Azərbaycan Elmi Elmi-pedaqoji

İsa Muğannanın “İlan dərəsi” kitabında tarixilik və mistika

İsa Muğanna… Bu ad bütün Azərbaycan oxucusuna doğmadır. Ədəbiyyata gəldiyi gündən keşməkeşli bir ömür yolu keçən İsa Muğanna tutduğu qələmə həmişə sadiq qalmış, çətinliklərə, təzyiqlərə baxmayaraq, inandığı yoldan dönməyən dahi bir şəxsiyyət kimi özünü təsdiqləmişdir. Ədəbiyyatımızda, bəlkə də, dünya ədəbiyyatında onun kimi ikinci bir şəxsiyyət yoxdur ki, uzun illər öncə yazdığı əsərlərə dönə-dönə qayıtsın, məzmununda ciddi dəyişikliklər etsin. Bəlkə də, kimlərsə bunu cəsarətsizlik və lüzumsuz bir hal kimi qəbul edir. Amma, məncə, bu İsa Muğannanın yazdıqlarına və düşündüklərinə sədaqətli olmasından və səmimiliyindən irəli gəlir. Çünki qələminə və sözünə şübhə belə olmayan bir sənətkar öz əsərini yenidən işləyir, onu əlavələrlə zənginləşdirirsə, bu bir növ onun səmimi söz ustadı olduğundan xəbər verir. Professor Nizami Cəfərovun dili ilə desək, “Mən sizin yazdığınız hər cümlənin heyranıyam, çünki sizin yazdığınız hər bir cümlə Azərbaycan dilinə tarixi nüfuz (və hörmət) gətirir. Sizin bədii intellektual təfəkkürünüzün miqyası elədir ki, dünyada mövcud olmuş (və olan!) istənilən xalqın yazıçısının bədii intellekti ilə müqayisə oluna, həmin müqayisədə ən yeqri-obyektiv hakimin münsifliyi ilə qalib gələ bilər.” 1

İsa Muğannanın “Yanar ürək” əsərini yenidən işləyib “İdeal”, “Doğma və yad adamlar” əsərini “İsahəq, Musahəq” adlandırması, “Qəbiristan”ı, “GurÜn”ü, “Cəhənnəm”i yenidən əlavələrlə işləyib oxuculara təhfil verməsi səbr və əzm istəyir. Heç bir yazıçı bədii əsərinə qarşı bu qədər tələbkar deyil. Amma İsa Muğanna bunu bu ahıl yaşlarında da edirdi. Ömür-gün yoldaşı Firuzə xanım belə Muğannanın bu tələbkarlığına bəzən üsyan edirdi. Söhbətlərimizin birində ustad sənətkar dedi ki, “Gərək “Məşhər”i yenidən işləyim”. Bu zaman Firuzə xanım: “Ay İsa, bəsdir, sən Allah” deyərək etirazını bildirdi. İsa müəllim isə öz mövqeyində qaldı və imkan tapan kimi işləyəcəyini desə də, ömür vəfa etmədi.

 

İsa Muğannanın son kitabı olan “İlan dərəsində” dörd yeni əsəri verilib: “Həyatımdan səhifələr” oçerki, “Qırx kisə qızıl”, “Söz yarası” və “İlan dərəsi və ya peyğəmbərin taleyi” povestləri. Bu əsərlər ilk dəfə Azərbaycan jurnalında çap edilsə də, hələ kitab şəklində oxuculara təqdim edilməmişdir. Bu əsərlərin birinci nəşrini hazırlamaq ilk dəfə mənə nəsib oldu. Bu mənim üçün İsa Muğanna demiş “fantastikasız fantastika” kimidir. Çünki bir vaxtlar əsərlərini oxuyub ideal dünya axtarışında olan bir tələbənin bu ideal dünyanı təqdim edən bir dahinin əsərlərini çapa hazırlaması və ön söz yazması bir möcüzə kimidir. Pafoslu səslənməsini istəmədiyim bir fikri bura yazmaq istərdim, ön söz yazıb-yazmamağım haqqında çox düşünürdüm. Sərhədsiz bir ideya və fikir sahibinin əsərləri haqqında nəsə yazmağın məsuliyyəti məni sıxırdı. Amma Ustadım qəbul etdiyim Muğannanın şərəfinə və əsərlərindən təsirlənərək yazdığım “OdƏrlər” romanımın ön sözünə yazdığı rəydəki son cümlə məni cürətləndirdi: Çünki bizim ikimizin taleyi var bu kitabda. Tale birliyi, əbədi yazıçılıq birliyi, gələcək həyat birliyi böyük, nadir xoşbəxtlikdir… Elə bu cümlədən ürəklənib kitabın adını da təklif etdim: “İlan dərəsi”. (2.s.3.) Bir az düşündü və olar dedi. Çünki təklifi etdiyim zaman kitabın üz qabığının dizaynını da aparmışdım. “Ağ gəlini yaxşı fikirləşmisiniz” dedi. Zəif görən gözləri ilə ƏsƏlmənin təsvir edildiyi rəsmə baxıb: Bunu daha yaxşı oxşatmısınız”,-dedi. Bu ikimizində gülüşünə səbəb olmuşdu.

