Haqqında yazılanlar

“ODƏRLƏR”: İDEYA VƏ OBRAZ YENİLİKLƏRİ

Şəmil Sadiqin “OdƏrlər” romanı oxucular arasında diskussiyaya səbəb olub. Bu, bir tərəfdən yazıçının əsərdə əks etdirdiyi bədii-fəlsəfi baxışları, digər tərəfdən yeni obraz yaradıcılığı məsələləri ilə əlaqədardır.

Şəmil Sadiqin bədii-fəlsəfi görüşlərinin və ədəbi mövqeyinin üç böyük mütəfəkkir sənətkarın irsindən – Cəlil Məmmədquluzadə tənqidi realizmindən, Hüseyn Cavid romantizmindən və milli ədəbiyyatımıza SafAğ elmini gətirmiş İsa Hüseynov konsepsiyasından maya tutduğu aydın görünür. Eyni zamanda, biz onu modern və postmodern təfəkkür işığında həqiqətlə xəyalı birləşdirən, epik-romantik üslubda öz sözünü deməyə, öz mövqeyini təsdiq etməyə çalışan bir qələm adamı kimi görürük. Yəni romanmüxtəlif ədəbi meyl və istiqamətləri özündə sintez təsiri bağışlayır, biz “OdƏrlər”də qəhrəmanlığın tərənnümü zamanı romantika ilə realizmin, məntiqlə emosiyanın, türkün ən gizlin və çağdaş tarixindən bəhs edərkən tarixi-fəlsəfi biliklər üzərində köklənmiş analitik təfəkkürlə fantastik ideya və düşüncələrin heyrətamiz vəhdətini görürük.Roman üçün “Ölüm var ki, həyat qədər dəyərli…” (H.Cavid) epiqrafların seçilməsi, müəllif təhkiyəsində, surətlərin dialoqlarında yeri gəldikcə C.Məmmədquluzadə, H.Cavid, İ.Hüseynov baxışlarına istinad edilməsi də sadəcə həmin əsərlərin bədii qayəsindən xəbər vermir, həm də ədəbi varislik, bağlılıq məsələlərinə güzgü tutur. Qeyd etməliyik ki, Şəmil Sadiq həmin sənətkarların ədəbi irsinə həm bir oxucu, həm də yeni meyar və tələblərlə yanaşan bir tədqiqatçı kimi dönə-dönə müraciət etmiş (Bax: Sadiqov Ş. “H.C. yaradıcılığında qəhrəman konsepsiyası”. Bakı: Hədəf Nəşrləri, 2012; “H.C. yaradıcılığında sənətkarlıq məsələləri”. Bakı: Şirvannəşr, 2005; “İsa Muğanna: ölümdən sonrakı həyat”. Bakı: Hədəf Nəşrləri, 2014 və s) müxtəlif ədəbi cərəyanlara mənsub söz sərkərdələrinin ideya baxışları arasında paralel müqayisələr aparmış, çağdaş ədəbi cərəyanların nəzəri mahiyyətinə varmışdır. Heç şübhəsiz ki, istər adları çəkilən sənətkarların, istərsə də yeni ədəbi istiqamətləri təmsil edən avanqardların xalq, Vətən taleyi məsələlərinə bədii münasibətində kəsişən, üst-üstə düşən məqamlar (milli kökə bağlılıq, bəşəri sevgi, ictimai mühitin saflaşdırılması, dini fanatizmə və çürük təriqətlərə qarşı çıxmaq, tarixi keçmişdə müasirlik motivləri axtarmaq və s.) Şəmil Sadiq ruhuna, təbinə təsirsiz ötüşməmişdir. Yazıçı mövqeyi aydınlığının, ictimai idealın böyüklüyünün nəticəsidir ki, forma-struktur axtarışlarında yaradıcı sərbəstliyindən bol-bol istifadə etsə də, ideya, qəhrəman axtarışlarında diqqəti ən mühümə – milli ruh daşıyıcılarına yönəldə bilir, bu səbəbdən yaradıcılığındakı paralellikdə bir üsul digərinə qarşı çevrilib onu zəiflətmir, əksinə, etnosun daxili hərəkətverici qüvvəsinin gücünü əks etdirməyə, hətta keçmişin dərinliklərinə işıq salmağa və hadisələri qabaqlayıb olacaqlardan xəbər verməyə kömək edir.

