Siz heç tanıdığınız, amma şəxsiyyət olaraq bəyənmədiyiniz bir yazarın əsərini oxumağa cəhd etmisinizmi?
Üz əzələlərinizin istənilən hərəkəti sizin də bu məcburiyyət qarşısında qaldığınızı ifadə edir.
Doktorluq işim “Müstəqillik Dövrü Azərbaycan romanı” olduğu üçün neçə vaxtdır ki, alıb yığdığım romanları ara-sıra oxumağa çalışıram. Düzünü deyim, ən çox tərəddüdlə oxuduğum əsərlər gənc yazıçıların əsərləridir. Özümdən asılı olmayaraq, real həyatda tanıdığım və hörmət etdiyim şəxslərin əsərlərini oxu siyahımda önə salmışam.
Mənim üçün əsərin ideyası önəmli olduğu üçün şəxsiyyətinə də hörmət etdiyim şəxslərin əsərlərini oxumağım daha asan olur. Ədəbi mühitlə yaxından tanışlığım olduğu üçün gənc yazar hesab edilənlərin hamısını tanıyıram. Bəziləri ilə dostluğum var, bəziləri ilə bir çay içmişik, bəzilərini isə yazılarından tanıyıram. Ona görə də hər dəfə çağdaş romanlarımızdan oxuyanda daxili bir əziyyət çəkirəm. Məsələn, hərdən elə hiss gəlir ki, bir kitabı götürəndə digəri ordan baxıb görür və deyir: “Hə belə oldu, indi?” “Bəs biz dost idik…” və sairə…
Elə kitab da olur ki, hər dəfə əlimə keçdikcə görünməsin deyə arxa sıralara itələyirəm. Di gəl ki, ədəbiyyatdakı sırtıqlıq şkafımda da özünü göstərir. Bəlkə də deyəcəksiniz ki, bəyənmədiyin, bu qədər mənfi münasibət doğuran birinin əsərini niyə almısınız və niyə oxuyursunuz? Düzü, mən də hərdən sual verirəm özümə bu barədə. Amma başa düşün ki, bu işi mən görməliyəm, bəyənsəm də, bəyənməsəm də…
Bu günlərdə özümü bir təhər məcbur edib, mətbuatdan tanıdığım, insan olaraq elə də rəğbətim olmayan bir yazarın əsərini oxumağa cəhd etdim. Bir zamanlar bəyənilməyən Rəqsanənin mahnıları kimi bu adamın da adını tez-tez eşidir, gündəmdə daha sıx görürdüm. Kimliyindən “mənə nə” deyib, oxumaq istədim. Həm də istədim ki, görüm, bu yazar google-də reklamı verilən şirkətlər kimi niyə bu qədər tez-tez qarşıma çıxır?
Və beləcə kitabı götürüb oxumağa başladım… Elə ilk cümləsindən xisləti, xarakteri və iç aləmi gəlib durdu gözümün qabağında… Lap filmlərdəki kimi… Gözlərimi ovub, üzümü yuyub yenidən oxumağa başladım…
Çox çalışdım ki, adamın sadəcə bədii mətninə diqqət edim, şəxsiyyətini nəzərə almayım, alınmadı. Çünki mətn də sahibinə oxşayırdı bütün tərəfləri ilə. Hərflərin düzülüşü də, fikirlərin baxışı da, sətirlərin pərakəndəliyi də, ideyanın ideyasızlığı da birbaşa müəllifi xatırlatdı…
Ədəbiyyatda tez-tez əsərlərin müəllifi ilə nə qədər həmahəng olduğu haqqında yazılır. Və adətən, deyilir ki, şəxsiyyətə yox, onun mətninə baxın. Təsadüfi deyil ki, mətnşünaslıq elmi yazılara görə yazarın kimliyini, şəxsiyyətini vizual görüntüsünü araşdırmağa çalışır. Bunu əyani görmək üçün tövsiyə edirəm, yaxından tanıdığınız birinin əsərini oxuyun.
Hər kəs yazısında özünü anladır. Ola bilər ki, mövzu, ideya başqa yerdən alınsın, amma əmin olun ki, vergülündə ikiüzlülüyü, nöqtəsində qətiyyəti, nidasında qüruru, tire ve ya nöqtəli vergüllərində qərarsızlığını, yerli yersiz modal sözlərində həyasızlığı və ya yalançı təvazökarlığı hiss olunur yazarın. Əsl yazıçılar yaradıcılığnda bütövləşən şəxiyyətlərdir. Yaradıcılığı ilə bütövləşməyi bacarmayanlar, elə məhz yarımçıqlardır.
P.S. Roman yarımçıq qaldı. Çünki cümlələrinin birində sanki “Mehman” povesti əsasında filmləşdirilən “Qanun naminə” filminin “Qaloş” obrazını xatırladan riyakar səsi qulaqlarımda cingildədi, eybəcər sifəti gözlərimdə canlandı və düşünmədən tulladım bir kənara… Amma uzun illər sonra kimlərsə bizim şəxsiyyətini tanımadığımız yazarlar kimi bu əsəri də oxuyacaq, bəlkə də bəyənəcək…
