Son zamanlar kitabın oxunmamasına etiraz olaraq “yandırma” aksiyaları peyda olub. İlk öncə bir müəllif kitabını satılmaması səbəbindən yandırdı. Və bunu bu gün hamımızın tənqid etdiyi, yuxarıdan baxdığı şou-biznes piyarı kimi reklam etdi. Müəllif bu hərəkəti satışın az olması ilə əlaqələndirdi.
Bu addımı, bəlkə də, başa düşmək olar, çünki satılmayan məhsul yük olaraq qala bilməz. Yandıraraq yüngülləşmək gərəkir ki, müəllif bunu da etdi. Sonra prosesin icrasının həyata keçirilməsi ilə əlaqədar şəkillər də paylaşıldı, məlumatlar da yayıldı. Son addım isə müəllifin ciddi olduğunu, fikrində qəti olduğunu göstərməyə xidmət edirdi. Piyarı kim qurmuşdusa, bir az diqqət çəkdiyi üçün onu təbrik də etmək olar. Amma düşünürəm ki, bu etirazı daha da faydalı etmək olardı. Mən kitabın kitaba aidiyyatı olmayan adama pulsuz verilməsinin tərəfdarı deyiləm və bunu da düşünmürəm. Sadəcə olaraq, həmin kitablar ölkənin o qədər də yaxşı durumda olmayan kitabxanalarına hədiyyə edilə bilərdi. Hər birinin içində müəllif tərəfindən “kitablarımın satılmadığını gördüyüm üçün kitabxanalara hədiyyə etməyi düşündüm” kimi avtoqraf da yazıla bilərdi. Əgər doğrudan da, yazıçının qələmində ruhu silkələyəcək nəsə varsa, uzun illərdən sonra, bəlkə də öləndən sonra dəyərini alacaqdı. Burda da yadıma C.Novruzun “Sağlığında qiymət verin insanlara” misrası düşür. Bütün insanlar insanın həqiqi dəyərini özü olmadıqda verir və ya anlayır. Bu isə hamının tənqidinə tuş gəlir. Neyləmək olar axı, Tanrı da bizi öləndən sonra qiymətləndirir – cənnət və cəhənnəmlə.
Əgər doğrudan da, kitab müəllifi bu addımı ilə diqqət çəkib şou aləminə qoşulmaq istəmirdisə. Yox əgər niyyəti dediyim ki, piyar olunmaqdırsa, bunu da kitaba yaraşdırmaq olmur. Axı hamımız ciddi və ağıllı adamların kitabın qiymətini bildiyini yaxşı dərk edirik. Oxusa da, oxumasa da. “Filankəsin əri filankəsi boşadı”, “Filankəs qızını soyundurdu”, “Filankəs ən bahalı ev-maşın almaq üçün kredit götürdü” və s. kimi piyar şüarlara diqqət kəsilən, telefonuna gələn mesaja xəbəri daha dəqiq əldə etmək üçün cavab verənlərin səviyyəsini yaxşı bilirik.
“Axar.az” saytında oxuduğum xəbərdən öyrəndim ki, “Çətir” adlı bir nəşriyyat varmış və bir neçə ay öncə Çarlz Bukovskinin hekayələrini çap edibmiş. İndi isə “yandırma” aksiyası həyata keçirəcəkləri barədə məlumat yayılıb. Hətta xəbərin sonunda belə bir cümlə də verilib: “Bu, doğru xəbərdir, kitabları yandıracağıq” (http://axar.az/news/6686). Heç bir ağlı başında olan adam bu “intiharı” düzgün addım hesab edə bilməz. Kitabı yandırmaq mənə görə adamı yandırıb-yaxmaq deməkdir ki, insan da yaradılmışların ən ali nümayəndəsidir. Bu aksiya ilə kitaba hörmət gətirməyi düşünmək səmimi görünmür. Bunun adı sadəcə iflasdır. Təəssüflər olsun ki, biz kitaba biznes kimi baxa bilmirik, guya ki, kitaba böyük hörmət bəslədiyimizdən “kitab bazarı”, “kitab biznesi” ifadələrini yaxın buraxmırıq. Əslində, ən böyük problem də elə burdan yaranır. Son zamanlar tez-tez mətbuatda kitab haqqında verilişlərin çoxalmasını görən, kitabın uca kürsülərdən səsləndirilməsini eşidən hər kəs elə bilir ki, bu işə girməklə qaz vurub qazan dolduracaqlar. Burada yadıma bir əhvalat düşür…