“OdƏrlər” romanı vətənpərvərlik mövzusundadır və qəhrəmanlıq motivləri ilə zəngindir. Əsər müəllifin özünün qeyd etdiyi kimi, tarixi faktlar, şahid xatirələri, MTN-nin arxiv materialları əsasında yazılıb. Bununla belə əhvalatlar, obrazlar yazıçının canlı həyat müşahidələrindən və təxəyyülündən boy verib, hətta yazıçının etirafına görə qəhrəmanlar onun yaxından tanıdığı dostlarının prototipidir. Yazıçı öz məqsədinə nail olmaq üçün cəbhə bölgəsini qarış-qarış gəzib-öyrənmiş, ustad yazıçı İsa Muğannanın SafAğ elmindən və dəyərli məsləhətlərindən faydalanmış, zəngin kitabxana materiallarından, coğrafiyaşünas, tarixçi, dilçi, hərbçi dostlarının köməyindən istifadə etmişdir.

Müəllif oxucuya müraciətində qeyd edir ki, kitab üç hissədn ibarət olacaq. Artıq oxuculara təqdim etdiyi birinci kitabda əsərin baş qəhrəmanı Arslan Sultanbəyli Dədə Əfəndinin tövsiyyəsi ilə Türk millətinin tarixi ilə əlaqəli gizli mətləbləri üzə çıxarmaq üçün öncə Şuşaya yollanır, ikinci kitabda Ulu Şaman Məclisinin tapşırığı ilə Çinə, üçüncü kitabda isə Vatikana getməlidir. Lakin birinci kitabın əhvalat içində əhvalat şəklində yazılması, OdƏrlərin Şuşadakı Xəzinə qalasında gizlədilmiş qədim kitabı tapıb gətirmək və Xankəndində Azərbaycan bayrağı ucaltmaq əməliyyatları ilə daha da genişlənib polifonik məzmun daşıması çoxşaxəli süjet xəttinin növbəti kitablarda da davam etdiriləcəyindən xəbər verir.

Birinci hissədə cərəyan edən hadisələr ucqar dağ kəndindən – nisbətən sakit bir mühitin təsviri ilə başlayıb həm tarixə qısa ekskurslarla, həm də reallıqla quramanın çuğlaşması fonunda çoxşaxəli və mürəkkəb xarakter alır. Əsərin əvvəlində nalbənd Dəmirçioğlunun dediyi “Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar” sözləri Arslan Sultanbəylinin Lahıcdakı beşguşəli ulduzu xatırladan məkanda, əli məşəlli, üzübağlı beş adamla məxfi görüşü, onların kimliyinin və məramının açıqlanması ilə ideya-məqsədə aydınlıq gətirir:

“Oturanlardan biri dedi:

– Qoroğlu, aramıza xoş gəldin!

– Siz kimsiniz? Mən hara xoş gəldim?

– Oğul, sən Ata ocağına gəlmisən, narahat olma! İştirakçısı olduğun bu

ocağın tarixi çox qədimdir. Türk dünyasının və bəşəriyyətin qurtuluşu üçün çalışır, zaman-zaman böyük zərbələrə məruz qalaraq itirilmiş tarixlərin üzə çıxarılması üçün mübarizə aparır. Min illərdir ki, Yaradanın və yaradılışın sirləri şər qüvvələrin əlinə keçmək təhlükəsindədir. Seçilmişlərdən ibarət olan bu təşkilatın işi onlarla mübarizə aparmaq, Tanrının yaratdığı milləti saflaşdırmaqdır” (4, 24)

Dəmirçioğlunun izahatından belə məlum olur ki, bu təşkilat müstəqil fəaliyyət göstərsə də, hər zaman dövlətin yanındadır. Türk cümhuriyyətlərində qolları var. Bütün türk ölkələrində olduğu kimi, Azərbaycanda da beş mərhələdən ibarətdir bu ocaqlar. Hər beş nəfər şəxs onun üstündəki beş nəfərlik digər qrupa daxildir. Beşinci ocaqda fəaliyyət göstərən şəxsləri yalnız beşinci ünsür tanıyır. Ulu Şaman Məclisinin bütün qərarlarını beşinci ünsür təqdim edir. Təşkilat ümumilikdə türk dünyasının, o cümlədən Azərbaycanın xarici kəşfiyyatını qurur. Xaricdən Azərbaycana qarşı edilən təzyiqləri zərərsizləşdirir. Ulu Şaman Məclisinin beşinci ünsürü isə türk xalqlarının beşinci ünsürləri ilə hər il bir qurultay keçirirlər. Sonra da alınan qərarları yerlərə, yəni hər ölkənin beşinci məclisinə çatdırırlar.