Azərbaycan ədəbiyyatında çox böyük rezonans doğuran “İdeal” əsəri haqqında demək olar ki, ölkəmizin ən böyük alimləri öz tənqidi fikirlərini yazmışdır.

Akademik İsa Həbibəyli İsa “Heseynovdan İsa Muğannaya: Axırıncı əlyazma və bütöv dünya” məqaləsində qeyd edir ki, “İsa Hüsenovun yaradıcılığı Azərbaycan bədii nəsrinin böyük ustadı Cəlil Məmmədquluzadə ilə altmışıncı illər ədəbi nəslinin arasında körpü funkiyasını daşıyır. İsa Hüseynovun əsərləri Azərbaycan altmışıncılarının möhtəşəm bir proloqudur. Sanki İsa Hüseynov doğma və yad adamlar haqqındakı qənaətlərini, yazıçı təəssüratlarını Azərbaycan altmışıncılarına təhvil verib, özü tamam yeni bir sahə ilə, «İdeal» romanı ilə və onun davamı olan yeni dünyanı təsvir etməklə məşğul olmağa keçmişdir. «İdeal» yalnız İsa Hüseynovun yaradıcılığında deyil, geniş mənada Azərbaycan ədəbiyyatında özünəməxsus bir istiqamətdir.” (3. s. 5.)

İsa Hüseynovun birdən-birə isa Muğanna olduğunu düşünən və yazanlar da az olmamışdır. Amma onun ta doğulandan Muğanna olub sivilizasiyanın yaradılışından xəbər verən Muğlardan olması nəsil-nəcabətinin keçdiyi həyat yolundan görünür. İsa Muğanna doğulduğu gündən İsa Əfəndi olmuşdur. Hər şeyi bilən ağa, üləma, sayğıdəyər, bilgiyə sahib anlamında işlənən “Əfəndi” kəlməsi İsa Muğanna doğulanda ona verilən ilk ad idi. İlahi bir səs bu adı İsa Muğannanın ata qohumu Hilal xalaya dedizdirib. Müəllif bunu özü belə qeyd edir: “Hilal xala sevinclə xey­mə­dən eşiyə atılıb, deyib: – Gözün aydın, ay Omar ağa, İsa əfən­di gəldi!” İsa Əfəndi Muğannanın əmisi olmuşdur. Tarixi sirləri varisləri ilə gələn nəsillərə ötürən Muğlar, Muğannalar İsa Əfəndiyə “Nəslin Günəşi” deyərlərmişlər. Çünki o SafAğ elminin bilicisi və bu elmi gənclərə çatdırmaqda görəvləndirilən bir şəxs idi. O dövrü üçün “çox təhlükəli “İstoriya İslama” kitabı”nı yazmışdır. Yaradılışın sirlərini qəlbində daşıyan, amma bildiklərinin hamısını OdƏrlərə ötürə bilməyən bir SafAğ alimi idi. Çünki vaxtsız vəfat etmişdir. Bu şanlı və müqəddəs iş İsa Muğannanın çiyninə düşdü və o, bu şərəfli işi ləyaqətlə, yolundan dönmədən həyata keçirdi. Mehdi Hüseynə “Anadil ötəndə” öçerkinə görə “atamı daha yaxşı tanıyıram” deyib öz gördüklərindən yazan İsa Muğanna ömrünün sonuna qədər gördükləri və eşitdiklərindən başqa heç nə yazmadı. Gördükləri onun həyatına biçilən yaşam, eşitdikləri isə Bağ atanın ona babaları, ataları və işıq vasitəsi ilə dedikləridir. İsa Muğannanın yazdıqlarını anlamayan, dərk edə bilməyən şəxs gərək ki, onun 81 yaşında yazdığı “Həyatımdan səhifələr” oçerkini oxusun. O bir OdƏr nəslinin şəcərəsini dərk etdiyi həqiqətlə bu əsərində yazmış, o əsərləri niyə və necə qələmə aldığını pafossuz qeyd etmişdir. Bu oçerk İsa Muğannanın yaşadıqlarını və yazdıqlarını özündə əks etdirən bir tezisdir sanki.

