz kimi tonqal qalayıb insanları milyon dərəcə selsi istilik əldə edib odda yandırmaq sadəcə təhrifdir. Çünki ideal heç bir zaman materiya ola bilməz. İnsan sözdür, insan işıqdır, insan vicdandır. Onu yandırsa, yandırsa vicadn əzabı yandırar. Yuxarıda deyilənlər isə sadəcə cahil insanı qandırmaq üçün işə yaraya bilər.

***

“Cəhənnəm” romanı fantastika janrının da ədəbiyyatımız üçün maraqlı nümunələrindəndir. Romanın növləri baxımından yanaşsaq, tarixi-fəlsəfi roman adını da vermək mümkündür. Çünki əsərdə Azərbaycanın cənublu, şimallı tarixi taleyi üzərində qurulan süjet, daha çox müəllifin təxəyülünün sayəsində genişlənib. Müəllifin təqdim etdiyi faktlar, ümumiləşdirilmiş Bünyad, Səməd, Musa, xalq obrazı Muğannalar və onların tarixi keçmişi həqiqətləri əsərin tarixi roman janrına yaxınlığını göstərir. Lakin əsərdə Səməd Əmirlinin, Qumralın, Sərvinazın, Musanın bəşər övladı və Tanrı kultuna özünəməxsus münasibəti, Cəhhənnəm və Cənnət kimi fəlsəfi bir ideyanın problematikası əsərə fəlsəfi bir roman ab-havası gətirir.

Roman içində roman yanaşması baxımından, mövzu, ideya, yozumların mistika ilə siyasətin vəhdəti aspektindən “Cəhənnəm” romanı Mixail Bulgakovun “Master və Marqarita” romanını xatırladır. Digər bir tərəfdən də mövzu Hötenin “Faust”, Hüseyn Cavidin “İblis” əsərlərində də öz həllini geniş tapıb.

Ədəbiyyat

1. İsa Muğanna “Cəhənnəm” romanı. Bakı, Hədəf nəşrləri-2013

2. Philip Stevick. Roman teorisi. Akçağ Basım Yayım Pazarlama A.Ş. Kızılay – Ankara 2004.

3. Şəmil Sadiq. Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası. Bakı – 2012.

4. İsa Muğanna Seçilmiş əsərləri 6-cı cild. Bakı Avrasiya press -2009

5. Himalay Ənvəroğlu. Azərbaycan romanının inkişaf problemləri. Bakı Nurlan Nəşriyyatı 2008.

 

f.ü.f.d., dos. Şəmil Sadıqov

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini

shamilsadiq@mail.ru

shamilsadiq@hotmail.com

Oxşar yazılar