Arslanı, özünün də xəbəri olmadan çətin sınaqlardan keçirəndən sonra bu məclisə dəvət etməkdə məqsəd onu seçilmişlərdən biri elan etməkdir. Amma Arslan təşkilatın ideologiyasını daha dərindən öyrənmək üçün Dədə Əfəndinin söhbətlərinə qulaq asmalıdır. Əgər deyilənləri qəbul etməsə və təşkilatı haqsız hesab etsə, məclisə girməmiş uzaqlaşa bilər. Yox, əgər təşkilata qoşulub fəaliyyətini yarımçıq qoysa və məclisdən uzaqlaşmaq istəsə, onda yanan bir ocaq kimi birdəfəlik söndürüləcək. Qəlbində Vətən sevgisi alovlanan gənc Arslan bu ağır şərti qəbul edir və “Qoroğlu” kodu ilə təşkilata üzv yazılır. Romanın əsas ideya-məzmununu da, nə qədər ziddiyyətli dünyagörüşə malik olsalar da, “hər şeydən öncə vətən, millət!” qayəsi ilə birləşən, ana yurdun işğal edilmiş tarixi ərazilərini düşmən tapdağından azad etməyə müqəddəs and içən igid döyüşçülərin ideya-mübarizələri təşkil edir.

“Arslanın təklifi ilə dəstənin adını OdƏrlər qoymuşdular. Çünki o, bu ifadəni ilk dəfə “İdeal” romanında oxumuş və bəyənmişdi. “İdeal” romanında “Od” həqiqət, “Ər” isə işıq kimi təqdim edilmişdi. “Həqiqət İşıqları” anlamına gələn bu ad həm də onların məramını ifadə edən ən müəkəmməl söz idi. Axı onlar da dünyada HƏQİQƏT İŞIĞININ parlamasını istəyir, bunun üçün onu yandırmağa gedirdilər”(4, 90-91). – Yazıçı OdƏrləri təmiz qanlı, sağlam əqidəli, müqəddəs amallı, zəngin mənəvi-əxlaqi keyfiyyətləri, yüksək intellektual səviyyələri ilə seçilib fərqlənən türk qəhrəmanları kimi təsvir edir, onların vasitəsilə artıq döyüş, qələbə məqamının yetişməsi, işğal edilmiş ərazilərimizin bir həmlə ilə azad ediləcəyi fikrini vurğulayır. Ə.R.Xələflinin qeyd etdiyi kimi, Şuşada qalmış və Odər dilində yazılmış kitabı tapıb-gətirmək fikrini təxəyyülündəki mahiyyəti aşkarlamaq vasitəsinə çevirir, işğaldan yaxa qurtarmağın yolunu göstərir: “Əsl həqiqət o kitabdadır. O kitabı gətirmək mümkün olsa, Azərbaycan xalqı – türk etnosu öz gücünü diktə etmiş olur, öz həqiqətinə tapınmış olur və qanuni haqqı olan torpaqlarını da işğaldan xilas edə bilir” (2) .

Ona görə də əsər tarixi keçmişimizlə indimiz arasında körpü quraraq geniş həyat hadisələrini əhatə edir. O hadisələrin ki, milli özünüdərk və özünütəsdiq mahiyyəti daşıyır.

“OdƏrlər” hissi-psixoloji və dramatik situasiyalarla zəngin kəskin süjet xəttinə malikdir, bununla belə, əhvalatların təsviri yazıçının aktual problemlərlə bağlı tarixi-fəlsəfi mühakimələri və fantastik düşüncələri ilə müşayiət olunur, daha dəqiq desək, o bu istəyini yaratdığı Dədə Əfəndi obrazı, onun söhbətləri vasitəsilə gerçəkləşdirir. Müəllif, özünün də qeyd etdiyi kimi, öz millətinin canlı tarixini və görmək istədiyi gələcəyini “ürəyinin səsinə qulaq asaraq” və “yaradıcı təxəyyülünün, fantastik düşüncələrinin köməyi ilə” qələmə alır. Yaradıcılıq prosesində bu iki cəhətin birləşməsi, bir tərəfdən, ölkələr, millətlər, dinlər, təriqətlər, yürüdülən siyasətlər, Odərlik, beşguşəli ulduz və s. haqqqında zəngin məlumat verməyə, digər tərəfdən, Qarabağın işğalı ilə Azərbaycanda yaranmış vəziyyətə və bu vəziyyətdən xilas yolu axtarışlarına aydınlıq gətirməyə imkan verir.