İsa Muğanna möcüzəli bir şəxsiyyətdir. “Həyatımdan səhifələr”i oxuyanda bir hadisə oxucunu mistika ilə tarixi gerçəkliyin vəhdətində vəcdə gətirir. Çünki “Həyatımdan səhifələr” nə qədər tarixə söykənən bir oçerk olsa da, bir o qədər də mistik inancı ehtiva edir. Əsərdən bir daha İsa Muğannanın təsadüfən Hüseynovdan Muğannaya çevrilməsinin təsadüfi olmadığının şahidi oluruq. müəllifin həyatında baş verən həqiqətləri mistik bir yozumla təqdim etməsi qeyr-adi düşüncə sahibi olduğunu ortaya çıxarır. “Postmodernist mətnlərdə məqsəd hadisəni danışmaq deyil, hadisənin yaratdığı duyğuları anlatmaqdır ki, bu da “yalnızlıq, gerçək həqiqət, depresiya” kimi duğuların ifadəsidir. ” (4.)

Əsərdən məlum olur ki, İsa Muğannanın və ömür-gün yoldaşı Firuzə xanımın valideynləri rəhmətə gedəndən sonra həm özünün 6 bacı-qardaşı, həm də Füruzə xanımın 6 bacı – qardaşını evləndirib köçürmək bu kişinin müqəddəs vəzifəsi olur. Onları evlənirib yola salandan sonra, yəni evləndikdən 20 il sonra həyatının sevinci-Sevinc adlı qızı dünyaya gəlib. Bu doğrudan da bir möcüzədir. İsa Muğannanın vəfatından sonra Firuzə xanım bu müəmmalı həyat tərzinə bu cür qiymət verir: “İsayla o qədər ağrılı-acılı günlər gördük ki… İsanın da, mənim də atam müharibəyə gedib qayıtmadılar. Davud Nəsib adında şair var idi, tanıyırdınızmı? Bax, o, kiçik qardaşım idi. Atam elə onun ancaq üzünü görə bildi. Onların evində İsa böyük uşaq idi, bizim evdə də mən. Onların hamısını böyüdüb ali təhsil verdik, ailə sahibi elədik. Amma demək olar ki, indi onların böyük əksəriyyəti dünyadan köçüb. Mən bilmirəm nədir günahımız ki, onlar bizdən qabaq köçdülər, axıra qalan biz olduq.” (5.) Bundan sonra isə “Yanar ürək”, “İdeal”, “Doğma və yad adamlar” “İsahəq, Musahəq” yazılır, cəmiyyət İsa Hüseynovu İsa Muğanna olaraq tanıyır. Bu o zaman olur ki, İsa Muğanna şəcərənin layiqli yaşamasını təmin edir. Seçilmiş olduğunu sübut edir. Beləcə gah silsilənin çağdaş nümayəndəsi Səmədi, gah da ən qədim nümayəndələri-ƏsƏlməni (Süleyman peyğəmdəri), ƏsƏlEyi (İsa peyğmbəri) BağhəmOdu (Məhəmməd peyğmbəri), ÜnƏsimi (Nizami Gəncəvini), Nəsimini yazdı. Yazdı və qəbiristanlığa çevrilmiş beyinləri SafAğ işığı ilə işıqlandırmağa çalışdı. Amma bəzi qəbiristanlıqlar bunu dərk edə bilmədi. İsa Muğannanın ağlını itirdiyini söylədi və yazdı. Düzdür, İsa Muğannanın SafAğ elmi haqqında dedikləri bir insanın asanlıqla qəbul edə biləcəyi fikirlər deyildi. Bunun üçün gərək beynində SafAğ işığı olsun. Beynində bu işıq olanlar və ya bu işığı görmək istəyənlər onun yazdıqlaranı duya və ya anlaya bilərlər. Hüseyn Cavid heç də təsadüfən “Şeyx Sənan” əsərində Sənanın və Xumarın əl-ələ tutub uçduğunu yalnız ruhu pak olanların gördüyünü yazmamışdır. O pak ruhları-SafAğ işıqlarını yalnız saflaşmışlar görə bilərdi. Nəzərə alsaq ki, beyinlərimizin işığı sönüb, onda biz İsa Muğannanın 40 ilə yaxın bir zamanda SafAğ elmi haqqında yazdıqlarını necə başa düşə bilərik?

