Köşə

Kefli İskənder kişi olsaydı…

İyunun 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun da dəstəyi ilə böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin ilk tamaşasının 100 illiyinə həsr edilmiş tədbir keçirildi və tragikomediya yeni quruluşda nümayiş olundu.

celil

Tamaşa boyunca hər detal yazmaq üçün bir vasitə kimi diqqətimi çəkirdi. Digərlərini bilmirəm, amma mən tamaşalarda iştirak edəndə, adətən, tamaşaçı duyğumdan daha çox ədəbiyyatçı duyğusu ilə baxıram. Səbəbi aydındır, amma hərdən təəssüflənirəm ki, niyə sadəcə tamaşaçı hissinin yox, mütəxəssis kimi baxma hissinin əsiri oluram. İstər tamaşanın quruluşu, istər aktyorlarının sərgilədiyi oyun, istər əsərin mahiyyəti, istər musiqi, istər rəssam işi, dekorasiya, sanki adama “Necə də yazıya gəlimlidir” deyə bir təsir bağışlayırdı.

Tamaşadan əvvəl tamaşanın quruluşcu rejissoru Xalq artisti Azərpaşa Nemətin və tamaşanın elmi məsləhətçisi, akademik İsa Həbibbəylinin çıxışları çox dəyərli bir motivasiya oldu. Düzdür, tamaşada iştirak edənlərin əksəriyyəti ədəbiyyat, mədəniyyət adamları idi. Amma çıxışlardakı bilgilər “Ölülər”ə yeni baxış olacağının göstəricisi idi.
“Ölülər” əsəri haqqında Hüseyn Cavidin, Üzeyir Hacıbəyovun, Sultan Məcid Qənizadənin, Nəriman Nərimanovun dediyi fikirlər bizi susmağa və düşünməyə vadar edir. Amma onlardan fərqli olaraq, biz bu gün daha çox heyfslənirik. Çünki bu cür əsərlərin işi milləti maariflənməyə, özünü toparlamağa, cəhalət köynəyini yırtıb atmağa, inkişafa səsləməkdir. Amma bu əsərin səhnəyə qoyulmasından 100 il keçib və təqribən hələ də eyni gündə olmağımızın acı reallığı bizi adını çəkdiyim dahilərdən daha çox heyfslənmək reallığı ilə baş-başa qoyur.
Ümid edirəm ki, 100 il bundan öncə tamaşaya baxan ziyalılarla mənim hisslərim qətiyyən eyni ola bilməz. Yəqin onlar düşünürdülər ki, sağ ol, Mirzə Cəlil, sənin müşahidən nə qədər güclü imiş. Gördüklərini bu cür səhnələşdirmək sadəcə ustad işidir. İnşallah millət bu mətləblərdən dərs çıxarar, özünü dəyişdirər. Amma mən düşünürdüm ki, Allah sənə rəhmət eləsin, Mirzə Cəlil, təəssüf ki, heç nə dəyişməyib. Elə qoyub getdiyin ölülər və dirilərik. Novruzəlimiz də hamandır, Hacı Həsənimiz də, Şeyximiz də, Kefli İskəndərimiz də…
Mirzə Cəlilin böyüklüyü naminə deyə bilərik ki, kişi necə də uzaqgörən idi, bu günü necə də qəşəng yazıb, rəhmətliyin oğlu elə bil bu gün də bizimlə çiyin-çiyinə gəzib dolaşır. Bunu ancaq dahilər yaza bilərdi və sairə.
Amma səmimi etiraf edim, ürəyimdən o da keçir ki, kaş günümüzdə bu əsərin heç bir aktual tərəfi qalmaya idi, kaş səhnəyə yenidən çıxarılması üçün heç bir səbəb olmaya idi və biz bu qüvvədən düşmüş əsərə görə Cəlili dahi də hesab etməyə idik. Necə ki bir zamanlar Sovet İttifaqının şəninə tərif yazan, tərənnüm yazan yazıçı və şairlər, əsərlər gözdən düşdü, heç bir ideoloji əhəmiyyəti qalmadı, sadəcə bədii əsər kimi adını çəkib keçirik, eləcə də bu əsər elə olardı.
Amma təəssüf ki, Cəlilin Ölüləri nə dirildi, nə cəhənnəmə vasil oldular. Lap Ərafda qalan kimi qaldılar. Nə o yanlıq oldular, nə də bu yanlıq.
