Saytın redaktoru yazıb ki, bəy, yeni köşənizin vaxtıdır. Aydındır, – yazdım. Əlimi klaviaturadan çəkər-çəkməz yadıma Əliağa Vahidin “Tutalım əsrimizin həzrəti İsası mənəm, bu soxa-soxda nə möcüzə icad eliyim?” beyti yadıma düşdü. Düzdür, hansı kitabdan oxuduğum yadımda deyil, amma dillərdə əzbər bir beytdir. Bu beyt ona görə yadıma düşdü ki, işlərim çox qarışıqdır. Yayın istisi bir tərəfdən, təhsil ilinin yekunlaşması bir tərəfdən, Azərbaycanda keçirilən böyük idman bayramı və onun yaratdığı işgüzar gərginlik bir tərəfdən, yarımçıq qalan məqalələr, hekayələr, romanlar da bir tərəfdən beynimi yeyib durmaqdadır. İndi bu işlərin arasında başını itirmiş ilan kimi qıvrılıram, burdan da redaktor deyir ki, köşənin vaxtıdır. Ay qardaş, heç hənanın yeridir? Demək də keçdi ürəyimdən. Amma vəzifə-vəzifədir, boynuma götürmüşəmsə, yazmalıyam.
Yalan olmasın, bəlkə də gündə beş-on mövzu haqqında yazmağı düşünürəm. Hadisələr o qədər sürətlə dəyişir ki, nədən tutacağımın qərarını verə bilmirəm. Hərdən düşünürəm ki, ilahi yazmağa nə qədər mövzu var. Bəlkə, bir gün səhərdən axşama qədər mövzu başlıqlarını düzərək bir köşə yazdım.
Məsələn bir neçəsini deyə bilərəm: “Kitab alverçisi”, “alverçi yazıçı”, “Bozbaş şeirlər”, “200 qramlıq tənqidçi”, “posmodernist yaltaqlar”, “Deputatın ağlı” və s.
Amma bu dəfə feysbukdakı gündəmi diqqətə çəkmək istəyirəm. Əgər normal bir sosioloji araşdırma aparan olsa, (əminəm ki, aparırlar da) xalqın psixologiyasını əlinin içi kimi bilər. Əvvəldə də dediyim ki, beynim pərakəndə olduğu üçün sosial şəbəkədə çox gəzinirdim. Nə axtardığımı bilmədən, elə boş-boş aşağı yuxarı…
Gəldiyim bir cümləlik qənaət var: Bir zimbabvelinin azərbaycanca “salam” deməsinə sevincindən gözü yaşaran, xalqı ilə qürur duyan bir vətəndaş, hansısa bir azərbaycanlının tumun qabığını yerə atması ilə xalqına, hansısa bir məmurun məsuliyyətsizliyi nəticəsində asanlıqla dövlətinə nifrət edən vətəndaşa çevrilə bilir. Bu bir faciədir, məni qınamayın! Bir neçə virtual dostumun statuslarına ürək ağrısı ilə oxudum. Çox şey gözlədiyim adamlardam gözləmədiyim şeylər gördüm.
Azərbaycan dili və ədəbiyyat müəllimi Əsmər Bolubeylinin muxalif ruhu daxili azadlıq kimi görünürdü mənə. Amma Azərbaycanda keçirilən böyük idman tədbiri ərəfəsində mövhümatçı dindarlar kimi statuslar yazması bir məsləkdaş olaraq, doğrudan da, məni incitdi. Niyəsini onun statusundan sonra yazsam, yaxşı olar. Müəllif yazır: “Siyasi məhbuslarımıza dünyadan möhtəşəm dəstək. Dünyaca məşhur U2 rock qrupu Monrealdakı (Kanada) izdihamlı konsertində azərbaycanlı siyasi məhbusların şəkillərini onlara dəstək məqsədilə səhnədən göstərdi. Qrupun aparıcı ifaçısı, tanınmış vokalçı Bono şəkilləri göstərilən məhbusların bir-bir adlarını çəkdi və onların öz fikirlərini ifadə etdiklərinə görə bu gün dəmir barmaqlıqlar arxasında olduğunu dedi. Dünyanın çox yerində zalımlar və oğrular olduğu kimi, hər yerində də azadlıq və demokratiya tərəfdarları var.”
Niyəsi odur ki, intellektinə bələd olduğum bir adam İlk Avropa Oyunları adlı böyük söz-sözbətlərə səbəb olan bu yarışın keçirildiyi bir zamanda Avropa dediyimiz bir yerin, istənilən bir yerində, bizə dəxli olmayan bir musiqi qrupunun bizə canıyananlıq etməsinə bu qədər sadəlövhcəsinə inanması, inanın, ürəyimi ağrıtdı. Əsmər xanım, and olsun allaha, ürəyimi ağrıtdı. Sizə rəy yazan Elxan Nəcəfov demiş o canıyanmışlar niyə bircə dəfə Qarabağda günahsız öldürülənlərin haqqını müdafiə etmədilər? Siz ki bu addımın səbəbini bilirsiniz. Ola bilər ki, hakimiyyətə müxalifətsiniz, bu azad ölkədə istədiyiniz yaza, necə ki, yazmısınız, deyə bilmə haqqınız var. Xub, bu sizin haqqınızdır. Amma xanıməfəndi, millət və dövlət təəssübkeşliyiniz yoxdursa, bu yaxşı əməl deyil. Axı siz bir xanım olaraq bilrsiniz ki, bizim elin bir adəti var, evə qonaq gələndə, bir xeyir iş olanda, qohum əqraba umu-küsünü qatlayıb qoyurlar bir yana. Lap elə sizin Azərbaycana gələnlərini bəyənmədiyiniz, gəlməyənləri, Azərbaycanı tənqid edənləri bəyəndiyiniz avropalılar da elədir. Filimlərdə bir-birindən zəhləsi getməsinə baxmayaraq, qonaqların yanında bir-birlərinə gülümsəyərək söyüşdükləri səhnələri xatırlayın zəhmət olmasa.