 

“İdeal” romanındakı “Qapalı dünya”, “Eysar çarmıxda”, “Peyğəmbərin möhürü” kimi hissələri və ondan sonra bu ideyanı daha da dərinləşdirib “Cəhənnəm”, “Qəbiristanlıq”, “İsahəq, Musahəq”, “İlan dərəsi və ya peyğəmbərin taleyi”, “Qırx kisə qızıl” kimi əsərləri ağlı başında olan heç kim yaza bilməz. Çünki bu ağıl göylərlə əlaqəyə girə bilmirsə, ordan qidalana bilmirsə, onları nə düşünə və qələmə ala bilər, nə də anlaya… İnsan göylərlə-Yaradanla əlaqəyə girməyi və onu eşitməyi bacardığı bir zaman ağlı-SafAğ işığı başındakı kəllə sümüyündən – ət parçasından uçub yaradanla əlaqəyə girdiyi zaman qeyri-iradi fikirlər söylər. “Həyatımdan səhifələr” oçerikini vərəqlədikcə görürük ki, İsa Muğanna ağlı başından çıxıb göyləri gəzən və eşidən bir OdƏrdir…

 

*** *** ***

İsa Muğannanı tarixi keçmişimiz, insanın yaradılışı, mifik düşüncələr maraqlandırsa da, o çağdaş cəmiyyətimizdə gedən proseslərə heç bir zaman biganə qalmamışdı. 85 yaşlı yazıçı iki eynəyi üst-üstə geyərək, böyük bir lampa işığında oxuyub-yazmasına baxmayaraq, milli taleyimizə təhlükə olan bütün məsələləri izləyir, öz analitik düşüncələrini istər müsahibələrində, istərsə son yazdığı povest və romanlarında ürək ağrısı ilə qələmə alırdı. İsa Muğanna yerlə göyün əlaqəsindən danışır, qədimdə yerdə olanların xəbərini göylərdən alıdığını deyirdi. Orxan Fikrətoğlunun “Ölü mətn” romanında deyildiyi kimi “Hələ göydən səs, mələk, fikir və adam gəlməkdədir. Qeybdən xəbər eşidənlər var. Bizim elin kahininə Dədə deyirlər. O, bizim mətnimizi yazır.” Bu ifadələr sanki İsa Muğannanı ifadə edir. Hətta Orxan Fikrətoğlunun Cəlil Məmmədquluzadəyə ruhən bağlılığı göstərir ki, özünü Cəlil ədəbi məktəbinin yetirməsi hesab edən Muğanna yaradıcılığının ikinci mərhələsi-magik realizmi Orxan Fikrət oğluna da təsir etmişdir. Bu baxımdan “Ölü mətn”də adı keçən təhrifsiz Dədə elə İsa Muğannanın prototipidir demək olar.

 

Yaranışının tarixi və səbəbləri bilinməyən erməni-türk düşmənçiliyi mövzusunda hələ “Cəhənnəm”, “Qəbiristan” romanlarında yazmış yazıçı “Qırx kisə qızıl” və “Söz yarası” povestlərində bu mövzuya yenə toxunmuş, düşmənin fitnəkarlığını bir daha göstərməyə çalışmışdır.

 

İsa Muğanna “İdeal” romanında qoyduğu bir ideyanı – Xalqların vahid kökü və vahid dili ideyasını “Qırx kisə qızıl” povestində çox anlaşıqlı bir dillə qələmə almışdır. Öz prinsiplərindən vaz keçməyən, bəşərin taleyi düşüncəsinin carçısı olan filosof-yazıçı bu əsərində SafAğ elmini başa düşməyənlərə müəllimlik etməyi qarşısına məqsəd qoymuşdur. Düzdür, müəllifin bu müəllimliyi- ustadlığı bütün əsərlərində var, amma bu əsərdə ustad sənətkar sanki dediklərinin dərin mənasını anlamayan şagirdlərinə bütün bu mətləbləri daha asan, daha sadə və bir az da onun ruhuna daha yaxın olan əhvalatlarla yoğuraraq çatdırmışdır.

 

“Qırx kisə qızıl” povesti bir gəncin-Zahidin dilindən danışılır. Fəlsəfi fikirlərlə yüklü olan bu tale kitabı əsərin baş qəhrəmanı Zahid və Nəsibənin saf sevgisinin təqdimi ilə gərilmiş fikirləri sanki sığallayır, oxşayır. Amma bu şirin sevgi nəğməsi bir həyat fəlsəfəsini özündə daşıyır.

