Köşə Xəbərlər

Məktəblər təcrübi bacarıqların formalaşdırıldığı mərkəzlərə çevrilir – Şəmil Sadiq

 

Həmsöhbətimiz Azərbaycanda ilk dəfə STEAM təhsil sistemini tətbiq edən “Hədəf STEAM” liseyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqdir. Şəmil Sadiqlə liseyin yaranma ideyası, hazırkı təhsil sistemi, eləcə də bu işin incəlikləri ilə bağlı söhbətləşmişik.

“Məktəbim olsaydı, hansı işlər görər, hansı sistem tətbiq edərdim deyə, planlar qururdum”

“2001-ci ildə 20 nömrəli məktəbdə pedaqoji fəaliyyətə başlamışam. Lisey yaratmaq ideyam isə haradasa 2008-ci ildən var idi. Məktəbim olsaydı, hansı işlər görər, hansı sistem tətbiq edərdim deyə, planlar qururdum. Hansısa direktorun, məktəbin idarəetmə konsepsiyasını gördükcə, kurikulum sistemilə tanış olduqca müəyyən ideyalarım formalaşırdı. 2010-cu ildən sözügedən istiqamətdə addımlar atmağa başlamışam. Buna qədər isə artıq “Hədəf” kursları fəaliyyətə başlamışdı. Hətta bir müddət kursu da məktəb kimi işlətmişəm. Məsələn, heç bir kurs olimpiada, dərgi təsis etməyib, dərs vəsaitləri hazırlamayıb, tədbirlər həyata keçirməyib. Hansı xarici ölkəyə gedirdim, hansı vəsaiti oxuyurdumsa, gələcəkdə yaradacağım məktəb barədə müəyyən məsələləri əxz etməyə çalışırdım”.

“Dünyanın sabahı texnologiya üzərində qurulub”

Şəmil Sadiq deyir ki, ixtisasca filoloqdur. Amma həqiqət budur ki, dünyanın sabahı texnologiya üzərində qurulub, mühəndislik artıq çox vacib peşəyə çevrilib: “İnkişaf etmiş ölkələr sırasına yüksəlmək, söz sahibi olmaq üçün ilkin şərtlərdən biri təhsildir. Diqqət edilməli olan məqamlardan biri də hazırda texnologiya sahəsində lider ölkələrin bir növ “əsirinə çevrilməyimizdir”. Çünki məişətdə istifadə olunan avadanlıqlardan tutmuş, yaşam tərzimizə qədər hər şey texnologiya ilə bağlıdır. Bu asılılığı aradan qaldırmaq üçün ilk növbədə özüldən – təhsildən başlamaq lazımdır. Beləcə, qərara gəldim ki, yaradacağım məktəb mühəndislik üzrə ixtisaslaşmalıdır”.

“Biz – azərbaycanlı valideynlər daha çox diplom aşinasıyıq”

Ş.Sadiq qeyd edir ki, ümumiyyətlə, bu tendensiya bütün dünyada yayılmaqdadır: əksər məktəblər peşəyönümlüdür: “Məktəblər nəzəriyyənin yox, təcrübi bacarıqların formalaşdırıldığı mərkəzlərə çevrilir. Əslində, bu, müəyyən mənada sovet təhsil sistemində də vardı, amma tam şəkildə həyata keçirilmədi. Yaxud Atatürk ötən əsrin 30-cu illərində Köy institutlarını qurdu. Biz – azərbaycanlı valideynlər daha çox diplom aşinasıyıq. Amma müasir dünyada diplom yox, praktika önəmlidir. Yəni insanlar diplom olmadan da uğur qazana, karyera qura bilərlər. Tədqiqatlar göstərir ki, təxminən 2050-ci ildə hətta brend universitetlərin diplomuna ehtiyac olmayacaq. İnsanlar müəyyən kursların sertifikatı vasitəsilə istənilən böyük şirkətdə fəaliyyət göstərə biləcəklər. Hazırda “Google”, “Facebook”, “SpaceX” kimi şirkətlər belə, kadrın diplomuna yox, sertifikatına baxır. Ona görə də düşünürəm ki, məktəb şagirdi vətəndaş olaraq yetişdirməklə yanaşı, bir peşə də verməlidir. Sabahı gün tələbə olanda özünü, təhsil xərclərini təmin etməsi baxımından, bu, çox vacibdir. Bu gün dünyada sərbəst iş qrafiki xeyli geniş yayılıb. Sən bir işi ofis şəraitində 8 saatlıq rejimdə görə bilirsənsə, evdən, yaxud hansısa yerdən daha sərbəst qrafiklə də öhdəsindən gələ bilərsən. Xüsusən, son yeddi ayda – pandemiya dövründə bu məsələ özünü qabarıq şəkildə büruzə verdi. Ona görə də peşə seçimi məktəbdən başlanmaldır. Hazırda bizdə necədir? Universiteti bitiririk, o qapı sənin, bu qapı mənim iş axtarırıq, hansısa peşəyə yönəlirik. Axırda da məlum olur ki, ixtisasımızla gördüyümüz iş tamam ayrı sahədir. Halbuki peşə seçimi məktəbdən başlasa, tədris bu istiqamətdə qurulsa, karyera imkanı, iş tapmaq daha asan olar”.