Əsərdəki digər əsas obrazların, yer, təşkilat adlarının seçilməsi də müəllifin ideya-məqsədinə xidmət edir: Ulu Şaman Məclisi və onun seçilmiş üzvləri (dünyagörmüş qoca nalbənd Dəmirçioğlu, Lahıclı Ata kişi, MTN-nin generalı Atilla Babayev, həbçi, briqada komandiri polkovnik-leytenant Kamandar Heydərov, sınaqlardan çıxmış cəsur vətənpərvərləri seçib onları təşkilatın ideologiyası ilə silahlandıran Dədə Əfəndi), OdƏrlər (gizir Arslan Sultanbəyli, kapitan Altay Cavadov, gizir Elçin Alıyev, əsgər Ərtoğrul Hüseynov, əsgər Ayxan İsmayılov) və s.

Dədə Əfəndi obrazı öz söhbətlərinin məğzi, mahiyyəti ilə mərhum yazıçımız

İsa Muğannanı və onun SafAğ elmini xatırladır. Belə ki, ədibin son əsərlərində (“İdeal”, “Gur Ün”, “Qəbiristan”, “İsahəq-Musahəq”) irəli sürdüyü SafAğ elmi-bədii konsepsiyasına görə bəşəriyyət təhrif içindədir, öz elmini, dinini və dilini unudub, o cümlədən Türk də bir çox gerçəkdən uzaqlaşıb, öz mənşəyini unudub və yazıçı öz missiyasını bu təhrifləri açmaqda görür. Dədə Əfəndinin söhbətləri də əsərdə “ideologiya”, elm” kimi qələmə verilir, “ruhu cilovlayıb idarə edən fikirləri”nin, sehrli cümlələri”nin bəşəri bir missiya daşıdığı göstərilir.

İ.Muğanna izah edir ki,Türkün mənşəyi birbaşa Tanrı və işıqla – Od və ƏLAğla bağlıdır. Bütün dünya işıqdan yaranan türkə, OdƏr övladına qoşulub ƏLAğa – Allaha doğru gedəcək. OdƏrə dönmək, Ün eşitmək üçün Elmə, Dinə və Dilə sahib olmaq lazımdır. Dədə Əfəndinin də ideya-mübarizəsinin kökündə eyni mətləb – Türk millətini saflaşdırmaq, onu təhdid edən təhlükələrdən xilas etmək məqsədi dayanır. O deyir ki, Yaradan bütün sirlərini ilk insanlara – türklərə – OdƏrlərə vermişdi. Bəşəriyyətin uydurulmuş dinlərinə qədər dini də vardı, peyğəmbər sayılacaq insanı da. Bütün dillər bir dildən – OdƏr dilindən yaranıb. “Bax görürsənmi, nəyin davası gedir? Dilin. Deməli, dil yaradılışın genetik daşıyıcısıdır… Bütün kodlar, sirlər hamısı dildə yaşayır. Əgər kimsə dilini unudursa, təfəkkürü manqurtlaşır… Bu siyasəti yürüdənlərin məqsədi odur ki, sən dilini unudasan, özünü unudasan” (4, 58) deyən Dədə Əfəndinintövsiyyəsi ilə Ulu Şaman Məclisinin axtardığı kitab həmin təhrifləri aradan qaldırmağa kömək edəcək. Məxfi tapşırıqla Şuşaya göndərilən Arslan məhz qədim OdƏr dilində – Bilgə Kağanın, Atillanın, Oğuz xanın dilində – yazılmış kitabı tapıb gətirməlidir – əsil həqiqətlər o kitabdadır.

“Əzizim, bu həqiqətlər OdƏr xalqının (qədim türklərin) Ağ – SafAğ elmindəndir. Türklər SafAğ elminə OdƏr mədəniyyəti deyirlər və bu elmi gizlin yaşadırlar. SafAğ elminin təhrif adı Sufidir. Bu təhrif farslardan gəlir. Nəsimi yazır: “Dövr Ağın, dövran Ağın dövranıdır. SafAğ elmini Azərbaycan aşıqları yaşadırlar. “Divani” və “Hürufani” (təhrifdə “hürufi”). Aşıq Ələsgər deyir: “Beş gözəlin aşiqiyəm”. “Beş gözəl” deyəndə o, Bağ Atanı və onun dörd oğlunu nəzərdə tutur. “Beş” rəqəminin müqəddəsliyi Bağ Ata ilə oğullarının rəmzi işarəsidir” (4, 88-89).