 

Əsərdə erməninin dilindən danışılan “Aşıq Qərib” dastanının əsli, sözsüz ki rəmzi mənadadır. Bütün tarixçilərin gəlidiyi bir qənaət var: bütün insanlığın və türkün qədim tarixi bu gün gizli qüvvələr tərəfindən gizlədilir və ya təhrif edilmiş formada bizə təqdim edilir. İsa Muğanna da “Aşıq Qərib” dastanının əsil variantını bu əsərdə təqdim etməklə, tarixi şəxsiyyət olan Məmmədhüseyn Təhmasibi bir obraz kimi təsvir etməklə, hətta Məhəmmədhüseyn Təhmasibi bu dastanın əsl variantını nəşr etdirməməkdə günahlandırmaqla, Ermənistandakı gizli “Matenadaran” kitabxanası haqqında “Matenadaran əməkdaşı” Karens Karapetyanın dilindən danışmaqla, Mircəfər Bağırovun anti-millət fəaliyyətini təqdim etməklə, Göyçə mahalının ermənilərə necə verilməsini, insanların necə köçürül-məsini göstərməklə türk dünyasını öz tarixini araşdırmağa, düzgün kimliyini bilməyə səsləyir. Tarixi əsərləri özünə mövzu seçən bədii əsərlərin bir funksiyası da bu olmadır, bizcə.

 

Yazıçının bir çox əsəri kimi, “Qırx kisə qızıl”ı da vərəqlədikcə sanki tarixi bir əsər oxuduğunu, bitirdikdən sonra isə İsa Muğannanın tarixçi və bu əsərin də tarixi əsər olduğunu düşünürsən. Çünki bədii ədəbiyyat olmasına baxmayaraq, o qədər inandırıcı bir dil, fakt var ki, dəhşətə gəlirsən. Bəlkə də, İsa Muğannanın yazdıqları bir tarixdir və oxucuların dəli olmaması üçün adını bədii ədəbiyyat qoyub. Axı nə qədər də olmasa, bədii ədəbiyyat təxəyyülün məhsulu kimi qəbul edilir. Amma biz dünya ədəbiyyatından da görmüşük ki, bu gün dünyanı heyrətə gətirən texnikaların: yeraltı gəmilərin, vertolyotların nəzəriyyəsi elə ilk dəfə bədii əsərlərin müəllifi Jül Vernin bədii əsərlərində verilmişdir. Sonralar isə alimlər bu fantastik fikirlərdən bəhrələnərək yeni ixtiralar etdilər və bu ixtisarlar bu gün həyatımızın əsas amilinə çevrildi. Jül Vern deyirdi ki, bir adamın xəyal edəcəyini başqasının reallaşdırması çətin deyil. Bəli, bu gün, bəlkə də, bizlərə xəyal kimi görünən İsa Muğanna ideyaları, açılmamış gizlin mətləblər, gizlin tarixlər bir gün bir tarixçi, arxeoloq tərəfindən kəşf ediləcək.

 

İsa Muğanna yenə bir çox stereotipləri yıxdı. Çünki əsərdə Uğur Mağarov, Mircəfər Bağırov, Məmmədhüseyn Təhmasib, Yemliyanov kimi tarixi şəxsiyyətlər və ya tarixi şəxsiyyətlərin prototipləri var. O, indiyə qədər kimsənin cürət edib söyləmədiyi bir fikri bədii obrazın dilindən təqdim edir: “Karens necə heyrətləndisə, hətta dizləri üstə qalxdı.

– Professor Məmmədhüseyn Təhmasibi yaxşı tanıyıram mən, – dedi. Göyçə aşıqlarından dastan toplanmasında iştirak eləmişəm. “Aşıq Qəribi” də mən vermişəm ona. Amma nədənsə mənim verdiyim MətnOdƏrUn variantını yox, savadsız bir aşı­ğın danışdığını yazıb”. Düzdür bunu deyən erməni Karanes Karapetyandır və o, həmin Karapetyandı ki, “Taqanroq” diviziyasında qeyri-adi qəhrəmanlığı ilə fərqlənən azərbaycanlı Uğur Mağarov haqqında iki daşın arasında da olsa, “material” vermişdi KQB-yə. Buna-Erməninin dediklərinə inanmaq çox çətindir. Amma düşünsək ki, Karapetyan bu fikirləri heç bir təzyiq altında deyil, sadəcə vicdanının səsi ilə etiraf etmişdir, bu etiraf isə Azərbaycanlıların heç bir vəhşiliyə, fitnəyə baxmadan öz əqidələrindən: insansevərliliyindən, qonaqpərvərliyindən, dürüstlüyündən yaranmışdır, deməli, yazıçı Karenesin fikirlərini təqdir edir. Bir anlıq 1930-cu – 1940-cı illəri yada salıb gözlərimiz önündə canlandırsaq, o dövrdə bir çox qeyri-adi hadisələrin baş verdiyini görmüş olarıq. “Dədə Qorqud” dastanını repressiyaya məhkum edən bir rejim necə olur ki, şifahi xalq ədəbiyyatımızın toplanmasına icazə verir və pul ayırır? Azərbaycanda yaşayan türkləri sürgün etməyi düşünən bir rejim necə olur ki, Cənubi Azərbaycan haqqında şeirlər, romanlar yazılmasına start verir? Əlbəttə ki, toplanan bir çox mətnlər təhrif olunaraq yazıya alınmış, həqiqətlə gizlədilmişdir. Hətta bir çox tədqiqatçılar bu gün o dövrdə qələmə alınmış nümunələrin yanlışlığndan söz açır, bəzi nümunələrin isə şəxslərin yaradıcılıqlarının məhsulu olduğunu sübut etmişlər. Bəli bu mətləblərin araşdırılmasına böyük ehtiyac var və tarixçilərin bu gizlinlərə bir daha dönmələrini və heç bir təzyiq olmadan doğru-dürüst tədqiq etmələrini səbrsizliklə gözləyirik.