“Mühəndisliyin, kompüter elmlərinin giriş balı 200-300 olur, hüququn, politologiyanın, tarixin, tibbin, filologiyanın isə 500-dən yuxarı”

Lisey direktorunun sözlərinə görə, bütün bunları nəzərə alıb peşəyönümlü STEAM (Science Technology Engineering And Mathematics – elm, texnologiya, mühəndislik və riyaziyyat) təhsil verən bir məktəb yaratmağa çalışıblar: “Əksər valideyn istəyir ki, övladları həkim, hüquqşünas, prokuror olsun. Daha çox humanitar sahəyə yönəlirlər. Diqqət etsək, görərik ki, mühəndisliyin, kompüter elmlərinin giriş balı 200-300 olur, hüququn, politologiyanın, tarixin, tibbin, filologiyanın isə 500-dən yuxarı. Buna baxmayaraq israr etdim ki, yaradacağımız müəssisə STEAM sistemli lisey olacaq. İdarə Heyətimizlə müzakirə apardıq. Çoxlu etiraz oldu ki, uşaq gəlməyəcək, diqqət az olacaq, yaxud biz bunu bacarmarıq. Burada kodlaşdırma, süni intellekt, robototexnika, bahalı avadanlıqlar var və s. Çətin, amma eyni zamanda, maraqlı oldu. Beləcə, Azərbaycanda ilk STEAM əsaslı liseyin əsasını qoyduq. 2019-cu ildə isə STEAM-lə bağlı dövlət layihəsinə start verildi. Müəllimlər müxtəlif xarici ölkələrə seminarlara göndərildilər, məktəblərə müəyyən STEAM əsaslı vəsaitlər verildi, yönləndirilmələr aparıldı. Beləcə, aydın oldu ki, biz düzgün yoldayıq”.

“Ən böyük çətinlik valideynlərlə dil tapmaq idi”

Həmsöhbətimiz proses zamanı qarşıya çıxan problemləri təbəssümlə xatırlayır: “Əsas çətinlik inzibati məsələlərlə bağlı oldu. Ən böyüyü isə valideynlərlə dil tapmaq idi (gülür). Çünki konsept fərqlidir. “Hədəf” konsepti qurmuşuq. Dünyanın öndə gedən təhsil konseptlərinin əsasında yeni konsepsiya formalaşdırmışıq. Sadə dillə desək, öncül təhsil sistemlərinin ən yaxşı tərəflərini götürüb milliləşdirmişik. Reallıqla barışmayan, yaxud reallığın gətirdiyi çətinliklərlə barışmayan valideynlər həmişə olur. Şagirdlərin xoşbəxtliyi bizim üçün birinci pillədə dayanır. Liseyin şagirdləri özlərini sərbəst, xoşbəxt, öz mühitində hiss etməlidirlər. Onları ev tapşırıqları ilə sıxmaq, əzmək istəmirik. Qiymətləndirmə meyarları ilə yükləmirik. Müəllimin ciddiliyi, inzibatçılığı ilə qarşılaşmamalarına çalışırıq. Əyləncə, öyrənmə və dostluq şəraiti qurmağa önəm veririk. Amma bizim valideynlər daha çox Dövlət İmtahan Mərkəzinin proqramını izləyir, bizdən bu proqramın hərfiyyən tətbiqini gözləyirlər. Ona görə də konseptimizə öyrəşənə qədər əziyyət çəkməli oluruq. Hələ də bunu qəbul etməyənlər var. Evə tapşırıq verməməyimizə, kitabların məktəbdə qalmasına etiraz edənlər tapılır. Bəzən 8-ci sinfə qədər qiymət yazılmamasında israrımızı anlayışla qarşılamırlar. Əlbəttə, valideynlərin tələbinə uyğun müəyyən korrektələr olur. Çünki lisey həm də biznes strukturudur. Gəlir olmasa, müəssisə də olmaz”.