İsa Muğanna son əsərləri ilə SafAğ elmini OdƏr dilində dərk etməyə çağırırsa, (İ.Muğanna konsepsiyasına görə təhrif olunmuş adların bərpası millətin qurtuluşunun əsasıdır) və bu, oxucudan səbr və intellektuallıq tələb etmək kimi müşküllər törədirsə, Şəmil Sadiq müasirimiz Dədə Əfəndinin daha anlaqlı söhbətləri vasitəsilə bu işi bir qədər asanlaşdırmağa, mübahisəli məqamlara OdƏrlərin uzun yol söhbətlərində – dialoqlarında, mübahisələrində aydınlıq gətirməyə çalışır. Yazıçı Dədə Əfəndini OdƏr dilinin yeganə bilicisi, açılmamış sirli sözlərin köməyi ilə dünyanın, yaradılışın sirrini araşdırmağa çalışan müdrik qoca kimi təsvir edir. Bu da elə birbaşa İsa Muğannaya işarədir.“Gözlərinin içinə diqqətlə baxan olsa idi, sanki dünyanın yaradıldığı günü görərdi. Tarixin lap qədim çağlarını özündə gəzdirən bu kişi OdƏrlərin ağsaqqalı idi. Dədə Qorqudun qoyub getdiklərini, tövsiyələrini əsrlərdən bu günə daşıyan əsil ruh adamı idi. Hərəkətlərində bir ağırlıq vardı. Sinəsində əbədiyyət rəmzi olan naxış vardı. Bu qədim türk naxışı ölümsüzlüyü əks etdirirdi özündə. Cismani ölümsüzlüyü yox, ruhun, bilginin, ilahi nurun ölümsüzlüyünə işarə idi” (4, 321) .

Beləliklə, biz deyə bilərik ki, əgər ““Məşhər”dəki Nəsimi İsa Muğannanın özü idisə, İsa Muğanna neohürifiliyi Nəsimi hurifiliyndən başlayırdısa” (Rüstəm Kamal), Şəmil Sadiqin “OdƏrlər”indəki Dədə Əfəndi İsa Muğannanın prototipidir, ədəbiyyatımıza gətirilmiş ilk bədii obrazıdır; “OdƏrlər” İsa Muğanna bədii-fəlsəfi görüşlərini dərk etməyə kömək edən bir əsər kimi də əhəmiyyətlidir; ümumilikdə isə “OdƏrlər”i ideya-məzmun etibarilə yazıçı-vətəndaş Şəmil Sadiqin bütün türk dünyasını (o cümlədən Azərbaycan xalqını) təhdid edən təhlükələrdən xilas konsepsiyası kimi də dəyərləndirmək olar – xəyalpərvərliklə reallıq duyumundan yoğrulmuş fəlsəfi konsepsiya. Yazıçı bu əsərində həm də sözün geniş və dərin mənasında filosofdur.

Biz “OdƏrlər”i oxuyarkən yazıçının süjet boyu öz yaradıcı təxəyyülünə, fantaziyasına, intutiv duyum hissinə güvənib daha da dərinliklərə enməklə türkün ən gizli və çağdaş tarixi, Qarabağın azadlığı uğrunda mübarizəmizin görünməyən tərəfləri və gözlənən nəticələri barədə bilgi vermək səylərinin səngimədiyini görürük. Romanda qlobal yürüş və milli amil üzləşməsi önə çəkilir ki, bu da təsadüfi deyil: müəllifin bədii mühakiməsinə görə indi qloballaşma adı altında baş verən proseslər əslində dünyanın yenidən bölüşdürülməsi siyasətinin davamıdır, yenə də türk dillərinin, türk siyasi iradəsinin, türk iqtisadi marağının sıxışdırılması ilə müşayiət olunur, yəni türk millətlərini, dövlətlərini təhdid edən təhlükələr daha çox dünyəvi xarakter daşıyır, Azərbaycan xalqı da, hər bir cəhətdən azad olmaq (o cümlədən Qarabağı azad etmək!) və öz taleyini seçmək istəyində israrlı olsa da, dünyəvi proseslər və problemlər hələ ki buna imkan vermir. Yazıçı dərkinə görə bu hal qloballaşma və milli amil problemini nəinki iqtisadi, siyasi, həm də mənəvi, psixoloji aspektləri ehtiva edən bədii araşdırma tələb edir və o özü elə bu işlə məşğuldur, oxucusuna xalq həyatına ciddi təsir edən hadisə və proseslərə daha köklü və əhatəli yanaşmağın vacibliyini izah etməyə çalışır, zaman-zaman adını dəyişən, əslində isə türk xalqlarına qarşı qərəzli mahiyyətini dəyişməyən siyasi və hərbi yürüşlərə qarşı mübarizədə daha sayıq, daha dözümlü, daha inamlı olmağa ruhlandırır.

