27 oktyabr tarixində Azərbaycan Turizm və Menecment Universitetində Ədəbiyyat dərnəyi və TGT-nin təşkilatçılığı ilə Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş dəyirmi masa ətrafında toplantı keçirildi. Tədbiri ali təhsil müəssisəsinin rektoru cənab İlham Mədətov açıq elan edərək Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bu sərəncam əsasında rəhbəri olduğu təhsil müəssisəsində digər dövlət və özəl qurumlar ilə əlaqəli tədbirlər planının həyata keçirilməsinin zəruri olduğunu vurğuladı.
Növbəti mərhələdə universitetin Ədəbiyyat dərnəyinin üzvlərinin Hüseyn Cavidin son dərəcə dərin məzmunlu yaradıcılığı haqqında çıxışları dinlənildi, ölməz sənətkarın əsərlərindən parçalar səsləndirildi.
Rektor İlham Mədətov tədbirin xüsusi qonağı – Hüseyn Cavid irsinin müasir dövrdə ən böyük tədqiqatçısı sayılan Hüseyn Cavid ev muzeyinin Cavidşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şəmil Sadiqi qonaqlara təqdim etdi. Şəmil Sadiq baş redaktoru olduğu dərgi və kitabları universitetin kitabxanasna hədiyyə etdi. Şəmil müəllim tədqiqatları əsasında dahi sənətkarın həyat və yaradıcılığında toxunulmayan mövzulardan danışdı, öyrənilməsi vacib olan məsələləri tədbir iştirakçılarına, tələbələrə tövsiyə etdi. Cavidi tanıya bilmək üçün onun əsərlərində qoyduğu mövzulara, ideyalar aləminə, yaratdığı obrazlara, hətta obrazların adlarına da (Səlma, İsmət, Maral və s.) diqqət yetirməyi vurğuladı.