“Ölülər” əsəri Azərbaycan insanının 100 il bundan öncəki durumunu (Şərqin də əlbəttə ki) özündə ehtiva edir. Əsərdə cəmiyyətimizin bir neçə təbəqəsi öz əksini tapıb: savadsız kütlə, ziyalılar, işbazlar. Savadsız kütlə Hacı Həsənlər, Hacı Kazımlar, Hacı Mirbağırlar, ziyalılar İskəndərlər, işbazlar da ki Nəsrullahlar.
Dönürəm baxıram, diqqətlə baxıram, bəlkə bu gördüyüm Hacı Həsən deyil, amma görürəm yox, həmin Hacı Həsəndir ki, durub gözümün qabağında, sadəcə daha Quranı kitabdan yox, planşetdən oxuyur, onda təkcə şeyx Nəsrullah fitvasına inanırdısa, indi daha böyük yerlərdən əmr alır və əməl edir, baxıram İskəndərə, elə bilirəm dəyişib. Daha küçələrdə sərxoşluq etmir, heç Hacılara qarşı zidd də getmir. Bu kiçik fərqin üstünə birini də gəlim – həmin İskəndər indi daha ağıllıdır, “hacıları” öz məqsədləri naminə idarə edir, istifadə edir, qəbul etməsə də məclislərinə çağırtdırıb qarınların otartdırır, xalqın sevimlisi olmaq üçün “hacıları” yuxarı başda otuzdurur.
Şeyx Nəsrullaha gələndə isə gözüm lap kəlləmə çıxır. Ən çox inkişaf edən və dəyişən elə şeyx nəsrullahlardır. Onlar indi beynəlxalq səviyyədə biznes qururlar, dini mərasimləri gəlir mənbəyinə çevirirlər. Daha camaatı aldadıb qaçmırlar. Sadəcə camaatı inandırırlar, həm də sonuna kimi. O vaxtkı insanlar ondan şübhələndikləri halda, indikilər heç zərrə qədər də şübhələnmirlər. Bir balaca fərq var ki, şeyxlər ölkəmizə o vaxt sadəcə İrandan gəlirdisə, indi İrandan da gəlir, Turandan da, Ərəbistandan da, hətta Dağıstandan da.
Bəli… Gördünüz ki, 100 il keçməsinə baxmayaraq, dəyişməyən sadəcə kütlədir. Hansı ki, bu kütlə xaricpərəstdir. Kənardan gələnə ancaq yaxşı gözlə baxır və sonra da dönüb əsiri olur. Anlamır ki, kənardan gələn həmişə yad olub, həmişə də yad qalacaq. “Ölülər”dəki ölü dirildən Şeyx də yaddır. Təəssüf ki, bu xalq, pis də olsa, öz şeyxini belə özü yetişdirə bilmir. Bacarmır. Çünki fərqində deyil ki, 1500 il bundan qabaq olduğu kimi gələnlər də, gətirilənlər də ona yaddır. Yad sevdalılığından əl çəkməyin təhrini bacarmırıq.
Ustad sənətkar da özünü oda-alova ataraq hələ 100 il bundan əqdəm bağırırdı ki, gələnlərin kimliyini bilmirsiniz, nə qədər İskəndər əyyaş olsa da, kefli olsa da, özümüzünküdür, sizə pislik etməz, ona inanın. Amma nə fayda. Hələ də kənardan gələnlər üçün sinov gedirik.
“Ölülər” bir dəryadır, hər dərinliyində bir xəzinə var. Amma bir az da tamaşa və aktyorlar haqqında yazım.
Mənə elə gəldi ki, son vaxtlar Azərbaycan teatrında nə yeni, nə klassik əsərlər bu cür uğurlu alınmışdı. Akademik İsa Həbibbəylinin dediyi kimi, rejissor hər obrazın üstündə ciddi işləmişdi. Hətta bir kəlmə sözü olmayan obrazlar belə tamaşanın əsas obrazı kimi yadda qaldı.
İstər dekorasiya, istər musiqi, istər işıq effekti, verilən quruluşa söz ola bilməzdi.
Şeyx Nəsrullah obrazına seçilən Nurəddin Mehdixanlı çox düzgün seçim idi. Bu yaxınlarda “Topal Teymur” obrazını oynayan dəyərli aktyorumuz Nurəddin Mehdixanlı, məncə, burda işin öhdəsindən daha yaxşı gəldi.
“Ölüləri” az oxumamışam, bir neçə dəfə də teletamaşasına baxmışam. Etiraf edim ki, hələ mənə bu qədər böyük və əngin görünməmişdi. Bu da əlbəttə səhnənin qurulmasından asılıdır.