Ümumiyyətlə, gələcəyə sayıq, nikbin baxış meyli Şəmil Sadiq yaradıcılığının özünəxas keyfiyyətlərindəndir. “OdƏrlər” də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adının və şücaətinin tez-tez xatırlanması, daha dəqiq desək, OdƏrlərin onu öz amalları uğrunda mübarizəyə ruhlandıran qəhrəmanlıq simvoluna çevirməsi, türk xalqlarının tarixi haqqındakı qədim kitabın Xəzinə qalası mağarasından tapılıb Bakıya gətirilməsi, üçrəngli Azərbaycan bayrağının Xankəndinə sancılaraq qondarma dövlət binasının başı üzərində dalğalanması bu özəllikdən xəbər verir. Əsərdə ağrılı tale yaşantıları, insan faciələri bir-birini izləsə də, dünya kədəri, pərişan fəlsəfi ovqat nə qədər dərin olsa da, vətən sevgisinin, ana yurda bağlı ruhun qələbəsinə, təntənəsinə inam daha qüvvətli təsir bağışlayır və bu keyfiyyət romana canlı həyat təravəti gətirir.

***

Əsərdə maraqlı şəkildə inkişaf etdirilən kəskin konflikt əks cəbhələrə mənsub olanların – təcavüz edənlə, təcavüzkara qarşı ölüm-dirim mübarizəsi aparanların mənəvi simalarını aydın təsəvvür etməyə imkan yaradır. Kəşfiyyat zamanı erməni yaraqlıları ilə qarşılaşma, qeyri-bərabər güclərin döyüş səhnələri, “Təki Vətən yaşasın!” amalı ilə göstərilən fədakarlıq real, inandırıcı cizgilərlə, eyni zamanda romantik bir pafosla təsvir edilir.

“Məhəmməd seçilmiş rənglərin vəhdətini özündə əks etdirən bayrağı komandirin sinəsindən götürdü: ondan komandirin, Vətənin, millətin, qələbənin qoxusunu alırmış kimi dərindən nəfəs alıb, havanı acgözlüklə ciyərlərinə çəkdi. Vətənsevənləri məst etməyi bacaran bu ətir qələbə ətrini ruhuna hopdurmuş komandirdən çökmüşdü bayrağa. Qoxuladıqca buz bulaqlı, yaşıl meşəli, başı qarlı dağların havasından daha xoş gəlirdi Məhəmmədə… Qələbə ətrini yaradanlar, onu hamıdan öncə duyanlardır… onlar bu ətrin qoxusunu hiss etməyi, duymağı bacarmasalar, hazırlaya və ətrafa yaya bilməzlər… Yaşasın qələbə ətrini zəfərdən öncə duyanlar!” (4, 195-196) .

Qeyd etməliyik ki, bir çox görkəmli sənətkarlarımız və tənqidçi- ədəbiyyatşünaslarımız ədəbiyyatda romantizmi qətiyyətlə müdafiə etmişlər. Məsələn, Səməd Vurğunun fikrincə romantika realizmi məişətçilikdən, naturalizmdən qoruyan vasitələrdən biridir. Məmməd Arif romantikadan bəhs edərkən belə bir nəticəyə gəlirdi ki, bədii yaradıcılıqda romantika, hadisə və insan surətlərini romantikləşdirmə heç də realizmə, həyatı olduğu kimi düzgün əks etdirmə prinsipinə zidd deyildir, əksinə, müsbət idealın təsdiqi və müsbət qəhrəman tipi yaradılması işində vacib və zəruridir; romantikaya biganəlik, lazım və zəruri olduğu yerdə ondan faydalanmamaq realizmi fotoqrafçılığa və bədii idrak fəlsəfəsini empirizmə yaxınlaşdıra bilər; yazıçı romantikadan istifadə edərək “öz gözəl xəyalları ilə real həyatı qabaqlamağa can atır” (1, 27-28). Bu nöqteyi-nəzərdən Şəmil Sadiq yaradıcılığındakı romantika müsbət idealı bütün əzəməti ilə canlandırmaq mahiyyəti daşıyır, öz içindən də gələn xalq arzu-istəklərinin gerçəkləşdirilməsinə − gələcəyə yönəlir.