Bir gün bir gənc xaricdən ölkəmizə qayıdır, atasına deyir ki, ovçuluq dükanı açacağam. Xaricdə buna maraq çox böyükdür. Məşhur küçələrin birində bu işi qurur. Atası öncə buna narazı olsa da, oğlunun oxumuş adam olduğunu bildiyi üçün düşünür ki, yəqin məndən çox bilir, qoy açsın. Üstündən bir il keçir, atası bir gün oğlundan soruşur ki, oğul, işlər necə gedir, ticarətin varmı? Oğlu cavab verir: – Ata, günü-gündən geri gedir. Heç bir xeyir əldə edə bilmirəm. Amma bir şey çox maraqlıdır, mən dükanı açandan sonra həmin küçədə beş dənə də ovçuluq dükanı açılıb. Görəsən onlar bir şey qazana bilirlərmi? Bu gün də “Əli və Nino”, “Kitabevim.az”, “Akademkitab” kimi dükanların, Hədəf Nəşrləri, Qanun Nəşriyyatı, Qələm nəşriyyatı, Altun nəşriyyatı və s. adını, layihələrini tez-tez eşidən bir çox insanlar elə bilirlər ki, hər şey bu qədər asandır. Amma onların keçdiyi yollara diqqət etsələr, bunun o qədər də asan olmadığını görərlər. Bu təkcə kitaba aid olan məsələ də deyil, bütün işlər səbr, əzm, fədakarlıq tələb edir. Şəxsən bizim dükan 3 ildir ki, işləyir və hələ indi-indi xərcələrini özü çıxarmağa başlayıb. Digərlərinin də fəaliyyətinə nəzər yetirsək, məncə bunun şahidi olarıq.
Əgər bir işdə, sənətdə uğur qazana bilmirsənsə, deməli, nəsə yanlışın var. Və bu iş sənlik deyil. Başqa bir işə əl atmaq lazımdır. Həvəsə görülən plansız işlər elə bu cür sonluqla da bitəcək. Kitabı yandıracağam deməklə, bəzi müğənnifasonların məişət problemlərini kütləyə sırımaqla reklam olunmaq istəyinə meyl etmək, kitaba hörmətsizlik, xalqın isə təhqir olunması kimi ifadə olunur. Unutmaq lazım deyil ki, nə Cəlil Məmmədquluzadə, nə də Məhəmməd Hadi kimi dahilər kitablarını yandıranda, cıranda mətbuat konfransı vermirdi. Halbuki, səbəb onların da maddi imkanlarının olmaması idi. Amma bu gün onlara qoyulan hörmət, göstərilən sevgi dövrünün biznesbazlarından daha yüksəkdə durur ki, bu da heç nə ilə müqayisə edilə bilməz.
Bu gün kitaba, ədəbiyyata xidmət göstərən saytlar, nəşriyyatlar, mağazalar, şəxslər çoxdur. Bunlar isə danılmaz faktır. Amma heç biri bu işi məhz xalq üçün, millət üçün etmirlər. İlk sırada onların öz maraqları durur. Sadəcə, öz maraqlarını təmin etmək üçün xeyirli işlə məşğul olub, qazanır və qazandırırlar. Bacaranlara baş qurbandır deyərlər, bacarmayanlara isə…
Bir məsələyə də toxunmaq istərdim. İstər müəlliflər, istərsə də, bu biznesə yeni qoşulanlar elə düşünməsinlər ki, 50%-lə istənilən kitab satılmadığı və ya onu alanın yalnız çox qazanc əldə etməyə ünvanlanıb. Yaxın Türkiyədəki vəziyyəti nəzərə çatdırım ki, nəşriyyatlar kitablarını dağıtım şirkətlərinə minimum 50-60% endirimlə verir. Dağıtım şirkətləri isə topdansatış mağazalarına 40-50% faizlə verir. Mağaza isə kiçik satış məntəqələrinə 30-40%-lə verir və son satıcı da 10-20% qazancla satır. Bizdə isə hələ də dağıtım şirkətləri anlayışını böyük mağazalar əvəz edir.