Bundan əvvəl baxdığım “Şah və şair”, “Qacar”, “Topal Teymur” tamaşalarında ideya ilə aktyorluğun vəhdətində bir problem hiss etmişdim. Və ya ideyanın uğursuzluğu işini yaxşı görən aktyorların uğuruna kölgə salmışdı.
“Ölülər” tamaşasını sanki Mirzə Cəlilin özü hazırlamışdı. Elə bilirəm tamaşaya baxsa idi, aktyorlardan və ümumi işdən razı qalardı. Çünki onun ideyasını oxucuya daha dürüst çatdırmışdılar. Hətta bu fikrə evə dönərkən Məşədi Dadaş məscidinin qarşısında yaranmış uzun tıxacda qalarkən gəldim. Və ürəyimdən keçdi ki, 100-cü ilin məhz cümə gününə düşməsi də heç bir təsadüf deyil. Necə ki Şeyx Nəsrullahın qucağına atılan qızların yaşlarının 10, 11, 12, 13, 14 yox, məhz 9 yaşında verilməsi rejissor tərəfindən təsadüfi seçilməmişdi.
Amması olmasa olmaz. Tamaşa boyunca beynimdə bir sual hərlənirdi. İskəndər obrazı alınıbmı? Çox düşünürdüm. Desəm ki, öhdəsindən gəlmədi, haqsızlıq olar. Amma sona qədər nəsə axtardım ki, sual həll olub getsin, alınmadı. Hətta sonuncu monoloqda düşündüm ki, ürəyimdə qalan tikanı çıxaracaq və tam rahat gedəcəm.
Düşündüm ki, cavanam, ola bilər qəlibləşmiş düşüncəyə qapılaram. Əziz müəllimim professor Təhsin Mütəllibovla yan-yana əyləşmişdik. Tamaşa bitən kimi, İskəndər obrazını oynayan Anar Heybətov haqqında onun da fikrini soruşdum: “Yaxşı oynadı, amma İskəndərə nəfəsi çatmadı” dedi. Bəli, mən də bu düşüncədə idim. Tam aydın olsun deyə deyim ki, elə bil nəsə acsınız və yemək yeyirsiniz, amma nəsə sonuncu doyumluq tikəni, təamı yeyə bilmirsiniz. Bu da elə bir hiss idi.
Tamaşaya baxanlar, əsəri oxuyanlar yaxşı bilir ki, Kefli İskəndər əsərin şah damarıdır, sütunudur, son nöqtəsidir. Amma İskəndər obrazının müəllifi Anar Heybətov, daha təcrübəli olan Şeyx Nəsrullah obrazının müəllifi Nurəddin Mehdixanlıya uduzdu. Bəlkə, bu da rejissorun taktiki gedişi idi və Cəlilin reallığını daha səlis göstərmək istəyirdi. Əgər belə idisə, alınmışdı.
Bir əsəri oxuyandan, filmə baxandan, tamaşadan çıxandan sonra, insan özünü, ətrafını, mühitini hökmən düşünür və müqayisə edir. Ya qürur hissi keçirirsən, ya təəssüflənirsən. “Ölülər” mürgüləyən bir adamın qulağının dibindən tutuzdurulan sillə kimidir. Adamı elə diksindirir ki, özünü ikinci dəfə itirirsən.
Bir şagirdim orta məktəbdə “Ölülər” əsərinin müzakirəsi zamanı mənə demişdi ki, müəllim, İskəndər obrazını az tərifləyin. Dedim: – niyə. Dedi: “o kişi” deyil. Kişi olsaydı, Şeyx Nəsrullahı öldürərdi. Gözünün qabağında az qalır ki, bacısını ələ keçirsin, bu isə boş-boş danışır.
O vaxt şagirdimə ciddi bir cavab verə bilmədim. Cavan idim, səriştəsiz idim. Birtəhər yola vermişdim. Amma sonralar o uşağın, o fikri həmişə məni narahat etmişdi.
Bunun cavabını isə əsərdə Kefli İskəndərin özü verir:
“Əgər mən bir şey olsaydım, cibimdən bir bomba çıxarıb bu evi bir saniyənin içində havaya dağıdıb, İsfahan lotusunu kərpiclərin altında diri-diri dəfn edərdim. Yox, yox, o mənim işim deyil. O igid işidir. Siz tək camaatın da igidi mən tək olar”.
Ziyalımız İskəndər kimi qorxaq, bivecdirsə, savadsız kütlədən, işbazlardan nə gözləməliyik ki…

filologiya üzrə fəlsəfə doktoru:

ŞƏMİL SADİQ

Oxşar yazılar