“O, bu cür ölümü – bayrağa bükülərək ölməyi çox arzulamış və bunu Allahdan çox diləmişdi… Ovcunun içində sıxdığı bayrağın göy rəngi qana boyanmamışdı. O, son dəfə güc tapıb yumruğunu möhkəmcə sıxdı. Sanki göy rəngin timsalında bütün yaradılışı, bəşəriyyəti qorumağa çalışırdı. Bir də son kərə bayrağı öpmək istədi, amma əli qalxmadı. Ruhu artıq cismimi tərk edirdi… Sanki Tanrı buna dözmədi. Azacıq bir meh əsdi. Bayrağın ucu onun dodaqlarına toxundu. … Öpdü, məst oldu, ruhu da bu öpüşlərə qərq olaraq… üçrəngli bayrağa sarıldı və ənginliklərə uçdu…” (4, 254-255) .

Bu və ya bu kimi təsvirlərdən də görünür ki, Şəmil Sadiq romantikası həm qəhrəmanı – ideya daşıyıcısını qanaqlandırmaq, onun mənəvi aləminin və xəyalının zənginliyini əks etdirmək, həm də qəhrəmanın uğrunda mübarizə apardığı ideyanın özünü layiq olduğu ucalıqda tərənnüm etmək, həmin ideya uğrunda mübarizəyə səsləmək keyfiyyəti ilə faydalıdır. Onu da nəzərə almalıyıq ki, azadlıq hərəkatının (istər istiqlal, istərsə də torpaq uğrunda) qüvvətləndiyi bütün dövrlərdə belə olub: ədəbi yaradıcılıqda mütərəqqi romantizm boy verib və hər dəfə də milli ədəbiyyatımız yeni müsbət keyfiyyətlərlə zənginləşib.

Şəmil Sadiqin fərdi yaradıcılıq xüsusiyyətlərindən bəhs edərkən belə bir keyfiyyəti də qeyd etmək vacibdir: yazıçının dili (istər hekayələrində, istərsə də romanlarında) sadə və aydın, dialoqları canlı və təbiidir. Kifayət qədər ağır bir mövzuda yazılmış “OdƏrlər” romanından bir parçaya diqqət yetirək:

“ – Yaxşı, danış. Qulaq asıram. Mən də danışacağam. Əminin arvadından

heç danışmırsan, o necə oldu? İndi necədir?

– Rəhmətə gedib keçən il.

– Allah rəhmət eləsin! Nəsə xəstəliyi var idi?

– Yox. Amma əri və iki oğlu müharibədə şəhid olmuşdu. Ondan sonra ar-

vadın heç üzü gülmədi. Hərdən oturub öz-özünə elə ağlayırdı. Onda mən uşaq idim. Qaçıb anama deyirdim ki, bibinin əlinə tikan batıb, ağlayır. Hərdən də deyirdi ki, gözümə milçək girib. Böyüyəndə onu başa düşdüm. Ağlım kəsəndə bir dəfə mənimlə dərdləşdi. Onun gözlərindəki kədər günəşin qürub etdiyi təlatümlü görüntünü xatırladırdı. Əzab-əziyyət, elə bil, ona doğma idi. Bir dəfə ona kömək edib dananı tövləyə salandan sonra arvad daşın üstünə oturub məni də yanında əyləşdirdi. Başımı sığalladı. Dedi: – Kişi balam! Bax mən sənin kimi kişi istəyirəm. Hərdən kişilərimin yoxluğundan şikayət edəndə camaat deyir ki, bu arvadın ürəyi kişi istəyir. Day demirlər ki, torpaq da kişi istəyir, bağ da kişi istəyir, balta da kişi istəyir, odun da kişi istəyir, bazarlıq da, inəyi dartmaq da kişi istəyir… O danışdıqca üzünə baxırdım, qulaq asırdım və onun gözlərində həqiqətən də, əzabın ən son həddini görürdüm” (4, 145).