 

Əsərdə diqqəti çəkən bir məqam da var: Karanes “Aşıq Qərib” dastanının tədqiqatçısı, əsərin baş qəhrəmanı Zahidi Məhəmmədhüseyn Təhmasiblə tanış edən bir şəxsdir. Zahidin atası -Uğur Mağarova xəyanət edən Karanes OdƏr tarixinin üzə çıxmasını isətəyən şəxslərdən biri kimi təqdim edilir. Elə buna görə də canıyananlıq edib Zahidi Məhəmmədhüseyn Təhmasiblə görüşdürür və onun aspiranturaya daxil etdirməsini tapşırır. Məhəmmədhüseyn Təhmasib isə onu qəbul edir və Zahidin izinə düşdüyü və bu məqsədlə də yazdığı “Aşıq Qərib” dasta­nın­da tarixi həqiqətlər” əsərini oxuyur və ona deyir: – İlk rəyi respublikanın ən yüksək instansiyasından eşi­dəcəksən. Yəni mənim fikrimi instansiyanın rəyindən sonra bilə­cəksən”. Bundan sonra isə “respublikanın ən yüksək instansiyasından” rəy bildirilir: Zahid Mircəfər Bağırovun kabinetinə çağırılır “”Oxu tar” yazan Müşfiqin yolu ilə gedirsən?” deyilib istin-taqsız, filansız həbs edilir.

Bu, diqqətli oxucunu heyrətləndirən bir məqamdır. Çünki Karanes bir zamanlar Zahidin atası ilə dostluğunu, onlara yaxınlaşmasını gizli erməni kəşfiyyatının əli ilə etdiyini etiraf edərək, haqqında “material” verib “qızıl medalı” iki “qırmızı medal”la əvəz etdirməsi günahını yuyub, unutqan bir xalqın övladını yenə aldatmışdır. Uğur Mağarov erməninin-Karanesin OdƏr tarixini bilməsini və ona bəzi mətləblərdən danışmasını xoş niyyət kimi qəbul edib yenə evinə almışdır. Və sonda yenə onun fitnəsi ilə şəcərənin davamçısı, Uğur Mağarovun oğlu Zahid Mağarovu tələyə salmışdır. Onların kimliyini bilən bu erməni məkrli biri olduğunu bir daha göstərmiş olur və yenə öz əlimizlə susduruluruq. Zahid bu işlərin başında erməni olduğunu əsərdə heç düşünmür də. Çünki o, yazdığı gizlin tarix kitabını ilk dəfə Məhəmməd-hüseyn Təhmasibə vermiş və ondan sonra həbs edilmişdir.