Xətrini çox istədiyim, savadına hörmət etdiyim Elnarə Sultan adlı bir xanımın digər bir statusu da Əsmər xanımdan geri qalmır:
“Bizimkilərin (böyük əksəriyyətinin) saxta sevinci ancaq ikrah doğurur. Əsasən qürbətdə yaşayan həmvətənlərimizin qürurlanması, sevinc coşqusu ürəkdən gələndi, inandırıcıdı. Niyəsi çoxdu, hamı bildiklərini təkrarlamağa da ehtiyac yoxdu. Hə, bir də bu günlərdə könüllü adıyla fırlanan civilər qiymətlərini bir az artıra biləcəklər, təbii ki, cahillər üçün. Kimsə istəyəndə, qapılarına elçi gələndə qızın qiymətini artırmaq üçün CV-sinə “könüllü” termini də əlavə olunacaq. Vaxt var idi, könüllü sözü fəxr idi, indi amma…”
Buna nə ad verəcəyimi bilmədim. Axı mən səni o qədər çox istəmişdim ki, Şamaxıdan keçəcəyimi bildiyim üçün kitabımı götürüb, yolda səninlə görüşməyi də planlaşdırmışdım. Rayonda yaşayan bir gənc qızın sosial həyatda bu qədər aktiv iştirakını alqışlamışdım. Statusun altına nə yazacağımı çox düşündüm. Düzdür, dözməyib “səni qınayıram” cümləsini də yazdım. Yenə də sağ ol ki, höccət eləmədin. Amma mən bu statusu oxuyanda dərs dediyim fidan balaların “könüllü” adına necə hörmətlə yanaşdıqlarını, səni, məni, onu qonaqların qarşısında necə həvəslə təmsil edəcəklərinə hazırlaşdıqlarını gözümün önünə gətirdim. İnan ki, utandım. Necə ki, sənin xətrinə bir tələbəm dəyəndə utanmışdım. Eləcə də utandım. Müəllim olaraq utanmaq boynumuza düşüb deyəsən. Axı bu milləti Mirzə Ələkbər Sabir və Cəlil Məmmədquluzadə o qədər sillələyib ki, hələ də üzümüzün qızartısı getməyib. Çəmənzəminli demiş, sillə yerinə hərdən sığallamaq da lazımdır. Özümüzü özümüz alçaltdıqca, alçalacağıq.
İndi bunu oxuyan Müşfiq XAN deyəcək ki, ay Şəmil müəllim, bu adlarını çəkdiyin xanımlar kimdir axı, bu qədər ictimailəşdirirsən məsələni. Tanınmış deyillər, yazıçı deyillər, siyasətçi deyillər. –Yox, Xan, yox. millət də, vətən də, sabah da məhz bu sadə azərbaycanlı xanımlardan başlayır. Axı Seymur Baycan Tükəzbanlar haqqında yazanda ilk öncə bu iki xanımın xətrinə dəyir. Çünki intellektlilərimizdirlər bunlar.
Nəsə yenə müəllimliyim tutdu. İndi görkəmli gənc yazıçılarımız oxuyub böyük hərflərlə PAFOSSS! deyib güləcəklər. Onda bir dostumun da statusunu verim, ona da gülsünlər. Səlim Məmmədzadə başqa birinin statusunu paylaşaraq yazıb:
“BİZ NƏ İSTƏYİRİK?!
Tanınmış blogger Tural İsaqov facebook şəbəkəsində maraqlı status paylaşıb: “Ölkədə yeni yol açılır, camaat deyir ki, kimə lazımdır bu yol? Ondansa sahibsiz heyvanlara diqqət yetirsinlər. Həmin heyvanlar üçün yaşayış mərkəzi açılır, camaat deyir ki, nəyə lazımdır bu mərkəz? Ondansa gənc idmançılar üçün şərait yaratsınlar. Gənc idmançılar beynəlxalq turnirlərə göndərilir, medal qazanırlar, camaat deyir ki, mənə idman lazımdır? Ondansa şəhəri tikib-düzəltsinlər, gəzməyə yerimiz, oturmağa kafemiz yox. Yeni Bulvar tikilir camaat əsəbləşir ki, mənə bulvar lazımdır? Park lazımdır? Ay camaat, bir qərara gəlin siz nə istəyirsiz?”
Bir az sadə xalq dilində yazılsa da, fikir aydındır.
Müəllim peşəsi imkan vermir ki, mən də azad yazıçı olum. Sonda “Əsmər xanımın və Elnarə xanımın anlayışla qarşılayacaqlarına ümid edirəm” etika naminə yazılmalı olan cümləni yazmasa idim, səhər peşman olardım.
P.S. Yazını bitirib təkrar oxuyanda yadıma sovet dövrünün yazıçıların qarşısına qoyduğu tələb düşdü: Sadə xalq nümayəndələrindən yazmaq lazımdır, yoldaşlar! Lap o dövrlərdəki kimi, sadə feysbukdaşlarımı ədəbi qəhrəmana çevirdim.