Bütün bunlarla yanaşı, “OdƏrlər” əsəri mübahisəli məqamlardan da xali deyil və bu məqamlar tarixi keçmişimizlə və Ulu Şaman Məclisinin fəaliyyəti ilə bağlı yazıçı mühakiməsində, millətlər, dinlər, təriqətlər barədəki fəlsəfi baxışlarda meydana çıxır. Lakin inanırıq ki, oxucu hətta “uydurulan aləmdə hər birimizin arzuladığı gerçək var” (4, 8) (Elçin Əlibəyli), “atəşkəsdən sonra illərlə gözlədiyimiz əsl dönüş məqamına – döyüşə, qəhrəmanlığa, qələbəyə səsləmək” (4, 8) (Müşfiq xan) əhval-ruhiyyəsi, “türk milli kimliyini kökündən anlada bilmək” (4, 8) (Yusif Ali Afşar) gücü, “Diqqətlə düşün, varlığını dərk et, kim olduğunu unutma…” (4, 9) (Elxan Nəcəfov) çağırışı və s. kimi dəyərlərini nəzərə alıb aydın təfəkkür işığında yazılması qənaətinə gələcəkdir. Cəlil Cavanşirin qeyd etdiyi kimi, “romanın özəlliyi ondadır ki, oxucu bu kitabı oxuyarkən öz gücünə, tarixinə, gələcəyinə inanır və fantastik süjetin fonunda real addımlar haqqında düşünməyə başlayır, odur ki, o özünü fantastik filmlərin qəhrəmanı kimi yox, əsərin ana xəttini təşkil edən yurd ağrısını hiss edəcək, qələbəyə aparan yola bələdçilik missiyasını dərk edəcək”. (4,10)

Hesab edirik ki, Şəmil Sadiqin fərdi yaradıcılıq xüsusiyyətləri barədə, eləcə də “OdƏrlər” romanı haqqında başqa və fərqli mülahizələr də səslənə bilər. Yazıçının özü də ideya-estetik mövqeyinə, üslubuna haqq qazandırmağa çalışmır, əksinə, oxucu və tənqidçi rəylərinin kitabın növbəti hissələrinin yazılmasında faydalı olacağını vurğulayır. Ancaq əminik ki, hər kəs razılaşacaq ki, Şəmil Sadiq realist yazıçıdır. Onun realizmi təsvir edilən hadisələrin mahiyyətinə, yaratdığı surətlərin xarakterinə və ideya mübarizəsinə müvafiq olaraq gah romantik, gah fantastik, gah da dedektiv üslubla çuğlaşır, yəni yazıçının azad təxəyüllü ona zamanların, obrazların əlaqəsini yaratmaqda, mühakimələrində tam sərbəstlik verir o, bir yaradıcı kimi üsul, metod seçimində qətiyyən ehtiyat etmir, qızırqalanmır və nəticə etibarilə öz oxucusunu təsvir etdiyi mühitə, şəraitə köçürə, öz qəhrəmanlarının taleyi ilə yaxından maraqlandıra, onların tale yaşantısındakı daha mühüm hesab etdiyi məqamları seçib dərindən, təfərrüatı ilə canlandıra bilir. Odur ki, biz də Dədə Əfəndinin söhbətləri üzərində düşünməyə, ana Vətən uğrunda zəfər yürüşünə səsləyən OdƏrləri sevməyə, özümüzü onların sırasında görməyi arzulamaya bilmədik. Yazıçının başlıca uğuru, nailiyyəti də bundadır.

 

 

Elçin Mehrəliyev

Filologiya üzrə fəlsəfə doktoru.

İstifadə edilmiş ədəbiyyat

  1. Cəfərov M.C. Seçilmiş əsərləri, III cild. Bakı, “Çinar Çap”, 2003, 360 səh.
  2. Xələfli Ə.R. Zaman və reallıq həqiqəti. / “Kredo” qəzeti, 2014, 3 oktyabr.
  3. Muğanna İ. Seçilmiş əsərləri. Altı cilddə. IV cild. Bakı, “Avrasiya press”, 2009, 576 səh.
  4. Sadiq Ş. “OdƏrlər”. Bakı, Hədəf Nəşrləri, 2013, 339 səh.

 

Резюме

В статье исследуется роман Шамиля Садиги «ОдЭрлер» («Огненные люди»). Определяются идейно-содержательные и образные новшества произведения. Также говорится об авторской позиции, творческом стиле и методе писателя.

 

Summary

In the article is investigated the novel “Od Erler” (“Fire Men”) by Shamil Sadig. Here defined the idea-theme and image-news of the work. At the same time is spoken about the author’s position, his creative style and method.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Oxşar yazılar