Əsərin müsbət sonluqla bitməsi oxucunu ümidləndirir. Dastan üzərində qurulan, “Qırx kisə”dəki qızılın OdƏr dilindəki sözlər olduğunu məharətlə oxucuya izah edən yazıçı OdƏr həqiqətlərini öyrənən Zahidə axır ki, sevgilisi Nəsibədən “hə” cavabını eşitdirmiş və vüsala çatdırmışdır. Mircəfərin Bağırovun edam edilməsi ilə azadlığa çıxan Zahidi sevgilisi qarşılayır. Bu bir ümid işığıdır. Demək ki, şəcərə hələ də yaşayır, gizlədilmiş tarixlərin ortaya çıxmasına ümid var. Bu ümidi isə onların yanında olan Nəsibə kimi türk qızlarının dəstəyi isə həyata keçiriləcək. Əsərin qəhrəmanı Zahid sanki İsa Muğannanın protottipidir. Çünki onun vərəsənin nümayəndəsi olması, dünyagörüşü, taleyi, filoloq olması, öz xalaqızısını sevməsi, onunla evlənməsi və sairə bir çox xüsusiyyətlər İsa Muğannanın yenə tanıdıqlarından yazmasına, həm də çox yaxından tanıdıqlarından yazması ideyasına sadiq qaldığını göstərən amildir. Bu dəfə isə tanıdığı özü və bu gün də ona dəstək olan sevimli ömür-gün yoldaşı Firuzə xanımdır. Bu əsəri yazmaqla İsa Muğanna SafAğ elmi haqqındakı fikirlərin bədii təxəyyülün məhsulu olduğunu yox, bir tarix olduğunu göstərmək istəmişdir, bəlkə də. Çünki heç bir müsahibəsində, heç bir məqaləsində, heç bir söhbətimizdə mən oxumadım və eşitmədim ki, İsa Muğanna desin ki, filan obraz bədii obrazdır, bədii priyomdur, bədii təxəyyüldür, bədii təhlildir. “İdeal”dan bu tərəfə yaratdığı OdƏr həqiqətlərini bilən obrazların tarixi şəxslər olduğunu vurğulamağa və oxucularını inandırmağa çalışmışdır həmişə. Xalq yazıçısı Anarın bir sözü var: “İsa yazdığına inanan, inandığını yazan bir sənətkardır”. Bəli o məhz inandığını yazan sənətkardır. “İnandığı” dediyimiz mətləblər isə ona nəslini tanımasından, tarixi yaxşı bilməsindən gəlir. Bəzən şərti terminlər yaradaraq bəşər övladının yaradılış nəzəriyyəsini ortaya qoymağa çalışır. Amma heç bir ideyasında şovinizm yoxdur. Sadəcə dünyanın şər qüvvələrdən xilasını istəyən və gözləyən bir dahi idi İsa Muğanna.

***

Müstəqillik dövrü ədəbiyyatımızda İsa Muğanna yeganə klassiklərimizdəndir ki, 90-cı ildən bu günə qədər yazdığı bütün əsərlərdə Azərbaycanın əzəli düşməni olan Ermənilərin türklərə qarşı olan nifrətinin səbələrini göstərən əsərlər yazmışdır. Son illərdə qələmə aldığı “Cəhənnəm”, “Qırx kisə qızıl”, “İlan dərəsi və ya Peyğəmbərin taleyi”, “Söz yarası” kimi əsərlərində türk millətinin tarixi düşməni olan ermənilərin fitnəsinə xüsusi yer ayrılmışdır.

Muğannanın son böyük həcmli əsəri olan “İlan dərəsi və ya peyğəmbərin taleyi” povesti insanın öz yaradılma tarixinə olan marağını cavablandırır sanki. Ən önəmli məsələ isə İsa Muğanna türk millətinin gələcəyinə böyük ümidlə baxır. Sülyemna peyğəmbərin vətəninin qədim türk torpaqları olduğu, peyğəmbərin isə türk yanında olduğu qənaətinə gəlir insan. Zəhərli bir heyvan olan ilanın belə dünyanın maariflənməsinə, barışın bərqərar olmasına, günahsız axan qanların dürdurulmasına görə insanın-türk oğlunun yanında olması oxucunu heyrətləndirməyə bilmir. Peyğəmbərin türk torpaqlarını işğal etmək üçün bu qədim diyara hücüm etmiş Rus Çarı Aleksandıra “Türkün heç bir düşməni yoxdur, bizim yeganə düşmənimiz cəhalətdir” deməsi demək olar ki, İsa Muğanna yaradıcılığının, yaratdığı SafAğ elminin əsas qayəsidir. Cəhalətin insanlığı uçuruma sürkləməsi daimə ədibləri düşündürmüş, onlara həqiqəti çılpaqcasına söyləməklə yol göstərmişlər. Türk oğlunun bugünkü azğın bir dünyada intellektle qalib gələcəyini sözyləyən Muğanna Hüseyn Cavidin “Turana qılıncdan daha kəskin, ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət” səslənişinə XXI əsrin sonunda bir daha səs vermişdir. İnsanılığı dini cəhalətlə parçalayıb istismar etməyi qarşısına məqsəd qoyan qüvvələr qarşı sadəcə elm və mədəniyyətlə qalib gəlməyin mümkünlüyünü söyləyən dahi, bəşəriyyətin iblisləşməsinin acısını çəkir, onu tale ağrısı kimi dərk edirdi. Şəxsi tale ilə milli taleni vəhdətdə görənlər millətinin qurtuluşunu bəşəriyyətin qurtuluşu kimi də dərk edənlərdir. Bu millətçiliyin adı isə Cavid millətçiliyi, bəşəriliyidir.