“Belə fikir formalaşıb ki, kimsə vurma cədvəlini əzbər bilmirsə, deməli, savadsızdır”

Şəmil Sadiq hesab edir ki, bizdə əsas çatışmazlıq yanaşma tərzidir: “Düşüncə mütləq şəkildə dəyişməlidir. Belə fikir formalaşıb ki, kimsə vurma cədvəlini əzbər bilmirsə, deməli, savadsızdır. Yaxud tarixdən bir neçə xronoloji suala cavab verməyən şagirdə deyirlər ki, bəs sən neçə vaxtdır, nə oxuyursan? Niyə məktəbə gedirsən? Soruşanda ki, yaxşı, uşağınızda nə dəyişiklik görürsünüz? Cavab verirlər ki, artıq sərbəst fikirlidir, mövqeyi formalaşıb, məktəbdən heç qayıtmaq istəmir. Əslində, məktəbin işi elə budur. Uşaq məktəbi sevirsə, xoşbəxtdirsə, özünü rahat hiss edirsə, məktəbə qaça-qaça gəlirsə, komanda işində uğurludursa, seçilən yol doğrudur. Əlbəttə, təlim-tərbiyə, əxlaqi dəyərlər, milli şüurun formalaşması çox önəmlidir. Məsələn, bizdə hər həftənin öz adı var. “Sevgi”, “Hörmət”, “Sayğı”, “Dostluq”, “Vətənpərvərlik”, “Bayraqsevərlik”… Bütün bunlar çox önəmlidir və məktəbdə formalaşdırılmalıdır. Etiraf edim ki, 2000-ci illərdən bəriki gəncliyin davranış qaydalarında, kütləvi olmasa da, gözardı edilməyəcək qədərində müəyyən sıxıntılar var. Çünki əzbərçiliyi qayda kimi qəbul edirlər. Hədəfləri ən yüksək bal toplamaqdır. Düşünürlər ki, universitetdən sonra maksimum bal, qırmızı diplom onların işə düzəlməsində önəmli rol oynayacaq. Amma məsələ burasındadır ki, artıq meyarlar dəyişib. Şirkətlər qırmızı diplom, yüksək göstərici yox, davranış qaydaları, ünsiyyət bacarığı, komanda ilə iş praktikası, emosional zəka göstəricisi tələb edirlər. Heç birimizə universitetdə əldə olunan biliklər 100 faiz lazım olmur. Bəlkə 5, bəlkə 20 faiz – ixtisasa görə dəyişə bilər. Bizə qalan aldığımız tərbiyədir. Ədəb-ərkan, ünsiyyət bacarığı, tənqidi fikri incitmədən demək bacarığı bura daxildir”.

“Google” az qala bütün suallarımıza cavab verə bilir, amma…”

Ş.Sadiq deyir ki, biz valideynlər məktəbi akademiya səviyyəsində görmək istəyirik: mütləq bilik verməlidir: “Robot da, kompüter də böyük informasiya bazasına sahibdir. Amma heç vaxt bir insanı əvəz edə bilməz. “Google” az qala bütün suallarımıza cavab verə bilir. Amma mən “Google”u sevə, onunla duyğulana, onunla ağlaya bilərəmmi? Hiss-həyəcan yalnız insana məxsusdur. Yaxud elə sual verə bilərsən ki, süni intellekt aciz qalar. Amma insan elə çevik zəkaya malik olmalıdır ki, operativ, yerində, şəraitə uyğun cavab verə, fikir yürüdə bilsin. Valideynlər məktəbin funksiyasını fərqli gördüklərinə görə, çətinliklərimiz olur.

Bir məsələni də diqqətinizə çatdırım. Bu il bizim məzunlarımız universitetə qəbul olundular. Yetərincə də yaxşı göstəriciləri var. Digər məktəblərin, liseylərin məzunları da həmçinin. Amma əsas fərq bundan ibarətdir ki, bizim şagirdlər bu mərhələyə əyləncəli, pozitiv mühitdə, xoşbəxt şəkildə çatıblar. Digərləri isə valideyn, yaxud müəllimin qılıncının altında çalışmaqla”.

Cavid QƏDİR

Oxşar yazılar