Muğanna 1997-ci ildəki müsahibəsində təhrif tarixin üstünün açılması ilə bağlı deyirdi: Heydər bəy dəfələrlə təkrar edib ki, “Qədim tariximizi yazın!”, yazmırlar “Azərbaycan akademikləri”, yazanda isə yunan dilində “Arti” yazırlar. (OdƏr yazmırlar!) “Pat” yazırlar (BağOd yazmırlar!) hətta I Pyotrun yürüşündən sonralar da öz qədim adı ilə BağOd adlandırılmış indiki mərkəz şəhərimiz “Ba Ki” haqqında həqiqəti də gizlədib təhrifdillilərimizin, təhrifşüurlularımızın özlərinin vasitəsilə “zdes tatsan” deyirlər. (6.)

Öz nəsrində daima təhrif dünyadan danışan İsa Muğanna “İlan dərəsi” kitabındakı əsərlərlə- “Həyatımdan səhifələr”, “İlan dərəsi”, “Söz yarası”, “Qırx kisə qızıl” əsərləri ilə yenə ənənəsinə sadiq qalmış, “İdeal” romanında tezis şəklində yanaşdığı mistik məsələlərin tarixlə uyğun mətləblərinin açılmasına çalışmış, oxucusunu tarix və gerçəklik qarşısına gətirərək bir daha düşünməyə vadar etmişdir.

 

Açar sözlər

İsa Muğanna, İlan dərəsi, Söz yarası, Qırx kisə qızıl, həqiqət, tarixilik

 

Key Words

Isa Muganna, “The Valley of Snakes” , “ The Wound Made by a Word” , “ Forty Bags of Gold” , the truth, historicity, ideal

 

 

Rezyume

 

“İsa Muğannanın “İlan dərəsi” kitabında tarixilik və mistika” adlı məqalədə “İlan dərəsi” kitabında nəşr edilən “Həyatımdan səhifələr”, “İlan dərəsi”, “Qırx kisə qızıl”, “Söz yarası” əsərlərində tarixi gerçəklik və mistikanın ifadəsi təhlilə cəlb edilmişdir. İsa Muğannanın yaşadığı həyatın mistik yozumlarla təqdimatı, İsa Muğannanın milli taleyi öz taleyi, öz taleyini milli tale kimi vəhdətdə təqdim etməsi adı çəkilən əsərlər fonunda araşdırılmışdır. İsa Muğannanın tarixi nəsr janrına özünəməxsus yanaşması, bu yanaşmada təxəyullə gerkəçliyin sintez olunması diqqət çəkən məqamlar kimi xüsusi qeyd edilmişdir.

“İdeal” romanında qoyulan gizlin türk tarixi məsələlərinə bu kitaba daxil olan əsərlərdə bir daha qayıdılmış, günümüzün tarixi aspektindən keçmişə baxılmış və faciələrimizin kökü tarixdə axtarılmışdır.

 

 

 

Resume

In the article named “ The Historicity and Mysticism in “ The Snake Valley” by Isa Muganna the reflection of historicity and mysticism was involved into analyses in the novels “ Some Pages from My Life ” , “ The Snake Valley” , “ Forty Bags of Gold” , “ The Wound Made by a Word” that were published in the book titled “ The Snake Valley”. The introduction of the life led by Isa Muganna from mystical point of view , his national destiny , his personal fate , the eternal unity’s introduction of the author’s personal fate and national destiny were investigated in the background of mentioned novels. IsaMuganna’sunique approach to historical prose and the synthesis of the truth with imagination within the approach were noted as considerable points.

Confidential Turkish historical events performed in the novel “ Ideal ” were touched upon again , old times were analyzed from uptodate’s aspect and the root of our tragedy was searched in history.

 

 

Ədəbiyyat siyahısı

 

1. “Ədəbiyyat qəzeti” 6 iyun 2008. N. Cəfərov. “Yazıçıya məktub”)

2. Şəmil Sadiq. Odərlər romanı. İsa Muğanna. Ali roman. Bakı, Hədəf Nəşrləri 2013.)

3. “Ölümdən sonrakı həyat”. İsa Həbibəyli. İsa Hüseynovdan İsa Muğannaya: Axırıncı əlyazma və bütöv dünya. Bakı Hədəf Nəşrləri.)

3. http://www.edebiyatogretmeni.org/modernizmi-esas-alan-eserler/

4. (İsmayıl Şıxlının tanış etdiyi İsa və Firuzə Muğannalar. 2014.06.22. http://modern.az/articles/59560/1/

5. Xalq Qəzeti. 4 may 1997. Faciənin kökü

 

Oxşar yazılar